32-Cİ MÜNAZİRƏ - I hissə

:

ƏBU BƏKRİN FƏDƏKİ FATİMƏYƏ (S.Ə) GERİ QAYTARMASI VƏ ÖMƏRİN BUNA MANE OLMASI (1 şaban, cümə, 1345-ci il).
Hafiz: «Bunu təzə eşidirəm. Əbu Bəkrin Fədəki həzrət Fatiməyə geri qaytardığı harada yazılmışdır?»

Dəvətçi: «Zənnimcə, heç bir halda sənədsiz danışmadığımı artıq bilirsiniz. Heyfslər olsun ki, siz çox az oxuyursunuz. İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhində, Əli ibn Burhanəddin Şafei «Tarixi sirətil-Hələbiyyə»nin 3-ci cildinin 391-ci səhifəsində belə yazır: «Əbu Bəkr Fatimənin (s.ə) sözlərindən təsirləndi və ağladı. (əlbəttə, bu hadisə, bir neçə gün sonra Əbu Bəkrin evində baş verdi) Sonra Fədəkin həzrət Fatiməyə geri qaytarılması haqda yazılı surətdə hökm verdi. Ancaq məlum olduğu kimi, Ömər məktubu alıb cırdı».
Qəribə budur ki, o gün məktubu cıran və Fədəkin geri verilməsinə etiraz edən Ömər öz xilafəti dövründə Fədəki geri qaytardı və Ömərdən sonrakı Əməvi və Abbasi xəlifələri də Fədəki Fatimənin (s.ə) varislərinə verdilər».
Hafiz: «Çox qəribə şeylər bəyan edirsiniz. Sizin dediyiniz kimi Fədəkin geri verilməsinə qarşı çıxan və əlaqəli məktubu cıran Ömər necə olur ki, bilavasitə özü Fədəki yenidən Fatimənin (s.ə) varislərinə qaytarır?»
Dəvətçi: «Təəccüblənməkdə haqlısınız, çünkü oxumamısınız, görməmisiniz; bilavasitə alimlərinizin sənədlərindən Fədəki alıb geri qaytaran xəlifələri sizlərə söylədikdə də təəccüb etməyin və bizim haqlı olduğumuzu bilin.

XƏLİFƏLƏRİN FƏDƏKİ FATİMƏNİN (S.Ə) ÖVLADLARINA GERİ QAYTARMASI
Mədinənin tanınmış tarixçisi Əllamə Səmhudi (ö/t: 921) «Tarixül-Mədinə» və Yaqut ibn Abdullah Rumi Həməvi «Mucəmul-buldan» kitabında belə rəvayət edir: «Əbu Bəkr xilafəti dövründə Fədəki müsadirə etdi. Amma Ömər öz xilafəti dövrundə onu Əli (ə) və Abbasa geri qaytardı».
Əgər Əbu Bəkr Rəsulullahın (s) əmrinə əsasən Fədəki müsadirə etmişdisə, o zaman Ömər hansı haqla onu Əliyə (ə) verdi?»
Şeyx: «Bəlkə, müsəlmanlara məsrəf etmək səbəbi ilə, səlahiyyəti çatan bir müsəlman kimi həzrət Əlinin (ə) ixtiyarına qoymuşdur».
Dəvətçi: «Bu dediyiniz, sahibinin də qəbul etmədiyi bir nəzərdir. Çünki xəlifənin belə bir niyyəti yox idi. Əgər belə olmuş olsaydı, tarixdə qeyd olunardı. Tarixçiləriniz Ömərin Fədəki Əli (ə) və Abbasa verdiyini qeyd etmişlər. Həzrət Əli (ə) də Fədəki bir müsəlman fikrində yox, məhz miras hökmündə geri aldı; dediyiniz səlahiyyəti çatan bir müsəlman o niyyətlə də vermədi! Bundan başqa, bir müsəlmanın bütün müsəlmanların haqqına əl qoymaq səlahiyyəti yoxdur!»
Şeyx: «Bəlkə də, məqsəd Ömər ibn Əbdüləzizdir».

