29-CU MÜNAZİRƏ - II hissə

:

«MÖVLA» KƏLMƏSİNİN ARAŞDIRILMASI
Hafiz: «Bu hədisin əsli haqqında heç bir şəkk-şübhə yoxdur. Amma izah etdiyiniz kimi də deyildir. Bilmək lazımdır ki, hədisin mətnindəki bir qrup ibarələr də məqsədinizə ziddir. Hədisdəki «mövla» sözünün «təsərrüfdə övləviyyət (hər kəsdən səlahiyyətli olmaq)» mənasında olduğunu söyləməyə çalışdınız.

Halbuki, bu hədisdəki «mövla» sözü mühib, dost və yardımçı mənasındadır. Çünki Peyğəmbəri-əkrəm (s) Əlinin (kərrəməllahu vəchəhu) düşmənlərinin çox olduğunu bildiyindən ümmətinə «Mən kimin mühib, dost və yardımçısıyamsa, Əli də onun mühib, dost və yardımçısıdır» söyləmək məcburiyyətində qaldı. Xalqda beyət almasının səbəbi də özündən sonra Əliyə əziyyət etməmələrini təmin etmək üçün idi».
Dəvətçi: «Zənn edirəm, bəzən məcburən keçmişlərinizə və adətlərinizə tabe olursunuz; əks təqdirdə, bir az diqqət və insafla baxıb qərinə və dəlilləri də gözünüz önündə canlandırsanız, həqiqətləri görə bilərsiniz».
Hafiz: «Hansı qərinə və dəlillə sabit etmək istəyirsiniz. Zəhmət olmasa, bəyan edin».

«MÖVLA»NIN «TƏSƏRRÜFDƏ ÖVLƏVİYYƏT» OLDUĞUNUN SÜBUTU VƏ «EY RƏSUL! RƏBBİNDƏN SƏNƏ NAZİL OLANI TƏBLİĞ ET» AYƏSİNİN NAZİL OLMASI
Dəvətçi: «Birinci sübutum Qurandır. Allah-taala «Maidə» surəsinin 67-ci ayəsində belə buyurur: «Ya Peyğəmbər! Öz Rəbbin tərəfindən sənə nazil olunmuşu tamamilə [camaata] çatdır. Çatdırmasan Allahın risalətini (sənə verilmiş peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah, səni insanların [şərrindən] qoruyacaq. Allah kafir qövmləri [doğru yola] yönəltməz!»
Hafiz: «Bu ayənin o gün və bu iş üçün nazil olduğu haradan məlumdur?»
Dəvətçi: «Sizin böyük alimlərinizdən. Məsələn: Cəlaləddin Süyuti: «Dürrül-mənsur», c. 2, səh. 298; 2. Hafiz ibn Əbu Hatəm Razi, «Təfsiri-Qədir»; 3. Hafiz Əbu Cəfər Təbəri, «Kitabul-vilayət»; 4. Hafiz Əbu Abdullah Muhamili: «Əmali»; 5. Qazi Şəvkani, «Fəthul-Qədir», c. 3, səh. 57; 6. Bədruddin Hənəfi, «Umdətul-qari fi şərhi səhihi-Buxari, c. 8, səh. 584»; 7. Hədis əshabının imamı Əhməd Sələbi: «Təfsirul-kəşfil bəyan»; 8. İmam Fəxri Razi, «Təfsiri-kəbir», c. 3, səh. 636, Hafiz Əbu Nəim İsfahani, «Ma nəzələ min əl-Qurani fi Əliyyin»; 9. Seyid Şəhabəddin Alusi Bağdadi, «Ruhul-məani», c. 2, səh. 348; 10. Əli ibn Əhməd Vahidi, «Əsbabun-nüzul», səh. 150 və s...
Xülasə, görmüşəm ki, alimlərinizdən 30-dan çoxu öz mötəbər kitab və təfsirlərində bu ayənin Qədir günü həzrət Əli (ə) haqqında nazil olduğunu yazmışlar.
Hətta Qazi Fəzl ibn Ruzbəhan bütün inad və təəssübünə baxmayaraq, belə yazmışdır: «Bizim mötəbər «Səhih» kitablarında da sabitdir ki, bu ayə nazil olduqda Peyğəmbəri-əkrəm (s) həzrət Əlinin əlindən tutaraq belə buyurdu: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».
Maraqlı bir xüsus da budur ki, bu inadkar alim «Kəşfül-ğummə» kitabında Rüzəyn ibn Abdullahdan bu maraqlı rəvayəti nəql edir: «Biz Rəsulullahın (s) zamanında bu ayəni belə oxuyurduq: «Ey Rəsul, Rəbbindən sənə endiriləni təbliğ et; ki, şübhəsiz, Əli möminlərin mövlasıdır. Belə etməsən, risalətini təbliğ etməmiş olursan».
Xülasə, ayədə Peyğəmbəri-əkrəmə edilən təhdiddən aydın olduğu kimi, təbliğ edilməsi olan iş zəruri və risalətin davamı üçün çox əhəmiyyətlidir. Daha doğrusu, bu iş Rəsulullahdan sonra dinin və hökmlərinin qoruyucusu olan imamət, vəsilik və təsərrüfdə övla (hər kəsdən səlahiyyətli) olmaqdır.

