27-Cİ MÜNAZİRƏ - I hissə

:

RƏSULULLAHIN ƏMRİNƏ ƏSASƏN ÜMMƏT ƏHLİ-BEYTƏ TABE OLMALIDIR. (1 şaban, cümə, 1345-ci il). İşa namazını qıldığım vaxt möhtərəm ağalar gəldilər. Namazdan və çay süfrəsindən sonra məclis açıq elan edildi.
Seyid Əbdülhəy: «Keçən axşam, sizin kimi şəxsə heç də yaraşmayan, bir qrup şeylər söylədiniz. Bu sözləriniz müsəlmanların birlik və bərabərliyinin pozulmasına, onların iki hissəyə bölünməsinə səbəb olur.

Sizin də bildiyiniz kimi, nifaq və ixtilaf müsəlmanların zəifləmələrinə bais olduğu kimi, ittifaq və birlik də müsəlmanların əzəmət və güclənməsinə səbəb olur».
Dəvətçi: «(Təəccüblənərək) hansı sözlərimin müsəlmanların parçalanmasına səbəb olduğunu bəyan etsəniz, çox yaxşı olardı. Əgər sözünüz doğrudursa və məndən bir qəflət hasil olmuşsa, bu halda mən də öyrənmiş olar, əks təqdirdə cavab verərək, müşkülü həll etməyə çalışaram».
Seyid Əbdülhəy: «Açıqlamalarınız əsnasında müsəlmanları «müslim» və «mömin» deyə iki yerə ayırdınız. Halbuki məlum olduğu kimi, müsəlmanların hamısı birdir və «La ilahə illəllah Muhəmmədun Rəsulullah» deyən hər kəs qardaşdır. Onları bir-birindən ayırmaq, əsla doğru deyildir. Müsəlmanları parçalamaq İslama zərər verir.
Sizin kimilərin sözləri nəticəsində şiələr özlərini mömin, bizləri isə müslim kimi tanıyırlar. Bu səbəbdən Hindistanda şiələri mömin, sünniləri isə müslim adlandırırlar. Halbuki bilindiyi kimi, iman və İslam birdir. Çünki İslam təslim olmaq və şəri hökmləri qəbul etməkdən ibarətdir. İmanın mənası və təsdiqin həqiqəti də budur.
Bu səbəbdən ümmətin çoxu İslamın iman ilə eyni olduğu və imanın İslamın açıq-aydın bir həqiqəti olduğu fikrində ittifaq etmişlər. Bunlar bir-birindən ayrılmaz. Daha doğrusu, iman və İslamı bir-birindən ayırmaqla, çoxluğun əksinə danışmış oldunuz».

