30-CU MÜNAZİRƏ - I hissə

:

HƏZRƏT FATİMƏNİN (əs) HAQQI QƏSB EDİLDİ (1 şaban, cümə, 1345-ci il).
Dəvətçi: Qiyamətdə alimlərinizlə hesablaşacağımız çox şeylər vardır. Dünya keçicidir; özünüzü ilahi məhkəmədə əks-səda verəcək məzlumanə fəryadlarımıza cavab verməyə hazırlayın!»

Hafiz: «Sizə, Qiyamət günü şikayət edə biləcəyiniz nə zülm edildi ki?»
Dəvətçi: «Bir çox zülmlər edildi, hörmət və izzət ayaqlar altına atıldı. Bütün bunların üstündən ötsək belə, iftixar edərək həzrət Fatimeyi-Siddiqeyi-Məzlumənin (s.ə) övladlarından biri olan mən, əsla, haqqımdan keçməyəcəyəm! İlahi ədalət məhkəməsi qurulduqda bir çox zülm və haqsızlıqların hesabını soruşacağıq. O məhkəmənin mövcudluğuna və ədalətlə hökm ediləcəyinə də şəksiz-şübhəsiz inanırıq».
Hafiz: «Zəhmət olmasa, əsəbləri təhrik etməyin; əlinizdən alınan haqqı və sizə edilən bütün haqsızlıq və zülmləri bəyan edin».
Dəvətçi: «Bizə edilən zülmlər bu günə aid deyildir; bizə edilən zülmlər böyük cəddimiz Peyğəmbəri-əkrəmin (s) vəfatından sonra başlamışdır. Peyğəmbərin (s), uşaqlarının ruzisini təmin etsin deyə, onlara bağışladığı bütün haqları qəsb edildi. Həzrət Fatimənin (s.ə) məzlumanə fəryadına qulaq asılmadı. Həzrət Fatimə qəlbi hüzn və dərdlə dolu bir halda bu dünyadan köçdü».
Hafiz: «Siz çox hiyləgərsiniz!; həyəcanlı sözlərlə hissləri qıcıqlandırırsınız. Həzrət Fatimənin sabit olan hansı haqqı qəsb edildi? Əgər siz, qardaşların hüzurunda iddianızı isbat edə bilməsəniz, ilahi ədalət məhkəməsində, əsla isbat edə bilməzsiniz! Fərz edin, bu gün ilahi ədalət məhkəməsi qurulmuşdur, buyurun, haqqınızı isbat edin».
Dəvətçi: «Ora, ədalət məhkəməsi yeridir, qəzəb və təəssüb yeri deyildir. Təmiz və ləkəsiz baxışlarla hökm edilir. Əgər ədalətlə hökm etsəniz və insafla dinləsəniz, həqqaniyyətimizi təsdiq edərsiniz».

ALLAH BİLİR Kİ, MƏN CƏDƏL ƏHLİ DEYİLƏM
Hafiz: «Allahın və böyük cəddiniz Rəsulullahın (s) haqqına and olsun ki, mənim şəxsən heç bir inad, qəzəb və təəssübüm yoxdur. Hüzurunuza gəldiyim bu bir neçə gecədə cədəl əhli olmadığımı bilməyiniz lazım idi. Nə vaxt dəlil və bürhan üzrə danışdınızsa, sükut etdim. Sükutum haqlı sözünüzü qəbul etdiyimi ifadə edir. Əks təqdirdə, inadkarlıq etmək istəsəydim, cədəlləşər və bütün dəlillərinizi rədd edərdim. Keçmişlərimiz həmişə bunu etmişlər!
Amma bilindiyi kimi, təbiətən cədəl və oyun əhli deyiləm. Xüsusilə söyləməliyəm ki, əvvəl başqa niyyətlərlə gəlmişdim. Amma sizi gördükdə təmiz qəlbinizə, ədəbinizə, gözəl əxlaqınıza, sadəliyinizə və cazibənizə heyran qaldım. Şəxsi arzularımla uyğunlaşmasa da, məntiqli və dəlilli sözlərinizin qarşısında inkarçı olmayacağıma dair Allah-taalaya söz verdim.
