3-CÜ MÜNAZİRƏ - I hissə

:

SULTANUL-VAİZİN ŞİRAZİNİN İRANA HİCRƏT ETMƏSİ BARƏDƏ

23 Rəcəb, cümə axşamı, 1345-ci il
Hafiz: «Birinci gecədən qardaşımızın nə dərəcədə yüksək məlumatlı olduğunu, aramızda onunla müqayisə ediləcək bir kəsin olmadığını və kitablarımızdan kamil şəkildə xəbərdar olan bir şəxs olduğunu anladıq.


Bu səbəbdən, çox şad olduq. Buyurduğunuz kimi, bəhs edilən mövzunu davam etdirməniz yaxşı olardı.

İcazənizlə bunu demək istərdim ki, siz fəsih və bəlağətli bir bəyanla Hicazi və Haşimilərin belə pak bir nəsilə sahib olduqlarını sabit etdiniz. Necə oldu ki, Məcusi (atəşpərəst) mərkəzi olan İrana gedərək orada məskunlaşdınız? Bu hicrətin səbəb və tarixini bəyan etsəydiniz, çox şad olardıq».

SEYİD ƏMİR MƏHƏMMƏD ABİD

Dəvətçi: «Babalarımızdan İrana hicrət edən ilk şəxs, yeddinci imam həzrət Musa Kazimin (ə) oğlu həzrət Seyid Əmir Məhəmməd Abid olmuşdur. O, çox fəzilətli, təqvalı və çox ibadət etdiyinə görə, «Abid» ləqəbiylə məşhur olmuşdur. Bütün ömrünü gecələri namaz qılmaq və gündüzləri oruç tutmaqla keçirmiş, Kəlamullahı (Qurani-kərimi) yazmağı çox sevərmiş. O, yazdığı müqabilində aldığı zəhmət haqqı ilə çox sayda kölələr alıb, azad etmişdir.

Mübarək məzarı indiyə qədər Şirazda bütün xalqın ziyarətgahıdır. Məqbərəsi çox gözəl bir şəkildə tikilmişdir. Mübarək qəbrinin ətrafında, qəbrin ziyarətçilərinin izdihamı qarşısında qorunması və ayaq altında qalmaması üçün Nəsrəddin Şah Qacarın əmisi oğlu mərhum hacı Fərhad Mirzə Mötəmədud Dövlənin oğlu Şahzadə Uveys Mirzə Mötəmədud Dövlətis-Sani gümüşdən, çox gözəl bir zərih[1] düzəltdirmiş və ziyarətçilərin ibadət və camaat namazı qılınan yeri, mütəhhər hərəmini də kiçik aynalarla bəzətmişdir.

Hafiz: «Onun Hicazdan Şiraza hicrət etməsinə nə səbəb olmuşdur?».

HAŞİMİ SEYİDLƏRİNİN MƏDİNƏDƏN HƏRƏKƏTİ VƏ QATLAĞ XANLA DÖYÜŞÜ

Dəvətçi: «Hicazdan Şiraza getmək fikrində deyildilər. Hicri-qəməri tarixi ilə II əsrin sonunda Abbasi xəlifəsi olan Məmun, imam Əli ibn Musa Rzanı (ə) məcburən öz vəliəhdi elan edib, xilafət mərkəzi olan Tusa apardı. Beləliklə, bir müddət o həzrətlə qardaşı bir-birlərindən uzaq düşdülər. O həzrəti ziyarət etmək şövqi, qardaşlarını hərəkətə gətirdi. Məktub vasitəsi ilə imam Rza (ə) və xəlifə Məmun Tusa gəlmək üçün izn istədilər. Hiyləgər xəlifə onların hamısının gəlməsini qəbul etdi.

Möhtərəm seyid Əmir Əhməd [2], bizim böyük cəddimiz olan dəyərli insan seyid Əmir Məhəmməd Abid, əziz qardaşı seyid Əlauddin Hüseyn, əmisi oğlanları, qohum və dostları ilə birlikdə imam Rzanı (ə) ziyarət etmək məqsədi ilə Hicazdan Tusa doğru yola düşdülər [3]. Yol boyunca şiə və risalət xanədanına məhəbbətləri olan kəslərdən bir çox dəstə də müəzzəm seyidlərin karvanına qoşuldular.