«BU GÜN SİZİN ÜÇÜN DİNİNİZİ KAMİL ETDİM» AYƏSİNİN QƏDİR-XUMDA NAZİL OLMASI
İkinci dəlil isə bu ayədir: «Bu gün sizin üçün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım. Din olaraq sizin üçün İslamı bəyənib seçdim». (“Maidə” surəsi, ayə 3)
Hafiz: «Qətidir ki, bu ayə Ərəfədə nazil olmuşdur! Alimlərdən heç biri bu ayənin Qədir-Xumda nazil olduğunu söyləməmişlər!»
Dəvətçi: «Rica edirəm, inkar edərkən tələsməyin, isbat imkanını da nəzərə alaraq ehtiyatlı düşünün ki, cavab anında ruhi baxımdan narahat olmayasınız!
Əlbəttə, doğrudur; bəzi alimləriniz bu ayənin Ərəfədə nazil olduğunu bəyan etmişdir. Amma bilindiyi kimi, böyük alimlərinizin bir çoxu bu ayənin Qədir-Xumda nazil olduğunu açıq şəkildə bəyan etmişlər. Hətta bəzi alimləriniz bu ayənin iki dəfə nazil olduğu ehtimalını da vermişlər. Yəni bir dəfə Ərəfədə, bir dəfə də Qədir-Xumda. Bu səbəbdən Sibt ibn Cuzi «Təzkirətul-xəvassil-ümmə» kitabının 18-ci səhifəsində belə deyir: «Ehtimal var ki, bu ayə bir dəfə Ərəfədə, bir dəfə də Qədir-Xumda olmaqla iki dəfə nazil olmuşdur. Bu səbəbdən «Bismillahir-rəhmanir-rəhim» də bir dəfə Məkkədə, bir dəfə də Mədinədə nazil olmuşdur».
Cəlaləddin Süyuti «Durrul-mənsur»un 2-ci cildinin 256-cı səhifəsində və «İtqan»ın 1-ci cildinin 31-ci səhifəsində, müfəssirlərin imamı Sələbi «Kəşfül-bəyan»da, Hafiz Əbu Nəim İsfahani «Ma nəzələ min əl-Qurani fi Əliyyin»də, Əbülfəth Nəzəzi «Xəsaisul-Ələviyyə»də, hicri III əsrin böyük tarixçi və müfəssiri Məhəmməd ibn Cərir Təbəri «Təfsirul-kitabil-vilayət»də, Xətib Bağdadi «Tarixi-Bağdad»ın 8-ci cildinin 290-cı səhifəsində, Şafei alimi İbn Məğazili «Mənaqib»də və digər alimləriniz öz mötəbər kitablarında belə yazmışlar: «Qədir-Xumda Rəsulullah (s) Allah-taalanın əmri ilə həzrət Əlini vilayət məqamına təyin edib məmur olduğu sözləri xalqa söylədikdə, qoltuğunun altı görünəcək şəkildə Əlinin əlindən tutub yuxarı qaldırdı və ümmətinə belə buyurdu: «Əlini əmirəl-möminin (ümmətin əmiri) olaraq salamlayın». Ardınca ümmətin hamısı bu əmri yerinə yetirdi və hələ yerindən ayrılmamış zikr etdiyim ayə nazil oldu.
Peyğəmbəri-əkrəm (s) bu ayənin nazil olmasına çox sevindi və ümmətinə buyurdu: «Dini kamala çatdıran, nemətini tamamlayan, mənim risalətimə və məndən sonra Əlinin vilayətinə razı olan Allah-taala necə də böyükdür!»
İmam Həsəkani və imam Əhməd Hənbəl bu hadisəni ətraflı şəkildə rəvayət etmişdir. Əgər bir saat adətinizdən uzaqlaşıb insaf gözüylə baxsanız, nazil olan ayə və nəql edilən rəvayətlərdən «mövla» sözündən məqsədin imamət və vilayət məqamı olduğunu asanlıqla anlaya bilərsiniz.
Əgər «vəli» və «mövla» kəlmələri «hər cür təsərrüfdə övləviyyət» mənasını ifadə etməsəydi, sonrakı cümlə anlamsız olardı. Bu cümlə (Mən kimin mövlasıyamsa...) nə zaman Peyğəmbəri-əkrəm (s) tərəfindən ifadə edilmişsə, «mövla» kəlməsi mütləq «təsərrüfdə övləviyyət» mənasını ifadə etmişdir. Rəsulullah (s): «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır» buyurmaqla nail olduğu vilayət məqamını özündən sonra ona məxsus etmişdir.
Üçüncüsü, bir az insafla baxsanız, həqiqətləri görərsiniz. Peyğəmbəri-əkrəm nə üçün isti, bu otsuz və susuz yerdə ümmətini topladı, öndə gedənlərin geriyə dönməsini, geridə qalanların da irəli kəlməsini əmr etdi? Qızmar günəşin altında minbərə çıxdı və Xarəzmi və İbn Mərdəveyhin «Mənaqib»ində, Təbərinin isə «Kitabul-vilayət» kitabında rəvayət etdiyi həzrət Əlinin (ə) fəzilət və məqamını bəyan edən uzun xütbəni oxudu. O isti və quraqlıq çöldə tam üç gün xalqın vaxtını alaraq hər kəsdən imam Əli üçün beyət aldı. Bütün bunlar sadəcə xalqın həzrət Əlini sevməsini təmin etmək və ya onlara Əlinin onların dost və yardımçısı olduğunu bildirmək üçün idimi?!
Halbuki, Peyğəmbəri-əkrəmin həzrət Əliyə olan böyük sevgi və məhəbbətini bilməyən yox idi. Çünki Rəsulullah dəfələrlə bunu tövsiyyə etmişdi. Belə isti bir yerdə üç gün gözlətmək yalnız Əlini sevdirməyə yönəlmişdi? Sizçə mənası nə ola bilər? Nazil olan ayə və deyilən xütbə, vurğulanan kəlmələr nəyi bildirir?
Hətta əgər yaxşı-yaxşı diqqət etsəniz, anlayarsınız ki, bu hadisənin çox əhəmiyyətli bir yönü olmazsa, ağıl sahibləri yanında bu əməl əbəs bir iş sayılar. Peyğəmbəri-akrəmin əbəs bir işlə məşğul olması isə qeyri-mümkündür!
Bu halda, ağıl sahiblərinin də qəbul etdiyi kimi, bu təntənəli mərasim yalnız dostluq və məhəbbəti izhar etmək üçün deyildi; əksinə, risalət məqamının ardınca gələn vilayət məqamının təyini və sübutu idi.