ÖMƏR İBN ƏBDÜLƏZİZİN FƏDƏKİ GERİ QAYTARMASI
Dəvətçi: «(Gülümsəyərək) Əli (ə) və Abbas Ömər ibn Əbdüləzizin xilafəti dövründə yaşamamışdır! Ömər ibn Əbdüləzizin məsələsi başqadır. Bu səbəbdən Əllamə Səmhudi «Tarixül-Mədinə»də və İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi» 4-cü cildinin 81-ci səhifəsində (Misr çapı) Əbu Bəkr Cövhəridən belə rəvayət edir: «Ömər ibn Əbdüləziz xilafətə gəldikdə Mədinədəki varisinə bir məktub yazaraq, Fədəki Fatimənin (s.ə) övladlarına verməsini əmr etdi. Buna görə də vali, Həsən ibn Həsəni-Müctəbanı (ə) və ya həzrət Əli ibn Hüseyni (ə) yanına çağıraraq Fədəki ona qaytardı».
İbn Əbil Hədid eyni səhifənin ilk sətirində belə yazmışdır: «Bu, Fatimənin (s.ə) övladlarına geri qaytarılan ilk haqq idi ki, zülmlə qarət olunmuşdu. Bir müddət sonra Yezid ibn Əbdülməlik yenidən Fədəki alaraq Əməvilərin mülkiyyətinə çevirdi. İlk Abbasi xəlifəsi olan Abdullah Səffah Fədəki yenidən həzrət Həsənin (ə) övladlarına verdi. Onlar da miras haqqı olaraq (Fədəkdən gələn gəliri) Fatimə (ə) övladları arasında bölüşdürürdülər».

ABDULLAH, MEHDİ VƏ MƏMUNUN FƏDƏKİ FATİMƏ (S.Ə) ÖVLADLARINA YENİDƏN GERİ QAYTARMASI
Həsən oğulları Mənsurun əleyhinə qiyam etdikdə, o, Fədəki onların əlindən aldı. Oğlu Mehdi xəlifə olduqda, təkrar Fədək Fatimə (s.ə) övladlarına qaytarıldı. Musa ibn Hadi xəlifə olduqda Fədək yenidən qəsb edildi. Məmun xəlifə olduqda isə onu yenidən Əlinin (ə) övladlarına qaytardı. Yaqut Həməvi «Mucəmul-buldan»ın (İlk nəşri) «F-D» hərfində Məmunun Mədinə valisi Qusəm ibn Cəfərə ünvanladığı məktubda bunları yazdığını qeyd etmişdir: «Rəsulullah Fədəki qızı Fatiməyə bağışladı. Bu, onun övladları arasında da məşhur və məlum bir şeydir».
Məmun Fədəkin qaytarılmasını bəyan etdiyi mərasimdə məşhur şair Dəəbəl Xəzai bir şeir söyləmişdir. O şeirin ilk beyti bundan ibarətdir:

Bu gün zamanın çöhrəsi güldü,
Məmun Fədəki Haşimilərə verdi.

