İNSANIN QƏZA-QƏDƏR VƏ TALE İLƏ ƏLAQƏSİ (5)

:

DÖRDÜNCÜ HİSSƏNİ BURADAN OXU

BU NƏZƏRİYYƏNİN ƏKS NƏTİCƏLƏRİ
a) Allaha şərik qoşmaq; əgər insan təbii amilləri əsas götürərək “insan və kainat yaradılışda və yaşamaqda hər bir səbəbdən ehtiyacsızdır, təsir və işlərində tamamilə azad və müstəqildir” – desə, Allaha şərik qoşmuşdur.

Bunun mənası odur ki, nizam öz varlığını Allahdan aldıqdan sonra, Onun kimi zəruri bir varlıq sayılır və başlanğıca söykənmədən öz işlərini görür.
b) Allahın varlıq və qüdrətini məhdudlaşdırmaq; əgər insanın işləri onun özünə qayıdarsa və bununla bağlı Allahın iradəsi heç bir rol ifa etməzsə, Onun iradə və istəyindən xaric olacaq. Bu zaman Allahın geniş qüdrəti inkar ediləcək və hətta Onun zatı da məhdudlaşdırılacaq.
s) Çirkin işlərin və əxlaqsızlıqların çoxalması; özünü Allahdan ehtiyacsız bilən insan qayda-qanunlara etina etmədən, yalnız nəfsi istəklərinin təmin edilməsi haqda düşünəcək. Quranda buyurulduğu kimi, “insan özünü ehtiyacsız gördüyü zaman tüğyan və azğınlıq edər.” Lakin o, özünün yenilməz qüdrətə malik olan Allaha ehtiyac duyduğunu bilərsə, Onun razılığı üçün qayda-qanunlara əməl etməyə çalışacaq, həddini aşmayacaq. Qurani-Kərimdə buyurulur:

يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

“Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. Onun bütün sifətləri və işləri öyülmüşdür.”1