Qeyd olunduğuna görə, Şirazın yaxınlığına yetişdikdə, karvanda təqribən kişi və qadınla birlikdə on beş min nəfər olmuşlar. Şəhərlərin məmur və hakimləri belə böyük bir karvanın yetişdiyi xəbərini Məmuna bildirirlər. Məmun, Bəni-Haşim və dostlarından ibarət belə bir insan cəmiyyətinin Tusa yetişməsinin, xilafət məqəmının sarsılmasına səbəb olacağından qorxur. Buna görə də, bütün şəhərlərin valilərinə belə bir əmr verir: «Bəni-Haşim karvanı hara yetişərsə, hərəkət etmələrinə mane olun və onları Mədinəyə doğru geri qaytarın». Amma karvan Şiraz şəhərinə çatmamışdan əvvəl, zikr edilən hökm o şəhərin valisinə yetişdi.

Şiraz şəhərinin çox ciddi və müqtədir [4] hakimi olan Qatlağ xan, qırx min nəfərlik bir ordu ilə Şirazın yaxınlığlnda ‒ Xanzəniyanda yerləşdilər. Bəni-Haşim karvanı oraya yetişər-yetişməz, Qatlağ xan imam övladlarına belə bir xəbər göndərdi: «Ağalar, xəlifənin əmrini gördükdə, buranı tərk edib geri dönməlisiniz».

Həzrət seyid Əmir Əhməd cavabında belə buyurdu: «Əvvəla, bizim bu səfərdə hədəfimiz, qardaşımız imam Rzanı (ə) görməkdir. İkincisi, biz izinsiz gəlmədik, xəlifənin özündən izn aldıq və onun əmriylə yola düşdük». Qatlağ xan isə, cavabında belə dedi: «Bizə hərəkətinizə mane olmaq əmri verilib. Xəlifə bəzi səbəblərə görə ikinci bir əmir vermişdir ki, bu əmrin icra olunması lazımdır. Buradan geri dönmək məcburiyyətindəsiniz».

Möhtərəm seyid Əmir Əhməd qardaşları, Bəni-Haşim və dostlarıyla məsləhətləşdilər. Amma onlardan heç biri geri dönməyə razı olmadı. Sübh çağı karvan hərəkət etmək istədikdə, ehtiyat edərək qadınları karvanın arxasına keçirtdilər. Köç təbili çalınmamış, Qatlağ xan ordusu ilə onların yolunu kəsdi. Artıq məsələ əməl mərhələsinə keçdi. Çox şiddətli qanlı bir döyüş başladı, Qatlağ xanın ordusu Bəni-Haşimin həmləsi və şücaəti qarşısında məğlub olub, dağıldı.

Bu mərhələdə məğlub olan ordunun başçıları, özləri üçün bir çarə düşünərək, (doğru və ya yalan) bir qrup şəxsləri yüksək bir yerlərə çıxartdırıb, belə dedilər: «Ağalar! Əgər xəlifənin vəliəhdi olan Əli ibn Musaya ‒ imam Rzaya etimad edirsinizsə, bu anda onun vəfat etdiyi xəbəri yetişdi».

Bu xəbər bir şimşək kimi imam övladlarının əhatəsinə toplaşan zəif iradəli insanları sarsıtdı və beləcə, onların ətrafından dağıldılar.

Sonra bu səbəbdən seyid Əmir Əhməd gecə ikən, qardaş və qohumları ilə birlikdə başqa bir yolla Şiraza doğru hərəkət etdilər. Əhməd ətrafdakıları, «Düşmən bizi təqib edir. Ələ keçməmək üçün müxtəlif geyimlərdə sağa-sola dağılmağınız daha yaxşı olar» dedi.

İmamın övladları bu tövsiyəyə əməl edərək, elə o gecə şəhərin ətrafına dağıldılar [5]. Amma Əmir Əhməd, seyid Əmir Məhəmməd Abid və seyid Abdullah Hüseyn Şiraza gedib, tanınmayacaq geyimdə bir-birlərindən ayrıldılar. Hər biri bir guşəyə çəkilib, ibadətlə məşğul oldu».

SEYİD ƏMİR ƏHMƏD

Seyid Əmir Əhməd imam Rzanın (ə) şəhadətindən sonra elm, zöhd [6], vərə [7] və təqvada imam Museyi-Kazimin (ə) otuz səkkiz nəfər oğlan və qızdan ibarət övladının ən fəallarından idi. İmam Kazim (ə) min dinara satın aldığı Sərriyə adlı bir bağı ona hədiyyə etmişdi. Böyük ehtirama sahib olan bu imamzadə, həyatında min kölə alıb, Allah yolunda azad etmişdi.