FƏDƏKİN HƏDİYYƏ OLDUĞUNUN İSBATI
Möhkəm dəlillərlə isbat edilmişdir ki, Fədək həzrət Fatimənin (s.ə) mülkiyyəti olmuşdur. Ancaq məlum olduğu knmi, sonradan qəsb edilmişdir. Buna görə də bəzi xəlifələr insaflı olduqlarına və ya dövrün siyasi tələblərinə görəmi onu Fatimənin (ə) övladlarına qaytardılar».
Hafiz: «Əgər Fədək Fatiməyə (s.ə) Rəsulullah (s) tərəfindan bağışlanmış mülkiyyət idisə, onda nəyə görə miras iddiasında idi?»
Dəvətçi: «Həzrət Fatimə əvvəlcə Fədəkin Rəsulullah tərəfindən ona bağışlandığını söylədi. Amma İslam hökmlərinin əksinə olaraq şahid istədilər. Şahidləri gəldikdə isə yeni şəri hökmlərin əksinə olaraq şahidlər rədd edildi. Bu səbəbdən miras yolu ilə haqqını əldə etməyə çalışdı».
Hafiz: «Zənnimcə yanılırsınız; çünki həzrət Fatimə heç bir yerdə Fədəkin ona bağışlandığı haqda söz açmamışdır».
Dəvətçi: «Xeyr! Heç də yanılmıram, hətta yəqinim vardır. Təkcə şiə kitablarında deyil, alimlərinizin kitablarında da açıq-aydın qeyd olunmuşdur: Əli ibn Burhanəddin Hələbi Şafei (ö/t: 1044) «Sirətul-Hələbiyyə» kitabının 39-cu səhifəsində belə deyir: «Həzrət Fatimə ilk əvvəl mülkiyyət sahibi olduğu, Peyğəmbəri-əkrəmin Fədəki ona bağışladığı mövzusunda Əbu Bəkr ilə mübahisə etdi. Şəriət baxımından şahidləri olmadıqda, miras iddiasıyla haqqını tələb etdi!»
Buyurulduğu kimi, miras iddiası hədiyyə iddiasından sonradır. İmam Fəxrəddin Razi «Təfsiri-kəbir» kitabının «Fatimənin (s.ə) iddiası» babınında, Yaqut Həməvi «Mucəmul-buldan»da, İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi»nin 4-cü cildinin 80-cı səhifəsində Əbu Bəkr Cövhəridən nəql edərək və mütəəssib İbn Həcər də «Səvaiqul-muhriqə»nin 21-ci səhifəsində «Rafizilərin şübhələrindən 7-ci şubhə»dən söz açarkən belə nəql edir: «Fatimə (s.ə) ilk əvvəl Fədəkin bir hədiyyə olduğu iddiasında idi. Şahidləri rədd edildikdən sonra narahat olub belə buyurdu: «Artıq sizinlə danışmayacağam».
Fatimə (s.ə) artıq o gündən sonra onlarla görüşmədi və danışmadı. (Hətta əhli-sünnənin böyük alimlərindən olan İbn Teymiyyə, İbn Qəyyim və digərləri Rəsulullahın (s) Fədəki Fatiməyə (s.ə) bağışladığını iddia edir.) Vəfatından əvvəl vəsiyyət etdi ki, onlardan heç biri cənazəsinə namaz qılmasın. Əmisi Abbas cənazə namazını qıldı və onu gecə ikən dəfn etdilər». (Amma şiə rəvayətlərinə və Əhli-beytin (ə) buyurduqlarına görə cənazə namazını həzrət Əli (ə) qılmışdır.)

«ƏBU BƏKR ŞƏHADƏT AYƏSİNƏ ƏSASƏN ƏMƏL ETDİ» İRADI VƏ ONUN CAVABI
Hafiz: «Həzrət Fatimənin inciməsi və narahat olmasında şəkk-şübhə yoxdur. Amma Əbu Bəkri də çox günahkar saymaq olmaz. Çünki Əbu Bəkr şəri hökmlərə tabe olmaq məcburiyyətində idi. Həzrət Fatimə iddiasının isbatı üçün iki kişi və ya bir kişi ilə iki qadın və ya iki kişini əvəz edən dörd qadın şahid gətirmək məcburiyyətində idi. Yetərli şahid gətirə bilmədiyi üçün artıq onun xeyrinə hökm verə bilmədilər».
Dəvətçi: «İndi söz uzana bilər. Ağaları yormamaq üçün bəlkə bəhsimizi sabah axşama qoyaq?».
Nəvvab: «Qibləsahib! Bizim xüsusilə öyrənmək istədiyimiz əhəmiyyətli mövzulardan biri də bu idi; əgər yorulmamısınızsa, davam etdirin. Çünki sözü yarıda qoysanız diqqətimiz yayınar. Sabaha qədər uzansa belə, biz tərəfdən bir çətinlik yoxdur. Tam bir şövq və istəklə sözlərinizi dinləməyə hazırıq. Bu məsələni həll etməyincə getməyəcəyik! Mövzunu tam incəliyinə qədər söyləyin. Yox, əgər həqiqətən yorğunsunuzsa, onda sizi narahat etmək istəmərik».
Dəvətçi: «Mən elmi və dini mövzularda, əsla, yorulmaram; məclisdə iştirak edən qardaşlara görə narahatam. Çünki digərlərinin də vəziyyətini nəzərə almaq lazımdır».
(Orada iştirak edənlərin hamısı birağızdan yorulmadıqlarını bildirdilər, xüsusilə Fədək mövzusunda. Çünki eşidilməli və mühüm bir mövzudur ki, hamımız istəyirik)
Dəvətçi: «Hafiz ağa xəlifənin şəri hökmlərə əsasən yetərli şahid göstərilmədiyindən həzrət Fatimənin xeyrinə hökm vermədiyini söylədi. Mən burada bir neçə məsələ haqqında söz açmaq istəyirəm, siz ağalar də hökm verin.

