ALLAHIN İNSANIN GƏLƏCƏYİNDƏN AGAHLIĞI VƏ İXTİYAR MƏSƏLƏSİ (1)

:

Sual: Əgər Allah-Taala insanın gələcəyindən, o cümlədən, rəftar və əməllərindən xəbərdardırsa, necə ola bilər ki, onun işləri ixtiyar üzündən olsun? Onu iradəsində azad bilmək olarmı?

İzah: Allah-Taala əzəldən ulduzlar və kəhkəşanların sonsuz fəzada dolanmasından, atomların daxilindəki elektronların sirli hərəkətindən, dağlar və meşələrdə ağacların yarpaqlarının xışıltısından, dənizin coşub-daşmasından, okeanların dərinliklərində yaşayan balıqların hərəkətindən, eləcə də bəşərin zülmkarlıqlarından, qan tökməsindən xəbərdar idi və filankəsin hansı anda hansı işi görəcəyini də çox gözəl bilirdi. Digər tərəfdən isə Allahın elmi həqiqətlə tam uyğundur, qəti və dəyişilməzdir. Buna əsasən, hər bir hadisə Allahın ilk gündən bildiyi kimi baş verməli, zərrəcə belə ona əks olmamalıdır. Çünki qəti və dəyişilməz elmin nəticəsi xarici aləmdə baş verənlərlə mütləq uyğun gəlməlidir.
Bu izaha əsasən, muxtar və azad adlandırdığımız bəşər övladı yerinə yetirdiyi bir sıra işlərdə məcbur olacaqdır. Çünki Allah-Taala əzəldən filankəsin müəyyən saatda günaha düşdüyünü bilirdi və bu iş Onun qəti və dəyişilməz elminə görə, mütləq baş verməlidir və həmin şəxs heç cür o günahdan yayına, yaxud onu dəyişdirə bilməz. Əks-təqdirdə isə Allahın elmi öz qətiliyi və labüdlüyünü itirəcəkdir. Başqa sözlə, Onun elmi cəhl və bihudə olacaqdır. Əgər buna bir sıra ayə və rəvayətləri əlavə etməklə bütün hadisələrin əzəldən bir kitabda yazıldığı “lövhi-məhfuz” sübut olunsa, məsələ daha da anlaşılmaz və çətin olacaqdır.

Qurani-Kərimdə buyurulur:

مَا أَصَابَ مِن مُّصِيبَةٍ فِي الْأَرْضِ وَلَا فِي أَنفُسِكُمْ إِلَّا فِي كِتَابٍ مِّن قَبْلِ أَن نَّبْرَأَهَا إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!1

Başqa bir ayədə buyurulur:

وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلاَّ يَعْلَمُهَا وَلاَ حَبَّةٍ فِي ظُلُمَاتِ الأَرْضِ وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ

“Allah quruda və suda nə varsa, onu bilir və elə bir düşən yarpaq yoxdur ki, onu bilməsin! Yerin zülmətləri içində elə bir toxum, elə bir yaş və quru şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın!”2

Yenə də buyurulur:

وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا

“...Həqiqətən, Allahın elmi hər bir şeyi əhatə etmişdir!”3

Cəbrə inananların ən mühüm dəlili Allahın əzəli iradəsidir ki, ona diqqət yetirməklə, ilk baxışda insanın ixtiyarı bihudə təsəvvür olunur.

Хәyyаm dеyir:
Mеy içmәyimi öncә bilirmiş Yаrаdаn,
İçmәzsәm әgәr, еlmini hаqlаr nöqsаn.
Bu hаldа insаn müqәddәs sаyılаrmı?

Bu şübhə qədim dövrlərdən belə, filosof və teoloqların diqqətini özünə cəlb etmiş, onun haqqında müxtəlif fikirlər söyləmişlər. İslam alimləri əqli dəlillərə, Qurani-Kərimin ayələrinə və Əhli-beytin aydın kəlamlarına istinad edərək, bu iradı aradan qaldırmışlar. Bunu xülasə olaraq əziz oxucuların diqqətinə çatdırırıq:

