ƏBƏDİ HƏYAT - 7

:

İNSANIN GÖRDÜYÜ İŞLƏRİN TƏCƏSSÜM VƏ ƏBƏDİLİYİ
Bir çox Quran ayələrində və Peyğəmbərdən (s), habelə İmamlardan (ə) nəql olunmuş hədis və rəvayətlərdən belə məlum olur ki, tək insanın özü deyil, onun gördüyü bütün işlər də əbədi olaraq qalacaq və Qiyamət günü onun gözləri önündə təcəlli edəcəkdir.

Onun gördüyü xeyirxah işlər gözəl və ürəyəyatımlı tərzdə, pis və nalayiq işləri isə çirkin və qorxunc surətdə onun qarşısında təcəssüm edəcək və bütün bunlar onun əzab və işgəncəsinə səbəb olacaqdır. Qurani-Kərimdə buyurulur: “O gün [Qiyamət günü] hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki O, öz bəndələrinə mərhəmətlidir.”  (Ali-İmran-30).
Ayədən məlum olur ki, insan gördüyü xeyirxah işlərin təcəssümünü müşahidə etdikdə fərəhlənəcək, nalayiq və xoşagəlməz işlərinə görə isə xəcalət çəkərək ondan uzaq olmağa çalışacaq. Amma bura artıq qaçmaq yeri deyildir. Çünki hər bir şəxsin gördüyü işlər onun ayrılmaz hissəsini təşkil edəcəkdir. Qurani-Kərimdə buyurulur: “O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün [qəbirlərindən məhşərə] dəstə-dəstə çıxacaqlar! Cənnətdəkilər sağ tərəfdə, Cəhənnəmdəkilər isə sol tərəfdə olacaqlar. Kim [dünyada] zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir [mükafatını alacaqdır]. Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir [cəzasını alacaqdır].” (Zilzal 6-8).
Həmçinin buyurulur: “Onlar [dünyada] etdikləri bütün əməllərin [öz qarşılarında] hazır olduğunu görəcəklər.” (Kəhf-49)
İnsan və onun gördüyü işlər əbədi olaraq qalacaqdır. O, axirət dünyasında xeyirxah əməllərinin səmərəsindən ya bəhrələnəcək, ya da rüsvayedici şiddətli əzaba düçar olacaqdır.
Bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir: Uzaq məntəqələrdə yaşayan müsəlmanlardan bir neçəsi Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) söhbət əsnasında onlara bir neçə nəsihət verir. Onlardan biri bu idi: “Günü bu gündən axirət dünyası üçün özünüzə yaxşı dost və dostlar tapın. Bilin ki, [məhşərdə] əməlləriniz kimi, ünsiyyətdə olduğunuz şəxslər də qarşınızda təcəssüm edəcəkdir.”
Mömin insan əbədi həyatının xoşbəxtliyi üçün başqaları ilə ünsiyyətdə gözəl əxlaq nümayiş etdirər. O, bilir danışdığı hər bir söz və gördüyü hər bir iş axirət dünyasının əbədi həyatının səmərəsinə çevriləcəkdir.

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!