MÜLKİYYƏT SAHİBİNDƏN ŞAHİD İSTƏMƏK ŞƏRİƏTƏ ZİDDİR
Əvvəla, əgər Əbu Bəkr dediyiniz kimi şəri hökmləri həyata keçirmək məcburiyyətində idisə, onda söyləyin görək, şəriətin harasında mülkiyyət sahibindən şahid gətirmək tələb olunmuşdur? Bu məsələdə hər iki tərəfin rəyi sabitdir ki, Fədək həzrət Fatimənin mülkiyyətində idi. Əbu Bəkrin Fatimeyi-Zəhradan şahid istəməsi dinin hansı qanunlarına görədir? Şəri hökmlərə görə mülkiyyət sahibi yox, iddia edən şahid göstərməlidir! Görəsən, xəlifənin bu əməli şəri hökmlərə zidd deyilmi? Siz insafla hökm verin.
İkincisi, "şahidlik" ayəsinin ümumiliyini kimsə inkar etmir. Amma məlum olduğu kimi «bütün ümumilər xüsusiləşə bilər» qaydasına görə bu ayə də istisna və məxsus oluna bilər».
Hafis: «Hansı dəlilə görə "şahidlik" ayəsinin məxsus oluna biləcəyini buyurursunuz?»

«ZUŞ-ŞƏHADƏTƏYN» LƏQƏBLİ XÜZEYMƏ
Dəvətçi: «Bu mənanın ən böyük dəlili sizin mötəbər «Səhih»  kitablarınızda da rəvayət edilmişdir: Xüzeymə at alverində bir ərəb kişi üçün Peyğəmbəri-əkrəmin (s) hüzurunda iddiaçı qərar verilmişdir. Rəsulullah Xüzeymə ibn Sabitin şəhadətini iki nəfərin şəhadəti yerinə qəbul etmişdir və onu «Zuş-şəhadətəyn» (iki şəhadət sahibi) adlandırmışdır. Bu halda "şahidlik" ayəsi də məxsus oluna bilər. Xüzeymə kimi mömin bir səhabə bu ayəni məxsus edə bildiyinə görə, Təthir ayəsi hökmünə əsasən məsum olan Əli (ə) və Fatimə (s.ə) də istisna edilə bilərlər. Bu məsum insanlar, əsla, iftira və yalan söyləməzlər! Onları rədd etmək Allah-taalanı rədd etmək kimidir.

FATİMƏNİN (Ə) ŞAHİDLƏRİNİN RƏDD EDİLMƏSİ
Həzrət Fatimə Fədəkin öz mülkiyyəti olduğunu söylədi. Atasının həyatda ikən Fədəki ona bağışladığını və o gündən bəri həmin ərazinin sahibi olduğunu bəyan etdi. Bildiyiniz kimi, şəri hökmlərin tam əksinə olaraq, ondan şahid istədilər. Həzrət Fatimə də həzrət Əli, Ummü-Əymən və övladları Həsən və Hüseyni şahid qismində gətirdi. Əbu Bəkr isə bunların şəhadətini qəbul etmədi. Görəsən, onların bu əməli, həqiqətdə şəri qaydalara zidd deyilmi? Həzrət Zəhranın bundan başqa heç bir dəlili olmasaydı belə, bu, şəriətə görə həqqaniyyəti üçün yetərli idi!
Məlumunuz olsun ki, Quran da həzrət Fatimənin paklığına şahidlik etmiş və onun hər cür pislikdən uzaq olduğunu bildirmişdir. Yalan və haqsız iddia etmək də o cümlədəndir. (yəni həzrət Fatimə bunlardan uzaqdır)
Xüsusilə də həzrət Əli kimi kamil bir şahid, həzrət Fatimənin (ə) həqqaniyyətinə şahidlik etdi. Həzrət Əlinin şahidliyini rədd etmək Allah-taalanı rədd etməkdir. Çünki ulu və uca Allah Quran ayələrində həzrət Əlini sadiq və siddiq olaraq tanıtmışdır. Allah-taalanın təsdiq etdiyi bir kəsin şahidliyini hansı cürətlə rədd etdilər?!
Quran Əli (ə) ilə birlikdə olmağı, yəni ona itaəti əmr edir. Sədaqətinin çox olduğundan düzlük abidəsi olmuş və sadiq olaraq zikr edilmişdir. Bu səbəbdən Allah-taala Quranda belə buyurur:
1. «Ey iman gətirənlər! Allahdan çəkinin və sadiqlərlə (doğrularla) birlikdə olun». (“Tövbə”surəsi, ayə 119)
Hafiz: «Bu ayənin sizin məqsədiniz və Əliyə itaət etməyin vacib olması ilə nə əlaqəsi vardır?»

