İNSANIN İXTİYARI VƏ GENİN TƏSİRİ (1)

:

Sual: Əgər insan öz əməllərində tamamilə azaddırsa, bəs, insana mühitin, təlim-tərbiyənin və genetiki amillərin təsiri necədir?

Tarix boyu mübahisə mövzusuna çevrilən ən önəmli məsələlərdən biri də tale, alın yazısı, cəbr və ixtiyardır. Özünü ixtiyar sahibi bilən insanın əməli ilə “cəbr” (determinizm) təfəkkürlü insanın əməli bir-birindən fərqlənir; hər biri müəyyən görünüşə malikdir. Bu məsələ fəlsəfi və teoloji rəng alsa da, bu gün mühit və irsi xüsusiyyətlərlə bağlı mövzular daha çox psixologiya və tərbiyəvi elmlərə aiddir.
Bəzi psixoloji cərəyanlar insanın tamamilə mühit və genetiki amillərdən təsirləndiyini deyir, onu ixtiyar və iradəyə malik olmayan bir avtomobilə bənzədirlər. Onların nəzərinə görə, insan iradə və ixtiyara malik olmadığından, mühit, təlim-tərbiyə və fizioloji amillər onu istədiyi səmtə çəkə bilər. Bu zaman belə bir sual qarşıya çıxa bilər ki, bəs, həqiqət nədir? İnsanın taleyində mühit və irsi xüsusiyyətlərin təsiri nə həddədir?
Şübhəsiz, bir çox alimlərin qəbul etdiyi kimi, mühitin, təlim-tərbiyənin və irsi xüsusiyyətlərin insana təsiri genişdir. Elə həqiqət də şiə teologiyasında irəli sürülən məsələdir; yəni insan mühit və irsi xüsusiyyətlərin təsiri ilə yanaşı, iradə və seçim qüvvəsinə malikdir.1

MÖVZUNUN TARİXÇƏSİ
Bu mövzunun kökü fəlsəfəyə qayıtsa da, fizioloji və bioloji elmlərin inkişafı insanın uyğun amillərdən təsirlənməsinə və heç bir ixtiyarı olmayan avtomobilə bənzədilməsinə səbəb oldu. Bunun tarixçəsini həm fəlsəfə və teologiyada, həm də psixologiyada tapmaq olar. Əllamə Şəhid Mürtəza Mütəhhəri bu haqda belə yazır:
“Tarix göstərdiyi kimi, teoloji predmetlər hicri qəməri tarixi ilə birinci əsrin yarısından başladı və zahirən, onların içərisində cəbr və ixtiyar məsələsi ən qədim tarixə malikdir. Bu da ilk mərhələdə insani, ikinci mərhələdə isə ilahi və təbii bir məsələdir. Burada həm insanın muxtar, yaxud məcbur varlıq olmasından, həm də məsələnin qarşı tərəfində duran Allah və yaxud təbiətdən söz düşdüyündən belə bir sual meydana çıxır: görən, Allahın iradə və istəyini, qəza-qədərini, yaxud təbiətin səbəb-nəticə qanununu və məcburi amillərini nəzərə aldıqda, insan muxtar varlıq sayılır, yoxsa məcbur?2
Bu məsələ hər bir insanı maraqlandırır, istər maddi düşünsün, istərsə də ilahi! Allahı inkar edən şəxs təbiəti, yaxud mühit və genetiki xüsusiyyətlər kimi amilləri – istər bioloji fəaliyyətlər kimi daxildən qaynaqlanan amilləri, istərsə də xaricdən yüklənən işləri Onunla əvəz edir. İslam teologiyasında varlıq aləminin idarəsi və hökmü yeganə Allaha məxsus olduğundan, daha çox Onun elmi və insana təsiri maraq doğurur. Bioloqlar və materialistlər isə mühit və irsi xüsusiyyətlərə üstünlük verirlər.

1. CƏBR VƏ İXTİYAR MƏFHUMU
“Cəbr” lüğətdə insanın istəmədiyi və meyilli olmadığı işə məcbur edilməsi,3 qəza və qədərin qəti şəkildə gerçəkləşməsi,4 habelə islah etmək, sınığı bağlamaq mənalarında işlənmişdir.5
“İxtiyar” isə seçmək6 və istəmək mənalarında işlənmişdir. İnsan iki şeydən birini seçdiyi zaman ixtiyar sahibi adlanır. Demək, bir işi istədiyi zaman tərk edə və yerinə yetirə bilən insan muxtardır.7 Məcbur insan isə belə deyil və mühit, irsi xüsusiyyətlər və s. təbiət amilləri ona yüklənir.

