MƏSUM İMAMLARIN (ə) ÜSTÜNLÜYÜ (2)

:

BİRİNCİ HİSSƏNİ BURADAN OXU

Digər imamların insanlardan üstünlüyü: Bir sıra rəvayətlər də digər imamların İslam Peyğəmbərindən (s) başqa, bütün insanlardan fəzilətli olduğunu bəyan edir.

Əllamə Məclisi “Biharul-ənvar” kitabında “imamların (ə) bütün insanlar və peyğəmbərlərdən üstünlüyü, onlar üçün mələklər və insanlardan əhd-peymanın alınması, eləcə də “ulul-əzm peyğəmbərlər yalnız onlara məhəbbət bəsləməklə bu məqama nail olmuşlar” – ünvanı altında Peyğəmbəri-Əkrəmdən (s) səksən səkkiz rəvayət nəql edir ki, onların bir neçəsini qeyd etməklə kifayətlənir.1
1. “Üyunu əxbarir-Rza (ə)” kitabında imam Rza (ə) öz əcdadından Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir:

أنتَ يا عَلِيُّ و وُلْدُكَ خِيَرَةُ اللهِ مِنْ خَلْقِهِ

“Ey Əli, sən və övladların Allahın məxluqatı içərisində seçilmişlərisiniz.”2
2. “Əl-xisal” kitabında imam Cəfər Sadiqin (ə) öz atasından, onun da ulu babası imam Əli ibn Əbu Talibdən (ə), onun da Peyğəmbəri-Əkrəmdən belə buyurduğu nəql olunur:

يا عليُّ إنَّ الله عزَّ و جَلَّ أشرَفَ عَلي الدُّنيا فَاختارَنى مِنْها علَى رِجالِ الْعالَمينَ ثُمَّ اطّلَعَ الثّانِيَةَ فَاخْتارَكَ عَلَى رِجالِ العالَمينَ بَعْدى ثُمَّ اطَّلَعَ الثّالثَةَ فَاخْتار الْأئمَةَ مِن وُلْدِكَ عَلَى رِجالِ الْعالَمينَ بَعْدَكَ ثُمَّ اطَّلَعَ الرّابِعَةَ فَاختارَنى فاطِمَةَ علَى نِساء الْْعالَمينَ

“Ey Əli, mütəal Allah dünyaya nəzər salıb, dünyanın bütün kişiləri içərisindən məni seçdi. İkinci dəfə nəzər saldıqda, məndən sonra dünya kişiləri içərisindən səni seçdi. Üçüncü dəfə övladlarından olan imamları dünya kişiləri içərisindən seçdi. Dördüncü dəfə isə Fatiməni bütün dünya qadınları içərisindən seçdi.”3
3. İmam Rza (ə) öz ata-babalarından Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql etmişdir:

ألْحَسنُ والْحُسَينُ خَيرُ أهْلِ الْأرضِ بَعْدى و بَعْدَ أبيهما وَ أُمُّهُما أفْضَلُ نِساءِ أهْلِ الْأرْض

“Həsən və Hüseyn məndən və atasından sonra yer əhlinin, anası isə yer üzünün qadınlarının ən yaxşısıdır.”4
4. İmam Həsən Əskəriyə (ə) mənsub “Təfsir” kitabında nəql olunur ki, həzrət Musa (ə) mütəal Allaha dedi:

يا رَبِّ فإن كان مُحَمَّدٌ أكْرَمَ عِنْدَكَ مِنْ جَميعِ خَلْقِكَ فَهَلْ فِى آلِ الْأنْبِياء أكْرَمُ مِنْ آلى قالَ اللهُ جَلَّ جَلالُهُ يا موسَى أما عَلِمتَ أنْ فَضْلَ آلِ مُحَمَّدٍ عَلَى جَميعِ آلِ النَّبيّينَ كَفَضلِ مُحَمَّدٍ عَلَى جَميعِ الْمُرْسَلين.