BƏZİ ALİMLƏRİN CAVABI

“İnsanın işləri Allahın təkvini iradəsinə bağlı deyildir!”
Bəzi alimlər qeyd olunan şübhənin cavabında elə bir yol seçmişlər ki, nəticəsi “mötəzilə” firqəsinin insanın ixtiyarı barəsindəki əqidəsi ilə uyğun gəlir. Belə ki, insanın işləri Allahın təkvini iradəsindən xaric və ixtiyari rəftarı Onun təkvini iradəsinə bağlı deyildir. Bunun belə izah edirlər:
“Allahın təkvini iradəsi bizim ixtiyar üzündən yerinə yetirdiyimiz işlərin qarşısını kəsmir və Allah-Taala təşrii iradəsi ilə insanın bütün hərəkət və rəftarını sorğu-suala tutacaqdır. Təkvini iradə dedikdə, Allah-Taalanın bir hadisənin yaranmasında qəti və dəyişilməz istəyi, təşrii iradə dedikdə isə peyğəmbərlərin vasitəsilə bizə çatdırılan göstərişlərdir... Hətta Qurani-Kərimdə Allahın iradəsinin insanın ixtiyar üzündən yerinə yetirdiyi işlərə bağlı olduğunu göstərən bir ayəni belə tapmaq olmaz.”4

BU CAVABIN İRADLARI

1. Bu cavab mötəzilə firqəsinin insanın işləri ilə bağlı “təfviz” nəzəriyyəsindən başqa bir şey deyildir. Onlar deyirlər ki, insanın vücudu və işlərin səbəbləri (həyat və qüdrət) Allah tərəfindən, işləri isə Allaha aid deyildir. Başqa sözlə, bəşərin vücudu və onun fəal qüvvələri Allahın məxluqu, iş və əməlləri isə onun yaratdığıdır. İnsan Allahdan qüdrət və qüvvə aldıqdan sonra işləri görməkdə Allaha ehtiyac duymur, müstəqil olaraq Allahın verdiyi sərmayənin köməyi ilə öz işlərini yerinə yetirir. Bunun mənası isə “təfviz” – “bəşəri Allah yaratmış, onun ixtiyarına bir sıra qabiliyyətlər vermiş və işlərin idarəsini də onun özünə həvalə etmişdir!” – nəzəriyyəsindən başqa bir şey deyildir.
Bu nəzəri cavabın ən aydın iradı iki müstəqil xaliqin (biri Allah, digəri isə insan) vücuduna və varlıqda iki müstəqil təsirə etiqad bəsləməkdir. Bu isə əql, Quran və rəvayətlərin şiddətlə rədd etdiyi iki müstəqil xaliqə pərəstiş deməkdir. Qurani-Kərim iki müstəqil xaliqin varlığını rədd edərək buyurur:

قُلِ اللّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ الْوَاحِدُ الْقَهَّارُ

“...De ki, Allah hər şeyin xaliqidir. Hər şeyə qalib olan tək varlıq Odur!”5

Qurani-Kərim iki xaliqin varlığına inamı təkcə bu ayə ilə rədd etməmiş, başqa surələrdə dəfələrlə buna toxunulmuşdur.6