Əmin olun ki, mən, o ilk gecəki insan deyiləm; heç kimsədən qorxum da yoxdur. Dəlil, bürhan və dərdləşmələriniz məndə boyük təsirlər qoydu. Peyğəmbəri-əkrəm (s) və Əhli-beytin (ə) sevgisilə ölmək və Rəsulullahın qarşısına üzüağ çıxmaq istəyirəm».
Dəvətçi: «Sizin kimi alim və insaflı bir şəxsdən bundan başqa bir şey gözlənilə də bilməzdi! Sözləriniz məndə tamam başqa bir hiss yaratdı. Qəlbən sizə qarşı xüsusi bir maraq duymağa başladım. Sizdən, qəbul edəcəyinizi umduğum bir rica etmək istəyirəm».
Hafiz: «Xahiş edirəm, buyurun».
Dəvətçi: «Xahiş edirəm, siz bu gecə hakim olun, digər ağalar da şahid olsunlar; təəssübsüz, tərəfkeşlik etmədən və insafla hökm edin. Bu söylədiyim şeylərin haqq olub-olmadığını və iddialarımı sübut edib-etmədiyimi siz soyləyin. Əlbəttə, bəhs edəcəyim mövzu səbəbi ilə əvvəlki gecələrdən daha uzun danışa bilərəm. Sizdən səbir etməyinizi xahiş edirəm. Mən də qəlbimdəkiləri açmış, bir az rahatlamış olaram.
Bəzi cahillər 1300 il bundan əvvəl olan hadisələri bu gün danışmağın nə faydası olduğunu soruşurlar. Halbuki, elmi sözlər hər dövr və zamanda müzakirə olunur və ədalətli müzakirələrdə həqiqətlər ortaya çıxır. Ayrıca, bilmək lazımdır ki, miras mövzusu qanunən hər zamanda mirasçılardan biri vasitəsi ilə məhkəməyə təqdim etdirilə bilər. Mən də o varisçilərdən biriyəm və sizdan insafla cavab verməyinizi xahiş edirəm.
Hafiz: «Böyük maraq və həvəslə sizi dinləməyə hazırıq».
Dəvətçi: «Əgər bir ata həyatda ikən övladına bir mülkü hədiyyə edərsə, atası öldükdən sonra həmin mülkün zorla onun əlindən alınması zülmdür, ya yox?»
Hafiz: «Şübhəsiz, başqalarının malına haqsız olaraq sahiblik edən, zülm və qəsb edən doğrudanda zalımdır».
Dəvətçi: «Əgər bir ata Allah-taalanın əmri ilə övladına bir mülk hədiyyə edərsə, ata vəfat etdikdən sonra həmin mülk zorla onun əlindən alınarsa hökmü nədir?»
Hafiz: «Aydındır ki, dediyiniz şəkildə olarsa, bu ən böyük zülmdur. Zalım və məzlumdan, qəsb və qəsbə uğrayandan məqsədiniz kimdir? Zəhmət olmasa, daha aydın şəkildə buyurun».
Dəvətçi: «Şübhəsiz, bizim nənəmiz həzrət Fatimə (s.ə) haqqında edilən zülmün heç kimsəyə edilmədiyi göz qabağındadır».

