5-Cİ MÜNAZİRƏ - I hissə

:

İRQÇILIK VƏ ĞULATLAR BARƏDƏ (24 rəcəb, şənbə, 1345-ci il)

Dəvətçi: Alim və tarixçi Şafei əl-Həmədaninin nəql etdiyinə görə, Şahənşahın hüzurunda, o zamanda şiə alimlərinin iftixarlarından və əsrin dahilərindən olan, Əllamə Həsən ibn Yusuf ibn Əli ibn Mütəhhəri Hilli ilə, əhli-sünnənin ən böyük alimlərindən olan Xacə Nizamuddin Əbdülməlik Məraği Qazi əl-Quzat əş-Şafei arasında bir qrup mübahisələr meydana gəldi.


O məclisdə imamət məsələsi haqqında da bəhs edildi. Əllamə Hilli açıq və qəti dəlillərlə Əmirəl-möminin Əlinin (ə) Rəsulallahdan (s) sonrakı xilafət və imamətini sabit etdi və digər şəxslərin iddiasının batilliyini ortaya qoydu ki, artıq məclisdə oturanlar üçün şübhə ediləcək heç bir yol qalmadı. Hətta Xacə Nizaməddinin özü belə; «möhtərəm Əllamənin dəlili aydın və güclüdür, amma atalarımız bir yolu tutub getmişlər, bizim də avam xalqı susdurmaq və İslam ümmətinin birliyinin pozulmaması üçün o yolu təqib etməyimiz və sirləri aşkar etməməyimiz lazımdır» –  dedi.

Bu vaxtda şahənşahın təəssübkeşliyi olmadığı və hər iki tərəfin dəlillərini yaxşı dinlədiyinə görə, münazirə sona çatdıqdan sonra şiənin həqiqəti ortaya çıxdıqda, haqq olan İmamiyyə (şiə) məzhəibni seçdi və bu məzhəibin sərbəst şəkildə fəaliyyət göstərməsini, bütün vilayətlərin hakim və valilərinə, bütün məscidlərdə Əmirəl-möminin həzrət Əli (ə) və digər imamların (ə) adı ilə xütbə oxumalarını İranın bütün şəhərlərinə elan etdi. Dinarların (pulların) üzərinə üç sətirdə «La ilahə illəllah Mühəmməd rəsulullah Əliyyən vəliyyullah» kəlmələrinin yazılmasını əmr etdi.

Şahənşah möhtərəm Əllamə Hillini, Hillə[1] şəhərindən bir qrup məsələlərin izahı üçün çağırtdırmışdı. Amma bu elmi toplantıda münazirələr aparılaraq, şiənin həqqiəti ortaya çıxdı. Şah Əllamə Hillini öz yanında saxladı və onun üçün xüsusi bir mədrəsə ayırdı. Bundan sonra tələbələr onun ətrafına toplaşdılar. Aşkar şəkildə aparılan təbliğatların nəticəsində, həqiqətlər ortaya çıxdı və hər şeydən xəbərsiz olan insanlar, haqq olan İmamiyyə yolunun həqiqətini anladılar. Beləliklə, vilayətin işıq saçan günəşi, təqiyyə[2] buludunun altından aydınlığa çıxdı.

Təxminən 700 ildən sonra Səfəvilərin güclü sultanlarının dəstəyi və o zamanın kamil təbliğləri ilə, qara buludlar tamamilə dağıldı və vilayət və imamət günəşi dünyaya işıq saçdı.

İranlılar nə qədər çox Məcus (oda sitayiş edən) və iki tanrıya inanırdılarsa da, müsəlmanların məntiqə uyğun dəlil və burhanlarını bildikdə, onu cani-qəlbdən qəbul etdilər; indiyə qədər də tam bir səmimiyyətlə İslami əqidələrinin üzərində sabitdirlər.

Əgər iranlıların arasında inanc baxımından məcus olan, bir yerə bağlı olmayan və ya ğulatlar silsiləsinə girib, Əlini (ə) öz məqamından ilahilik dərəcəsinə yüksəldən, onu Xaliq və ruzi verən və yaxud hülul[3], ittihad və vəhdəti-vücuda[4] inananlar olarsa, onların iranlıların təmiz qəlbli əhalisi ilə heç bir əlaqəsi yoxdur. Hər qövüm və cəmiyyətdə bu növ düşüncəsiz və ağılsız insanlar mövcuddur. Lakin İranın nəcib və məlumatlı xalqının əksəriyyəti Allah-taalanın vahid olmasını, həzrət Mühəmmədin (s) peyğəmbərliyi və Əmirəl-möminin həzrət Əli və on bir övladınının Peyğəmbərin əmr və göstərişi ilə imamətə seçildikləri xüsusunda sabit və doğru bir əqidəyə sahibdirlər».

