4-CÜ MÜNAZİRƏ - I hissə

:

ŞİƏ MƏZHƏBİ BARƏDƏ

24 rəcəb, şənbə, 1345-ci il.

Axşam namazından sonra dünən gecə məclisdə iştirak edən eyni şəxslər, sonradan tacir və sahibkar olduqlarını bildiyimiz digər möhtərəm bir neçə nəfərlə birlikdə gəldilər; bir az cəmimi söhbət etdikdən və çay içdikdən sonra Hafiz ağa sözə başladı.


Hafiz: «Möhtərəm qardaşlar, tərif etmək üçün demirəm, həqiqətən dünən gecəki məclisdən böyük bir feyz aldıq, mühüm tarixi xatirələr eşitdik. Hüzurunuzdan ayrıldıqdan sonra bütün yol boyu qardaşlarla sizin haqqınızda söhbət edirdik. Həqiqətən cazibəniz o qədər güclü idi ki, hamımızı simanızla, əxlaq və davranışınızla cəzb etmişdi. Belə xüsusiyyətlərə sahib olan kəslər, çox az tapılırlar. «اثهد انك ابن رسول الله حقاً»[1].

Bu gün sübh kitabxanaya getmişdim. Ənsab və tarix kitablarından bir neçə cild, xüsusilə seyidlərin nəsli haqqında «Həzar-məzar» və «Əsari-əcəm» kitablarını  mütaliə etdim və dünən gecə dediklərinizə bir az diqqət etdim; həqiqətən xoşhal oldum, feyz aldım və həqiqətən bu şərəfli nəsilə qibtə etdim. Bir müddət düşündüm, sonda bu cənab kimi şərif və nəsli doğru bir şəxsin bu gözəl sima, əxlaq və davranışına baxmayaraq, nə səbəbdən keçmişdəkilərin mənasız və azğın adətləri təsirində qalaraq, böyük cədlərinin yolundan çıxıb, məcusi (atəşpərəst) iranlıların siyasi adət və üsullarını qəbul etmişdir – deyə düşünərək, çox təəssüf etdim!»

Dəvətçi: «Birincisi, cənabın hüsni-zənn və nəzəri-lütfündən şad oldum, təşəkkür edirəm. İkincisi, məqsədinizi anlamadığım qarışıq və qeyri-müəyyən bir neçə cümlə buyurdunuz. Zəhmət olmasa, həqiqətin əslinin aşkar olması üçün cümlələri ayrı-ayrı bəyan edin. Məsələn, keçmişdəkilərin mənasız və azğın adətləri, üz çevirdiyimiz dəyərli cədlərimin yolu və tabe olduğum İranın siyasi adət və üsulları nələrdir?».

Hafiz: «Keçmişdəkilərin mənasız adətlərindən məqsədim, yəhudilərin əliylə Hənif dini olan İslama qatılan bidət və əqidələrdir».

Dəvətçi: «Mümkünsə, aludə olduğum bidətlərin hansılar olduğu məlum olması üçün bir az daha izahlı şəkildə söyləyin».

ŞİƏ MƏZHƏBİNİN ARAŞDIRILMASI

Hafiz: «Əlbəttə, tarix təsdiq edir ki, hər böyük peyğəmbərdən sonra düşmənlər Tövrat və İncil kimi, onların müqəddəs kitablarına əl uzatmış və bir çox təhriflər edərək, onların dinini etibar edilən dərəcədən endirmişlər. Lakin İslam dinində Qurani-həkimin möhkəm olduğu və o gücə sahib ola bilmədiklərinə görə, Abdullah ibn Səba Sənai, Kəbül-Əhbar və Vəhəb ibn Münəbbih kimi daima hiyləgər olan yəhudilərdən bir dəstə zahirən müsəlman olub, sehirli təbliğatlar aparmağa qərar vermişlər. Peyğəmbərin (s) sözləri adı altında, öz inanclarıyla birlikdə digər batil inancları müsəlmanların arasında yaymışlar.

