11-Cİ MÜNAZİRƏ - I hissə

:

TƏVƏSSÜL DUASI VƏ ZİYARƏT BARƏDƏ (25 rəcəb, bazar axşamı 1345-ci il)
Hafiz: «Öncəki söhbətimizdə şəfaət və vasitə barəsində söylədikləriniz, eşitdiyimizin tam əksinədir».

Dəvətçi: «Eşitdiklərinizi qoyun bir kənara. Gördüklərinizi söyləyin. Görəsən, şiənin böyük alimlərinin hansı mötəbər dua kitablarını gördünüz və ya oxudunuz?».
Hafiz: «Əlimiz çatan yerdə deyillər».
Dəvətçi: «Bu kimi kitabları oxumadan yersiz iddialar etməyiniz, doğru bir şey deyildir. Bu anda yanımda iki dənə dua və ziyarət kitabı vardır.
Biri «Zədul-Məad»dır ki, Əllamə Məclisi (r.a) onu yazmışdır, digəri isə, «Hədiyətuz-Zairin»dir ki, mühəddis Hacı Şeyx Abbas Qumi yazmışdır. Onları oxuya bilərsiniz.
Bu iki kitabı alıb oxuduqlarında, təvəssülə aid dualarda Əhli-beytin (ə) vasitə və vəsilə edildiyini gördülər. Sonra Seyid Əbdülhəyy Əllamə Məclisinin, Məhəmməd ibn Babeveyhdən, o da məsum imamlardan nəql etdiyi «Təvəssül duası»nı məclisdəkilər üçün oxundu.
TƏVƏSSÜL DUASI
Əllahummə inni əsəlukə və ətəvəccəhu iləykə bi nəbiyyikə nəbiyyir-rəhməti Muhammədin səlləllahu əleyhi və alihi, ya Əbəl-Qasim, ya Rəsulullah, ya imamər-rəhmət, ya seyyidəna və movlana, inna təvəccəhna vəstəşfə´na və təvəssəlna bikə iləllah, və qaddəmnakə bəynə yədəy hacatina, ya vəcihən indəllah işfə ləna indəllah.
Ya Əbəl-Həsən, ya Əmirəl-muminin, ya Əliyyəbnə Əbi Talib, ya huccətəllahi əla xəlqih, ya səyyidəna və movlana, inna təvəccəhna vəstəşfə´na və təvəssəlna bikə iləllahi və qəddəmnakə bəynə yədəy hacatina, ya vəcihən indəllah işfə´ləna indəllah…»
Bu dua əvvəlcə həzrət Rəsulullah (s), sonra həzrət Əli (ə) və həzrət Fatiməylə (ə) başlayıb, daha sonra Onların on bir məsum övladına xitab edərək, davam edir. Ancaq onlara xitab edilərkən, «Ey Allahın yaradılmışlar üçün olan höccəti» deyə bir-bir onların adlarını deyərək, təvəssül edirlər. Sonda onların hamısına təvəssül edilərək, «Sizin vəsilənizlə Allahdan şəfaət istəyirik və deyirik ki, sizlər Allahın yanında etibarı, məqamı olan insanlarsınız, Allahın yanında mənim heç etibarım, məqamım olmadığına görə şəfaət edin…» deyilir.
(Seyid Əbdülhəyy duanı oxuyarkən, məclisdəki möhtərəm ədəbiyyat əhli olanlar ardıcıl olaraq, «La ilahə illallah, sübhanəllah! Bu məsələni necə də bizə yanlış bildirmişlər» deyib, əllərini əllərinin üstünə vururdular. Bu arada mən müdaxilə edərək, belə dedim:)
İnsafla söyləyin, bu duanın harasında şirk vardır? Görəsən, duanın hər yerində Allah-taalanın mübarək adı yoxdurmu? Harada onları Allaha şirk qoşduq? Nə üçün bizə iftira edirsiniz? Nə üçün müvəhhid (təkallahlı) müsəlmanlara azğın və müşrik deyirsiniz? Nə üçün müsəlmanların arasında düşmənçilik toxumları səpirsiniz? Məsələni bir-birinə qarışdıraraq, həqiqətdən xəbəri olmayan insanların, din qardaşlarına qarşı kafir gözüylə baxmasına səbəb olursunuz?