Hafiz: «Hicazlı, Məkkə və mədinəli olan sizin kimi bir şəxsin, İranda bir müddət qalmaqla onları bu qədər dəstəkləməniz və onları Əlinin (kərrəməllahu vəchəhu) ardıcılları bilməniz, həqiqətən təəccüblüdür. Əli Allahın qulu, Onun əmrinə bağlı və Ona itaət edən biri idi. Lakin iranlı şiələrin hamısı Əlini Allah bilirlər, onu Allahdan ayrı bilmirlər. Öz şeirlərində də Əlini Haqq və hətta Haqqın eynisi bilirlər. Çünki onların divan və cib dəftərlərində bu növ küfriyyət görülür. İranlı şiə alimlər Əlinin (kərrəməllahu vəchəhu) dilindən bu növ şeirləri nəql etməkdədirlər. Qəti şəkildə deyə bilərik ki, Əli belə bir inancdan uzaqdır…».

Dəvətçi: «Sizə təəccüb edilməlidir ki, araşdırmadan iranlı bütün şiələri ifratçı və Əlipərəst (Əliyə sitayiş edən) bilirsiniz. Bu sözlərlə məsələni hər şeydən xəbərsiz sünni qardaşlarımızın zehninə həkk edir, sonra da iki qardaşın bir-birlərini öldürməsinə səbəb olursunuz. Bu növ sözlər Əfqanıstan, Hindistan, Özbəkistan, Tacikistan və digər yerlərdə şiələrin öldürülüb, qanlarının axıdılmasına yol açmışdır.

Özbəkistan və Türkistan müsəlmanları, «şiələr Əlipərəst, müşrik, kafirdirlər və öldürülmələri fərzdir» – deyən alimlərinin fəryadının nəticəsində nə qədər müsəlmanların qanını töküb, tarixin səhifəsini ləkələdilər. Əhli-sünnənin hər şeydən xəbərsiz zavallı xalqı da, sizin kimi alimlərin rəhbərliyi ilə iranlı müsəlmanlara ədavət, şirk, küfr və irtica gözüylə baxırlar.

Keçmiş zamanlarda türkmənlər Xorasan yolunda, «kafirdirlər» – deyərək, iranlıların qarşısını kəsir, mallarını talan edir, öldürür və belə deyirdilər: «Kim yeddi nəfər rafizi (şiə) öldürərsə, cənnət ona fərz olar!».

Bilin ki, bu əməllərin, qətillərin məsuliyyətini, «şiələr Əlipərəst, müşrik və kafirdir» – deyən sizin kimi alimlər daşıyır. Hər şeydən xəbərsiz saf və avam sünnilər də bu cür sözləri qəbul edib, savab qazanmaq qəstiylə, bu növ əməllərə təşəbbüs göstərirlər».

Ardı var ...
ARDINI BURADAN OXUYUN

[1] Şəhər adıdır, İraqda yerləşir.

[2] Təqiyyə ‒ bəzi can və mala gələcək zərərlər üçün din, məzhəb və inancı büruzə verməmək (Mütərcim).

[3] Hülul ‒ Tənasüx inancına görə, ruhun bir bədəndən çıxdıqdan sonra başqa bədənə girməsi (Mütərcim).

[4] Varlıq aləminin ən uca mərtəbəsində Allah-taalanın varlığı olmaq üzərə canlı və cansız bütün varlıqların bir vücud olmasına «vəhdəti-vücud» deyilir. Belə bir inanca görə, varlıqlar, güclü və gücsüz baxımından fərqlidirlər. Vücudun onlara görə iki tərəfi vardır. Bir tərəfi Vacibül-vücud (varlığı lazımlı) olan Allah-taaladır; digər tərəfi isə, “həyula” və ya başqa bir təbirlə, ən zəif və gücsüz olan varlıqlardır.

İlahiyyatçılar bu mövzuda iki qismə ayrılmışlar. Bir qrup yaradıcı olan Allah-taalanın vücudunu aləmin vücudunun xaricində zənn edirlər. Digər bir qrup isə, Allahın vücudunu ‒ varlığını, aləmin vücudunun bir cüzi hissəsi olaraq qəbul edirlər. Bu fərqlə ki, Allahın varlığı daha güclü və daha şiddətli bir dərəcədədir. 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!