ΙΙΙ xəlifə Osman ibn Əffan onları təqib etdiyinə görə, onlar da xəlifənin qorxusundan qaçırdılar. Misiri öz mərkəzləri qərar verib, yavaş-yavaş bir qrup insanları aldadaraq, özlərinə tabe etdilər və «şiə» adında bir hizb qurdular. Osmanın xəlifə olmasına baxmayaraq, Əlini imam və xəlifə olaraq tanıyırdırlar. Öz hədəflərinə uyğun olaraq, «Peyğəmbər (s) Əlini xəlifə və imam elan etmişdir» – deyə bəzi saxta hədislər uydururdular.

Bu qrupun qiyamı nəticəsində çox qanlar töküldü. Nəhayət, bu hadisə, məzlum xəlifə Osmanın öldürülməsi və Əlinin xilafət məqamına oturdulmasına yol açdı. Osmandan narazı olan bir dəstə camaat da, Əlinin ətrafına toplaşdılar. Şiə məzhəbi bax o zamanda, bu səbəbdən qurulmuşdur. Lakin Bəni-Üməyyənin xilafəti zamanında Əlinin övladları və dostlarının öldürülməsiylə, bu qrup zahirdə aradan gedir.

Buna baxmayaraq, Salman Farsi, Əbuzər Qəffari kimi bəzi insanlar Əlinin (kərrəməllah vəchəhu) leyhinə ciddi bir şəkildə təbliğat aparırdılar; qətiyyətlə Əlinin ruhu bu növ təbliğatlardan uzaqdır. Bu vəziyyət Harun ər-Rəşid və xüsusi ilə iranlıların əliylə qardaşı Məhəmməd Əminə qalib gələn və xilafət məqamında sabitləşən oğlu Məmun Rəşid Abbasinin xilafət zamanına qədər beləcə davam edir. Belə ki, artıq Əli ibn Əbu Talibi dəstəkləyib onu haqsız yerə «Xüləfayi-raşidin»dən (üç xəlifə) üstün etməyə çalışırlar.

İranlılar da bu səbəbdən ‒ məmləkətlərinin ərəblərin qüdrət əli ilə işğal olması və istiqlaliyyətlərinin aradan getməsinə görə münasibətlərinin onlarla yaxşı halda olmadığı və din adıyla ərəblərin qarşısında qiyam etməkləri üçün bir yol tutmağa bəhanə axtarırdılar. Bax, buna görə o haqqsız yolu tutub, bəyənib ona aldandılar; bu şiə məzhəbinin adı ilə onun ətrafında əvəz çıxardılar, “Diyaləmə” zamanında güç topladıqdan sonra iqtidarlı Səfəviyə səltənəti zamanında bu şiə qrupu bir rəsmi məzhəb olaraq elan edildi. Məcusi iranlılar da, indiyə qədər siyasət məqsədiylə məzhəblərini şiə olaraq tanıtdırırlar.

Qısaca desək, şiə məzhəbi siyasi bir məzhəbdir, yəhudi Abdullah ibn Səbanın əli ilə ortaya çıxmışdır. Daha əvvələrdə İslamda «şiə» adı yox idi; cəddiniz Peyğəmbər-Əkrəm (s) də bu ada nifrət edir. Çünki bu yol onun istəyinin əksinədir. Həqiqətdə demək mümkündür ki, şiə, yəhudilərin məzhəb və əqidələrindən bir təmsilçilikdir.

Bax, bu səbəbdən, sizin kimi şərif və nəsli pak olan bir şəxsin adəti üzrə keçmişdəkiləri təqlid edərək, bürhan və dəlilsiz olaraq uca cəddinizin yolu olan pak İslam dinini buraxıb, bidət icad edən yəhudilik yoluna tabe olması, həqiqətən məni təəssüfləndirir; halbuki, Qurana və cəddiniz Rəsulullahın (s) sünnəsinə bağlanmağa siz daha layiqsiniz».