FƏDƏKİN HƏQİQƏTİ VƏ ONUN QƏSB OLUNMASI
Xeybər qalasının fəthindən sonra Fədəkin (Mədinə dağları ətəklərindən Seyful-Bəhrə qədər uzanan bölgədə dağınıq 7 kənd var idi. Əkinə əlverişli və xurmalıqlarla dolu bir bölgə idi. Bir ucu Mədinə yaxınlarındakı Ühüd dağlarına, bir ucu Ürəyşə, bir ucu Seyful-Bəhrə və bir ucu da Dövmətul-Cəndələ qədər uzanan çox geniş torpaqlara sahib idi) malikləri və böyükləri Peyğəmbəri-əkrəmin (s) yanına gələrək sülh müqaviləsi imzaladılar. Bu razılaşma əsasında Fədəkin yarısını özlərinə, digər yarısını da Rəsulullaha bağışladılar. Mühəddis və tarixçiləriniz öz mötəbər əsərlərində bunu qeyd etmişdilər: Yaqut Həməvi, «Fütuhul-buldan», c. 6, səh. 343; Əhməd ibn Yəhya Bəlazəri Bağdadi (o/t: 279), «Tarix»; İbn Əbil Hədid Mötəzili, «Nəhcül-bəlağənin şərhi», c. 4, səh. 78; Məhəmməd ibn Cərir Təbəri, «Tarixi-kəbir» və s.

«VƏ ATİ ZƏL-QURBA HƏQQƏHU» AYƏSİNİN NAZİL OLMASI
Peyğəmbəri-əkrəm (s) Mədinəyə döndükdə Cəbrail (ə) bu ayəni nazil etdi: «Qohum-əqrəbanın haqqını ver, miskinə və yolda qalmışa da [haqqını ver]. Və səpib-sovurma (yəni israf etmə)!». (“İsra” surəsi, ayə 26)
Peyğəmbəri-əkrəm (s) «zəvil-qurba»nın (qohum-əqrəbanın) kimlər və haqlarının nə olduğunu düşündüyü bir halda, Cəbrail yenidən nazil olaraq: «Allah-taala buyurur ki, Fədəki Fatiməyə ver» – deyə ərz etdi. Rəsulullah da həzrət Fatiməni (s.ə) çağırıb «Allah-taala Fədəki sənə verməyimi əmr etdi» – deyə buyurdu. Bu səbəbdən o məclisdə Fədəki həzrət Fatiməyə hədiyyə etdi».
Hafiz: «Şiənin təfsir kitablarında söylədiyiniz ayənin nazili haqqında bu məna zikr edilmişdir, yoxsa bizim mötəbər kitablarımızda bunun şahidlərini görmüsünüz?»
Dəvətçi: «Müfəssirlərin imamı Əhməd Sələbi «Kəşfül-bəyan» təfsirində, Cəlaləddin Süyuti «Təfsir»inin 4-cü cildində (Hafiz ibn Mərdəveyh tanınmış təfsirçi Əhməd ibn Musa (ö/t: 352), Əbu Səid Xidri və Hakim Əbülqasim Həskanidən nəql edərək), şafei fəqihi İbn Kəsir İmadəddin İsmail ibn Ömər Dəməşqi «Tarix» kitabında və Şeyx Süleyman Bəlxi Hənəfi «Təfsiri-Sələbi», «Cəmül-fəvaid» və «Uyunul-əxbar»dan nəql edərək «Yənabiül-məvəddə»nin 39-cu babında belə nəql edir: «Və ati zəl-qurba...» (Yaxınlarına haqqını ver) ayəsi nazil olduqda, Peyğəmbəri-əkrəm Fatiməni çağırdı və ona böyük Fədəki hədiyyə etdi».
Rəsulullah yaşadığı müddət ərzində Fədək həzrət Fatimənin əlində idi; özü icarəyə (kirayəyə) verir və icarə haqqını üç hissəylə alırdı.
Aldığı bu icarədən özünə və övladlarına bir gecə yetəcək qədərini ayırır, bir bölümünü Haşim oğullarının fəqirlərinə paylayır, artıq qalanlarını da digər fəqir və yoxsullar arasında bölüşdürürdü.
