ALLAHIN İNSANIN GƏLƏCƏYİNDƏN AGAHLIĞI VƏ İXTİYAR MƏSƏLƏSİ (2)

:

Birinci hissəni buradan oxu

BU TƏFƏKKÜR TƏRZİNİN KÖKÜ
Belə təfəkkür tərzi və insan iradəsinin Allahın təkvini iradəsindən xaric olduğu yanlış təsəvvürü insan işlərinin Allahın iradəsinə bağlandığı zaman “cəbr” və onun işlərində məcburiyyət fikrindən qarşıya gəlmişdir ki, bu da savab-cəza anlayışının Allahın ədaləti ilə əsla uyğun gəlmədiyini göstərir.

Lakin Allahın ədalətini belə müdafiə etmək cəhdi daha yanlış təsəvvürə səbəb olmuşdur. Çünki bu yolla ilahi ədaləti həmin şübhədən uzaq saxlaya bilməsək də, nəticəsi onun (ilahi ədalət) inkarından qat-qat böyük bir iradla qarşılaşırıq. Rəvayətlərdə belə təfəkkür tərzinin daha təhlükəli olduğuna işarə edilmişdir. İmam Kazim (ə) buyurmuşdur: “Təfviz əhli Allahı ədalətli vəsf etmək istəsə də, Onun qüdrət və hakimiyyət dairəsini kiçiltmişdir!”1
Öncə bu haqda ayə və rəvayətləri şahid kimi qeyd etdik ki, burada onların təkrarına ehtiyac yoxdur.
Bəzilərinin “Qurani-Kərimdə Allah-Taalanın təkvini iradəsinin bəndələrin işlərini əhatə etdiyini göstərən bir ayə belə yoxdur!” – nəzəri həqiqətdən uzaqdır. Nümunə olaraq aşağıdakı ayəni buna misal göstəririk:

وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنزٌ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَنْ يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنزَهُمَا رَحْمَةً مِّن رَّبِّكَ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ذَلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًا

“Divara gəldikdə isə o, şəhərdə olan iki yetim oğlanındır. Altında onlara çatası bir xəzinə vardır ki, onların atası əməlisaleh bir adam olub. Rəbbin onların həddi-büluğa çatıb, öz xəzinələrini taparaq çıxarmalarını istəmişdir (iradə etmişdir)!”2
Görəsən, xəzinə sahibinin xəzinəni tapıb, divarın altından çıxarması ixtiyar üzündən yerinə yetirdiyi bir iş deyilmi?! Belə olan təqdirdə, bir neçə ayədə açıq-aydın göstərilir ki, Allah-Taala iki yetim uşağın öz xəzinələrini tapıb divarın altından çıxarmalarını istəmişdir? Başqa sözlə, Allahın iradə və istəyinin bir insanın divarın altından xəzinəni çıxarmaq kimi ixtiyar üzündən yerinə yetirdiyi işi ilə necə tənasübü vardır?
Allahın təkvini iradəsinin təsiri o demək deyildir ki, bir iş səbəb və vasitəsiz baş versin. Əksinə bu iş Allahın istək və iradəsinə tabedir. Əgər Allah-Taala bir işin təbii səbəb olmadan (möcüzə yolu ilə) yerinə yetməsini istəyərsə, o iş həyatda vasitəsiz, əks-təqdirdə isə müəyyən səbəb vasitəsilə həyatda gerçəkləşəcəkdir.

