İMAMƏT VƏ CANİŞİNLİK - 2

:

Məlum olduğu kimi, peyğəmbərlər insanların bütün maddi və mənəvi yönlərdə hidayəti, onların dünya və axirət səadəti ilə bağlı vəzifələri layiqincə yerinə yetirmək üçün mütləq qeyri-adi elm və biliyə malik olmalıdırlar.

Peyğəmbərin canişinləri olan imamlar da belədir. Onların öhdələrinə düşən ağır məsuliyyətə görə qeyri-adi elm və biliyə yiyələnmələri zəruridir. Çünki insanlar onlara etimad etməli, dində rəhbərliyi onlara tapşırmalıdırlar. Bu elm və bilik xəta, səhv və nöqsandan uzaq olmalıdır. Əks-təqdirdə, insanların etimadını qazana bilməzlər, onlar öz fikir və nəzərlərini peyğəmbər və imamın nəzərindən üstün tutarlar. Peyğəmbər və imamın xəta və səhvi qeyd-şərtsiz təslimçiliyə yol vermir. Mütləq etimad qazanmaq üçün onların ismət məqamında olması zəruri görünür. Qurani-Kərimdə Bəni-İsrailin rəhbəri seçilən Talut haqda belə buyurulur:  إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ

“Allah-taala sizdən ötrü onu seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük verilmişdir!”(Bəqərə surəsi, ayə: 247)

Allah-taala Bəni-İsrailin “biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda o necə bizə padşah ola bilər” (Bəqərə surəsi, ayə: 246) sözləri müqabilində buyurdu ki, ilahi rəhbərlik elm və qüvvə ilədir və ona kifayət qədər elm, qüvvə bəxş etmişik.

Həzrət Yusif (ə) Misirin hökumət işində “beytül-mal”a (ümumi əmlak) müdiriyyətə layiq görüldükdə elm, bilik və əmanətdarlığına istinad edərək buyurdu:  اجْعَلْنِي عَلَى خَزَآئِنِ الأَرْضِ إِنِّي حَفِيظٌ عَلِيمٌ

“Məni Misirin xəzinələrinə məmur təyin et, çünki mən qoruyan və bilənəm!” (Yusif surəsi, ayə: 55)

Peyğəmbərlərin elmi barəsində qeyd etdik ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirmək üçün mütləq qeyb aləmindən xəbərdar olmalıdırlar. Bu elmə imamlar da malikdir. Onların vəzifələri cahanşümul olduğundan dünyanın bir çox sirlərindən, o cümlədən, keçmiş və gələcəkdən də xəbərdar olmaları zəruridir. Ola bilərmi ki, keçmiş və gələcəkdən xəbərdar olmadıqları halda, vəzifələrini layiqincə yerinə yetirsinlər?! Onların işi zahir və batin, daxil və xariclə birbaşa əlaqədardır. Belə mühüm işləri qeyb aləmindən xəbərsiz yerinə yetirmək qeyri-mümkündür. Bunu imam Sadiqin (ə) diqqəti cəlb edən buyruğunda görmək olar: “Hər kəs yer üzündə bir bəndənin Allahın höccəti olduğunu, sonra isə Allahın bu bəndənin ehtiyac duyduğunu ondan gizlətdiyini güman edərsə, Allaha iftira yaxmışdır!” (Bəsairud-dərəcat, Biharül-ənvar kitabından nəqlən, 26-cı cild, səh.137)

Bəli, keçmiş, bu gün və gələcəklə əlaqəli hadisələrin sirlərindən agah olmaq ilahi höccətin xüsusiyyəti, eləcə də, insanların hidayəti ilə bağlı əsas vəzifələrin yerinə yetirilməsi üçün bir vasitədir. Bir sözlə, imamət məqamının ilk şərti qeyri-adi elmə yiyələnmək, bütün dini maarifdən, cəmiyyətin ehtiyaclarından, onların təlim-tərbiyəsi, hidayət və idarəsi ilə əlaqədar məsələlərdən tam xəbərdar olmaqdır. Qeyri-adi elm və biliksiz belə ağır məsuliyyəti (imamət məqamını) kimsəyə tapşırmaq olmaz.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!