İNSANIN QƏZA-QƏDƏR VƏ TALE İLƏ ƏLAQƏSİ (3)

:

İKİNCİ HİSSƏNİ BURADANOXU

MƏSƏLƏNİN ANLAŞILMAZLIQ SƏBƏBİ
Bu məsələnin anlaşılmazlığına səbəb odur ki, insan özündə “cəbr” nişanələrini gördüyü halda, azadlıq və ixtiyara sahib olduğunu da dərk edir.

Əlbəttə, o, öz ixtiyarı və istəyi ilə dünyaya gəlməmiş, necə böyüyüb boya-başa çatdığından xəbərsizdir. Gen, vərasət, mədəniyyət və mühit istər-istəməz ruhu və canında özünəməxsus təsirlərini qoymuş, təvəllüdündən qabaq və sonra müəyyən qədər bu amillərin nəticəsində əlibağlı bir varlıq surətinə düşərək xüsusi yolda hərəkət edir. Əgər azad olsaydı, heç zaman bu amillər xaricdən təsir göstərib onu xüsusi yola istiqamətləndirə bilməzdi. Digər tərəfdən də, o, yetkinlik həddinə çatdıqdan sonra özündə bir növ azadlıq, seçim qüvvəsi hiss edir. Görür ki, işlərində məcbur deyil. Xüsusi nizama malik olan bu dünyaya ixtiyarsız qədəm qoyub boya-başa çatsa da, işlərində azaddır, həyatın çətinlikləri və problemləri ilə mübarizə aparır, hər hansı bir işi özü görür, istədiyi qərarı həyata keçirir və bu istiqamətdə məcbur deyil! Bu anlaşılmazlıq isə bəzilərini “cəbr”ə (məcburiyyət) doğru çəkir, insanın işlərindəki ixtiyar cilvələrinə əhəmiyyətsiz yanaşır. Bəziləri “təfviz” adlı uçuruma uyaraq insanın tam azadlıq və ixtiyara malik olduğunu bildirmiş və nəhayət, fəlsəfə və teologiya sahəsində iki əks və yönsüz nəzər meydana çıxmışdır. Bəziləri isə üçüncü bir yol seçərək hər iki tərəfin münaqişəsinə son qoymuşdur. Bu yol Qurani-Kərim və sünnədə aşkar buyurulan, əqli və fəlsəfi dəlillərə əsaslanan “cəbr”lə “təfviz” nəzərləri arasındakı “orta mövqe” nəzəridir.
Biz burada Allahın köməyi ilə bu baxış və nəzərləri, onların səbəb və nəticələrini ayrı-ayrılıqda araşdıracağıq.

3. MADDİ DETERMİNİZM
Materialistlərin həm etiqadi, həm də əxlaqi məsələlərdə “cəbr”ə inanmasında yalnız iki məqsəd güdülür:
1. “Səbəb-nəticə” qanunu adlı fəlsəfi anlayış; yəni bütün maddi fenomenlərin müəyyən bir səbəbi var və öz varlıq ölçülərini, zaman, məkan və digər parametrlərini öz səbəbindən alır. İnsanın işi də maddi bir fenomen kimi, onun həyatından qaynaqlanır və səbəbə ehtiyac duyur. Onun son səbəbi isə insanın istək və iradəsidir. Bu istək bir sıra görünən və görünməz amillərin nəticəsidir. İnstinktiv hisslər, vərasət, tərbiyə, cəmiyyət, su, torpaq, hava, eləcə də digər daxili və xarici qüvvələrdən ibarət olan amillər insanda istək, maraq yaradır, onu işə sövq edir və nəhayət, o, iradəsi ilə işi yerinə yetirir.1
2. Psixoloji məqsəd; belə ki, azadlığa etiqad məsuliyyət gətirir. Lakin rəftar və əxlaqa maddi gözlə baxanlar fərdi və ictimai məsuliyyətdən boyun qaçırmaq və instinktiv hisslərinin təmin edilməsi uğrunda daha çox azadlıq tələb etmək üçün maddi determinizmi qanunsuz işlərinə qalxan edərək cəbrə üz tutmuşlar.

BU NƏZƏRİYYƏNİN NƏTİCƏLƏRİ
1. Bu nəzəriyyə insandan iradəni alır və onu, işləri hiss və qərizələrdən qaynaqlanan, azacıq belə ixtiyara malik olmayan heyvanlar sırasına qatır.
2. Əgər insan öz seçimində bir sıra xarici və maddi amillərdən təsirlənsə və həmin amillərə əsasən taleyini qurub-yaratsa, sözsüz ki, fərdi və ictimai islahat uğrunda çalışmaq, insanları əxlaqi və qurucu dəyərlərə, insani keyfiyyətlərə dəvət etmək faydasızdır. Çünki tərbiyə, düzgün həyat tərzi və həqiqi dəyərlər məcbur varlıqların yox, iradə və ixtiyara malik varlıqların haqqıdır. Buradan belə qənaətə gəlmək olar ki, “cəbr”ə etiqadın iki əks və yönsüz nəticəsi vardır: 1. İnsan iradə və ixtiyara malik olmadığından, həyatında hər bir məsuliyyət və iltizamdan azaddır. 2. “Cəbr” nəzəriyyəsi bütün çirkin işlərə və zorakılığa bəraət qazandırır, onları qəza-qədərin üstünə atır və günaha qurşanan insanı suçsuz bilmir.

