QƏDR GECƏSİ VƏ İNSANIN İXTİYARI

:

Sual: Əgər insanın “müqəddəratı” (taleyi) qədr gecəsində təyin edilirsə, onda insanın təlaş və ixtiyarı nə məna daşıyacaq?
Bu sualın aydınlaşması üçün iki nöqtəyə diqqət yetirmək zəruridir:

1." İnsanın ixtiyarı ilə qədr gecəsində taleyinin təyin olunması ziddiyyət təşkil edir?” – şübhəsi haradan yaranmışdır?
2. “Təqdir”in mənası nədir və qədr gecəsində Allah-Təala tərəfindən “müqəddərat"ın təyin edilməsi nə deməkdir?
İzah: “İnsanın taleyi və müqəddəratının qədr gecəsində qeydə alınması ilə onun ixtiyarının ziddiyyət təşkil etməsi” şübhəsi ona görə irəli sürülmüşdür ki, bir tərəfdən rəvayətlərə əsasən, bu gecə insanın birillik taleyi təyin olunaraq İmam Zamana (ə) təhvil verilir və digər tərəfdən bu təqdir və təyin Allahın elminə əsaslanır. Belə ki, əgər insan müəyyən olunmuş taleyini dəyişdirə bilsə, həm Allahın elmində nadanlıq yaranacaq, həm də Onun təyini mənasız olacaq. Bu iki şübhə ilə qarşılaşmamaq üçün insanın öz taleyini dəyişdirməsindəki gücünü inkar etsək, bu da “cəbr” mənasını verəcəkdir.
1. “Cəbr” və “ixtiyar” məsələsi ilə bağlı müxtəlif görünüşlər: Yuxarıdakı sualın cavabının aydınlaşması üçün diqqət yetirməliyik ki, “cəbr” və “ixtiyar” predmeti teologiya elmi ilə bağlı çox qədim zamanlara gedib çatır və bütün dini-ideoloji məktəblərdə özünə xüsusi yer ayırmışdır. İslam məktəbində bu məsələ ilə əlaqədar üç əsas görünüş irəli sürülmüşdür:
1. Əşərilər məktəbinin “mütləq cəbr” görünüşü;
2. Mötəzilə məktəbinin “mütləq ixtiyar və azadlıq” (“təfviz”) görünüşü;
3. Şiə məktəbinin “orta mövqe” (nə mütləq cəbr, nə də mütləq ixtiyar) görünüşü.
Əhli-beyt məktəbinin ardıcılları həm məsum imamlara (ə) tabe olmaqla, həm də əqli-fəlsəfi dəlillərlə “orta mövqe”nin ən düzgün yol olduğunu sübut etmişlər; yəni insanın işləri nə tamamilə öz yaradıcılığıdır ki, onun işləri mütəal Allahın qüdrət dairəsindən xaric olsun, nə də tamamilə Allahın məxluqudur ki, savab və cəza mənasız olsun.
Üçüncü görünüşdə müsəlman alimləri “cəbr” şübhəsinə iki cavab vermişlər ki, qədr gecəsində tale və müqəddəratın təyini ilə insanın ixtiyarı arasındakı ziddiyyəti irəli sürən şübhəni də ona aid etmək olar. Yeri gəlmişkən, bu şübhəyə axırda ixtisaslı şəkildə cavab veriləcəkdir.
Birinci cavab: Allah-Təalanın nizam-intizam üzərində yaratdığı kainata səbəb-nəticə qanunu hakimdir. Vasitəsiz şəkildə yaranan ilk məxluqdan başqa, bütün varlıqlar Allah-Təalanın müəyyən etdiyi səbəblərdən vücuda gəlmişlər. Məsələn, təbiət aləmi elə tənzim olunmuşdur ki, xüsusi şəraitdə əkilən toxum çırtlayaraq yarpaq çıxaracaq, bitkiyə çevriləcəkdir. Həmçinin nütfə qadın bətnində yerləşdiyi təqdirdə, biz istəsək də, istəməsək də, rüşeymə çevriləcəkdir. Lakin bütün səbəblər bu sadəliklə deyil, əksinə bəzi fenomenlərin səbəbləri anlaşılmazdır; ona bir sıra ünsürlər dəxalət edir ki, onları asanlıqla ayırd etmək olmur. İnsanın ixtiyari işləri də bu qəbildəndir. Səbəb-nəticə qanunu insanın ixtiyar və iradəsində böyük rol oynayır. Demək, insanın ixtiyarı mütəal Allahın yaratdığı bu aləmin bir qismini təşkil edir.