«SADİQLƏR»DƏN MƏQSƏD PEYĞƏMBƏR (S) VƏ ƏLİDİR (Ə)
Dəvətçi: «Möhtərəm alimləriniz təfsir və digər kitablarında bu ayənin Mühəmməd (s) və Əli (ə) haqqında nazil olduğunu qeyd etmişlər. Burada «sadiqlər» (doğrular) dedikdə məqsədin həzrət Mühəmmədlə həzrət Əli, bəzi rəvayətlərdə imam Əli, bəzi rəvayətlərdə isə Əhli-beyt olduğu yer almışdır.
İmam Sələbi «Kəşfül-bəyan» təfsirində, Cəlaləddin Süyuti «Dürrül-mənsur»da İbn Abbasdan, Hafiz Əbu Səd Əbdülməlik ibn Məhəmməd Xərquşi «Şərəfül-Mustafa»da Əsməidən və Hafiz Əbu Nəim İsfahani isə «Hilyətul-övliya»da Rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: «Bu ayədəki «sadiqlər»dən məqsəd Mühəmməd və Əlidir».
Böyük alimlərinizdən olan İbrahim ibn Məhəmməd Həmuyini «Fəraidus-simtəyn»də, Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib»in 62-ci babında, Mühəddisi-Şam isə «Tarix» kitabında sənədi ilə belə rəvayət edir: «Sadiqlərlə birlikdə olun. Yəni Əli ibn Əbu Taliblə birlikdə olun».
2. «Haqqı (Quranı) gətirən və onu təsdiq edən (Peyğəmbər və möminlər) isə təqva sahibi olanlardır». (“Zümrə” surəsi, ayə 33)
Cəlaləddin Süyuti «Dürrül-mənsur»da, Hafiz ibn Mərdəveyh «Mənaqib»də, Hafiz Əbu Nəim «Hilyətul-övliya»da, Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib»in 62-ci babında, İbn Əsakir «Tarix»də bir qrup təfsir əhlindən, onlar da İbn Abbas və Mücahiddən belə nəql etmişlər: «Ayədəki «doğrunu gətirən»dən məqsəd həzrət Mühəmməd (s), «onu təsdiq edən» isə Əli ibn Əbu Talibdir (ə)».
3. «Allaha və Onun Rəsuluna iman gətirənlər; məhz onlar Rəbblərinin dərgahında siddiqlər və şəhidlik mərtəbəsinə yetişənlərdir. Onların mükafatları və nurları vardır». (“Hədid” surəsi, ayə 19)
İmam Əhməd ibn Hənbəl «Müsnəd»də, Hafiz Əbu Nəim İsfahani «Ma nəzələ min əl-Qurani fi Əliyyin»də İbn Abbasdan bu ayənin həzrət Əli haqqında nazil olduğunu və o həzrətin də siddiqlərdən olduğunu nəql etmişlər.
4. «Kim Allaha və Rəsuluna itaət edərsə, onlar Allahın lütfü ilə peyğəmbərlər, siddiqlər, şəhidlər və saleh kişilərlə bərabərdir. Nə gözəl dostlardır onlar!». (“Nisa” surəsi, ayə 69)
Ayədəki «siddiqlər»dən məqsəd həzrət Əlidir (ə). Sünni və şiə mənbələrində nəql edilən saysız-hesabsız rəvayətlər imam Əlinin ümmətin siddiqi (doğrusu), hətta siddiqlərin ən üstünü olduğunu vurğulayır.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!