ALLAHIN İNSANIN GƏLƏCƏYİNDƏN AGAHLIĞI VƏ İXTİYAR MƏSƏLƏSİ (3)

:

İkinci hissəni buradanoxu

ƏZƏLİ İRADƏ İLƏ BAĞLI ŞÜBHƏNİN HƏLLİ
Qeyd etdiyimiz iki növ səbəbi nəzərə almaqla əzəli iradə ilə bağlı şübhə də öz-özünə aradan qalxır.

Düzdür ki, varlıq aləmində hər nə varsa, Allahın iradəsinə bağlıdır və O, əzəldən aləmdə müəyyən hadisələrin baş verməsini istəmişdir, lakin burada Allahın iradəsinin keyfiyyəti mühüm məsələdir. Belə ki, Onun iradəsi əzəldən hər nəticənin öz səbəbi tərəfindən qaynaqlanmasına tuşlanmışdır. Yəni Allahın istəyinə görə, məsələn, günəş heç bir şüur və ixtiyara malik olmadan dərə-təpəyə, gül-çiçəyə saçmalı, bal arısı şüursuz qərizə üzündən bitkilərin şirəsindən qidalanmalı, insan isə həm ixtiyar, həm də şüur üzündən işlərini yerinə yetirməlidir.
Başqa sözlə, Allah insana vücud və fəaliyyət qabiliyyəti verdiyi kimi, işlərində ixtiyar və azadlıq da vermişdir. Belə əzəli iradə nəinki insan azadlığı ilə müxalif deyil, həm də ona bir daha aydınlıq gətirir. Çünki məlum olduğu kimi, Allahın iradəsi qəti və dəyişməz olduğundan hər bir şey Onun istəyinə uyğun rəftar edir və O, hər bir iş və nəticənin öz səbəbindən baş verməsini istədiyi üçün insan da öz işlərini şüurlu surətdə yerinə yetirir. Lakin onun öz işlərini şüurlu ixtiyara malik olmadan və məcburiyyət üzündən gördüyünü fərz etsək, bu zaman Allahın istəyinə əsaslanmayacaqdır. Halbuki dediyimiz kimi, Allahın istək və iradəsi qəti və dəyişilməzdir.
Allahın şüurlu azadlığa malik insanla bağlı istəyi budur ki, insan düşüncə ilə öz işlərini seçsin. Bu zaman Allahın istəyinə əks olaraq insandan bir işin baş verməsi qeyri-mümkündür. Belə istəklə (insanın işlərinin şüurlu ixtiyar üzündən yerinə yetirməsi) “cəbr” (məcburiyyət) arasında fasilə çoxdur. Bir sözlə, əzəli iradənin əsli “cəbr” və insandan ixtiyarın alınmasını yetirsə də, gərək Onun iradəsinin cəhət və yönü müəyyənləşdirilmədən tez mühakimə yürüdülməsin.
Bütün fenomenlər, o cümlədən, insanın işi Allahın iradəsindən xaric deyil və heç bir hadisə Onun iradə və istəyi olmadan baş vermir. Lakin Onun əzəldən istəyi bu olmuşdur ki, insanın işləri məcburiyyət üzündən deyil, şüurlu ixtiyar üzündən olsun və hər bir hadisə özünəməxsus səbəbdən qaynaqlansın; əgər fail – səbəb öz işlərində məcburdursa, O, bunu əzəldən istəmiş və əgər agah və azaddırsa, yenə də Onun əzəldən istəyi bu olmuşdur ki, işlərini tam azadlıqla yerinə yetirsin. Allahın belə əzəli iradəsi isə əsla cəbrlə nəticələnmir. Deməli, Allahın əzəli iradəsi bir baxışla “cəbr”i, başqa bir baxışla ixtiyarı tələb edir; hər vaxt desək ki, Allahın iradəsi hər bir hadisənin öz səbəbi tərəfindən iradə və ixtiyarsız baş verməsinə yönəlmiş, bu zaman nəticə cəbrlə uzlaşır və əgər aləmi “səbəblər dünyası” adlandırıb, hər bir hadisənin müəyyən səbəbi olduğunu nəzərə alsaq, səbəblər içərisində insanı “faili-muxtar” – işlərində ixtiyar sahibi olduğunu bilsək və Allahın əzəli istəyinə görə hər bir nəticənin özünəməxsus səbəblə, eləcə də insanın fəaliyyətinin tam azadlıqla baş verdiyini desək, bu zaman Allahın əzəli iradəsi ilə qarşıya gələn “cəbr” şübhəsi tamamilə aradan qalxacaqdır!