İSLAM VƏ İMANIN FƏRQİ
Dəvətçi: «(Bir az səssiz durduqdan sonra təbəssüm edərək) Necə cavab verəcəyimi bilmirəm. Əvvəla, sözünüzdə işarə vurub qəsd etdiyiniz çoxluq, ümmətin çoxu mənasında deyildir. Çoxluqdan məqsəd, əhli-sünnət vəl-camaatın sadəcə bəzisidir.
İkincisi, iman və İslam haqqındakı bəyanınız kifayət deyildir. Çünki bu mövzuda fikir ayrılığı təkcə əhli-sünnə və şiə arasında deyil; Əşərilər, mötəzilər, hənəfilər və şafeilər də bu mövzuda fərqli nəzərlərə sahibdirlər. Təəssüflər olsun ki, vaxt dar olduğuna görə burada müxtəlif firqələrin bütün nəzərlərini rəvayət etmək imkanımız yoxdur.
Üçüncüsü, sizlər də alim və Quran əhlisiniz; müqəddəs Kitabın ayələrini bilirsiniz. Çox təəccüb edirəm: belə avam suallar verməkdə məqsədiniz nədir? Bəlkə də ağaların məqsədi məclisin vaxtını almaqdır! Axı burada istifadə edə biləcəyimiz daha çox əhəmiyyətli mövzular vardır. Uşaq kimi etiraz etməyinizi, doğrusu sizdən gözləmirdim. Mənim iman və İslamı iki yerə ayıraraq ikitirəlik yaratdığımı iddia etməniz sizə yaraşmaz! Halbuki, bu ayrıseçkiliyi bilavasitə Quran bəyan etmişdir. Məgər siz Quranda bəzi əshabın əhvalatını yaddan çıxartdınız. Məgər Allah-taala «Hücurat» surəsinin 14-cü ayəsində aşkar surətdə belə buyurmamışdır?: «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq «Biz İslamı qəbul etdik!» deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır.»
Bildiyiniz kimi, bu ayə Bəni-Əsəd ərəblərini qınamaq üçün nazil olmuşdur. Onlar qıtlıq ilində Mədinəyə gələrək iman və İslam izharında olmuş, iki şəhadət (La ilahə illəllah Muhəmmədun Rəsulullah) kəlməsini söyləmişdilər. Halbuki onlar Mədinənin nemətlərindən istifadə etmək üçün İslamı qəbul etmişdilər. Bu ayə onların yalanının üstünü açır.
Bu ayənin zahiri hökmünə əsasən müsəlmanlar iki yerə ayrılır: müsəlmanlardan bir qrup qəlbdən iman gətirib, həqiqətlərə inanmışdır. Bunlara «mömin» deyilir. Digər qrup isə qorxu, tamah və sair oxşar hədəflər üçün zahirdə iki şəhadət kəlməsini söyləmiş, müsəlman olduqlarını ifadə etmişlər. Amma bilindiyi kimi, onların qəlbində mənəvi iman və İslam həqiqətindən bir iz belə yoxdur. Onlarla get-gəl etməyə icazə də zahirə görə verilmişdir. Bilindiyi kimi, Quranın hökmünə əsasən axirətdə onlar üçün bir savab yoxdur. O halda, sadəcə şəhadət vermək və zahirdə İslamı qəbul etmək mənəvi nəticələr doğurmaz».
Seyid Əbdülhəy: «Bu bəyanınız doğrudur, imansız İslamın (təslimiyyətin) heç bir dəyəri, həmçinin İslamsız imanın da heç bir faydası yoxdur. Allah-taala Quranda belə buyurur: «Sizə müsəlman olduğunu söyləyənə «Sən mömin deyilsən!» deməyin!» (“Nisa” surəsi, ayə 94)
Bu ayə zahirə görə hökm verməyimizin zəruriliyini göstərən ən böyük dəlildir. Hər kim «La ilahə İlləllah, Muhəmmədun Rəsulullah», deyərsə, onu təmiz, müqəddəs və qardaşımız sayar; iman gətirdiyini rədd etmərik. Bu, İslam və imanın birliyini göstərən ən yaxşı dəlildir».
Dəvətçi: «Əvvəla, bu ayə bəlli bir şəxs haqqında nazil olmuşdur; (o, Üsamə ibn Zeyd və ya Mühəlləm ibn Cüsameyi-Leysidir ki,) döyüş meydanında «La ilahə illəllah» deyən bir döyüşçünün qorxudan şəhadət verdiyini düşünərək öldürmüşdü. Amma sizin də təsdiq etdiyiniz kimi, ayə ümumu ifadə edir. Buna görə də açıq-aşkar zidd bir əməl və zəruriyyəti inkar edən və dindən uzaqlaşma kimi bir vəziyyətə şahid olmayana qədər bütün müsəlmanları təmiz bilir və onlarla yaxın unsiyyətdə olarıq. Zahiri hökmlərdən kənara çıxmaz, batinləri ilə maraqlanmaz və özümüzü insanların daxilini araşdırmaqda vəzifəli bilmərik.