PSİXOLOGİYA ELMİNDƏ CƏBR VƏ İXTİYAR
Qeyd edilənlər cəbr və ixtiyarın leksik mənaları idi. Psixologiya elmində isə cəbr və ixtiyar məsələsinə bu baxımdan yanaşılır ki, görəsən, insan öz işlərində seçim qabiliyyətinə malikdir, ya yox? Burada ixtiyar dedikdə, insana xas psixi-ruhi güc nəzərdə tutulur ki, insan onunla müəyyən çərçivədə təbiət və mühitin təsirlərini öz hakimiyyəti altına alır, öz agahlığı ilə həyat yolunu və mütərəqqi rəftarını seçə bilir.8 “Cəbr” mənaca ixtiyarın antonimidir. Başqa sözlə, burada belə bir sual qarşıya çıxır: “İnsanın cəbr və ixtiyar məsələsində mahiyyəti necə olur?” İnsanın mahiyyətini aydınlaşdıran ən önəmli mövzu seçim azadlığı ilə məcburiyyət arasındakı keçmiş mübahisə ilə əlaqədardır. Hər iki nəzərin tərəfdarları aşağıdakı sualları irəli sürmüşlər:
Görən, biz öz əməllərimizi agahlıqla idarə edirikmi?
Görən, öz düşüncə və rəftarlarımızı azad seçir və problemlərimizi məntiqlə aradan qaldırırıqmı?
Görən, biz işlərimizi agahlıqla gördüyümüz halda, müəyyən qədər sərgərdan deyilikmi?
Görən, taleyimiz öz əlimizdədir, yoxsa təbiət amilləri, gizli qüvvələr və xarici mühərriklərin – öz agahlığımızla idarə edə bilmədiyimiz amillərin qurbanıyıq?
Görən, rəftarlarımızı dəyişdirə bilməməyimizin səbəbi şəxsiyyətimizi formalaşdıran xarici hadisələrdirmi?9
İnsanın cəbr və ixtiyara yönəlişi aydınlaşmayınca, bu sualları cavablandırmaq çətindir.

2. MÜHİT VƏ İRSİ XÜSUSİYYƏTLƏR
Mühitin tərifi: İnsanın ətrafını əhatə edən fəzaya – nütfənin bağlandığı gündən dünyaya göz açana, sonra isə ölənə qədər ona təsir göstərən və yaxud ondan təsirlənən bütün xarici dəyişikliklərə “mühit” deyilir.10
İrsin tərifi: Ata və anadan xromosomda mövcud genin vasitəsilə körpəyə keçən və onun şəxsiyyətini formalaşdıran xüsusiyyətlərə “irs” (vərasət) deyilir.11
Şübhəsiz, ətraf mühitin və irsi xüsusiyyətlərin insana təsiri olduqca genişdir. Zahirdə insan elə güman edir ki, hər nəyi varsa, mühit və irsi xüsusiyyətlərin nəticəsidir. Az adam tapılar ki, ətraf mühit və hakim fəzaya əks olaraq inkişaf etsin. Hətta bəzi hallarda insan ətraf mühitin ona yükləndiyini qəbul etməkdən başqa bir yol görmür. Mühit isə ananın rəhmindən başlayır və cəmiyyətə, təhsil ocaqlarına, hətta ab-havaya da aid olur.

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Əl-İlahiyyatu əla hədyil-kitabi vəs-sünnəti vəl-əql”, Ayətullah Cəfər Sübhani, 2-ci cild, səh.317.
2. “Məcmueyi-asar”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 1-ci cild, səh.41-43.
3. “Kitabul-Eyn”, Xəlil ibn Əhməd Fərahidi, təhqiq: Mehdi Məxzumi və İbrahim Samirai, “cəbr” sözü.
4. “Lisanul-ərəb”, İbn Mənzur, “cəbr” sözü.
5. “Fərhəngi Dehxuda”, Əliəkbər Dehxuda, “cəbr” sözü.
6. “Yenə orada. “ixtiyar” sözü.
7. “Məcməül-bəhreyn”, Fəxrəddin Türeyhi, təhqiq: Seyid Əhməd Hüseyn.
8. “Rəvanşünasiye rüşd (1) ba negəreşi be mənabei-İslami”, Nasir Biriya və bir qrup elmi heyət, səh.245.
9. “Şəxsiyyət nəzəriyyələri”, Şoltez, tərcümə: Yəhya Seyid Məhəmmədi, səh.41.
10. “Rəvanşünasiye rüşd (1) ba negəreşi be mənabei-İslami”, Nasir Biriya və bir qrup elmi heyət, səh.219.
11. “İnkişaf psixologiyası – nütfədən uşaqlığa qədər”, Lora Abrek, tərcümə: Yəhya Seyid Məhəmmədi, 1-ci cild, səh.73.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!