«MÖVLA»NIN MƏNASI HAQQINDA SİBT İBN CUZİNİN NƏZƏRİ
Bu səbəbdən bəzi böyük və dəyərli alimləriniz də diqqət və insaf üzrə bu mənanı təsdiq etmişlər. Məsələn: Sibt ibn Cuzi «Təzkirətul-xəvassil-ümmə» kitabının 2-ci babının 20-ci səhifəsində «mövla» kəlməsi üçün 10 məna zikr etmiş, sonda da belə demişdir: «Bu 10 mənadan 9-u Rəsulullahın (s) sözünə uyğun gəlmir. Hədisdən məqsəd, xüsusi olaraq itaətdir; o halda onuncu məna qəsd edilmişdir. Bu da, «təsərrüfdə övləviyyət» mənasıdır; buna uyğun olaraq hədisin mənası belə olur: Mən kimin nəfsinə özündən daha övlayamsa (daha səlahiyyətliyəmsə), Əli də onun nəfsinə ondan daha övladır.
Bu mənanı Hafiz Əbülfərəc Yəhya ibn Səid Səqəfi İsfahani də «Mərəcul-bəhreyn» kitabında açıq-aydın tərzdə ifadə etmişdir. Orada öz sənədi ilə hədis şeyxlərindən belə bir hədis rəvayət edir: «Peyğəmbər (s) Əlinin əlini tutaraq belə buyurdu: «Mən kimin vəlisi və nəfsinə özündən daha övlayamsa, Əli də onun vəlisidir».
Burada Sibt ibn Cuzi belə deyir: «Peyğəmbərin (s) «Mən möminlərə özlərindən daha övla deyiləmmi?» sözü də buna dəlalət edir. Bu da həzrət Əlinin imamət və itaətinin vacibliyini göstərən aydın bir dəlildir».

