27-Cİ MÜNAZİRƏ - II hissə

:

RƏSULULLAHIN ƏMRİNƏ ƏSASƏN ÜMMƏT ƏHLİ-BEYTƏ TABE OLMALIDIR
Amma nə edək ki, bütün mötəbər kitablarınız bizim inancımızı təsdiq edir. Əgər hamısını tək-tək zikr etsəm, aylarla vaxt aparar. Misal olaraq hafizəmdə olan bir rəvayəti danışım; bəlkə şiələrin getdiyi yoldan başqa çarələri olmadığını anlayasınız.

Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiül-məvəddə» kitabının 4-cü bölümündə Həmuyinin «Fəraid» kitabından İbn Abbasdan nəql edərək Peyğəmbəri-əkrəmin (s) həzrət Əliyə (ə) belə buyurduğunu rəvayət edir: «Ya Əli, mən elm şəhəriyəm, sən də onun qapısı. Şəhərimə gəlmək istəyən qapıdan girməlidir. Sənə nifrət etdiyi halda məni sevdiyini söyləyən yalan deyir; çünki sən məndənsən və mən də səndən; ətin mənim ətim, qanın mənin qanım, ruhun mənim ruhum, batinin mənim batinim, zahirin mənim zahirimdir. Sənə itaət edən səadətə çatar, üsyan edən alçalar. Səni sevən qazanar, sənə düşmənçilik edən zərər edər. Səninlə olan nicat tapar, səndən ayrılan həlak olar. Sənin və soyundakı imamların məndən sonrakı misalı, Nuhun gəmisi kimidir; ona minən nicat tapmış, qaçan isə boğulmuşdur. Sizin misalınız ulduzlar kimidir; Qiyamətə qədər bir ulduz gizləndikdə digər bir ulduz ortaya çıxar».
Şiə və əhli-sünnənin eyni tərəfdən yanaşdığı “Səqəleyn” hədisində də belə buyurulur: «Əgər Peyğəmbəri-əkrəmin (s) Əhli-beytinə (ə) sarılsanız, əsla azğınlığa düşməzsiniz».
Bu hədisi etibarlı raviləriniz fərqli yollarla rəvayət etmişlər. Bu səbəbdən əvvəlki gecələr bəzi ravilərinizə, sənəd silsiləsinə və mötəbər kitablarınıza işarə etməyə çalışdım.
İndi vaxt əl verdiyi qədər təkidlə həqiqətin isbatı üçün ərz edirəm: təəssübkeş İbn Həcər  Məkki «Səvaiq» kitabının 11-ci babının ilk bölümünün 92-ci səhifəsində «Və onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar» (“Saffat” surəsi, ayə 24. Şiə və sünni yolları ilə nəql edilən bir çox mötəbər rəvayətlərdə İbn Həcərin də sözügedən ayənin təfsirində yer aldığı bir çox hədisdə ümmətin Qiyamət günündə həzrət Əlinin (ə) vilayətindən hesaba çəkiləcəyi yer almışdır.) ayəsinin təfsirində bu mövzuda araşdırma aparmışdır. Şeyx Süleyman Bəlxi Hənəfi də «Yənabiül-məvəddə» kitabının 59-cu babının (İstanbul çapı) 296-cı səhifəsində «Səvaiq»dən nəql edərək bu hədisin müxtəlif yollarla rəvayət edildiyini etiraf edir. Bu səbəbdən İbn Həcər belə deyir: «Səqəleyn hədisi bir çox yolla və Rəsulullahın 20-dən çox əshabından rəvayət edilmişdir».
Bəzisi Ərəfədə, bəzisi Peyğəmbəri-əkrəmin (s) ölüm döşəyində yatdığı və otağının əshabı ilə dolub-daşdığı anda və bəzisi də “Vida xütbəsi”ndə buyurduğunu söyləyir.
İbn Həcər daha sonra öz inancını belə açıqlayır: «Rəsulullah bu hədisi Qurani-kərim və Əhli-beytin dəyərini göstərmək üçün fərqli yerlərdə söyləmiş ola bilər. Bunlarda heç bir ziddiyyət və ixtilaf yoxdur».
Eyni səhifənin əvvəlində belə deyir: «Səhih bir rəvayətdə belə deyilir: «Aranızda iki əmanət qoyub-gedirəm. Onlara tabe olduğunuz müddətdə, əsla azmazsınız. Bunlar Allah-taalanın Kitabı və itrətim olan Əhli-beytimdir».