4. BƏZİ İLAHİYYATÇILARIN MADDİ DETERMİNİZMƏ YÖNƏLMƏSİNİN SƏBƏBLƏRİ
Bəzi ilahi insanların cəbrə etiqad bəsləməsi iki səbəbdən qaynaqlanmışdır:

a) Yaradılışda tövhid; bu etiqad insanın birdən çox təsiredici qüvvəyə inanmamasına səbəb olur və deyir: “Bütün təsirlər və təsiredici qüvvələr hər bir şeyin xaliqi olan mütəal Allaha söykənir.”

b) Bütün səmavi dinlərə görə, hər bir fərdin həyat yolunun müxtəlifliyini bildirən təqdir və tale; bəzi şairlər, nəfslə mübarizədə uduzanlar və fitnə-fəsada qurşananlar ictimai məğlubiyyətlərini və çirkin işlərini bu yolla yozmaq istəmiş və Qurani-Kərimin “(Ya Peyğəmbər!) De: Allah hər bir şeyin xaliqidir. O, birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir).”2 – ayəsinə əsaslanaraq özlərini günahsız bilmişlər. “Ənam” surəsinin 101-102 və “Qafir” surəsinin 43 və 62-ci ayələri də elə bu mənanı aşılayır. Yəni “yaradılışda tövhid” möhkəm bir əsas kimi mütəal Allahı hər bir şeyin xaliqi tanıtdırırsa, insanın işləri də Allahın yaratdıqları sırasındadır. Demək, insan öz işlərində məcburdur.

BU NƏZƏRİYYƏNİN YÖNSÜZLÜYÜ
Bu nəzəriyyənin qeyd etdiyimiz iki əks və yönsüz nəticəsindən əlavə, insanın muxtar bir varlıq olduğunu inkar etməklə ilk öncə bütün insani keyfiyyətlər və əxlaqi dəyərlər sual altına düşəcək, xeyirxah insanlarla günahkar insanlar arasında fərq qoyulmayacaq. Çünki onların heç biri gördükləri işlərində azad olmamış, bir sıra sirli, görünən və görünməz amillər onları yaxşı və pis işlərə vadar etmişdir. Həmçinin günahkar insan bir müddətdən sonra gördüyü işdən peşman olur. Demək, insan azad olmasaydı, peşmançılıq mənasız olardı.3
5. “Təfviz” və insanın özbaşına buraxılması
“Təfviz” nəzəriyyəsini irəli sürənlər insanın azadlığı məsələsində “ilahi ədalət”i qorumaq üçün insanın işlərinin, bütün təsiredici qüvvələrin təsirlərinin Allaha nisbətini tamamilə inkar etmiş, üstəlik onları yaradılışda müstəqil bilmişlər. İbn Sina və Əllamə Hilli yazırlar: “Onlar çəkinmədən deyirlər ki, Allah olmasa da, dünya öz işini davam etdirə bilər. Çünki dünyanın vücuda gəlməkdə Ona ehtiyacı var idi. Bu ehtiyac vücuda gəlməklə aradan qaldırılmış, həya yolunda və fəaliyyətində bir daha Ona möhtac deyildir. Onlar Allahın kainata mövqeyini eynilə ustanın binaya nisbəti kimi bilirlər; yəni binanın yalnız tikilişində ustaya ehtiyac olduğu kimi, kainatın və insanın da yalnız yaradılışında Allaha ehtiyacı vardır. Onların davamlı olması və yaşamasında isə Ona ehtiyac yoxdur, necə ki, binanın davam edib qalmasında ustaya ehtiyac yoxdur.4

BU NƏZƏRİYYƏNİN ƏKS NƏTİCƏLƏRİ
a) Allaha şərik qoşmaq; əgər insan təbii amilləri əsas götürərək “insan və kainat yaradılışda və yaşamaqda hər bir səbəbdən ehtiyacsızdır, təsir və işlərində tamamilə azad və müstəqildir” – desə, Allaha şərik qoşmuşdur. Bunun mənası odur ki, nizam öz varlığını Allahdan aldıqdan sonra, Onun kimi zəruri bir varlıq sayılır və başlanğıca söykənmədən öz işlərini görür.
b) Allahın varlıq və qüdrətini məhdudlaşdırmaq; əgər insanın işləri onun özünə qayıdarsa və bununla bağlı Allahın iradəsi heç bir rol ifa etməzsə, Onun iradə və istəyindən xaric olacaq. Bu zaman Allahın geniş qüdrəti inkar ediləcək və hətta Onun zatı da məhdudlaşdırılacaq.
s) Çirkin işlərin və əxlaqsızlıqların çoxalması; özünü Allahdan ehtiyacsız bilən insan qayda-qanunlara etina etmədən, yalnız nəfsi istəklərinin təmin edilməsi haqda düşünəcək. Quranda buyurulduğu kimi, “insan özünü ehtiyacsız gördüyü zaman tüğyan və azğınlıq edər.” Lakin o, özünün yenilməz qüdrətə malik olan Allaha ehtiyac duyduğunu bilərsə, Onun razılığı üçün qayda-qanunlara əməl etməyə çalışacaq, həddini aşmayacaq. Qurani-Kərimdə buyurulur:

يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

“Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. Onun bütün sifətləri və işləri öyülmüşdür.”5

Ardı var...

Dördüncü hissəni buradanoxu


1. “Mənşuri-cavid”, Ayətullah Cəfər Sübhani, 4-cü cild, səh.344.
2. “Rəd” surəsi, ayə 16.
3. “Mənşuri-cavid”, Ayətullah Cəfər Sübhani, 1364-cü ilin çapı, 4-cü cild, səh.329.
4. “Şərhi işarati-tarix”, İbn Sina, “Bəlağət” nəşriyyatı, 1375-ci h.ş. ili, 3-cü cild, səh.68; “Kəşful-murad”, Həsən Hilli, 29, 44, 77 və 117-ci məsələlər.
5. “Fatir” surəsi, ayə 15.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!