–Məclisdəkilərin və hindistanlı şərif möminlərin, xüsusilə qüdrətli, qeyrətli və hərarətli Qızılbaşların Hafiz ağanın sözlərindən qəzəbləndikləri və rənglərinin dəyişdiyini gördükdə, bir az onlara nəsihət edib onları səbirli olmağa dəvət etdim və dedim: «İranda belə bir atalar sözü vardır, deyirlər ki: «Şaha namənin sonu xoş olar». Və ya «Səbr et, səbir qurtuluşun açarıdır». Sonra cənab Hafizin sözlərinə cavab olaraq , belə dedim:

MÜXALİFLƏRƏ CAVAB

Dəvətçi: «Sizin kimi alim bir şəxsin, qətiyyən əsaslandırılmayan bu uydurma, mənasız və cəfəngiyat sözlərlə dəlil gətirməsi, həqiqətən təəccübləndiricidir. Çünki bunlar xəvaric kimi münafiqlərin, təəssübkeş nasibilərin və əməvilərin yaydığı, avam xalqın da araşdırmadan, heç bir dəlil və sübutları olmadan tabe olduqları şeylərdir.

İndi əgər icazə versəniz, məsələnin aydınlaşması və həqiqətin ortaya çıxması üçün həqiqətdən uzaq sözlərinizin cavabını, məclisin sonuna qədər müxtəsər şəkildə verməyə çalışacağam».

Hafiz: «Buyurun, sözlərinizi bütün diqqətlə dinləməyə hazırıq».

Dəvətçi: «Əvvəla möhtərəm qardaşımız, siz tamamilə iki zidd məsələni bir-biriylə qarışdırdınız. Əgər şiənin hədislərində çox lənətlənən və münafiqlərin cərgəsində tanıdılan yəhudi münafiq və məlun Abdullah ibn Səba bir neçə gün özünü xalq arasında həzrət Əlinin (ə) dostu kimi tanıtdırmışsa, onun imamiyyə şiələri ilə nə əlaqəsi vardır? Əgər bir qurd qoyun sürüsünə girir, bir oğru alim və üləmanın libasını geyib özünü minbər və mehrabda göstərir və ondan İslam və müsəlmanlara bəzi zərərlər yetişirsə, o zaman bütün alim və üləmalara pis gözlə baxmaq lazımdırmı? Onların hamısı oğrudurlar deməliyikmi?

Həqiqətdə pak olan şiə məzhəibni, məlun Abdullah ibn Səbaya nisbət verməniz və «o, əsasını qoymuşdur» – deyə şiə məzhəibni ləkələməyiniz insafsızlıqdır!

Haqq olan şiə məzhəibni kiçildib, onun bir siyasi hizb olduğunu söyləməyiniz və Osmanın zamanındakı Abdullah ibn Səbanın bidət və əsərlərindən saymağınız, həqiqətdə təəccübləndirici bir şeydir. Həqiqətən çox böyük bir səhvə düşdünüz. Çünki şiə bir hizb deyildir; haqq bir məzhəb və haqq bir yoldur. Osmanın xilafət zamanında meydana gəlməmişdir; Rəsulullahın (s) öz zamanında və o həzrətin öz əmri ilə məhşurlaşmışdır.

Əgər siz xəvaric və nasibilərin yalan və iftiralarıyla dəlil gətirirsinizsə, biz də haqqın batildan ayrılması üçün Qurani-kərim və öz mötəbər hədislərimizdən dəlil və şahidlər gətiririk.

Bunu da xatırlatmaq istəyirəm ki, həqiqət ortaya çıxdıqdan sonra utanmamağınız üçün daima söz və əməllərinizə olduqca diqqət göstərin.

Əgər icazə verirsinizsə, sözlərim də təbiətinizə əks deyilsə, məsələnin sizin buyurduğunuz kimi olmadığının isbat və izahı üçün sözlərinizin cavabını verim».

Hafiz: «Əlbəttə, buyurun, onsuz da bu məclisin təşkil edilməsi və bizim bura toplanmağımız, həqiqətlərin ortaya çıxması və şübhələrin aradan getməsi üçündür; qətiyyən dəlilə söykənən sözlərdən narahat olmayın».

Ardı var ...
ARDINI BURADAN OXUYUN

[1]          Təsdiq edirəm ki, həqiqətən sən Rəsulullahın (s) övladısan.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!