Peyğəmbəri-əkrəm vəfat etdikdən sonra xəlifənin məmurları Fədəkə əl uzatdılar. Zəhmət olmasa, Allah xatirinə söyləyin, bu işin adını nə qoymaq olar?»
Hafiz: «Peyğəmbəri-əkrəmin (s) Allah-taalanın əmri ilə Fədəki Fatiməyə (s.ə) hədiyyə etdiyini ilk dəfə sizdən eşidirəm».
Dəvətçi: «Sizin görməməyiniz mümkündür, amma biz çox görmüşük, görürük! Söylədiyim kimi, bir çox böyük alimləriniz mötəbər kitablarında bunu qeyd etmişlər: Hafiz ibn Mərdəveyh, Vahidi və Hakim öz «Təfsir» və «Tarix» kitablarında, Cəlaləddin Süyuti «Durrul-mənsur»un 4-cü cildinin 177-ci səhifəsində, Mövla Əli Müttəqi «Kənzul-ümmal»da və Əhməd ibn Hənbəlin «Müsnəd»inə yazdığı haşiyədə və İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi»nin 4-cü cildində Əbu Səid Xidridən başqa müxtəlif yollardan belə rəvayət edir: «Bu ayə (Və ati zəl-qurba həqqəhu) nazil olduqda, Peyğəmbəri-əkrəm Fədəki Fatiməyə hədiyyə etdi».

«BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ» HƏDİSİNİN DƏLİL GÖSTƏRİLMƏSİ VƏ ONUN CAVABI
Hafiz: «Bilinən budur ki, xəlifələr Fədəki Əbu Bəkrin Peyğəmbəri-əkrəmdən (s) rəvayət etmiş olduğu «Biz peyğəmbərlər miras qoymarıq, bizdən qalan şeylər (ümmətə) sədəqədir» hədisi səbəbi ilə almışlar».
Dəvətçi: «Əvvəla, Fədək miras deyil, hədiyyə idi. İkincisi, hədis deyə rəvayət etdiyiniz müxtəlif yönlərdən rədd edilmişdir».
Hafiz: «Qəti olan bu hədisin mərdudluğuna dair dəlil nədir?»
Dəvətçi: «Bu hədisin mərdudluğuna dair bir çox dəlil vardır; ki, elm və insaf əhli hər kəs bunu təsdiq edir. Az əvvəl söylədiyiniz hədisi uyduran şəxs düşünmədən bu kəlmələri söyləmişdir. Əgər ağıl və elm sahibləri yanında gülünc vəziyyətə düşəcəyini düşünsəydi, «Biz peyğəmbərlər miras qoymarıq» deməzdi. Çünki bir gün bu iftira və yalanın, bilavasitə cümlədən anlaşılacağını düşünməmişdi.
Əgər «Mən (Xatəmul-ənbiya) miras qoymuram» demiş olsaydı, bundan boyun qaçırmağa yer olardı. Amma məlum olduğu kimi «Biz peyğəmbərlər miras qoymuruq» dediyinə görə, özlərinin buyurduqları kimi, həqiqətlərin ortaya çıxması üçün Qurana müraciət etmək məcburiyyətindəyik.
Bu hədisi Quran ayələri ilə uyğunlaşdırdığımız zaman onun doğru olmadığı aydın olur; çünki Quranda bir çox ayə Peyğəmbərlərin mirası ilə əlaqədar nazil olmuşdur. Böyük peyğəmbərlərin hamısının da mirası olmuş və varisləri olümlərindən sonra onların mallarına sahib çıxmışlar. Bu səbəbdən, sözügedən hədisin uydurma olduğu aydındır!