İbn Həcər «Səvaiq»in 92-ci səhifəsinin sonunda bu hədisi Təbərani və digərlərindən rəvayət etdikdən sonra, hədsiz təəssübünə baxmayaraq, belə deyir: «Qurani-kərim və Əhli-beytin «Səqəleyn» adlandırılmasının səbəbi, onların hər baxımdan ağır və izzəti-şərəfli olmalarıdır. Çünki «səql»dən məqsəd təmiz, bəyənilmiş, dəyərli və çox faydalı olan şeydir; onlar hər cür  pislikdən pakdırlar. Hər ikisi də din elminin mədəni, elmi hikmət, sirlər və şəri hökm və qanunlardır».
Məhz buna görə də Peyğəmbəri-əkrəm onlara (Quran və Əhli-beytə) sarılmağı və onlardan öyrənməyi əmr etmişdir. Rəsulullah bir yerdə belə buyurur: «Həmd olsun o Allaha ki, hikməti biz Əhli-beytdə qərar vermişdir».
Bəzilərinə görə də Quranla Əhli-beytin «Səqəleyn» adlandırılmasının səbəbi, onların haqlarına riayət etməyin vacibliyidir. Peyğəmbəri-əkrəmin Əhli-beyti bu qədər tövsiyə etməsinin səbəbi də onların Quran və sünnə xüsusunda elmli olmalarıdır.
Qurani-kərim və Əhli-beyt hovuzun başında Peyğəmbəri-əkrəmə yetişənə qədər, əsla bir-birindən ayrılmayacaqlar. Bu bəyanın dəlili də daha əvvəl zikr olunan «Onlara öyrətməyə cəhd göstərməyin; çünki onlar sizdən daha elmlidirlər» hədisidir. Onları bu sifətlərlə öz digər  alimlərinizdən ayırın. Çünki Allah-taala onları pak yaratmış, üstün kəramət və fəzilətlərlə ümmətə tanıtmışdır.
Əhli-beytə sarılma əmrini göstərən rəvayətdə incə bir nöqtə vardır: dünya Qiyamət gününə qədər Allah-taala tərəfindən ilahi hökmləri yaymaqla vəzifələndirilən Əhli-beytdən əsla məhrum olmayacaqdır.
Çox qəribədir! Əhli-beytdən elmi uca mərtəbələrə və əməli dini vəzifələrə sahib olanların Əhli-beytdən olmayanlardan üstün olduğunu bilavasitə özü də etiraf edir. Buna baxmayaraq o, Rəsulullahın (s) bu əmrinin tam əksinə, birincilik haqqı olmayanları önə keçirmiş və Əhli-beyti (ə) tərk etmişdir. Ey bəsirət sahibləri, ibrət alın! Fitnə və təəssübdən Allah-taalaya sığınırıq!
İndi sizdən insafla cavab verməyinizi istəyirəm: Qurani-kərim və Əhli-beytə itaəti ümmətin qurtuluş və səadəti üçün yeganə yol bilən bu açıq əmrlər qarşısında vəzifəmiz nədir? Ağalar, yol olduqca təhlükəli və incədir, keçmişlərin adətini buraxın; elm, əxlaq və insafa sarılın. Məgər biz Quranı dəyişdirib zaman və məkanın tələbi ilə başqa bir kitabı seçə bilərikmi?».
Seyid Əbdülhəy: «Əsla belə bir şey ola bilməz; çünki Peyğəmbərin (s) əmanəti səmavi, möhkəm bir sənəd və böyük yol göstərəndir».
Dəvətçi: «Afərin, bax, həqiqət budur; necə ki, Quranı dəyişdirə bilmərik, Qurani-kərimin ayrılmaz bir hissəsi olan Əhli-beyti (ə) də tərk edə bilmərik. Bu halda Əhli-beytdən olmayanı ondan necə önə keçirdirlər? Mənim bu sadə sualıma cavab verin. Məgər Əbu Bəkr, Ömər və Osman, haqqında bir çox ayə və (Səqəleyn, Səfinə, Babi-hittə və s.) hədis olan Əhli-beytdəndirmi ki, biz də Rəsulullahın (s) hökmünə görə onlara itaət etmək məcburiyyətində qalaq?!»
Seyid Əbdülhəy: «Əsla, heç kim Əlidən (kərrəməllahu vəchəhu) başqa digər raşidi xəlifələrin Əhli-beytdən olduğunu söyləməmişdir; amma onlar Rəsulullahın (s) saleh səhabələrindəndir».