İMANIN MƏRTƏBƏLƏRİ
Həqiqətin kəşfi üçün bu mövzu barədə bir az izahat vermək istəyirəm. İman və İslam arasında fərq vardır: “ümum-xüsusi mütləq və ümum-xüsusi min vəch” (bir baxımdan ümumi və xüsusi əlaqə növü. Yəni hər müsəlman mömin deyil, amma bilindiyi kimi, hər mömin müsəlmandır).
İmanın bir çox mərtəbəsi vardır. Əhli-beytdən (ə) nəql edilən rəvayətlər ixtilafları ortadan qaldırır və gün kimi aydın həqiqəti kəşf edir.
Əmr Zübeyridən nəql olunur ki, həqiqətin sirlərini açıqlayan və haqq imam Sadiq (ə) belə buyurur: «İmanın bir çox hal, dərəcə, təbəqə və mərtəbələri vardır; onlardan bəzisi naqisliyi açıq-aydın görünən nöqsan, bəzisi üstünlüyü çox olan ağır bir məqam, bəzisi tamamlığı aydın dərəcədə olan tam və kamildir».
Naqis iman küfr dairəsindən çıxıb müsəlmanlara qoşulduqdan sonra can, mal, namus və qanını qorumağa çalışdığı qüvvə imanın ilk mərtəbəsidir. Amma məlum olduğu kimi, hədisdəki “racih” (üstünlüyü ağır edən) iman, imanın bir qisim sifətlərinə sahib olub, başqa bir qism sifətlərə sahib olmayanın imanından üstün olanın imanıdır. Bu sifətlərdən bəzisinə «Kafi» və «Nəhcül-bəlağə» kimi kitablarda nəql olunmuş hədislərdə işarə edilmişdir. Bu səbəbdən mömindərin ağası Əmirəl-möminin Əli (ə) və imam Cəfər ibn Məhəmməd Sadiqdən (ə) belə nəql edirlər: «Şübhəsiz, Allah-taala imanı 7 əsas üzrə qərar vermişdir: Yaxşılıq, doğruluq, yəqin, riza, vəfa, elm və helm. Daha sonra Allah-taala bu sifətləri insanlar arasında bölmüşdür. Elə isə bu 7 qisim iman (xüsusi) kimdə olarsa, o, kamil mömindir».
O halda, bu iman sifətlərindən bəzisinə sahib olanın imanı, bu sifətlərin heç birinə sahib olmayanın imanından üstün olur. Amma kamil iman, bütün təriflənmiş sifət və bəyənilmiş əxlaqa sahib olanın imanıdır. Bu halda İslam, imanın ilk dərəcəsi olan Allah-taalanın birliyinə və Mühəmmədin (s) nübüvvətinə iqrar etməkdən ibarətdir. Amma din və imanın həqiqəti belə bir insanın qəlbinə hələ girməmişdir. Bu səbəbdən Peyğəmbəri-əkrəm ümmətindən bəzisinə belə buyurmuşdur: «Ey dili ilə müsəlman olduğunu söyləyib, lakin qəlbinə iman ixlası daxil olmayan cəmiyyət!»
Şübhəsiz, iman və İslam arasında fərq vardır. Amma bilindiyi kimi, biz də insanların batinini bilməklə vəzifələndirilməmişik.
Keçən gecə müsəlmanların arasına ixtilaf və ikitirəlik toxumunun atılmasına səbəb olan bir söz söyləmədim. Sadəcə olaraq, möminin əlamətinin onun əməlləri olduğunu bildirdim.
Bilindiyi kimi, müsəlmanların əməllərini təftiş etmə kimi bir vəzifəmiz yoxdur. Lakin qafil olanları əməl etməyə sövq etmək və zahirdən batinə, surətdən mənaya yönəldərək, imanın açıq-aydın həqiqətinə çatmalarını təmin etmək üçün mütləq imanın əlamətlərini bildirmək məcburiyyətindəyik. Beləcə, axirətdə qurtuluşun, yalnız əməl ilə olduğunu bilmiş olarlar. Bu səbəbdən bir hədisdə belə buyurulur: «İman dil ilə iqrar, qəlb ilə etiqad və bədən üzvləri ilə əməl etməkdir».
O halda dil ilə iqrar və qəlb ilə etiqad əməlin ilk hazırlığıdır. Daha doqrusu, «La ilahə illəllah, Muhəmmədun Rəsulullah» deyən, lakin vacibləri tərk edən və haramlardan uzaq durmayan bir insanı mömin saya bilməz, zahirdə onu özümüzdən uzaqlaşdırmaz, onunla İslam çərçivəsində rəftar edərik.
Digər tərəfdən, bu dünyanın bir hazırlıq mərhələsi olduğunu, axirət aləmində belə insanın qurtuluşa çatmayaçağını da bilirik. Orada qurtuluş sadəcə xalis və saleh əməllərlə mümkündür. Bu səbəbdən «Əsr» surəsində belə buyurulur: «Əsrə and olsun ki, iman gətirənlər və saleh əməldə olanlar xaricində bütün insanlar ziyandadırlar».
O halda, Quran hökmünə əsasən imanın əsası saleh əməldir; əməli olmayanın dil və qəlblə inancı olsa da, imanı yoxdur.