YENİ TƏHLİL, YENİ CAVAB
Qeyd etdiyimiz sual və müddəa əsasından batil və yanlışdır. Burada ilahi elm səbəblər nizamı nəzərə alınmadan birbaşa hadisələrə, o cümlədən, insanın özü və elminə, iradə və ixtiyarına tuşlanmışdır. Bu elmin hər növ xəta və nöqsandan uzaq olması üçün bütün hadisələr olduğu kimi, azalıb-çoxalmadan həyatda gerçəkləşməlidir. Halbuki həqiqət tam başqadır və ilahi elm hər bir hadisənin öz məxsus səbəbi nəzərə alınmadan gerçəkləşmir.
Allahın əzəli elmi əzəli iradəsindən ayrılmaz olduğu üçün həqiqətdə buradakı hər iki şübhə eynidir, lakin iki fərqli bəyanla deyilir: birində “cəbr”i yaradan amil Allahın əzəli iradəsidir ki, bu zaman insan iradəsiz bir alətə çevrilir, digərində isə “cəbr”in amili Allahın qəti və dəyişilməz elmi göstərilir ki, buna inanan şəxsin nəzərinə görə, baş verən hadisələr mütləq Allahın elmi ilə uyğun olmalıdır.
Biz Allahın əzəli istəyi ilə bağlı incəlikləri açıqlayıb, iradları cavablandırsaq da, bu məsələni daha geniş şəkildə açıqlamaq istəyir və bunun daha aydın olması üçün iki incə nöqtəni qeyd etməyi lazım görürük:
1. Bəşərin yerinə yetirmək istədiyi hər hansı bir işdə iradə azadlığı bütün ağıl sahibləri üçün inkarolunmazdır. Hətta bəşəri məcburi bir varlıq hesab edənlər də bunu müəyyən qədər qəbul edir və insanı bir sıra işlərdə azad və ixtiyar sahibi bilirlər. Hətta belələri bir kəsdən (məsələn,) təhqiramiz bir söz eşitdikdə, yaxud öz övladının vəzifələrinə qarşı etinasız yanaşdığını, tənbəllik etdiyini gördükdə, dərhal narahat olur və heç vaxt təhqir edən şəxsin məcbur olduğunu düşünmür, yaxud övladını iradəsiz bir varlıq hesab etmir və belə hallarda müqabil tərəfi cəzalandırmağa çalışırlar.
Buna əsasən, məlumdur ki, bıçaq zərbəsi ilə bir insanı həlak edən cani, yaxud şərab qədəhlərini başlarına çəkib sərxoş olanlar tam azadlıqla, heç bir daxili, yaxud xarici təzyiq göstərilmədən bu çirkin işlərə əl atırlar. Heç bir vicdanlı şəxs deyə bilməz ki, adam öldürmək və şərab içmək insan üçün nəfəs çəkmək, yeməyi həzm etmək kimi məcburi və qeyri-ixtiyari bir işdir. Qeyd etdiyimiz kimi, bir sıra yanlış təsəvvürlər ucbatından “iradə azadlığı”nı inkar edənlərin özləri belə, zülm və haqsızlığa məruz qaldıqda, sözsüz, mövqeyi dəyişir, ədalət məhkəməsində zülmkarın cəzalanmasını tələb edirlər.
2. Dediyimiz kimi, həqiqətdə Allahın elmi hadisələri ifşa edir və zərrəcə belə, xarici aləmdən yayınmır. Lakin diqqət yetirmək lazımdır ki, Allah-Taalaya xarici aləmdə baş verən hər hansı bir hadisə öz qeyd və xüsusiyyətləri ilə birgə olduğu kimi aşkardır.