Dəvətçi: «Zəhmət olmasa, söyləyin; Peyğəmbəri-əkrəm (s) bir fərd və ya cəmiyyətə itaəti əmr etdikdə bəzisinə «Başqalarına itaətimiz bizim səlahımızadır» deməsi doğrudurmu? Digər  insanlar hər nə qədər mömin və saleh olsalar belə, Rəsulullahın əmrinə itaət etmək vacibdir, yoxsa ümmətin salehlərinə?!».

KOR-KORANƏ TƏQLİD İNSANA YARAŞMAZ
Rəsulullah (s) Qurani-kərimə və Əhli-beytə (ə) birlikdə bağlanmağı və onların önünə heç kimi keçirməməyi əmr etmişdir. Bu halda nə üçün başqalarını ən elmli və ən fəzilətli olan Əhli-beytdən önə keçirmişlər? Əbülhəsən Əli ibn İsmail Əşəri, Vasil ibn Əta, Malik ibn Ənəs, Əbu Hənifə, Məhəmməd ibn İdris Şafei və Əhməd ibn Hənbəl Peyğəmbəri-əkrəmin Əhli-beytidir, yoxsa həzrət Əli (ə) və onun nəslindən olan imam Cəfər Sadiq (ə) kimi digər on bir imam? İnsafla cavab verin».
Seyid Əbdülhəy: «Şübhəsiz, heç kim onların Peyğəmbəri-əkrəmin Əhli-beytindən olduğunu söyləməmişdir. Amma məlum olduğu kimi, onlar da ümmətin seçilənləri, fəqihləri və salehləri idilər».
Dəvətçi: «Lakin hamıya aydındır ki, 12 imam Rəsulullahın (s) Əhli-beytidir (ə). Sizin alimlərinizin də etiraf etdiyi kimi Peyğəmbər, Əhli-beyti Qurani-kərimin bərabəri yəni canlı Quran qəbul etmiş, itaətlərini qurtuluşa səbəb bilmiş və açıq-aydın onların hər kəsdən daha elmli olduğunu buyuraraq, onlardan önə keçilməməsini əmr etmişdir.
Bu qədər əhəmiyyətlə vurğulanan açıq-aydın əmrlərə baxmayaraq nə cavab verəcəksiniz? Peyğəmbəri-əkrəm: «Nə üçün əmrimə tabe olmadınız?! Niyə hamınızdan daha elmli olan Əhli-beytimdən başqalarını üstün bildiniz etdiniz?! Halbuki, mən onlardan önə keçilməməsini istəmişdim» – deyə soruşarsa, nə cavab verəcəksiniz?
Bilin ki, şiələr öz məzhəblərini Rəsulullahın əmrinə əsasən, risalət elminin qapısı olan Xatəmül-ənbiyadan və onun pak Əhli-beytindən almışlar. Həzrət Əli, Həsən və Hüseyn (ə) bir-birinin ardınca bu məzhəbə rəhbərlik etmişlər.
Amma üsulda Əşəri və ya Mötəzilə, Füruda isə Maliki, Hənbəli, Hənəfi və Şafei olanlar onlara tabelik mövzusunda Rəsulullahdan bir dənə belə olsun əmr almışlarmı? Onlar, hər şeydən əvvəl Əhli-beytdən deyillər və onlara tabe olma barədə heç bir əmr yoxdur.
İkincisi, Peyğəmbəri-əkrəmdən sonra səhabə və tabein dövrü olan III əsrə qədər də əsla adları hallanmamış, sonralar siyasi hadisələrin cərəyan etməsi ilə və ya bilmədiyim başqa səbəblərdən meydana çıxmışlar. Lakin məlum olduğu kimi, Rəsulullahın Əhli-beytindən olan imamlar, xüsusilə imam Əli, imam Həsən və imam Hüseyn (ə) Peyğəmbərin dövründə yaşamışlar. Onların digər fəziləti isə Əshabi-kisadan olmalarıdır. Bundan əlavə, yaddan çıxarmayın ki, onlar haqqında “Təthir” ayəsi nazil olmuşdur.
Məgər Xatəmül-ənbiyanın əmriylə onun pak Əhli-beytindən həzrət Əli, Həsən və Hüseyn (ə) kimi məsum imamlara tabe olan şiə müsəlmanları müşrik, kafir adlandırmaq, qanlarını halal elan etmək doğrudurmu?
Onlar lazımsız işlər etdilər; Peyğəmbəri-əkrəmin Əhli-beytindən olmayanları üstün tutdular.