Şiraza yetişdikdə, Sərəzdək məhəlləsində [8] Əhli-beyti sevən dostlarından birinin evində məskunlaşıb, gecə-gündüz ibadətlə məşğul oldu. Fars valisi Qatlağ xan tərəfindən imamzadələrin axtarılması üçün hər tərəfdə casuslar müəyyən edildi. Nəhayət, bir ildən sonra cənab seyid Əmir Əhmədin yerini bilərək, hökumətə xəbər verdilər. Hökumət də, o həzrəti tutmaq üçün çoxlu sayda əsgər göndərdi.

SEYİD ƏMİR ƏHMƏDİN ŞƏHADƏTİ

Seyid Əmir Əhməd o zalım qövmə qarşı təkbaşına mübarizə apararaq elə cəsarətli davrandı ki, min üç yüz ildən sonra, elə indinin özündə də tarixi şəxsiyyətlərin ibrət və həsədlərinə səbəb oldu. Nəhayət, ona kömək gəlmədiyini gördükdə, qonşunun evinin divarını dəlib, o həzrətin sığındığı evə girdilər. Həzrət döyüşdən yorulduqda, bir az nəfəs alıb, təkrar döyüşürdü. Divara söykənib nəfəs aldığı vaxt, arxadan başına bir qılınc endirdilər, eyni zamanda digər bir dəstə də evi sökməklə məşğul idi. Bu səbəbdən, mübarək bədəni topraq qalıqları altında gizli qaldı. O xaraba ev şəhər əhalisi tərəfindən böyük viranəyə çevrildi. Çünki Şiraz şəhərinin camaatının çox az bir hissəsi mövcud hakimiyyətə müxalif idi. Hicri VII əsrin əvvəllərinə qədər, yəni Fars səltənəti Atabəy Əbubəkir ibn Səəd Müzəffəruddin şahın əlinə keçənədək, mübarək bədəni o qalıqlar altında gizli qaldı. Müzəffəruddin şah saleh bir padşah idi. Otuz altı il davam edən səltənət dövründə zahid, abid, alim və fəzilətli şəxslərə qarşı ehtiram və pak İslam şəriətini yaymaqda çox səylər göstərmişdi. «الناس علي دين ملو كهم» babından Fars məmləkətinin bütün vəzir və böyük şəxsiyyətləri pak İslam şüarını qoruyan kəslərdir.[9]

Atabəy Müzəffəruddin şahın yaxın vəzirlərindən biri də, Əmir Müqərrəbuddin Məsud ibn Bədruddin idi. Bu vəzir, abadlığa və rifaha çox meyilli olan bir şəxs idi. Bu səbəbdən, Şiraz şəhərinin ortasında pis bir görkəm alan o uçuq evin yığılıb-təmizlənməsi və yerində böyük bir bina tikilməsini əmr etdi. Bu işlə əlaqədar çoxlu sayda işçi qüvvəsi oradakı topraq və başqa qalıqları şəhərin kənarına daşımağa başladılar.

Bir gün iş əsnasında başından zədə almış bir insanın cəsədinin qalıqlar altında qalmış olduğunu görüb, bu məsələni hökumətə bildirirlər. Baş vəzir və bir qrup digər məmurlar bu hadisənin nə olduğunu öyrənmək, təftiş etmək məqsədi ilə oraya gəlirlər.

ŞAHÇIRAĞIN CƏSƏDİNİN TAPILMASI

Uzun sürən təftişdən sonra o gəncin cisminin tanınmasına səbəb olan tək şey, barmağındakı üzük qaşına yazılmış olan bu yazı oldu: «Əl-izzətu-lillah Əhməd ibn Musa». O məkanda Haşimi gəncinin döyüşüb şəhid olması çox məşhur olduğuna görə, cəsədin, ehtiramı fərz olan imamzadə Seyid Əmir Əhməd ibn Kazimin (ə) mübarək cəsədi olduğunu bilirlər. Təqribən üzərindən 400 il keçməsinə baxmayaraq, o mübarək bədənin çürüməməsi, görənləri heyrətə saldı və bir dəstə müxaliflərin də bəsirətlənməsinə səbəb oldu.