İzah: Məlum olduğu kimi, insan orqanizmi iki növ fəaliyyət prosesi keçirir; onun bir sıra işləri tam ixtiyar üzündən baş verir və bunun bariz nümunəsi onun “gündəlik işləri”dir. Digər hallar isə özündən asılı olmayaraq qeyri-iradi, başqa sözlə, məcburi baş verir. Buna qanın damarlarda dövranını, ürəyin döyüntüsünü, beyin, əsəb və s. sistemlərin fəaliyyətini misal göstərmək olar. Bütün bunlar insanda qeyri-ixtiyari və məcburi işlər sayılır.
Allahın elminin həqiqətdə hadisəni ifşa etdiyini və zərrəcə belə ona əks çıxmadığını, eləcə də Allahın əzəldən bizim xarici aləmdə müəyyən xüsusiyyətlərlə yanaşı baş verən hər bir işimizi – insanın hansı saatda tam azadlıqla, yaxud məcburiyyət üzündən müəyyən bir işə əl atdığını bildiyini nəzərə alaraq deyilən şübhənin cavabı ilə əlaqədar izahata diqqət yetirək:
Birinci məsələ sübut etdi ki, insan işlərinin bir qismi ixtiyari və iradi yönə malikdir və o, bunları görüb-görməməkdə tam azaddır.
İkinci məsələ isə sübut etdi ki, Allah-Taala bizim işlərimizdən agah olduğu kimi, onların xüsusiyyətlərini, ixtiyar, yaxud məcburiyyət üzündən baş verdiyini də yaxşı bilir. Başqa sözlə, bizim xaricdə müəyyən xüsusiyyətlərlə yanaşı yerinə yetirdiyimiz işlər Ona tam bəllidir!
Bu iki əsası nəzərə almaqla insanın ixtiyari işləri ilə bağlı belə nəticəyə gəlirik ki, məsələn, Allah-Taala əzəldən filan caninin müəyyən bir gündə və saatda tam azadlıqla filankəsi bıçaq zərbəsi ilə qətlə yetirdiyini bilirmiş. Allahın belə qabaqgörənliyi (əzəli elmi) heç də “cəbr” və məcburiyyətə – insandan azadlığın alınmasına səbəb olmur. Burada kimsə Allahın əzəli elmini bəhanə edib, cinayət törətməkdə insanın məcbur olduğunu deyə bilməz. Çünki Allah-Taala əzəldən onun cinayətə əl atdığını bildiyi kimi, cinayətin keyfiyyəti və onun tam azadlıqla cinayət törətdiyini də bilirdi. Həm də O, əzəldən bilirdi ki, hər bir nəticə səbəbsiz yaranmır. Beləliklə, Allah bilir ki, elmi ixtiyar və iradə azadlığına malik fail öz işlərini ixtiyar və iradə azadlığı ilə, məcbur fail isə elm və şüursuz yerinə yetirəcək. (Yəni Allah bilir ki, günəş iradə və ixtiyarsız saçacaq, insan isə işlərini ixtiyar və iradə azadlığı ilə yerinə yetirəcək.
Quran və hədislərin bəyan etdiyi bu əzəli elm və tale nəinki cəbrlə nəticələnmir, ixtiyar və azadlığa bir daha aydınlıq gətirir. Allahın elmi o zaman qəti həqiqət tapır ki, insan işini tam azadlıqla görsün. Çünki Allahın elmi heç bir vəchlə həqiqətə əks çıxmır və insan da öz əməllərini tam ixtiyar və azadlıqla yerinə yetirir.