Qurani-məcidin bərabəri olan Əhli-beyt xüsusunda sizinlə bir çəkişməmiz yoxdur. Əhli-sünnə məzhəbinə tabe olanları kafir, müşrik adlandırmır, onları dini qardaşlarımız bilirik. Amma siz zavallı xalqın başını puç, mənasız ittihamlarla doldurub, Peyğmbəri-əkrəmin əmri ilə Əhli-beytə tabe olan şiələri kafir, müşrik, rafizi və bidət əhli elan edirsiniz. Bu əməlinizə görə ilahi ədalət məhkəməsində nə cavab verəcəksiniz?

İNSAN ELM VƏ AĞILA TABE OLMALIDIR
«Niyə Hənəfi, Maliki, Hənbəli və ya Şafei deyil, Əhli-beyt imamlarından olan Cəfər ibn Məhəmməd Sadiqin məzhəbinə tabe olursunuz?» – deyərək bizi günahlandırırsınız. Lakin biz şiələrin heç kəsə qarşı kin və düşmənçiliyi yoxdur. Ağıl və elm bizə kor-koranə addım atmamağı əmr edir. Səmavi haqq kitab olan Qurani-məcid də bizə belə yol göstərir: «Sözü dinləyib, ən yaxşısına tabe olan bəndələri müjdələ». (“Zümər” surəsi, ayə 19)
Biz də dəlil və sübut olmadan heç kimə tabe olmuruq. Bizim yol göstərənimiz Allah-taala və onun Rəsuludur (s). Allah-taala və Xatəmül-ənbiya bizə hansı yolu göstərirsə, o yolla da gedirik.
Quran ayələri və mötəbər kitablarınızda yer alan bir çox nəbəvi hədislərdə (şiədə mütəvatirdir) saysız-hesabsız dəlil və bürhan bizə düz yolun Peyğəmbəri-əkrəmin Əhli-beytinə tabelikdə olduğunu göstərir.
Əgər Qurandan bir ayə, öz hədislərinizdən də olsa, üsulda Əşəri və ya Mötəzili, füruda isə dörd məzhəbdən birinə (Əbu Hənifə, Malik, Əhməd, Hənbəl və Şafeiyə) tabe olmağı əmr edən bircə hədis göstərə bilsəniz, mən elə o an təslim olub, sizdən olduğumu elan edərəm. Lakin belə bir dəliliniz yoxdur! Sadəcə onların islami fəqihlərdən olduğunu və hicri 666-ci ildə Məlik Tahir Bibrəsin insanları bu dörd məzhəbdən birinə təqlid etməyə məcbur etdiyini söyləyə bilərsiniz. Hal-hazırda bu hadisəni şərhi ilə izah etməyə vaxtımız yoxdur.
Xüsusi izn və nəss olmadan, sadəcə bu dörd imamın təqlil edilməsinin vacibliyini deməklə, bütün İslam alim və fəqihlərinə açıq-aşkar zülm edir və onların elmi haqqlarını zay edirsiniz.
Bilavasitə öz alimlərinizin mötəbər kitablarında yer alan o qədər aydın dəlil və nəslərə baxmayaraq, həzrət Əliyə (ə) tabe olmağı qəbul etməməyiniz, çox qəribədir. Halbuki, Allah-taala və Peyğəmbəri-əkrəm (s) bir çox ayə və hədislərdə müsəlmanlara həzrət Əlini tanıtmışdır. Lakin heç bir dəlil və nəssinizin olmamasına baxmayaraq, sadəcə 4 imamı təqlid edir, onlara tabe olur və ictihad qapısını da bağlayırsınız».
Seyid Əbdülhəy: «Siz 12 imama tabe olmağı məcburi bildiyiniz dəlillər əsasında, biz də 4 imama tabe olmağı məcburi bilmişik!».
Dəvətçi: «Afərin! Afərin! Nə qədər gözəl bəyan etdiniz. Mən bürhan və dəlilə tabe oluram. Əgər dəliliniz varsa söyləyin. Bu səbəbdən Quranda belə buyurulur. «De ki: «Doğru söyləyirsinizsə, dəlilinizi gətirin!». (“Bəqərə” surəsi, ayə 111)
Əvvəla; imamların (ə), əhli-sünnədən fərqli olaraq, şiələr və ya onların sonrakı əsrlərdə yaşayan alimləri öz iradələrinə əsasən 12 nəfərdən ibarət olduğunu icad etməmişlər! Əksinə, hər iki məzhəbdən nəql olunan rəvayətlər və bir çox nəslər imamların (ə) 12 nəfərdən ibarət olduğunu, bilavasitə Peyğəmbəri-əkrəm (s) tərəfindən söyləndiyini təsdiq edir.
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!