Atabəy Müzəffəruddin şah və vəziri-əzəmin əmri ilə, cəsədin tapıldığı yerdə gözəl bir türbə tikirlər. O mübarək cəsədi böyük bir ehtiramla, alim və böyük şəxsiyyətlərin müşayətilə qəbrə qoyurlar. Xalq bu türbəyə olduqca böyük ehtiram göstərir. Atabəy Müzəffəruddin şah hicri 658-ci ildə vəfat edir. Hicri 750-ci ildə Şiraz və Fars səltənəti İshaq ibn Mahmud şahın əlinə keçir. Çox saleh və xeyirxah bir qadın olan şahın anası Məleykə Taşi Xatun, o həzrətin türbəsini çox gözəl bir şəkildə təmir etdirir. Qəbrin üzərində gözəl bir günbəzli məqbərə ucaltdırır. Şiraz şəhərinin on səkkiz fərsəngində yerləşən Məymənd qəsəbəsini də, o mübarək məkana vəqf edir. Hal-hazırda da, o qəsəbə mövcuddur. Məyməndin gülabı dünyada məşhurdur.

SEYİD ƏLAUDDİN HÜSEYN

Seyid Əlauddin Hüseyn imam Museyi-Kazimin (ə) digər bir oğludur. Əziz qardaşı ilə Şiraza gəlib o şəhərin bir guşəsinə sığınaraq, gecə-gündüz ibadətlə məşğul olurdu. O yaxınlarda Qatlağ xanın böyük bir bağçası var imiş. Bir gün həzrət, o bağçanın bir guşəsində təfərrüc [10] etdikdə, onu tanıyırlar. Həmin yerdə onu şəhid edib, Quran əlində olduğu bir halda toprağa basdırırlar.

Bu hadisənin üzərindən illər keçir. Qatlağ xan ölür, o bağça viran olur. O şərəfli Seyiddən Səfəvilər zamanına qədər bir əsər tapılmır. Səfəvilər zamanında bu xaraba baxçada bina tikərkən bədəni çürüməmiş, qana boyanmış, bir əlində Quran, digər əlində isə qılınc olduğu halda, topraq altından bir cəsəd çıxarırlar. Mövcud olan əlamət və cizgilərlə bu cəsədin imam Musa ibn Cəfərin şəhid oğlu Seyid Əlauddin Hüseynin mübarək cəsədi olduğunu bilirlər. O bağçada onu dəfn edirlər və Qatlağ xan[11] da, o qəbrin üzərində türbə tikdirir.

Müəyyən illər keçdikdən sonra Mirzə Əli Mədəni Mədinədən imamzadələrin ziyarətinə [12] gəlir. Çox dövlətli olduğuna görə, o mübarək qəbrin üzərində gözəl bir məqbərə tikdirir. Çox sayda mülk və bağçalar alıb, o mübarək məkana birləşdirir. Vəfat etdikdən sonra o mərhumu da həmin müqəddəs yerdə dəfn edirlər. Mərhum şah İsmail zamanında o qəbir gözəl bir şəkildə təmir edilir; indiyə qədər bütün fars xalqının ziyarətgahı və maraq göstərdikləri müqəddəs bir yerdir.

Bəziləri möhtərəm Seyidin nəslinin davamı olmadığını, bəziləri də nəslinin davam edib, yalnız sonradan kəsildiyini yazırlar. Mərhum Seyid Əmir Əhmədin oğlu yox, yalnız Salihə adlı bir qızı var idi. Bu məsələ «Umdətut-talib fi ənsabi Əli Əbu Talib» kitabında mövcuddur. Bəziləri də, oğlunun olduğunu yazırlar.

İBRAHİM MÜCAB

Seyid Əmir Məhəmməd Abidə gəlincə, o da kənara çəkilib ibadətlə məşğul olur. Beləcə, təbii əcəli ilə dünyadan göçür. Çox dəyərli övladları varmış. Elm, zöhd, vərə və təqva baxımından onların hamısından ən üstün olanı, Əmirəl-möminin həzrət Əli (ə) kimi şəxsiyyətin salamının cavabı iftixarına nail olan və buna görə də, «Mücab» ləqəbi ilə məşhur olan Seyid İbrahim Mücabdır.