MƏSUM İMAMLARIN BƏYANI
Məsum imamlarımız bu təfəkkür tərzini rədd edərək, hədislərdə açıq-aşkar göstərmişlər ki, dünyada baş verən və gerçəkləşən hər bir şey Allahın istək və iradəsindən xaric deyildir. Məsələn, aşağıdakı hədisə diqqət yetirək: “Allah-Taala heç vaxt bəndələrinə bacarıqlarından artıq vəzifə təyin etməz və (eləcə də) Onun qüdrət, iradə və istəyindən kənar bir şeyin baş verməyi qeyri-mümkündür (yəni həm “cəbr”, həm də “təfviz” batildir)!”3
Görəsən, bu hədisin ikinci hissəsi dünyada Allahın iradə və istəyi olmadan bir hadisənin baş vermədiyini göstərmirmi?4
Əlbəttə, Allahın iradəsinin insanın işləri ilə bağlı olmasının mənası o deyil ki, Allah-Taala ondan ixtiyar və azadlığı almışdır, əksinə bu özü insanın azad və ixtiyar sahibi olması ilə tam uyğundur. Bunu aydın başa düşmək üçün aşağıdakı izahlara diqqət yetirmək lazımdır:
 “Allahın əzəli iradəsi insanın iradə azadlığı ilə zidd deyildir!” – cavabını bəyan etməzdən öncə əvvəlki şübhəni xülasə olaraq yenidən diqqətinizə çatdırırıq:
Qabaqda verilən izahlardan aydın oldu ki, dünyada baş verən işlər Allahın iradəsindən xaric deyildir. Hər bir varlıq və hadisə Allahın izn və istəyi olmadan varlıq libasını geyinmir. Buna əsasən, belə təsəvvür yaranır ki, bir hadisə kimi insan işləri də aləmlərin Rəbbinin iradəsinə tabedir və Onun iradəsi o qədər qətidir ki, heç bir hadisə Onun nüfuz dairəsindən yayınmır. Beləliklə, Allahın istədiyi hər bir şey şübhəsiz yerinə yetir. Bu zaman sual qarşıya çıxır ki, insan öz işlərində necə azad və ixtiyara malikdir? Onun taleyi necə öz əlində ola bilər, halbuki əzəldən Allah onun yaxşı, yaxud pis aqibətini istəmişdir?! Allahın belə geniş iradə və istəyi ixtiyar və iradə azadlığını insandan alır və o, əzəli iradənin hökmünə görə məcbur, taleyini dəyişməsi qeyri-mümkün və onun ixtiyarından xaricdir.