Əgər bəziləri bu ayələrə istinad edərək, insan əməlinin “cəbr” üzündən olduğunu güman edirlərsə, şübhəsiz, xətaya uğramışlar. Çünki bu ayələri onlardan qabaq və sonrakı ayələrlə birgə mülahizə etdikdə, “cəbr”lə əsla bağlı olmadığını görəcəyik. Bu ayələr aydın şəkildə neçə müstəqil xaliqin varlığını rədd edir və varlıq aləmində yalnız bir Xaliqin hökm sürdüyünü göstərir. Amma bunu insanların öz işlərində muxtar və azadlığı ilə uyğunlaşdırmaq üçün ayrıca bəhs lazımdır və İslam teoloqları bu haqda kifayət qədər izahat vermişlər.7
Maraqlıdır ki, bu nəzəriyyənin sahibi isə bütün bu ayələri cahil ərəblərin pərəstiş etdikləri daş, dəmir və ağacdan ibarət bütlərlə əlaqələndirərək demişdir: “Bu ayələr bütlərin Allahın məxluqu olduğunu və pərəstişə layiq olmadığını deyir və insanın əməlləri ilə əsla əlaqəsi yoxdur.”8
Bu ayələri tamamilə başqa yerə yozmaq düzgün deyildir. Əvvəlki ayələrdə cahil ərəblər və bütlərdən söz açılsa da, onların nazil olma səbəbi heç vaxt ayənin məfhumunu müəyyən bir məsələyə həsr etmir. Çünki bir sıra ümumi qanunlar çərçivəsində deyilən ayə və hədislər xüsusi bir hökmlə əlaqədar olsa da, onların məfhumu heç bir təfsir aliminin nəzərində həmin hökmə xas edilmir. Görəsən, “...De ki, Allah hər şeyin xaliqidir. Hər şeyə qalib olan tək Odur!” – kimi dolğunmənalı ayələri yalnız cahil ərəblərin şüursuz büt və tanrılarına aid etmək olarmı?!
Bundan da maraqlısı odur ki, bu nəzərin sahibi həmin ümumi ayələri xüsusi qeydə alaraq yazır: “İnsanın ixtiyari işlərini belə, Allahın məxluqu hesab edən ayələrin əhatəsini digər ayələr, əqli sübut və təcrübi hiss orqanları ilə qısaldırıq. Məgər ədəbi üsullara əsasən, yüz ayə bir ayənin hüdudlarını azalda bilməzmi?”9
Əlbəttə, onun iddia etdiyi yüz ayə və dəlillərdən bizim xəbərimiz yoxdur. Lakin əqli-fəlsəfi mövzularla bağlı ayələrin toplusu göstərir ki, onların arasında elə bir ixtilaf yoxdur ki, bu ixtilafı xüsusi qeydlə aradan qaldıraq.
Bundan əlavə, “qeyd” və “məhdudiyyət” vasitəsilə ziddiyyəti aradan qaldırma üsulu əqli-fəlsəfi məqamlara aid deyil, adətən, fiqhi-şəri mövzularda istifadə olunur. Məsələn, dünyada qanunverici orqanlar qanunları tədricən qərara alır və heç vaxt bütün qanunlar birdəfəlik elan olunmur. Belə ki, əvvəlcə ümumi qanunlar qərara alınır, sonra isə onlara bənd, yaxud düzəlişlər əlavə edilir. Buna görə də belə ayə və hədislərdə xüsusi hökm ümumi hökmdən, konkret qeyd isə mütləq hökmdən irəlidir. Lakin bu metod əqidəvi məqamlardan xaricdir, heç alimlər də burada həmin üslubu gözləmirlər.

BAŞQA BİR ŞÜBHƏ
Əgər Allahın əzəli iradəsində məqsəd “kamil nizam”dan agahlıqdırsa və bu zaman insanın felini də təkvini iradədən xaric bilsək, onda onun fel və işi Allahın elmi əhatəsindən də xaric olacaqdır.
Bir çox rəvayət və əqli dəlillərin tələb etdiyi kimi, əgər Allahın iradəsini “elm”indən fərqli olduğunu desək və Allahın iradəsi də (iradənin mahiyyəti mücərrəd, dəyişilməz və bizə məlum olmasa da,) zatı ilə eyni və Onun zatına əlavə olunmadığından, əgər hər vaxt bir hadisə (məsələn, insanın feli) Onun iradəsindən xaric olsa, zatından da xaric və Allahdan başqa bir xaliqi olacaqdır. Lakin hər şeyin xaliqi tək Allah olduğu halda, bunun mənası isə iki müstəqil xaliqə inamdır.

Ardı var...

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü

İkinci hissəni buradan oxu


1. “Hədid” surəsi, ayə 22.
2. “Ənam” surəsi, ayə 59.
3. “Təlaq” surəsi, ayə 12.
4. “Cəbr və ixtiyar”, Əllamə Məhəmmədtəqi Cəfəri, səh.206-207.
5. “Rəd” surəsi, ayə 16.
6. “Ənam” surəsi, ayə 102, “Zümər” surəsi, ayə 62; “Qafir” surəsi, ayə 63 və “Saffat” surəsi, ayə 69.
7. Xülasə belədir ki, biz cisim və ruhdan təşkil olmuşuq, iradə və ixtiyar sahibiyik, lakin bu qüvvələr, iradə, ixtiyar və azadlıq hər an varlıq aləminin Rəbbi tərəfindən bizə verilir. Biz azad və müstəqilik, amma bu azadlıq və müstəqillik tam və mütləq deyildir; çünki bizim malik olduğumuz hər bir şey, hətta varlığımız məhdud olmayan mütləq varlığa – Allaha bağlıdır ki, bütün varlıqlar Onun tərəfindədir.
8. “Cəbr və ixtiyar”, səh.202-203.
9. “Cəbr və ixtiyar”, səh.202.

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!