Seyid İbrahim Mücab dəyərli atasının vəfatından sonra pak cədlərinin, xüsusən mübarək məzarının yeni tapılan və o zamanda böyük bir şöhrətə yol açan həzrət Əlinin (ə) qəbrini ziyarət etmək üçün o müqəddəs ziyarətgahlara doğru hərəkət edir».

Hafiz: «Əmirəl-möminin həzrət Əlinin (ə) (kərrəməllah vəchəhu) məzarı o zamana qədər necə imiş ki, yüz əlli ildən sonra kəşf oldu?».

Dəvətçi: «Əmirəl-möminin həzrət Əlinin (ə) şəhadəti, Müaviyənin xilafəti və Bəni-Ümməyyənin azğınlığı zamanında baş verdiyinə görə, Həzrətin vəsiyyəti ilə onun mübarək cismini gecə ikən, gizli bir şəkildə dəfn etdilər. Hətta qəbrin üzərində bir əlamət belə qoymadılar. O həzrətin əshab və övladlarından çox az hissəsi dəfində iştirak etdilər. Ramazan ayının iyirmi birinci gününün səhəri, vəziyyətin düşmənlərə şübhəli olması və həzrətin qəbrinin yerini bilməmələri üçün iki məhmil [13] bağlayıb birini Mədinəyə, digərini də Məkkeyi-müəzzəmə doğru göndərdilər. Bu səbəbdən, həzrətin mübarək məzarı uzun illər gizli qaldı. O həzrətin övladları və məxsus əshablarından başqa, heç bir kəs onun qəbrinin yerini bilmirdi».

Hafiz: «Belə bir vəsiyyətin və qəbrin yerini gizli saxlamağa israr etmənin səbəbi nə idi?».

Dəvətçi: «Böyük bir ehtimala görə, dinsiz Bəni-Ümməyyənin qorxusundan idi. Çünki onlar azğın, yağı və xüsusən Peyğəmbər (s) Əhli-beytinə (səllallahu əleyhim əcməin) kin bəsləyib nifrət edən insanlar idi. Həzrətin mübarək qəbrinə ədəbsizlik edilməməsi və bu zülmün digər bütün zülmlərdən daha pis olması mümkün idi».

Hafiz: «Bu nə sözdür? Bir müsəlman öldükdən sonra düşmənçilik ortada qalsa belə, onun qəbrinə çirkin bir əməl etmələri mümkündürmü?».

Ardı var...

ARDINI BURADAN OXUYUN



[1]           Məzarın ətrafında qoyulan şəbəkə

[2]           «Şahçırağ» adı ilə məşhur olmuşdur.

[3]           O zaman Tus şəhərinə gedib-gəlmək üçün edilən səfər, xüsusilə Küveyt, Bəsrə, Əhvaz, Buşehr və Şiraz yolu ilə idi.

[4]           «Qüdrətli», «güclü», «bacarıqlı» mənalarını ifadə edir.

[5]           Deyirlər ki, irandakı imamzadələrin əksəriyyəti, o hərəkatda sağa-sola dağılanlardır.

[6]           «Pəhrizkarlıq», «vaxtını ibadətə sərf etmə» mənalarını ifadə edir.

[7]           «Haramlardan çəkinmə» deməkdir.

[8]           Məzarın indiki yeri.

[9]           İnsanlar padşahların dini üzrədirlər.

[10]         Açılmaq, qəmvəqüssənidağıtmaq.

[11]         Qatlağ, qədim türk dilində «böyük» deməkdir. Qədim zamanlarda padşah tərəfindən bəzi hakim və böyüklərə «Qatlağ» ləqəbi verilirdi. Bu səbəbdən, Monqollar İranda qələbə çaldıqdan sonra Oqtay, «Qatlağxan» ləqəbini onlara qarşı müxalifət etməyən Atabəy əzəm Muzəffəruddin Əbubəkr ibn Səədi Zəngiyə verdi. Seyid Əlauddinin məzarını yad edən Qatlağxan, Məmun tərəfindən fars valisi olan və imamzadələrlə döyüşən Qatlağxan deyil.

[12]         Şiələrin Qumdakı həzrət Məsumənin (ə) ziyarətinə getdiklərikimi, Şirazdakı Rəsulullahın (s) nəvəsi olan imamzadənin də ziyarətinə getmələri yaxşı olardı. Onları ziyarət etmənin böyük savabı vardır.

[13]         Məhməl ‒ dəvə üzərinə bağlanılan bir daşıma sandığı və ya səbət.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!