“İlahi! Əgər Mühəmməd Sənin dərgahında bütün məxluqatdan əzizdirsə, peyğəmbərlərin övladları içərisində mənim övladlarımdan əziz olanı varmı?” Allah-Taala buyurdu: “Musa! Bilmirsənmi ki, Mühəmmədin övladlarının bütün peyğəmbərlərin övladlarından üstünlüyü Mühəmmədin peyğəmbərlərdən üstünlüyü kimidir?”5
5. Hüzeyfə ibn Üseyd bir rəvayətdə Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

ما تَكامَلَت النُّبُوَّّةُ لِِنَبِيٍّ فِى الْأظِلَّةِ حَتّى عُرِضَتْ عَلَيْهِ وَلايَتِى وَ وَلايَةُ أهْلِ بَيْتِى وَ مَثَلوا لَهُ فَأقَرُّوا بِطاعَتِهِمْ وَلايَتِهِم.

“Heç bir peyğəmbərin peyğəmbərliyi aləmdə mənim və Əhli-beytimin vilayəti, onların timsalı ona təqdim olunmayınca və o da onların itaət və vilayətini iqrar etməyincə təkmilləşmədi.”
Həmçinin Əbdüləla imam Sadiqdən (ə) belə nəql edir:

ما نُبِّئَ نَبِيٌّ قَطُّ إلّا بِمَعْرِفَةِ حَقِّنا وَ بِفَضْلِنا عَلَى مَنْ سِوانا

“Heç bir peyğəmbər haqqı və bizim başqalarından üstünlüyümüzü tanımayınca, peyğəmbərliyə çatmadı.”6
Şiələrin fəxr etdiyi bu rəvayətlər İslam mənbələrində qeydə alınan rəvayətlərin kiçik bir hissəsini təşkil edir. Bu haqda əlavə məlumat əldə etmək istəyənlər uyğun mənbələrə müraciət edə bilərlər. Bəli, bu dəlillərə əsasən, şiələr məsum imamları (ə) peyğəmbərlərdən fəzilətli və üstün bilirlər.

3. İmamların peyğəmbərlərdən üstünlüyü haqda alimlərin nəzərləri:
a) Əllamə Hillinin nəzəri: Məsum imamlar bütün ruhi və cismani kamallara malik olmuşlar. Onlar özləri kamil olduqları kimi, başqalarını da kamilliyə çatdırırlar. Bu da öz növbəsində onların hər birinin ümmətin rəhbərliyi məsələsində başqa insanlardan üstünlüyünü göstərir. Çünki onlar öz zamanında hər bir şəxsdən fəzilətli olmuşdur. Əqlin hökmünə əsasən, “məfzul”u “fazil”dən üstün tutmaq düzgün deyildir.”7
Demək, məsum imamların (ə) hökumət və rəhbərlikdə digər insanlardan üstünlüyünə dəlil-sübut onların yaşayış dövründə ən fəzilətli şəxs olduqlarından ibarətdir.
b) Mərhum Nəraqinin nəzəri: Mərhum Nəraqi “Ənisül-müvəhhidin” kitabının “imamət” bölümündə məsum imamların bütün insanlardan fəzilətli olduğunu iddia etmiş və onların imamətin dəlil-sübutunun daha aydın olduğunu söyləmişdir. Bunu onların həm ismət və fəzilətləri, həm də kəramətləri haqda şiə və sünni təriqəti ilə nəql olunan rəvayətlər isbat edir. O, imamların imamətini fəzilət üsulu ilə sübut edərək yazır: “Aydındır ki, onların hər biri öz dövrünün bütün insanlarından fəzilətli olmuşdur. Bunu bütün İslam firqələri yekdilliklə dəlil-sübuta ehtiyac duymadan qəbul edir.”8
c) Əhməd Təbərsinin “Əl-ehticac” kitabındakı nəzəri: “Risaleyi-bahirə dər fəzli itrətit-tahirə” kitabının müəllifi Əhməd Təbərsi yazır:

أنَّ الْمَعْرِفَةَ بِهِمْ كَالْمَعْرِفَةِ يِهِ تَعالَى فِى أنَّها إيمانٌ وَ إسلامٌ وَ إنَّ الْجَهْلَ بِهِمْ وَ الشَّكَّ فِيهِمْ كَالْجَهْلِ بِهِ وَ الشَّكِّ فِيهِ فِى أنَّهُ كُفْرُ وَ خُرُوجٌ مِنَ الْإيمانِ.