«MÖVLA»NIN MƏNASI HAQQINDA İBN TƏLHƏ ŞAFEİNİN NƏZƏRİ
Məhəmməd ibn Təlhə Şafei də «Mətalibüs-süul» kitabının 1-ci babının 5-ci fəslinin ortalarında belə deyir: «Mövla» kəlməsinin bir çox mənası vardır; təsərrüfdə övləviyyət, yardımçı, varis, siddiq və ağa. Bu hədis də “Mübahilə” ayəsinin sirlərindəndir. Allah-taala həzrət Əlini (ə) Peyğəmbari-əkrəmin (s) nəfsi olaraq qərar vermiş və onların nəfsini bir saymışdır. Yəni Rəsulullah bu hədislə möminlərin nəfsi üzərində olan haqlarını həzrət Əli üçün də sabit etmişdir.
Xatəmül-ənbiya möminlərin işində, idarəçiliyində ən övla (səlahiyyətli) olandır, möminlərin yardımçısı və ağasıdır. Rəsulullah üçün mövla kəlməsinin ifadə etdiyi hər məna, bu hədislə həzrət Əli üçün də sabit olmuşdur. Bu uca məqamı və ali dərəcəni Peyğəmbər həzrət Əliyə məxsus etmişdir. Bu səbəbdən Qədir günu o həzrətin (ə) dostları üçün bayram və sevinc günü olmuşdur».
Hafiz: «Özünüzün də bildirdiyi kimi, «mövla» kəlməsinin bir çox mənası vardır. Elə isə «təsərrüfdə övləviyyət» mənasını bu qədər mənalar arasından dəlil olmadan seçmək batildir!»
Dəvətçi: «Əlbəttə, “üsul elmi”nin alimləri fərqli mənaları olan kəlmələr haqqında sadəcə bir mənasının həqiqi, digər mənalarının isə məcazi olduğunu söyləmişlər. Daha doğrusu, hər yerdə həqiqi məna, məcazi mənadan qabaqdır.
Bu əsas üzrə «mövla» və «vəli» kəlməsinin əsl mənası «təsərrüfdə övləviyyət»dir. Bu səbəbdən «vəliyyun-nikah»ın mənası, nikah işi üstələnən kimsədir. Qadının vəlisi həyat yoldaşıdır, uşağın vəlisi isə atası. Sultanın vəliəhdi də özündən sonra səltənət işində idarəçilikdə olan kimsədir. Bütün mənalar da bu baxışdandır.
Ayrıca, bilmək lazımdır ki, əsl müşkül sizin sözlərinizdədir ki, «vəli» və «mövla» kəlmələrini, o qədər məna arasından yalnız «dost» və «yardımçı» mənalarına yozursunuz. Səbəbsiz xüsusiləşdirmək isə batildir! Bu məsələ bizdən çox sizin üçündür. Çünki bizim məxsus etməyimizin bir dəlili vardır. Bilavasitə alimlərinizdən Sibt ibn Cuzi və Məhəmməd ibn Təlhə Şafei kimilərin dediyi kimi, bir çox ayə və rəvayətlər də bu mənanı təyid edir.
Ən böyük dəlil, bu mənanı məxsus edən daxili və xarici səbəblərdir ki, onlardan bəzisinə toxunduq. Şiə və sünninin rəvayət yolu ilə nəql edilən bir çox rəvayətlərdə “Təbliğ” ayəsi belə nəql edilmişdir: «Ey Rəsul! Əlinin vilayəti və imaməti haqqında sənə endiriləni təbliğ et...»
Böyük alimlərinizdən olan Cəlaləddin Süyuti də «Durrul-mənsur» kitabında bu hədisləri bir yerə toplamışdır.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!