Böyük mühəddis Əbu Bəkr Əhməd ibn Əbdüləziz Cövhəri (İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” kitabının 4-cü cildinin 78-ci səhifəsində onun əhli-sünnənin təqvalı, etibarlı və böyük hədis alimlərindən olduğunu qeyd etmişdir) «Səqifə» kitabında, İbn Əsir «Nihayə»də, Məsudi, «Əxbaruz-zaman» və «Ovsət»də, İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi»nin 4-cü cildinin 78-ci səhifəsində «Səqifə» kitabında Əbu Bəkr Əhməd Cövhəridən nəql edərək, imam Baqirdən (ə), Zeynəbi-Kubradan, bəziləri Abdullah ibn Həsən ibn Həsəndən və həzrət Fatimədən (s.ə) bir çox yol və sənədlərlə, 93-cü səhifəsində Ayişədən, 94-cü səhifəsində isə Məhəmməd ibn İmran Mərzbani və Zeyd ibn Əli ibn Hüseyndən, o da atasından, o da babasından, o da həzrət Fatimədən (s.ə) rəvayət etmişdir. Eləcə də digər bir çox alimləriniz öz mötəbər kitablarında həzrət Fatimənin məsciddə ənsar və mühacirlərə qarşı oxuduğu xütbəsini ətraflı şəkildə rəvayət etmişlər. Fatimeyi-Zəhra bu xütbədə onları cavab vermək məcburiyyətində qoymuşdur. Məntiqli bir cavabları olmadığı üçün də sükut etmiş, sonradan isə ortalığa vəlvələ salmışlar.
Həzrət Fatimə sözügedən hədisin iftira və yalan olduğu xüsusunda belə dəlil gətirir: «Əgər bu hədis doğrudursa və peyğəmbərlərin mirası da yoxdusa, o halda Quranda yer alan bu qədər miras ayəsi nə üçündür?!»

HƏZRƏT FATİMƏNİN (əs) «İRS APARMIRIQ» HƏDİSİNİN RƏDDİNƏ DAİR DƏLİLƏRİ
Allah-taala bir ayədə belə buyurur: «Süleyman (peyğəmbərliyi, elmi və mal-dövləti) Davuddan irs olaraq apardı». (“Nəml” surəsi, ayə 16) Zəkəriyya hadisəsində də belə buyurur: «Dərgahından mənə bir vəli ver ki, o, mənə varis olsun, Yaqub xanədanına da varis olsun». (“Məryəm” surəsi, ayə 5-6)
Yenə Zəkəriyyanın duası ilə əlaqədar olaraq belə buyurur: «Zəkəriyyanı da xatırla! O, Rəbbinə belə nida etmişdi: «Rəbbim! Məni yalnız buraxma. Sən varislərin ən xeyirlisisən». Biz onun duasını qəbul etdik, ona Yəhyanı verdik». (“Ənbiya” surəsi, ayə 89-90)
Daha sonra həzrət Fatimə (s.ə) buyurdu: «Ey İbn Əbu Quhafə (Əbu Bəkr)! Görəsən, Allah-taalanın ayəsində varmı ki, sən atandan miras ala bilərsən, amma mən ala bilmərəm?! Allah-taalaya böyük bir iftira yaxırsınız! Görəsən, bildiyiniz halda, qəsdənmi Allah-taalanın kitabı ilə əməl etmirsiniz və Quranı arxanıza atırsınız?
Görəsən, mən Peyğəmbərin (s) qızı deyiləmmi ki, məni haqqımdan məhrum edirsiniz?! O halda, bütün insanlar və xüsusən də peyğəmbərlər haqqında nazil olan bu qədər miras ayələri nədir?!