“İmamların (ə) digər insanlardan üstünlüyünü sübut edən dəlillərdən biri də budur ki, onları tanımaq Allahı tanımaq kimidir. Çünki tanımaq (mərifət) dedikdə, iman və İslam nəzərdə tutulur. Həmçinin onlara qarşı nadanlıq və onların imamətinə şəkk etmək, sözsüz ki, Allaha qarşı nadanlıq və şəkk deməkdir. Çünki bu nadanlıq küfr və imansızlıqla nəticələnir.” Sonra o, şiə və əhli-sünnədən ibarət “icma”ya istinad etmiş və hətta onu ümmət “icması”na qədər genişləndirərək yazır: “Şafei məzhəbindən başqa heç kim bunu inkar etməmişdir.” Yenə yazır: “Allah-Taala bütün qəlblərə ilham etmiş, onların məqam və mənzilətinin yüksəkliyini (əqidə və məzhəb ixtilafı ilə yanaşı) bütün canlarda yerləşdirmişdir.”[9] Demək, imamları (ə) tanımaq eynilə Allahı tanımaq kimidir. Peyğəmbərləri tanımaq isə belə deyildir. Bu da onların uca məqamını aşılayır.
ç) Əllamə Məclisinin “Biharul-ənvar” kitabındakı nəzəri: “Biharul-ənvar” kitabında imamların (ə) bütün peyğəmbərlər və insanlardan üstünlüyü, onlar üçün mələklərdən, insanlardan və (yalnız onlara məhəbbət bəsləməklə “ulul-əzm” məqamına nail olan) peyğəmbərlərdən əhd-peyman alınması haqda Həfsdən bir rəvayət nəql olunur ki, həmin rəvayətdə imam Sadiq (ə) belə buyurmuşdur:

قال موسى يا رَبِّ اجْعَلْنِي مِنْ أُمَّتِهِ فَقالَ لَهُ يا مُوسَى أنْتَ مِنْ أُمَّتِهِ إذا عَرَفْتَ مَنْزِلَتَهُ وَ مَنْزِلَةَ أهْلِ بَيْتِهِ إِنِّ مَثَلَهُ وَ مَثَلَ أَهْلِ بَيْتِهِ فيمَنْ خَلَقْتُ كَمَثَلِ الْفِرْدَوْسِ فى الْجِنانِ لَا يَنْتَشِرُ وَرَقُها وَ لا يَتَغَيَّرُ طَعْمُها فَمَنْ عَرَفَهُمْ وَ عَرَفَ حَقَّهُمْ جَعَلْتُ لَهُ عِنْدَ الْجَهْلِ عِلْماً وَ عِنْدَالظُّلْمَةِ نُوراً أَجِيبُهُ قَبْلَ أنْ يَدْعُونِى وَ أعْطِيَهُ قَبْلَ أنْ يَسْألَنِى

“Həzrət Musa “İlahi, məni Mühəmmədin ümmətindən qərar ver!” – dedikdə, Allah-Taala buyurdu: “Onu və Əhli-beytini tanıdığın zamandan sən onun ümmətindənsən. Çünki onun və Əhli-beytinin məxluqat arasında məsəli behiştdə ağacının yarpağı tökülməyən və meyvəsinin dadı dəyişilməyən “Firdovs” bağının məsəlinə bənzəyir. Onların məqam və haqqını tanıyan şəxsi nadanlıqda yolgöstərən və qaranlıqda nur etdik. Mən ona hacətini istəməzdən qabaq cavab verər və istəyini diləməzdən qabaq əta edərəm.”10
d) Həskaninin “Şəvahidüt-tənzil” kitabındakı nəzəri: Həskani “Şəvahidüt-tənzil” kitabında yazır: “Cabir ibn Abdullah Ənsari Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

إنَّ اللهَ جَعَلَ عَليّاً وَ زَوْجته وَ أبنائه حجج الله على خَلْقِهِ وَهُمْ أبْوابُ الْعِلْمِ فِى أُمَّتى مَنِ اهْتَدى إلى صِراطٍ مُسْتَقِيم

“Allah-Taala Əlini (ə), zövcəsini və övladlarını insanlara “höccət” (dəlil) seçmişdir. Onlar mənim ümmətim içərisində elm qapılarıdırlar. Onların vasitəsilə hidayəti axtaranlar doğru yola yönələrlər.”11
Ən mühüm əhli-sünnə mənbəsində göstərilən bu rəvayət bizim müddəamızı, yəni hidayət imamlarının (ə) bütün insanlardan üstünlüyünü aydın şəkildə sübut edir. Bəli, onlar Allah-Taalanın insanlara “höccət”ləridirlər.