ÜÇÜNCÜ NƏZƏRİYYƏ: ORTA MÖVQE
İmamiyyə filosofları və sxolastikləri hidayət imamlarından (ə) bəhrələndikləri bu nəzəriyyənin düzgün başa düşülməsi üçün həmişə çalışmış və onu teologiya elminin tarixində onların ən böyük ixtirası bilmişlər. Bu görünüşə görə, insan təbii qüvvələr və heyvani hisslərin caynağında əsir olan heyvanlar və bitkilərdən, eləcə də insanın özbaşına buraxıldığını, işlərinin Allahın elm, qüdrət və istəyindən kənar olduğunu bildirən nəzəriyyədən fərqli olaraq bütün xarici və daxili qüvvələrdən ağıllı şəkildə faydalanacaq, eyni zamanda bütün aləmi yaradan Allahdan bir an belə qafil olmayacaq.
Bu nəzəriyyəyə aydınlıq gətirmək üçün bir neçə nöqtəni qeyd etməyi lazım bilirik: əvvəla, nəticənin səbəbə ehtiyacı gerçək və konkret vəziyyətə məhdud ehtiyac qəbilindən deyildir. Çünki varlıq aləmi, o cümlədən, insan mümkün bir varlıqdır. Mümkün varlıq isə zatən müstəqil deyil və ömrü boyu varlığı qəbul etmək müstəsna olmaqla, səbəbə möhtacdır. Məsələn, qaranlıq otaq çırağın yandırılması ilə işıqlanır. Çırağın işığı elektrik cərəyanından baş qaldırır və onu, işıq mənbəyindən alır. Bu ehtiyac ani və məhdud yox, mütəmadi bir ehtiyacdır. Əgər bu əlaqə bir an belə qırılsa, mühit qaranlıqlaşar. Dünyanın, insanın və təbii fenomenlərin mehriban Allaha ehtiyacı da elə bu qəbildəndir.
İkincisi, yaradılışın əzəli başlanğıcına bağlı olan, zatında zərrəcə belə müstəqil olmayan kainat, xüsusilə, insan mümkün varlıq olduğundan varlıq ölçüsündə müxtəlif dərəcələrə malikdir; bəzisi səbəb, bəzisi isə nəticədir. Başqa sözlə, varlıq aləmi “səbəb-nəticə” və yaxud “səbəblər səbəbi”nə bağlıdır; heç də belə deyildir ki, hər hansı bir fenomenin təsiri mütəal Allahın birbaşa təsirindən asılı olaraq bütün səbəblərin canişini olsun.2 İmam Sadiq (ə) buyurmuşdur: “Allah işlərin yalnız öz səbəblərindən yaranmasını iradə etmiş və hər şey üçün bir səbəb təyin etmişdir.”3
Üçüncüsü, insan iradə və seçim qüvvəsinə malik bir varlıqdır. O, öz istək və arzularını gerçəkləşdirmək istiqamətində seçim və ixtiyarından bəhrələnir, bəsirət, agahlıq və hesab-kitabla iki tərəfdən birini seçir; yəni özündən üstün, elmli və qüdrətli bir varlıqdan asılı olduğu halda, ona heç bir xarici və daxili bir qüvvə təzyiq göstərmədən, istədiyi qərara gəlir, hesab-kitab aparır.
Demək, bu məsələyə diqqət yetirdikdə, “orta mövqe” nəzəriyyəsinin mahiyyəti aydınlaşır. Belə ki, insanın ilk baxışda mütəal Allaha ehtiyacı əbədi və mütəmadidir, bu zaman yaradılışda tövhid gerçəkləşir. Çünki hər bir mümkün failin varlığı və öz işində təsiri Allahın qüdrətindən asılıdır; varlığında, yaşayışında və təsirində varlıq bəxş edən başlanğıca (Allaha) və Onun yenilməz qüdrətinə möhtacdır. Növbəti baxışda mümkün aləm səbəb və nəticə aləminə tanıtdırılır, fenomenlərin gerçəkləşməsində hər bir agah və qeyri-agah səbəbin rolu qətidir. Bu baxışda bütün işlər və təsirlər birbaşa Allaha nisbət verilmir. O, əsas və həqiqi səbəb kimi müstəqil və bütün qüdrətlərin qaynağıdır, digər amillərin yaradıcılığı Onun yaradıcılıq çərçivəsindən çıxmasa da, hər bir təbii fenomenin özünəməxsus təsiri inkaredilməzdir. Buna atəşin yandırıcı təsirini misal çəkmək olar. Üçüncü baxışda isə insan digər fenomenlərdən fərqlənir. Çünki təsir və işləri onların özünə mənsub deyildir. Məsələn, atəş yandırıcıdır, lakin ixtiyarı olmadığından öz işində məsul deyildir. İnsan isə ixtiyar sahibi olduğundan və işlərini öz istəyi ilə gördüyündən, bütün işlərində məsuliyyət daşıyır, ictimai, mədəni, iqtisadi və s. sahələrdəki fəaliyyəti onun öz öhdəsinə qoyulur və beləcə, “ilahi ədalət” mövzusu hər bir iraddan qorunur.
Fəlsəfi görünüşə gəldikdə isə, insanın işi iki nisbətə malikdir: 1. Allaha nisbət verilir. Çünki O, kainatın, insanın və bütün qüvvələrin xaliqidir. 2. İnsanın özünə nisbət verilir. Çünki insan ixtiyar və seçim qüvvəsinə malik olduğu üçün istədiyini ilahi qüvvələr sayəsində yerinə yetirir, məqsədini həyatda gerçəkləşdirir.
İmam Rizanın (ə) hüzurunda “cəbr” və “təfviz” məsələsindən söz düşdükdə, Həzrət buyurdu: “Əgər istəyirsinizsə, sizə bu haqda ümumi bir qanun bəyan edim ki, bütün hallarda ona müraciət etdikdə, nə öz aranızda ixtilaf yaradın, nə də kimsə sizinlə mübahisəyə qalxsın. Bir kəs güclü elmə malik olsa da, həmin qanuna əsaslansanız, onu məğlub edə bilərsiniz.”
Dedilər: “Buyurun!”
Həzrət buyurdu: “Mütəal Allah ikrah və məcburiyyətlə itaət olunmur, yəni Ona müti olanlar öz ixtiyarı ilə itaət edirlər. Həmçinin Ona asi olunduqda da, məğlub edilməz, yəni “təfviz”ə inananların gümanlarına əks olaraq günahkar şəxs Onun qüdrətindən xaric deyildir. O, bəndələrini Öz mülkündə özbaşına buraxmamışdır ki, istədiyini yerinə yetirsin. Əksinə, bəndələrinə verdiyinə Özü də malikdir, onların gördüklərinə Özü də qadirdir. Deməli, bəndələri itaət etdikdə və əmrinə təslim olduqda, O, onlara mane olmur, itaət yolunu onların üzünə bağlamır. Onun əmrlərinə asi olmaq istədikdə isə, ya onların günahlarının qarşısını alır, ya da almır; hər iki halda, O, bəndələrini heç zaman günaha vadar etmir.”
Sonra belə əlavə etdi: “Hər kim bu qanunu yaxşı dərk etsə, mübahisə etdiyi şəxsə qalib gələr.”4

Son

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü
1. “Fatir” surəsi, ayə 15.
2. “Mənşuri-cavid”, 4-cü cild, səh.373.
3. “Üsuli-kafi”, 1-ci cild, səh.181, Tehran, “Darul-kutubil-İslamiyyə” nəşriyyatı.
4. “Üyunu əxbarir-Riza”, 1-ci cild, səh.169; “Tohidi-Səduq”, səh.366, hədis: 7.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!