ƏHLİ-SÜNNƏ QURANİ-KƏRİMİN ƏKSİNƏ OLARAQ ŞİƏ MÜSƏLMANLARI RƏDD EDİR
Burada bilavasitə sözlərinizə əsəslanaraq deyirəm: əgər zahirə hökm edərək «La ilahə illəllah, Muhəmmədun Rəsulullah» deyəni müsəlman, mömin və qardaşınız sayırsınızsa, o halda nə üçün Allah-taalanın birliyi və Xatəmül-ənbiyanın (s) nübüvvətinə iqrar edən, bir qiblə və bir Kitaba inanan, vacibləri müstəhəblərlə yerinə yetirən, namaz qılan, oruc tutan, həccə gedən, haramlardan çəkinən, xums və zəkat verən, cismani dirilişə inanan şiə müsəlmanları və Əhli-beyt (ə) tərəfdarlarını kafir, müşrik və rafizi sayaraq, özünüzdən uzaqlaşdırırsınız?! Xarici, nasibi və Əməvi təbliğatının təsirinin hələ də üzərinizdə olması, həqiqətən təəccübedicidir!
Əslində, müsəlmanları iki yerə bölən və nifaq çıxaran sizlərsiniz. Çünki 100 (indiki rəqəm yarım milyarda çatır) milyondan çox müsəlman, mömin və müvəhhidi rədd edir, onları kafir, müşrik və rafizi sayırsınız. Halbuki, onların müşrik və kafir olduğuna dair kiçik bir dəliliniz də yoxdur. Dedikləriniz iftiradır, mövzuları qarışdırmadır; sözləriniz puç və məntiqsizdir! Bilin ki, bu təhriklər müsəlmanları bölüb-parçalamaq və onlara hakim olmaq istəyən xarici qüvvələrinin oyunudur.
İmamət və vilayət istisna olmaqla, əhkam və qayda üsullarında heç bir ixtilafımız yoxdur. Əgər əhkamın təfərrüatındakı ixtilafları söyləməyə çalışsanız, bilin ki, bu cür ixtilaflar bizdən çox, bilavasitə sizin dörd məzhəbiniz arasında daha şiddətlidir. Bu anda hənəfi, maliki, şafei və ya hənbəlilərin ixtilaflarını saymağı məqsədə uyğun bilmirəm. İlahi ədalət məhkəməsində şiə müsəlmanların şirk və küfrlərinə dair deyə biləcəyiniz iftira və təəssübdən başqa bir dəlilinizin ola biləcəyini düşünmürəm.
Əhli-sünnə qardaşlarının gözündə şiə müsəlmanların əfv edilməyəcək tək günahı Peyğəmbəri-əkrəmin (s) hədislərini, hökm və əmrlərini sizin nəfsani istəklərinizə və məqsədlərinizə uyğun dəyişdirməməsidir; Fəqihlərinizin, hətta böyük xəlifələrinizin belə rədd etdiyi Əbu Hüreyrələr, Ənəslər və Səmurə kimilərini Rəsulullah arasında vasitəçi qəbul etməmələridir. Xarici, nasibi və Əməvilərin təhrikinə qapılaraq, onların şiələr haqqında atdıqları iftiraları, təəssüflər olsun ki, ciddi qəbul etmiş, inanmış və əhəmiyyətli saymısınız.

ŞİƏNİN HƏZRƏT ƏLİ VƏ ƏHLİ-BEYTİN DAVAMÇISI OLMASI VƏ DÖRD MƏZHƏB İMAMINA TƏQLİD ETMƏMƏSİNİN SƏBƏBLƏRİ
Şiələr bilavasitə Peyğəmbəri-əkrəmin (s) əmri ilə Əhli-beytə (ə) tabedirlər. Rəsulullahın bilavasitə ümmətinə açdığı qapını bağlamağı çaiz bilmir, könüllərinin istədiyi bir qapını da açmırlar. Əhli-sünnənin etdiyi ən böyük etiraz şiələrin nə üçün dörd məzhəb imamlarını deyil, Peyğəmbərin Əhli-beytindən olan on iki imama təqlid etmələridir.
Müsəlmanların gərək üsulid-dində (əqidədə) Əşəri və ya Mötəzili, füruid-dində (əməldə) isə Maliki, Hənəfi, Hənbəli və ya Şafei olmasının vacibliyi haqda Peyğəmbəri-əkrəmdən, əsla bir dəlil gətirə bilməzsiniz! Tam əksinə, bilavasitə ravilərinizin də Rəsulullahdan nəql etdiyi bir çox rəvayət (şiədə mütəvatirdir) Əhli-beyti Quranla bərabər bilməyi və ümmətə Əhli-beytin davamçısı olmağı əmr edir. “Səqəleyn”, “Səfinə”, “Hittə qapısı” və əvvəlki gecələr yeri gəldikcə sənədləriylə birlikdə təqdim etdiyim digər bir çox hədislər də dediklərimə sübutdur. Bunlar alimlərinizin mötəbər kitablarında yer alan və şiələr üçün ən böyük sağlam sənəd olan rəvayətlərdir.
Bu halda siz də öz kitablarınızdan üsulda Əbülhəsən Əşəri, Vasil ibn Əta və digərlərini, füruda isə dörd məzhəb imamlarınızdan birini – Malik ibn Ənəs, Əhməd ibn Hənbəl, Əbu Hənifə və ya Məhəmməd ibn İdris Şafeiyə təqib etməyin vacibliyini əmr edən bir dənə belə Peyğəmbər hədisi söyləyə bilərsinizmi?
Ağalar, bir az da olsa adət və təəssübünüzü kənara qoyun! Şiə müsəlmanların nə günahı  var? Əgər sizin kitablarınızda Əhli-beytə itaət etməyin vacibliyini söyləyən mötəbər rəvayətlərdən yüzdə biri belə dörd məzhəb imamlarınızdan biri haqqında rəvayət edilmiş olsaydı, biz də qəbul edərdik.
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!