NƏTİCƏ
Alimlər imamların peyğəmbərlərdən üstünlüyünü bəyan etmək üçün bir çox ayələrə istinad etmişlər. Onların içərisində “mübahilə” ayəsi və həzrət İbrahimin (ə) imaməti ilə bağlı ayələr nəzərə daha aydın çarpır. Həmçinin İslam Peyğəmbəri (s) müxtəlif yerlərdə imam Əmirəlmöminin Əlinin (ə) şəxsiyyətini tərifləmiş və bir çox rəvayətlərdə onu haqqın meyarı, əməllərin ölçüsü, Allahın sevimlisi və səhabələrin ən fəzilətlisi tanıtdırmışdır. Bizim hədis qaynaqlarımızda İslam Peyğəmbərindən (ə) nəql olunan rəvayətlərdəki təbirlər digər imamların (ə) da başqalarından üstünlüyünü sübuta yetirir. Şiə alimləri bu məsələ ilə əlaqədar bəzi əhli-sünnə mənbələrində nəql olunan rəvayətlərə əsaslanmaqla, məsum imamların (ə) misilsiz şəxsiyyət və məqamını geniş şəkildə açıqlamış və nurlu çöhrələrini gələcək nəsillərə tanıtdırmışlar. Bu istiqamətdə İslamın köklü-əqidəvi üsullarından olan xüsusi imamət barəsində aparılan tədqiqatlardan uyğun məsələ aydın şəkildə açıqlanmış və bütün incəlikləri ilə həqiqət ardıcıllarının ixtiyarına verilmişdir.

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Biharul-ənvar”, 26-cı cild, 6-cı fəsil, səh.267.
2. “Üyunu əxbarir-Rza (ə)”, Şeyx Səduq, “Cahan” nəşriyyatı, 1378-ci h.q. ili, 2-ci cild, səh.58, hədis: 218.
3. “Əl-xisal”, Şeyx Səduq, 1-ci cild, səh.96.
4. “Üyunu əxbarir-Rza (ə)”, Şeyx Səduq, “Cahan” nəşriyyatı, 1378-ci h.q. ili, 2-ci cild, səh.58, hədis: 218.
5. “Təfsiri-imam Həsən Əskəri (ə)”, “İmam Məhdi (ə) mədrəsəsi” nəşriyyatı, Qum, 1409-cu h.q. ili, səh.11.
6. “Bəsairüd-dərəcat”, Məhəmməd ibn Həsən ibn Fərrux Səffar, “Ayətüllah Mərəşi Nəcəfinin kitabxanası” nəşriyyatı, Qum, 1404-cü h.q. ili, səh.51.
7. “Kəşful-murad fi şərhi təcridil-etiqad”, Əllamə Hilli, 11-ci çap, 1427-ci h.q ili, səh.540.
8. “Ənisül-müvəhhidin”, Məhəmmədmehdi Nəraqi, “Əzza” nəşriyyatı, birinci çap, 1363-cü h.ş. ili, səh.215 və 220.
9. “Əl-ehticacu əla əhlil-lücac”, Əhməd ibn Təbərsi, “Mürtəza” nəşriyyatı, Məşhəd, birinci çap, 1403-cü h.q. ili, 2-ci cild, səh.506.
10. “Biharul-ənvar”, “Əl-vəfa” müəssisəsi, Beyrut, Livan, 1404-cü h.q. ili, 2-ci cild, səh.68.
11. “Şəvahidüt-tənzil li-qəvaidit-təfzil”, Übeydullah ibn Əhməd Həskani, səh.76, hədis: 89.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!