BAŞQA BİR İZAH
Bu fəlsəfi izahın bəzilərinə çətin və anlaşılmaz olmaması üçün onu aşağıdakı misalın köməyi ilə açıqlayırıq:
Allahın əzəli elmini bəhanə gətirərək, insanı müxtəlif zülm və haqsızlıqlarında, pislik və çirkinliklərində günahsız olduğunu deyənlər aşağıda qeyd etdiyimiz misalda da həmin mühakiməni yürütməyə hazırdırlarmı?
Misal belədir ki, əksərən ustad və müəllimlər öz şagirdlərinin gələcəyindən xəbərdar olurlar. Məsələn, şagirdlərin hazırlığı, səy və zəhmətindən agah olan müəllim onların hansı birinin imtahandan qəbul olub-olmayacağını yaxşı bilir və bu barədə nəzəri qətidir.
Fərz edək ki, bir müəllim dəyərli vaxtını yersiz, bihudə, bəzən də zərərli işlərə sərf edən şagirdinin tənbəllik və səhlənkarlığından xəbərdardır və görür ki, onun ürək yandırması, öyüd-nəsihətləri şagirdin ruhunda heç bir müsbət təsir bağışlamır, yenə də əyləncə mərkəzlərində öz vaxtını tələf edir. Bu zaman şagirdin vəziyyətindən agah olan müəllimin imtahanlardan bir neçə həftə öncə onun müvəffəq olmayacağından xəbərdar olub, qəti nəzər verməyi təbiidir. Burada şagirdin imtahanda kəsilməsinə səbəb nədir? Görəsən, müəllimin şagirdin gələcək vəziyyətindən agahlığı onun imtahandan kəsilməsinə, müvəffəqiyyət kəsb etməməsinə səbəb ola bilərmi? Belə ki, əgər müəllim şagirdin imtahanla bağlı vəziyyətini yanlış xəbər versəydi, o, imtahanı uğurla verə bilərdimi? Yoxsa onun imtahandan kəsilməsinin səbəbi öz tənbəlliyi, səhlənkarlığı, təhsil boyu dərslik kitablarının üzünü açıb oxumaması və istəklərinə uyub əylənməsi olmuşdur? Heç kim deyə bilməz ki, müəllimin məlumatı şagirdin imtahandan kəsilməsinə səbəb olmuşdur. Əksinə müqəssir yalnız şagirdin özüdür. Şagirdin taleyindən agah olan mehriban müəllimin isə nə günahı vardır? Məgər bu taleni seçən tənbəl və səhlənkar şagirdin özü olmamışdırmı?! Burada zəhmətkeş müəllimin onun imtahandan kəsilməsində heç bir rolu yoxdur. Sadəcə olaraq o, şagirdin təhsil vəziyyətini əvvəldən axıra qədər nəzərə aldıqdan sonra nəticədən xəbərdar imiş, hətta bu barədə şagirdə lazımı öyüd-nəsihətlər də vermişdir.
Bəli, hər halda Allahın bəndələrinin taleyini bilməsi ilə müəllimin öz şagirdinin vəziyyətindən xəbərdar olması arasında müəyyən fərq mövcuddur; Allahın sonsuz elmini müəllimin məhdud agahlığı ilə əsla müqayisə etmək olmaz. Lakin bu fərq şübhənin cavabında heç bir təsir göstərmir. Demək, əzəli məlumatlar da insanın işlərinə birbaşa dəxalət etmir, ixtiyar və iradə azadlığını da ondan almır.
Bir sözlə, Allah-Taala bəşəri yaradaraq ona əql, şüur, iradə, ixtiyar və azadlıq bəxş etmiş, xoşbəxtlik və bədbəxtliyin yolunu göstərmiş, hər kəsi öz taleyini seçməkdə azad buraxmışdır. İstək və iradəmizlə taleyimizi təyin edən biz özümüzük. Allahın bizim gələcəyimiz barəsində elmi və məlumatı zərrəcə belə, ixtiyar və iradəmizə təsir göstərmir.

Son

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!