İNSANIN QƏZA-QƏDƏR VƏ TALE İLƏ ƏLAQƏSİ (2)

:

BİRİNCİ HİSSƏNİ BURADAN OXU

QURAN VƏ HƏDİSLƏRDƏ QƏZA-QƏDƏR
b) Qurani-Kərimdə, İslam Peyğəmbərinin (s) və digər məsum rəhbərlərin kəlamlarında qəza-qədər məsələsi kamil və açıq-aydın bəyan olunmuşdur.

“Hədid” surəsinin 22-ci ayəsində bu məsələ daha aşkar şəkildə açıqlanaraq buyurulur:

مَا أَصَابَ مِن مُّصِيبَةٍ فِي الْأَرْضِ وَلَا فِي أَنفُسِكُمْ إِلَّا فِي كِتَابٍ مِّن قَبْلِ أَن نَّبْرَأَهَا إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!”
Bu ayədə bütün hadisələrin müəyyən bir “kitab”da yazıldığı göstərilir. Lakin o “kitab”ın həqiqəti bizə məlum deyildir.
Bu haqda İslam Peyğəmbəri (ə) və din rəhbərlərindən nəql olunan rəvayətlər isə olduqca çoxdur. Biz burada bu rəvayətlərin birini qeyd etməklə kifayətlənirik.
İslam Peyğəmbəri (s) belə buyurmuşdur: “Allahın iradə və istəyi olmadan yaxşı və pis işlərin baş verməsini təsəvvür edənlər Allah-Taalanı mütləq hakimiyyət dairəsindən endirmişlər. Hər kim günahların Allahın bəşərə verdiyi qüvvəyə əsaslanmadan görüldüyünü güman etsə, Allaha qarşı yalan danışmışdır!”1
Demək, Peyğəmbərin (s) dövründə, yaxud o həzrətdən az sonra cəbr və ixtiyar məsələsi bütün təfərrüatı ilə müsəlmanlar arasında araşdırılırdı.
ç) “Qəza”nın lüğəvi mənası: Qurani-Kərimdə “qəza” sözü bir-birinə yaxın olan müxtəlif mənalarda işlənmişdir. Hətta böyük şiə alimi Şeyx Müfid iddia etmişdir ki, bu söz Qurani-Kərimdə “əmr və vacib”, “elan və xəbər”, “son və nəhayət”, “hökm və qəzavət” kimi mənalarda işlənmiş və bunların hər birini Quran ayələrinə istinad etməklə şərh etmişdir.2 Bəziləri bunun sayını bir az da artıraraq on məna qeyd etmiş və hər birini Quran ayəsi ilə açıqlamışdır.3 Əllamə Hilli də “Şərhi-təcrid” kitabında “qəza” sözünün üç məna daşıdığını qeyd etmişdir.4
Burada bizim üçün bu sözün neçə məna ifadə etdiyi çox da əhəmiyyətli deyildir. Əsas məsələ odur ki, bütün bu mənalar bir həqiqətdən qaynaqlanır, daha düzgün desək, zahirən müxtəlif olan bütün bu mənaların bir həqiqəti vardır. Bu məsələyə diqqət yetirən birinci şəxs məşhur ərəb dilçisi Əhməd ibn Faris ibn Zəkəriyya olmuşdur. O, ərəb leksikasında mövcud olan sözlərin kökləri haqda yazdığı “Əl-məqayis” adlı dəyərli əsərində yazır:
“Zahirən müxtəlif mənalar daşıyan “qəza” sözünün yalnız bir məfhumu vardır. Belə ki, xüsusi və son dərəcədə möhkəmliklə yanaşı olan hər bir hadisə və işə “qəza” deyilir. Məsələn, səmaların yaradılışı xüsusi istehkama malik olduğu üçün Allah-Taala bunu “qəza” sözü ilə bəyan edərək buyurmuşdur:

فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ

“Allah səmaları yeddi göy olaraq iki gün ərzində xüsusi möhkəmliklə yaratdı!”5
Adətən, qazi və hakimin hökmü xüsusi qətiyyətə malik və icrası vacib olduğu üçün ona “qəza”, hökm edən şəxsə isə “qazi” deyilir.
Canlı varlıqlarda ölüm təbii və dəyişilməz bir qanun olduğu üçün ərəb dilində ölümə “qəza” deyilir.”6
Əgər Qurani-Kərimdə yeganə Allaha pərəstiş və valideynə yaxşılıq əmri “qəza” sözü ilə bəyan edilmişsə, – وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُوا إِلاَّ إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا (Rəbbin yalnız Ona ibadət və valideynlərə yaxşılıq etməyi buyurmuşdur!)7 – bunun səbəbi “qəza” sözündə nəzərdə tutulan Allahın əmrinin qətiyyəti ilə əlaqədardır. Bu sözə aid edilən digər mənalar da eynilə belədir.
Rağib İsfahani isə “Müfrədat” kitabında onun kökünü başqa cür mənalandırmışdır: “Lüğətdə və camaat arasında qəza sözünün həqiqi mənası söz, yaxud əməl və rəftar vasitəsilə hər bir işə son qoymaqdır.” Beləliklə, o, yürütdüyü fikrə uyğun olaraq bunu müəyyən ayələrlə tətbiq etmişdir.
Bəlkə də hər iki lüğətşünas alimin fikri bir həqiqətə yönəlir; çünki söz, yaxud əməl vasitəsilə işə son qoymaq da qazinin əmri, sözü və əməli kimi müəyyən hökm və qətiyyətin nəticəsidir.
Bir sözlə, xüsusi möhkəmlik, qətiyyət və zərurətlə yanaşı, tərəddüd və süstlükdən uzaq olan hər bir işə “qəza” deyilir.
d) “Qədər” sözünün lüğəvi mənası: “Qədər” lüğətdə miqdar və ölçü mənasını daşıyır. Qurani-Kərimdə buyurulur:

أَنزَلَ مِنَ السَّمَاء مَاء فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَا

“Allah göydən su endirdi və vadilər öz ölçü və tutumları qədər onunla dolub daşdı.”8

قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا

“Allah hər şey üçün bir ölçü təyin etmişdir.”9

وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ

“Allah gecə və gündüzü ölçüb müəyyən edir.”10

وَمَا نُنَزِّلُهُ إِلاَّ بِقَدَرٍ مَّعْلُومٍ

“Biz hər şeyi müəyyən qədər və ölçüdə göndərdik.”11
İbn Faris yazır: “Hər bir şeyin dəyər və ölçüsünə “qədər”, yaxud “qədr” deyilir. Bəzən də bu söz az və məhdud mənasında işlədilir. Qurani-Kərimdə buyurulur:

وَمَن قُدِرَ عَلَيْهِ رِزْقُهُ

“...İmkanı az olan kəs Allahın ona verdiyindən versin...!”12

Rağib İsfahani yazır: “Əşyalarda təqdirin mənası odur ki, Allah-Taala hər şeyi hikmətin tələbinə uyğun müəyyən ölçüdə yaratmışdır. Çünki dünya varlıqları iki qrupa bölünür: bir qrup varlıqlar tədrici olmayıb, (müəyyən bir zamana ehtiyac duymadan) qəflətən yaradılmışlar. Buna mücərrəd varlıq olan mələkləri misal göstərmək olar. İkinci qrup varlıqlar isə yaradılışda (hazırda ilkin forması mövcud olsa da,) müəyyən mərhələyə çatmaq üçün zamana ehtiyac duyurlar. Məsələn, bir ağac toxumunun hazırda mövcud olmasına baxmayaraq, onun ağac formasına düşməsi, yaxud nütfənin insan olması üçün müəyyən müddət lazımdır. Allah-Taala (məsələn) ağacın, yaxud insanın varlığını elə ölçüdə müəyyən etmişdir ki, toxum, yaxud nütfənin təyin olunduğu məqsədə çatması üçün müəyyən mərhələləri ötüb keçməlidir.”13

Qurani-Kərimdə bu həqiqət haqda buyurulur:

وَالَّذِي قَدَّرَ فَهَدَى

“O Rəbbin ki, hər şeyi müəyyən ölçüdə yaratdı və (hamıya) məqsədi göstərdi!”14

Böyük şəxsiyyətlərdən olan Yunis ibn Əbdürrəhmanın imam Rizadan (ə) nəql etdiyi hədisdə qəza-qədərin həqiqəti açıq-aydın şəkildə izah edilmişdir. O deyir: Mən imam Rizadan (ə) “qədər nədir?” – deyə soruşduqda, Həzrət buyurdu: “Qədər bir şeyin yarandığı vaxtdan fani olana qədər hüdudlarının təyin olunmasına deyilir.” Soruşdum: “Bəs, qəza nə deməkdir?” Buyurdu: “Qəza həmin şeyin qəti olaraq həyatda gerçəkləşməsi deməkdir.”15
İzah: Hər fail (iş görən şəxs) bir işə başlamazdan öncə onun həddini, miqdarını və ölçüsünü təyin edir. Məsələn, dərzi parçanı kəsməzdən, yaxud sap və iynəyə əl uzatmazdan əvvəl ölçünü götürür, yaxud usta qapını düzəltməzdən qabaq onun yerini ölçür. Buna “qədər” deyilir.
Səbəb vasitəsilə nəticənin varlığı qətiləşdikdə, qəza (yeni fenomenin qəti olaraq həyatda gerçəkləşməsi) baş verir. Qeyd etdiyimiz rəvayətdə hər iki mərhələyə açıq-aydın işarə edilmiş və imam Rza (ə) varlığın ölçüsünü “qədər”, qəti olaraq həyatda gerçəkləşməsini isə “qəza” adlandırmışdır.

Ardı var...

Üçüncü hissəni buradanoxu


1. “Üsuli-kafi”, 1-ci cild, səh. 58, “cəbr və qədər” bölümü.
2. “Şərhül-əqaid”, Şeyx Səduq, səh. 19.
3. “Tövhid”, Şeyx Səduq, səh. 385.
4. “Kəşfül-murad”, səh. 195, “Seyda” çapı.
5. “Fussilət” surəsi, ayə 12.
6. “Əl-məqayis”, 5-ci cild, səh.99.
7. “İsra” surəsi, ayə 23.
8. “Rəd” surəsi, ayə 17.
9. “Təlaq” surəsi, ayə 3.
10. “Müzzəmmil” surəsi, ayə 20.
11. “Hicr” surəsi, ayə 21.
12. “Təlaq” surəsi, ayə 7.
13. Rağibin “Müfrədat” kitabından nəqlən, səh. 395, azacıq fərq və izahla.
14. “Əla” surəsi, ayə 3.
15. “Üsuli-kafi”, 1-ci cild, səh. 158, “cəbr və qədər” bölümü.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!