Bu cavabın iradı: Göstərilən təhlilə əsasən, Allah-Təala insanın taleyini özünə həvalə etmiş olur. Bunun mənası odur ki, Allah-Təala insanın taleyinə dəxalət etmir. Bu isə üçüncü görünüşlə əlaqədar irəli sürülsə də, əməli olaraq mötəzilə məktəbi tərəfindən deyilən “təfviz” adlı yanlış mənadan ibarətdir. Həm də bu təhlilə görə, qəbul etməliyik ki, Allah-Təalanın insanın ixtiyari işlərinə qarşı elmi yalnız bu nizama elmi qədər olub, insanın işlərinin təfərrüatından xəbərsizdir.1 Bu da bəzi qədim filosofların kəlamından başa düşülən mənadan başqa bir şey deyildir. Əllamə Məclisi dərin düşüncəsi ilə Quran və sünnəyə əsaslanaraq onu dinin zərurətinə əks bilir.2
İkinci cavab: Talenin təyin olunması ilə əlaqədar ikinci məna odur ki, Allah-Təala yaratdığı, səbəb-nəticə qanunu üzərində qurduğu kainata və ona hakim nizam-intizama təsir göstərir. Odur ki, belə deyirlər: “Allah-Təala səbəbkar olduğu qədər də ürəkyanandır. O, atəşi yandırıcı xəlq etdiyi kimi, onu gülüstana da çevirə bilər. Dəqiq desək, Allah-Təala atəşi yandırıcı səbəb yaratsa da, Onun Özü həmin səbəbi qüvvədən salıb, başqa bir səbəblə dəyişdirə bilər.
Bu təhlilə əsasən, taleni təyin etmək səbəbləri müəyyən nəticələrin yolu üzərində qoymaq mənasını daşıyacaq. Başqa sözlə, mütəal Allah insanların taleyini, hətta qədr gecəsindən qabaq fitrət aləmində dəqiq şəkildə təyin etmişdir. Ondan daha üstün mənada, Allahın əzəli və əbədi elmində kimin xoşbəxt və kiminsə bədbəxt olması müəyyəndir. Ariflərin dediyi kimi, sabit vəziyyətdə hər kəsin səadət və bədbəxtliklə nisbəti məlumdur. Lakin bunun insanın ixtiyarı ilə heç bir ziddiyyəti yoxdur. Çünki bu təyin və təqdir Allahın əzəli və əbədi elmindən doğur və Onun bu elmi insanın iradə və ixtiyarına tabedir. Başqa sözlə, O, filankəsin filan yerdə, filan saatda və filan vəziyyətdə nə edəcəyini, hansı qərara gələcəyini və öz ixtiyarı ilə hansı yolu seçəcəyini, hansı taleyə üz tutacağını yaxşı bilir.
Rəvayətlərə müraciət etdikdə, görəcəyik ki, mütəal Allahın vasitəsilə talenin təyin edilməsindəki həmin məna və həqiqət qəbul olunmuşdur:
1. İmam Sadiq (ə) buyurmuşdur: “...Allah-Təala insanlardan filan işin baş verdiyini (yəni müəyyən bir işi görmək istədiklərini) bildiyi üçün işlərini öz ixtiyarlarına qoydu. Buna görə də həmin işi görməkdə bacarıqlıdırlar.”3
Bu rəvayətdə talenin təyin edilməsi məsələsində mütəal Allah vəsilə və səbəbi insanın ixtiyarına qoyur və o, da həmin səbəbdən istifadə edərək işini görür. Lakin müəyyən bir işin, məsələn günahın səbəbini onun ixtiyarına qoymasının səbəbi budur ki, Allah-Təala onun axırda öz ixtiyarı ilə həmin işə qurşanacağını bilir.
2. Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql edir: “Bir dəfə bir nəfər İmam Sadiqdən (ə) günah əhlinin əzabı ilə əlaqədar Allahın hökmünü soruşduqda, o Həzrət buyurdu: “Allah-təala bu hökmü verdikdən sonra onun əhlinə həmin hökmü başa düşmək üçün güc verdi, ona layiq ağır yükü onlardan götürdü və günah əhlinə günah etmək qüdrətini verdi. Çünki öncədən bilirdi ki, onlardan günah baş verəcək.”4
Məruf Həsəni bu hədisin davamında yazır: “Allahın onlara hökmü Onun bu işə qarşı elmindən qaynaqlanır ki, onlar öz ixtiyarları ilə bədbəxtlik yolunu seçəcəklər.”5