Quran ayələri Qiyamətə qədər bütün həqiqətləriylə baqi deyilmi? Quran belə buyurmurmu?: «Əqrabalar Allahın kitabında bir-birlərinə (mirasda) daha yaxındırlar». (“Ənfal” surəsi, ayə 75)
Həmçinin, «Allah övladlarınız haqqında sizə tövsiyə edir ki, oğula iki qız hissəsi qədər pay düşür». (“Nisa” surəsi, ayə, 11)
Həmçinin, «Sizin birinizi ölüm haqlayan zaman qoyub-gedəcəyiniz maldan valideynlərinizə, yaxın qonumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərti ilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə bu, vacibdir». (“Bəqərə” surəsi, ayə, 180)
Görəsən, hansı xüsusiyyət məni atamın mirasından məhrum etdi? Allah-taala sizi bir ayəyə məxsus etdimi ki, atamı o ayədən xaric etdiniz?! Olmaya, atamdan və əmim oğlu Əli ibn Əbu Talibdən Qurani-kərimin ümumi və xüsusi hökmlərini daha yaxşı bilirsiniz?!»
Bu dəlillər və haqq sözlər qarşısında hamı aciz qaldı. Verəcək cavabları olmadığı üçün sözdən qaçaraq, Fatiməni (s.ə) söydülər. Həzrət Fatimə (ə) çarəsiz qaldı. Fəryad edərək belə buyurdu: «Bu gün qəlbimi qırdınız, haqqımı qəsb etdiniz. Amma Qiyamətdə - ilahi ədalət məhkəməsində sizlərdən haqqımı istəyəcəyəm və qadir olan Allah-taala haqqımı sizdən alacaqdır! Ən gözəl hökm Allah-taalanındır! Mühəmməd himayədarım və mövlamdır. Sizinlə Qiyamətdə görüşəcəyik; o gün batil əhli ziyana uğrayacaq, peşmanlıqları isə heç bir fayda verməyəcək. Hər şeyin bir vaxtı vardır və vaxtı gəldikdə o şey həqiqiləşir. Əbədi və zillətli əzabın kimə nəsib olacağını çox yaxında görəcəksiniz!»
Hafiz: «Kim Peyğəmbəri-əkrəmin (s) əmanəti və bədəninin bir parçası olan həzrət Fatiməyə (s.ə) qarşı ədəbsizlik edə və soyüş söyə bilər?! Bu sözünüzə inana bilmirəm, sözdən qaçmaları mümkündür; amma söymələri, əsla, mümkün deyildir! Zəhmət olmasa, bunu bir daha təkrarlamayın!»
Dəvətçi: «Şübhəsiz, xəlifəniz Əbu Bəkrdən başqa heç kim buna cəsarət edə bilməzdi! Həzrət Fatimənin dəlilləri qarşısında cavab verə bilmədiyi üçün o dəqiqə minbərə çıxaraq, sadəcə Fatiməyə (ə) deyil, həyat yoldaşı, əmisi oqlu, Allah-taala və Rəsulunun sevimlisi olan həzrət Əlini də təhqir etdi!»
Hafiz: «Güman edirəm, bu iftiralar avam və ifratçı şiəlar tərəfindən uydurulmuşdur!»
Dəvətçi: «Yanlış düşünürsünüz. Butün bunlar avam şiələr tərəfindən deyil, bilavasitə öz alimləriniz tərəfindən yazılmışdır. Şiə müsəlmanların belə iftira və yalanlar uydurması qeyri-mümkündür! Hər nə qədər təəssübkeş olsalar belə iftira və yalan uydurmazlar! Bütün bunlar həqiqətdir və bilavasitə böyük və dəyərli alimləriniz tərəfindən rəvayət edilmişdir. Onların mötəbər kitablarına baxsanız, bilavasitə insaf sahibi alimlərinizin də bu həqiqətləri qəbul etdiyini görərsiniz. Məsələn: İbn Əbil Hədid Mötəzili «Nəhcül-bəlağənin şərhi» kitabının (Misir çapı) 4-cü cildinin 80-cı səhifəsində Əbu Bəkr Əhməd ibn Əbdüləziz Cövhəridən nəql edərək Əbu Bəkrin Əli (ə) və Fatimənin (s.ə) nitqindən dərhal sonra minbərə çıxdığını və Peyğəmbəri-əkrəmin (s) bu iki əmanətinə etdiyi təhqirləri qeyd etmişdir.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!