İNSANIN İXTİYARI VƏ GENİN TƏSİRİ (2)

:

BİRİNCİ HİSSƏNİ BURADAN OXUYUN

MƏSƏLƏNİN HƏLLİ YOLU
İnsanın şəxsiyyətinin formalaşmasında ətraf mühitin, hakim mədəniyyətin və irsi xüsusiyyətlərin təsiri teologiya və psixologiya elmlərinə aid olub, dünyanın şərqindən qərbinə qədər genişlənmiş bir predmetdir. Bir çoxları insanın onlardan təsirləndiyini qəbul etmişlər.

Russo yazır: “Doğulduğumuz zaman malik olmadıqlarımıza böyüdükdə ehtiyac duyacaq və onları tərbiyə ilə kəsb edəcəyik. Bu tərbiyəni ya təbiətdən, ya insanlardan, ya da başqa vasitələrdən ələ gətirəcəyik. Daxili orqanizm və xarici bədən üzvləri təbiətin vasitəsilə inkişaf edir. İnsanların tərbiyəsi bizə bu qüvvələrdən necə bəhrələnməyi öyrədir. Təcrübə göstərir ki, bizə təsiredici qüvvə tərbiyədir. Demək, bizim hər birimiz üç müəllimdən təlim-tərbiyə almışıq...”1
Şübhəsiz, sağlam mühitin ab-havası ağacın meyvələrinin dadında və insanın çöhrəsində təsirli olduğu kimi, insanın şəxsiyyəti, əxlaqı, ədəb-ərkanı və tərbiyəsində də təsirlidir. Aydındır ki, mühit, mədəniyyət və genin insana təsiri böyükdür və onu mühitə hakim qanunlarla uyğunlaşdırır. Uşaq üç yaşından şəxsiyyətin təsbit dövrünə qədər, bütün dövrlərlə müqayisədə daha çox mühitdən təsirlənir. Müxtəlif xalqlara hakim adət-ənənələri, qayda-qanunları ləhcə və rəftarları buna misal göstərmək olar. Odur ki, sağlam mühit sağlam insan bəsləyir. Qurani-Kərimdə buyurulur:

أَلَمْ تَكُنْ أَرْضُ اللّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا

“Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!”2
Bu ayə də bir növ mühitin insana təsiri göstərilsə də, burada yalnız mühit və gen rol oynamır. İnsan öz əməllərinin girovunda olub, taleyini öz əli ilə qurub-yaratmalıdır. Bununla bağlı aşağıda bəzi dəlilləri qeyd edirik:
1. İslahatçıların zəhməti: Mütəal Allah hər bir zaman bəşərin doğru yola yönəlməsi üçün müəyyən peyğəmbərlər göndərmişdir. Qurani-Kərimdə buyurulur:

وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولاً

“Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!”3

Əgər mühit və gen insanı məcburiyyət qarşısında qoysaydı, Allahın buyruğu və peyğəmbərlərin göndərilməsi mənasız olardı. İslam etiqadında “cəbr” və “ixtiyar” mövzusu ilə bağlı olaraq mühit və genin insana nə qədər təsir qoyduğuna toxunulur. Ayətullah Cəfər Sübhani “İlahiyyat” kitabında yazır:
“Şübhəsiz ki, bu amillər (mühit, gen və mədəniyyət) insanın şəxsiyyətinin formalaşmasında təsirli olsa da, insandan ixtiyarı alacaq həddə deyildir. Çünki belə olsaydı, tərbiyəçi müəllimlərin və islahatçıların zəhmət və təlaşı yersiz olardı.4
Buna əsasən, insanın ixtiyarı mühit və genə hakimdir. İnsan öz ixtiyarı ilə bir çox çirkin sifətləri özündən uzaqlaşdıra bilər, hərçənd, bunu həyatda gerçəkləşdirmək asan deyildir.
2. Mühit və genin insanın bəzi işlərinə təsiri: Sözsüz ki, insan həyatında müxtəlif işlərlə məşğul olur. Amma bəzi işlər və fəaliyyətlərində iradə və ixtiyarı əsla rol oynamır; onun bu işləri ya genə, ya da mühitə tabedir. Odur ki, bəziləri insanın ruhi və cismani xüsusiyyətlərini iki qismə – dəyişilən və dəyişilməyən (sabit) xüsusiyyətlərə bölmüşlər. Onlar gözün rəngi, ruhi gərginliklər (dəlilik) və bu kimi dəyişilməyən xüsusiyyətlərin gendən təsirləndiyini bildirirlər. Lakin insan bir çox xüsusiyyətlərində azaddır. Buna şücaət, səxavət, paxıllıq, qorxaqlıq və s. sifətləri misal göstərmək olar. Bütün bu sifətlər müəyyən qədər onun öz ixtiyarındadır və o, bu sifətlərə malik olub-olmamaqda məcbur deyildir.
Demək, insanın öz taleyini seçməsində həm genin, həm də öz ixtiyarının rolu vardır.5 Amma onun ixtiyar çərçivəsindən xaric olanlar nə bir imtiyaza səbəb olur, nə də buna görə Allah-Taala ona savab və ya əzab verir. Əksinə İslamda üstünlük meyarı təqva və pərhizkarlıqdır. Bu isə ixtiyari bir işdir. Mütəal Allah üstünlük meyarı haqda buyurur:

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

“Ey insanlar, şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından yaratdıq və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. Həqiqətən, sizin Allah yanında ən hörmətliniz ən təqvalınızdır. Həqiqətən, Allah çox bilən və xəbərdardır.”6
İnsanın ilahi tapşırıqları yerinə yetirib-yetirməməsi, təqvalı olub-olmaması öz ixtiyarındadır. Mühit vəzifə və tapşırıqların asan və çətinliyində təsirli olsa da, əslində onun seçimi təsirsiz deyildir. Odur ki, insan iradəsi ilə həya yolunu təyin etməli, taleyini qurub-yaratmalıdır.
3. Mühit və gen – yarımçıq səbəb: Müasir psixologiyada mühit və genin təsirinə başqa üfüqlə yanaşılır və deyilir: “Həqiqətdə ruhi-psixi xüsusiyyətlər genlə mühitin qarşılıqlı təsirinin nəticəsidir. Artıq bu gün keçmişə əks olaraq genin və irsi xüsusiyyətlərin mühitə qarşı olduğundan danışılmır və onun əvəzinə tədqiqatçılar belə soruşurlar: “Gen və irsi xüsusiyyətlər insanın fəaliyyətlərini necə məhdudlaşdırır? Mühitə hakim kəsilən uyğun və uyğunsuz şərait irsi istedadları nə qədər dəyişdirə bilər?”7
Mühitlə irsi xüsusiyyətlər yanaşı olduğu kimi, onları tam səbəb yox, bir-birini dəstəkləyən səbəblər kimi qəbul edirlər. İnsanın şəxsiyyətinin formalaşmasında da bu amillər tam səbəb yox, bir-birinə kömək edən və bir-birini tamamlayan səbəbdir. Tam səbəb isə insanın öz iradə və istəyidir. Mühit və genin təsiri tam səbəb həddində deyil və yalnız yarımçıq səbəb həddində qəbul edilir.[8] Hətta bu surətdə də iradə və ixtiyarı insandan almaq olmaz.

NƏTİCƏ
Qeyd edilənlərdən belə qənaətə gəlirik ki, insan mühit və gendən təsirlənsə də, onu idarə edən qüvvə mühit və gen deyil, iradə və istəyidir. Mühit və gen yalnız bir-birini tamamlayan yarımçıq səbəbdir. Həm də, əgər insan məcbur olsaydı, tərbiyəçi müəllimlərin və islahatçıların zəhmət və təlaşı, peyğəmbərlərin göndərilməsi yersiz olardı.


1. “Təlim və tərbiyə”, Jan Jak Russo, tərcümə: Qulamhüseyn Zirəkzadə, səh.7-8.
2. “Nisa” surəsi, ayə 97.
3. “İsra” surəsi, ayə 15.
4. “İlahiyyat”, 2-ci cild, səh.317.
5. “Cəbr və ixtiyar”, Əli Rəbbani, səh.228.
6. “Hücurat” surəsi, ayə 13.
7. “Ümumi psixologiya”, Məhəmmədrza Salari və Məsud Azərbaycani, səh.68.
8. “Cəbr və ixtiyar”, Əli Rəbbani, səh.231.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!