Bu iki rəvayətə diqqət yetirdikdə, ümumiyyətlə, demək olar ki, Allah tərəfindən əzəldən talenin təyin edilməsinin mənası belədir: “Allahın əzəli elmini nəzərə alaraq insan öz ixtiyarı ilə hansı işlər yerinə yetirəcəyini bilir. Odur ki, öz işində heç də məcbur deyil. Bu iş eynilə ona bənzəyir ki, insanın iradəsinə təsirli olan bütün amillərdən tamamilə agah olan bir kəs əvvəldən onun filan saatda hansı işlərə əl atacağını yəqin dərəcədə bilir. Düzdür, burada o, həmin şəxsin taleyinin bütün təfərrüatından, görəcək işlərinin siyahısından agah olsa da, “cəbr” deyil. Çünki ona bir şey yüklənməmişdir.
Qədr gecəsinə gəldikdə isə, deməliyik ki, həmin gecə Allahın əzəli elmi və Onun elm xəzinəsində mövcud olan insanların birillik işlərinin siyahısı göndərilir. Bu isə əsla “cəbr” deyildir.
2. İxtisaslı cavab: “Cəbr” və “ixtiyar” şübhəsinə verilən bu cavabda adi cavabları üstələyəcəyik və əsas bir məsələ kimi qəbul edəcəyik ki, qədr gecəsində yalnız mütəal Allahın əzəli elminin nazil olması deyil, həm də bir növ insanların taleyi yazılır, qeydə alınır. Bu fərziyyə ilə deyirik: “Qədr gecəsində təyin olunan tale dəyişilməz və qəti tale qismindən deyildir. Rəvayətlərdə deyilir ki, əgər bir kəs qədr gecəsi bağışlanmasa, “Ərəfə” günü bağışlanması üçün təlaş etsin.”6
Bu hədisin mənası odur ki, qədr gecəsində təyin olunan tale “Ərəfə” günü və yaxud ilin başqa günlərində dəyişilə bilər. Buradan qədr gecəsi qeydə alınan talenin qəti olmadığı və zəmanənin sahibi İmam Məhdinin (ə) qəlbinə nazil edilən elmin tam təqdir olmadığı aydınlaşır. Başqa sözlə, qədr gecəsi nazil olan elm “gizli” və “isbat” adlı “lövhə”dən ibarətdir. Lakin bu təhlildə ən azı mütəal Allahın əzəli elminin surəti adlanan “lövhi-məhfuz” elmi zəmanənin imamına təhvil verilmir. Çünki bu surətdə həmin elm heç zaman dəyişilə bilməzdi. Odur ki, qədr gecəsində insanların işlərinin müəyyənləşdirilməsi və talelərinin qeydə alınması sadəcə kağız üzərində yazılmış, hələ qərarı çıxarılmamış qanuna bənzəyir ki, insan zəhmət və təlaşı ilə onun son mətnini dəyişdirərək ziyanına yazılanları xeyrinə tamamlaya bilər. Rəvayətlərə müraciət etdikdə, aydın olur ki, qədr gecəsi imamlara nazil olunan müqəddərat qəti deyil və dəyişiləndir. Məsələn, “Əyyaşi” təfsirində belə bir rəvayət nəql olunur: “Bir nəfər İmam Sadiqdən (ə) qədr gecəsi haqda soruşduqda, o Həzrət buyurdu:
“Bu gecə mələklər və yazıçılar dünya səmasına nazil olar və il ərzində baş verəcək hadisələri və bəndələrə yetişəcək hadisələri yazarlar. Amma bəzi işlər də mütəal Allahın istəyindən asılıdır. Mütəal Allah həmin işlərdən istədiyini irəli keçirər və istədiyini təxirə salar, istədiyini məhv və istədiyini sabit edər. “Ümmül-kitab” Onun yanındadır.”7
İmamların kəlamlarından başa düşülür ki, onlar qəti və dəyişilməz elmə malik olmamışlar. Məsələn, İmam Sadiq (ə) mötəbər bir hədisdə buyurur: “İmam Zeynəlabidin (ə) həmişə deyərdi: “Əgər Qurani-Kərimdə bir ayə olmasaydı, sizi Qiyamət gününə qədər baş verəcək bütün hadisələrdən xəbərdar edərdim.” Soruşdular: “Hansı ayə?” Həzrət buyurdu: “Mütəal Allahın buyurduğu bu ayə:

يَمْحُو اللّهُ مَا يَشَاء وَيُثْبِتُ وَعِندَهُ أُمُّ الْكِتَابِ

“Allah («məhv və isbat» lövhəsində yazılmış hadisələrdən) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və “Ümmül-kitab” (“Lövhi-məhfuz”) Onun yanındadır.”8
Bu məsələ ilə əlaqədar rəvayətlər olduqca çoxdur.
Beləliklə, qeyd edilənlərdən belə qənaətə gəlirik ki, əvvəla, “cəbr” və “ixtiyar” şübhəsinə verilən məşhur cavablar qədr gecəsi ilə əlaqələndirilən “cəbr” şübhəsinə də aiddir. Qədr gecəsində talenin yazılması mütəal Allahın əzəli elminin göndərilməsindən başqa bir məna daşımayacaq və bu da insanın iradə və ixtiyarından asılıdır. İkincisi, əgər qədr gecəsində baş verənləri “elmin nazil olması” yox, qəti olmadığını, insanın öz taleyini dəyişdirə biləcəyini və bunun “təyin” qəbilindən olduğunu qəbul etsək, yenə də “cəbr”lə nəticələnməyəcəkdir.
Sonda qeyd etməliyik ki, qədr gecəsində insanın taleyi ilə bağlı qeydə alınan ilk yazılar da yersiz deyildir, əksinə indiki hal bizə məlum olmayan minlərlə digər amillərin və keçmiş əməllərin nəticəsi olaraq yaranmışdır; elə amillər ki, həyat boyu öz iradə və ixtiyarımızla vücuda gətirmişik və hətta onları tamamilə yaddan çıxartsaq da, mütəal Allahın əzəli və əbədi elmində zəxirə olunmuşdur.

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Biharul-ənvar”, 4-cü cild, səh.87.
2. “Biharul-ənvar”, 4-cü cild, səh.87.
3. Yenə orada, 5-ci cild, səh.42.
4. “Dirasatun fil-hədisi vəl-muhəddisin”, Haşim Məruf Həsəni, səh.229.
5. Yenə orada, səh.229.
6. “İqbalul-əmal”, Seyid Cəfər ibn Tavus Rəziyəddin Əli ibn Musa, səh.28; “Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh.99 və “Üsuli-kafi”, 4-cü cild, səh.66.
7. “Təfsiri-Əyyaşi”, Nəzr ibn Məsud ibn Əyyaş Səmərqəndi, təhqiq: Seyid Haşim Rəsuli Məhəllati, 2-ci cild, səh.215.
8. Yenə orada. (“Rəd” surəsi, ayə 39).

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!