Bir çox təəssübkeş və həqiqətdən xəbərsiz insan var ki, zavallı şiələrə «kafir» deyərək öldürür, özlərini cənnət əhli zənn edirlər. Bunun günahı siz alimlərin boynundadır!
Görəsən, indiyə qədər bir şiənin bir nəfər belə olsa, sünnini öldürdüyünü eştdinizmi? Bizim alimlərimiz heç vaxt belə zəhərli şeyləri xalqın arasına salmamışlar. Onlar şiə və sünnilərin arasına düşmənçilik toxumları əkməzlər. Bizim alimlərimiz insanı qətl etməyi böyük günahlardan sayırlar.
Sünni və şiə arasındakı ixtilafları, elm və məntiqlə xalqa anlatdığımız zaman, bunu da deyirik ki; sünnilər bizim müsəlman qardaşlarımızdır, onlara qarşı düşmənçilik etməyin, kin bəsləməyin. Əksinə, onlarla qardaşcasına bərabər olmalıyıq və «La ilahə illallah» bayrağını ucaltmalıyıq.
Lakin təəssübkeş sünni alimlərinə bir baxın, Əbu Hənifə, Malik ibn Ənəs, Məhəmməd ibn İdris və Əhməd ibn Hənbəlin üsul və füruda o qədər çox ixtilafları olmasına baxmayaraq, bu dörd məzhəb imamının arxasınca gedənlərə qardaş gözüylə baxır və onlar, hər yerdə sərbəst şəkildə öz inanclarına əməl edirlər. Amma Peyğəmbərin (s) Əhli-beytindən olan Əli ibn Əbu Talib və Cəfər ibn Məhəmmədin (ə) davamçılarını müşrik, kafir və azğın adlandırırlar. Beləcə, şiələrin mal və canlarını, sünnilərin yaşadığı bölgələrdə təhlükəyə salırlar. Necə də şiənin elm və təqva əhli olan bir çox insanları, sünni alimlərinin fitvasıyla şəhid etmişlər.
Amma şiə alimləri tərəfindən belə bir şey gerçəkləşmədiyi kimi, alim olmayanlar tərəfindən də təsadüf olünmamışdır. Şiələrin istər alimləri olsun, istərsə də adi camaatı, sünnilərə qarşı heç bir zaman bu şəkildə davranmamışlar. Sizin alimləriniz ümumilikdə şiələrə lənət deyirlər. Amma şiə alimlərinin kitablarının heç birində sünnilərə lənət dedikləri görülməmişdir».
Hafiz: «Haqsızlıq edirsiniz. Hansı şiə alimini sünni alimlərinin fitvasıyla öldürüblər? Nə üçün hislərinizə qapılırsınız? Hansı alimimiz şiələrə lənət oxuyur?».
Dəvətçi: «Alimlərinizin və alim olmayanlarınızın (avamın) etdiklərini söyləməyə dursam, bu bir məclisdə qurtarmaz. Bunun üçün aylarla oturub danışmağımız lazım gəlir. Mən iddiamı isbatlamağım üçün sadəcə tarixdə yazılmış olanlardan bəzilərinə, hisslərimə qapılmaq istəmədiyimi bilməyiniz və söylədiklərimin bir həqiqət olduğunu öyrənməyiniz üçün deyəcəyəm.
Əgər siz təəssübkeş böyük alimlərinizin kitablarına diqqətlə baxmalı olsanız, necə lənət oxuduqlarını görərsiniz. Məsələn, imam Fəxri Razi yazdığı təfsirdə, harada əlinə fürsət keçmişsə şiələrə lənət oxumuşdur. Məsələn, vilayət ayəsi, ikmal ayəsi və başqa ayələri təfsir edərkən, ardıcıl olaraq, «və əmma ər-rəfzatu lənəhumullah…» (Rafizilərə gəlincə, Allah onlara lənət etsin…), «Haulair-rəfzatu lənəhumullah…» (Bu rafizilər, Allah onlara lənət etsin…) deyə, lənət etmişdir. Amma heç bir şiə alimlərinin qələmi, əhli-sünnə qardaşların nə alimlərinə, nə də onların ümuminə qarşı əsla belə bir şey yazmamışdır.
Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!