İMANLA İSLAM ARASINDA ƏLAQƏ

:

İmanla İslam arasında əlaqə nədən ibarətdir?

İSLAMIN MƏNASI
Qurani-Kərimin bəzi ayələrində “İslam” və ondan düzələn digər sözlərdən istifadə olunur.1
İslam dedikdə, bəzən insanı Allaha tam təslim etmək istəyən “dinlər”, bəzən Allahın yeganəliyi və Onun rəsulu həzrət Mühəmmədin (s) haqq olmasına dildə “şəhadət vermək”, bəzən də “iman” nəzərdə tutulur.2

Ümumi şəkildə belə bir nəticə çıxarmaq olar ki, İslam “təslim” deməkdir. Qəlbən İslamı qəbul etmək iman adlanan etiraf və yəqindən, dildə İslamı qəbul etmək onu iqrar edib şəhadət verməkdən, bədəni və xarici görünüşü ilə İslamı qəbul etmək Allah-Taalanın əmrlərini yerinə yetirməkdən, İslamı mütləq şəkildə qəbul etmək isə insanın bütün yönlərinə aid “təslim”çilikdən ibarətdir. Təbii ki, belə bir İslam həmişə imanla birgədir. Beləcə, hər bir müsəlmanı mömin də adlandırmaq olar. Lakin İslam bəzən dildə, bəzən əməldə görünür. Qurani-Kərim belələrini batində kafir olmaları aşkarlanana qədər müsəlman hesab edir.

İMANLA İSLAM ARASINDA ƏLAQƏ
Qurani-Kərimin müxtəlif ayələrinə əsasən, belə bir həqiqəti etiraf etmək olar ki, imanla İslam bir-birilə qarışmışdır, onların hər bir dərəcəsi başqa bir dərəcəni təkmilləşdirir. Əllamə Təbatəbai bu haqda yazır: “İslamın müxtəlif dərəcələri vardır. Bunun dəlili bu ayədir: “Rəbbi İbrahimə “(Əmrimə) Təslim ol!” – dedikdə, o, “Aləmlərin Rəbbinə təslim oldum!” – deyə cavab vermişdi.”3 Həzrət İbrahim (ə) Allahın əmrinə təslim olaraq müsəlman oldu. Lakin bu ayədən İslamın daha yüksək dərəcələrə malik olması başa düşülür və burada həzrət İbrahimə (ə) İslamın ən yüksək dərəcəsinə nail olması əmr edilir.

İSLAMIN DƏRƏCƏLƏRİ
Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Mühəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək.4
İkinci dərəcə: Qəlbən Allah-Taalaya və dini məsələlərə ümumi şəkildə iman gətirib tabe olmaq. Bu dərəcədə insanın saleh əməllər yerinə yetirməsi tələb olunur. Onun bəzən ilahi əmrlərdən boyun qaçırması da ehtimal edilir. “Zuxruf” surəsinin 69-cu və “Bəqərə” surəsinin 208-ci ayələrində İslamın bu dərəcəsinə işarə olunmuşdur.
Üçüncü dərəcə: Qəlbən Allah-Taalanın əmr və qadağalarını bütün xırdalıqlarına qədər qəbul etmək və Ona təslim olmaq. Bu dərəcədə insan elə razılıqla Allaha baş əyir və elə itaət edir ki, sanki Onu görür; əgər özü Onu gözlə görmürsə də, elə hiss edir ki, Allah onu görür.[5] İnsani keyfiyyətə və səciyyəvi xüsusiyyətlərə malik olmaq, itaət etmək, razı qalmaq, zahid və təqvalı olmaq və s. bu dərəcənin xüsusiyyətlərindəndir.
Dördüncü dərəcə: İnsan öz vücudunu sözün əsl mənasında Allahın ixtiyarında qoyur.[6] Bu dərəcəyə yalnız ilahi övliyalar malik ola bilər. Bəzi alimlər İslamın bu dərəcəsini “böyük İslam” adlandırmışlar.7

İslam və imanla bağlı aşağıdakı iki rəvayətə diqqət yetirmək çox faydalıdır:
1. Məsum rəhbərlərdən (ə) “İnsanın “mömin” adı qazanmasının minimum şərtləri hansılardır?” – deyə soruşulduqda, buyurmuşlar: “Haqq Allahdan başqa, heç bir məbud olmamasına şəhadət vermək, yeganə Allahdan savayı, heç bir şeyə pərəstiş etməmək, Onun Rəsulunu (s) və imamları qəbul etmək.”8
2. İmam Sadiq (ə) buyurmuşdur: “Bəzən Allahın bəndələri möminlikdən öncə müsəlman olurlar, lakin müsəlmanlıqdan öncə mömin ola bilmirlər. Belə isə, İslam imandan qabaqkı bir mərhələ və dərəcədədir. Onun imanla müştərək cəhətləri var. (Allah-Taalanın qadağan etdiyi) kiçik və böyük günahlara qurşananlara “iman” (mömin) deyil, yalnız “İslam” (müsəlman) adı vermək olar. Əgər onlar tövbə etsələr, iman mərhələsinə qayıda bilərlər. Onları yalnız inkar və “istihlal” halı küfrə sövq edər. “İstihlal”ın mənası Allahın halalını haram, haramını isə halal bilib, buna qəlbən etiqad bəsləməkdir. Bu zaman onlar İslamdan çıxıb küfr vadisinə daxil olarlar.”9
Beləliklə, yalnız icmali yəqin və elm həddində Allaha mərifəti olanlar möminlər zümrəsindən sayıla bilər. Qeyri-möminlərdə isə bu mərifət yoxdur. Onlar ya şəkk-şübhə, nadanlıq və güman, ya da hər üçünə qərq olmuşlar. Eləcə də, küfr, ikiüzlülük və şirkin yaranmasına yalnız mərifət və Allahı tanımaqla bağlı maneələr deyil, bəzən əxlaqi və psixi amillər də öz təsirini göstərir.

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Ali-İmran” surəsi, ayə 19 və 85; “Bəqərə” surəsi, ayə 28; “Hücurat” surəsi, ayə 14; “Zuxruf” surəsi, ayə 69 və s.
2. “Yunis” surəsi, ayə 84.
3. “Bəqərə” surəsi, ayə 131.
4. “Hücurat” surəsi, ayə 14.
5. “Nisa” surəsi, ayə 65.
6. “Bəqərə” surəsi, ayə 128.
7. “Risaleyi seyr və süluk”, Seyid Bəhrül-Ülum, səh. 74; “Əl-mizan”, 1-ci cild, səh.283-284 və 301-303.
8. “Məcməül-bəhreyn”, səh. 499, “Səngi” çapı.
9. “Üsuli-kafi”, 3-cü cild, səh. 44-45.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!