ZƏRURİ VARLIĞIN (ALLAHIN) MÜTLƏQ KAMİL OLMASI

:

Sual: “Vücud”un sübutunda qeyd olunduğu kimi, mümkün varlıqlar öz varlıqlarını yalnız “zəruri varlıq”dan (Allahdan) alırlarsa, nə üçün “zəruri varlıq” mütləq kamil olmalıdır? O zat bütün varlıqların yaranmasına səbəb olduğu, eyni zamanda özünün heç bir yaradanı olmadığı halda, naqis ola bilməzmi? Nə üçün zamandan kənarda – mücərrəd varlıqlar üçün belə – hərəkət və dəyişiklik qeyri-mümkündür?

ZƏRURİ VARLIQ
“Zəruri varlığın” mütləq kamilliyi, məhz həmin məfhumun özündən alınır. Belə ki, “zəruri varlıq” naqis olarsa, hansısa bir kamal üçün imkan halı olmayasıdır. Başqa sözlə, Onun zatı kamal sayılan sifətə malik olmayacaqdır. Belə bir şəraitdə, “zəruri varlığın” zatı bəzi kamallara malik olub, digər kamallardan uzaq olmalıdır. Bu da, əqlə əsasən,  "zəruri varlığın” varlıq və yoxluqdan ibarət olması mənasını bildirəcəkdir, yəni Allah-Təala bir sıra kamallara sahib və digər kamallardan uzaqdır. Mürəkkəb varlıq – hətta əqli təhlillərə əsasən, hissələrdən təşkil olsa – öz hissələrinə möhtac olacaqdır. Belə olan təqdirdə, möhtac olan varlıq mümkün sayılacaqdır; yəni malik olmadığı kamallarla bağlı imkan formasını daşıyacaqdır. Başqa sözlə, Allahın zatı vacib varlıqdan uzaqlaşıb, mümkün varlıqlar sırasına daxil olacaqdır. Halbuki bu – bizim fərz etdiyimiz zat – Allah-Təalanın zəruri varlıq olması ilə uyğun gəlmir və həqiqətə əksdir.
“Zəruri varlığın” əqlin təhlil etdiyi hissələrdən ibarət olmasının səbəbi odur ki, əql təklikdə məhdud varlıqları iki hissədən – vücud və mahiyyətdən ibarət bilir, başqa sözlə, mümkün varlıqlarla təhlil edir. (Çünki mümkün olan hər bir şey “vücud” və “mahiyyət”dən təşkil olunmuşdur.) Lakin “zəruri varlıq” mütləq vücuddur və əql heç bir mahiyyəti ona aid edə bilmir. Nəticədə, Allah-Təala hər bir tərkibdən, hətta əqlin təhlilindəki tərkibdən uzaqdır.1
Beləliklə, “zəruri varlığın” məfhumuna diqqət yetirdikdə, deməliyik ki, Allah-Taala bütün kamallara malikdir və həqiqətdə, mütləq kamaldır. Onun müqəddəs zatından bəzi kamalları ayırmaq, Onu vacib və zərurilik halından çıxarıb, mümkün bir varlıq saymaqdır. Bizim fərziyyəmizə görə isə Allah “zəruri varlıq”dır.

HƏRƏKƏT VƏ ZAMAN
Hərəkətin zamansız baş verməməsinin səbəbi hərəkətlə zamanın arasında ayrılığın olmamasıdır. Varlıqlar hərəkət vasitəsilə zamana malik olur. “Cisimlərin varlıq zatında həm hərəkət və diyişiklik, həm də zamanla həqiqi əlaqələri var!” – deyə bilmərik. Başqa sözlə, bizim dərk etdiyimiz və adını “zaman” qoyduğumuz həqiqət hərəkət, keçici dövr, tədrici yeniləşmə və seyr etməkdən başqa bir şey deyil. Bunlar xarici həqiqətə işarə edən təbirlərdir və həqiqətin, yaxud maddi varlıqların xüsusi keyfiyyətindən və sabit deyil, keçici olmasından ibarətdir.
“Zaman” hərəkətin və keçici dövrün, məhz xarici həqiqətidir və maddi həqiqətlərin zatında qoyulmuşdur. Bəzən, filosofların dilində belə bir ifadə ilə qarşılaşırıq: “Zaman hərəkət və keçici dövrün miqdarından ibarətdir.” Diqqət yetirmək lazımdır ki, hərəkət və keçici dövrün miqdarı onların, məhz özüdür; hərəkət və keçici dövrü bir şey, onun miqdarını isə başqa bir şey təsəvvür etmək olmaz. Həqiqətdə, onun miqdarı müəyyən formadan (xarici hərəkətdən) ibarətdir. Belə ki, müəyyən bir hərəkət və keçici dövr “zaman” adını özünə götürür.2
“Zamanın mücərrəd olması” məsələsinə gəldikdə isə, bu düzgün iddia deyildir. Zaman maddi varlıqların xüsusiyyətlərindəndir. Mücərrəd varlıqların yalnız bir qismi üçün ikincidərəcəli zaman və məkan nəzərdə tutmaq olar. O, da bədənlə əlaqəli ruhdur. Deməli, insanın bədəni harada olsa, ruhu da oradadır. Bədən mövcud olduğu kimi, ruh da mövcuddur. Belə məkan və zamana sığmaq həqiqətdə bədənin xasiyyətindəndir. Sadəcə ruh onunla əlaqəli olduğundan məcazi olaraq ona aid edilmişdir.3

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Nihayətül-hikmət”, Əllamə Təbatəbayi, səh. 56; “Amuzeşi-fəlsəfə”, 2-ci cild, səh. 351-352.
2. “Amuzeşi-fəlsəfə”, Məhəmməd Şücai, 2-ci cild, səh.145-146; “Məad”, 2-ci cild, səh. 114-115.
3. “Amuzeşi-fəlsəfə”, 2-ci cild, səh. 125.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!