Cavab: Allahın əzəli iradəsi məsələsi “cəbr”ə inananların dəlillərindən biridir ki, qəza və qədərlə elə də əlaqədar deyildir. Amma biz istər Allahın elmi qəza-qədərinə əsasən, taleyimizin dünyaya gəlməzdən qabaq təyin olunduğunu deyək, istərsə də onu inkar edək, mütləq bu məsələni həll etməliyik. Kainatın elmli, qüdrətli və iradəli Rəbb tərəfindən yaradıldığını, heç bir hadisənin Onun iradə çərçivəsindən xaric olmadığını, eləcə də insanın azad və muxtar olduğunu hesab edənlər bu irad və düyünü açmalıdırlar.
İlk baxışda insanın azad və muxtar olmasının Allahın əzəli iradəsi ilə uyğunluğunu birgə təsəvvür etmək çətindir. Lakin dəqiq araşdırmalardan sonra bu iki məsələnin uyğunluğunu həll etmək elə də çətin deyil və əzəli iradədən “cəbr” nəzəriyyəsini əxz edənlərin aldıqları nəticə tamamilə yanlışdır. Bunu aşağıda qeyd edilənlərə diqqət yetirməklə aydınlaşdırmaq olar:
1. Allah-Taala təbii səbəblərin canişini deyil: Burada diqqət yetirmək lazımdır ki, görsən, dünyada Allahdan sonra digər səbəblər də vardır, yoxsa bütün hadisələr Allahın vasitəsiz məxluqudur və O, təbii səbəblər olmadan bütün işləri yerinə yetirir?
Cavab: Bəzi alimlər5 məsələnin iradlarından qafil olaraq öz gümanlarınca Allahı uca tutmaq üçün ikinci nəzəriyyəni qəbul etmiş və demişlər: “Varlıq aləmində mövcud olanların yalnız bir səbəbi vardır ki, bütün fenomenlər, o cümlədən, insanın işləri Onun birbaşa məxluqudur və insan iradi işlərində heç bir rola malik deyil.”
Bu nəzəriyyənin tərəfdarları insanın işlərini Allahın məxluqu bilməkdən əlavə, həm də bütün təbii səbəbləri rədd edərək deyirlər: “Günəşin şüası, ayın nuru, odun istiliyi, suyun rütubəti bütünlüklə Allahın işidir və günəş, ay və sairin heç bir təsiri yoxdur, əksinə onlar bu hadisələrin vücuda gəlməsi üçün sadəcə bir vasitədir.”
Varlıq aləminə belə baxış və təfəkkür tərzi əql, fitrət, vicdan və Quranın əksinədir. Fəlsəfi baxımdan bütün varlıqların yaradılışında aləmlərin Rəbbinin iradəsi ilə yanaşı, hadisələrdə təbii səbəblərin də xüsusi mövqeyə malik və yaradılış aləminin səbəb və nəticələrdən ibarət olduğu açıqlanır. Qurani-Kərimdə də aləmdə və insanın işlərində səbəb-nəticə qanununu təsdiqləyən ayələr çoxdur.
Bundan əlavə, bu təfəkkür tərzi Allahın müqəddəs zatına bir növ hörmətsizlik, nəticədə Allahı bütün pislik və çirkinliklərin, zülm və haqsızlıqların səbəbkarı bilməkdir. Bu o deməkdir ki, heç kim heç bir işin müqabilində məsuliyyət daşımır, savab və cəza da tamamilə puç bir şeydir.
2. Səbəb və nəticə qanunu: Baş verən hadisələrlə əlaqədar düzgün nəzər odur ki, hər bir hadisənin səbəbi vardır ki, həmin hadisənin qaynağı sayılır. Bütün aləm səbəb və nəticələr silsiləsindən təşkil olunmuşdur ki, hər bir səbəb müəyyən nəticənin amili adlanır. Əgər onun bir səbəbi olmasa, doğurduğu nəticə də heç vaxt varlıq aləminə qədəm qoymayacaq. Başqa sözlə desək, günəş və ay enerji və aydınlığın, külək və sular qar və yağışın yaranmasında birbaşa təsirə malikdir, eləcə də insan, onun ruhi-zati xasiyyətləri, qazandığı səciyyələri, iradə və istəyi saysız-hesabsız yaxşılıq və pisliklərin başlanğıcıdır, onların hamısı “insanın feli” adlı fenomen yaradır ki, hərçənd, bütün bu nizam-intizam və səbəblər silsiləsi Allaha qayıdır və hər bir varlıq Ondandır. Əgər ilk səbəbi qeyri-mümkün belə fərz etsək, yenə də belə bir silsilə və nizam-intizamın vücudu təsəvvür olunmur. Bununla belə, səbəblərin hər birinin öz rütbəsində özünəməxsus təsiri inkarolunmazdır. Bu məsələ o qədər aydındır ki, onu geniş şəkildə izah etməyə ehtiyac yoxdur.
3. Maddi aləmdə səbəblər: Əzəli iradə ilə bağlı şübhənin həllində ən əhəmiyyətli məsələ xarici səbəbləri tanımaqdır. Burada iki səbəb əhəmiyyət kəsb edir ki, biri “faili-muxtar” (ixtiyari səbəb), digəri isə “faili-muztər” (iztirari səbəb) adlanır.
İzah: Bəzi səbəblər şüur, idrak, ixtiyar və iradəyə malik olduğundan istədiyi işləri görməkdə azad və muxtardır. Buna insanı misal göstərmək olar. Elmi termin kimi bu səbəbə “faili-muxtar” deyilir. İnsanın işlərində təkcə onun xarici vücudu təsir göstərmir, həm də iradə və ixtiyarı işlərinin səbəblərindən sayılır. Başqa sözlə, “faili-muxtar” səbəbinin qarşısında iki yol vardır və o, tam iradə azadlığı ilə həmin yollardan birini seçir.
İkinci növ səbəb isə ona tam əks olaraq işləri elm və şüur üzündən görmür, ya da şüur və hissiyyata malik olduğu halda ixtiyar və iradə azadlığından məhrumdur. Həm şüur və idrak qüvvəsinə, həm də ixtiyara malik olmayan bu növ səbəblər “faili-muztər” adlanır.
İşindən agahlığı olmayan səbəblərə əksər təbii amilləri – günəşin saçmasını, bitkilərin inkişafını və sairi misal göstərmək olar. Məlumdur ki, günəş və bitkilər öz fəaliyyətlərində məcburdur, eləcə də bir sıra işlərdə heyvanlar da bu növ səbəblərdən sayılırlar. Onlar öz işlərindən agah və müəyyən ixtiyara malik olsalar da, sözsüz ki, gördükləri işlər şüur üzündən deyil, instinktiv hisslərə əsaslanır.

Ardı var...

Ücünçü hissəni buradan  oxuyun

 


1. “Biharul-ənvar”, 5-ci cild, səh.54.
2. “Kəhf” surəsi, ayə 82.
3. “Məhasini-Bərqi”, 1-ci cild, səh.292; “Üsuli-kafi”, 1-ci cild, səh.77; “Biharul-ənvar”, 5-ci cild, səh.41.
4. Bu məsələ ilə bağlı rəvayətlər çoxdur: “Üsuli-kafi”, 1-ci cild, səh. 158-162; “Biharul-ənvar”, 5-ci cild, səh.52.
5. Onlar “əşəri” firqəsidir. (“Əsfar”, 6-cı cild, səh.370.) Maraqlıdır ki, hətta son zamanlara qədər bu nəzəriyyə Misirin “əl-Əzhər” universitetinin alimləri arasında öz qüvvəsini qoruyurdu. Amma Əbdühün fədakarlığı və zəhməti nəticəsində müəyyən qədər qüvvəsini itirdi.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!