33-CÜ MÜNAZİRƏ - I hissə

:

"TƏTHİR" AYƏSİNİN NAZİL OLMASI HAQQINDA (1 şaban, cümə, 1345-ci il).
Hafiz: «Bizə görə "Təthir" ayəsinin bu 5 nəfər haqqında nazil olduğu iddiası qəti deyildir. Kitablarımızla kifayət qədər yaxından tanışsınız, bu mövzuda xəta etdiyinizi qəbul edin; çünki Qazi Beyzavi və Zəməxşəriyə görə "Təthir" ayəsi Rəsulullahın (s) xanımları haqqında nazil olmuşdur; bu ayənin 5 nəfər haqqında nazil olduğunu söyləyən bir rəvayət varsa da, zəifdir; çünki ayə bu mənanın tam əksinə dəlalət edir.

Ayənin əvvəli və sonu Peyğəmbərin (s) xanımları haqqındadır; buna görə də ayənin ortasını çıxarıb başqalarına aid etməyin!»

"TƏTHİR" AYƏSİNİN HƏZRƏT PEYĞƏMBƏRİN (S) XANIMLARI HAQQINDA NAZİL OLMADIĞININ İSBATI VƏ İRADIN CAVABI
Dəvətçi: «Sizin bu iddianız bir çox baxımdan doğru deyildir. Əvvəla, ayənin əvvəli və sonunun Peyğəmbəri-əkrəmin (s.) xanımları haqqında olduğunu və bu səbəbdən Əli (ə) və Fatimənin (s.ə) ayənin misdaq və nümunəsi olmadığı haqdakı sözünüzə gəlincə; insanlar gündəlik danışıq tərzində bəzən danışarkən bir an sözlərini başqa bir istiqamətə yönəldib, başqalarına xitabən danışır və daha sonra yenidən əvvəlki sözlərinə dönürlər. Belə bir qayda ərəb ədəbiyyatı və şeirlərində olduqca çoxdur. Hətta Quranda belə bir çox nümunə vardır. Xüsusilə «Əhzab» surəsinə diqqət etsəniz, Rəsulullahın xanımlarına xitab edilərkən bir an möminlərə xitab edilir, sonra yenidən xanımlara. Bunun şahidlərini ətraflı olaraq sizə ərz ədə bilərəm. Amma məclisimiz buna münasib deyildir.
İkincisi, əgər bu ayə Rəsulullahın xanımları haqqında olmuş olsaydı, onlara məxsus müənnəs zəmirin (qadın cinsinə aid ədat) istifadə olunması, «Liyuzhibə ankunnə və yutahhirrəkunnə» deyilməsi lazım gəlirdi. Amma məlum olduğu kimi, ayədə müzəkkər (kişi) ədatı (kum) istifadə edilmişdır. Bu da ayənin xanımlar haqqında deyil, Peyğəmbəri-əkrəmin Əhli-beyti haqqında nazil olduğunu açıq-aydın göstərir».
Nəvvab: «Sizə görə də həzrət Fatimə o cəmiyyətdən biridir; o halda nəyə görə həzrət Fatimə nəzərə alınmamış və onun haqqında müənnəs zəmiri istifadə olunmamışdır?»
Dəvətçi: «(Alimlərə işarə edərək) Ağaların da bildiyi kimi həzrət Fatimənin olmasına baxmayaraq, müzəkkər zəmirinin istifadə olunması ədəbiyyatdakı təğlib (əksəriyyət) üsulu etibarı ilədir. Bir cəmiyyət içində bəzisi kişilər, bəzisi isə qadınlar olduğu yerdə müzəkkər zəmir istifadə olunur, hətta bilavasitə sözügedən ayədəki müzəkkər kəlməsinin olmağı bu nəzərin zəif olmadığını, əksinə güclü olduğunu gostərir. Əgər bu ayə Peyğəmbəri-əkrəmin xanımları haqqında nazil olmuş olsaydı, qadınların cəmi üçün müzəkkər ədatının istifadə olunması xəta olardı.
Bunlardan əlavə, bilmək lazımdır ki, sizin mötəbər kitablarınızda da yer alan səhih hədislər bu ayənin xanımlar haqqında deyil, Rəsulullahın Əhli-beyti haqqında nazil olduğuna hökm edir. İbn Həcər Məkki hədsiz təəssüb və inadına baxmayaraq, bu ayə haqqında «Səvaiqul-muhriqə» adlı kitabında belə deyir: «Çox müfəssirlər bu ayənin Əli (ə), Fatimə (o), Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olduğunu bəyan edir; çünki ayədə «ənkum» və «yutəhhirəkum» “kum” yəni kişi zəmiri (ədatı) istifadə olunmuşdur».

PEYĞƏMBƏRİN (S) XANIMLARI ƏHLİ-BEYTDƏN (Ə) DEYİL
Bundan başqa, bir çox dəlil Peyğəmbəri-əkrəmin (s) xanımlarının Əhli-beytdən (ə) olmadığına dəlalət edir. «Səhihi-Müslim» və «Camiul-üsul» kitabında belə rəvayət edilir: «Həsin ibn Səmurə Zeyd ibn Ərqəmdən «Peyğəmbərin (s) xanımları da Əhli-beytdəndirmi?» – deyə soruşduqda, Zeyd belə dedi: «Allah-taalaya and olsun ki, xeyr! Çünki qadın bir müddət həyat yoldaşıyla olur; boşandıqda atasının evinə dönər və atasının ailəsinə qatılar, beləliklə də ərindən ayrı düşər. Peyğəmbəri-əkrəmin Əhli-beyti onlara sədəqə verilməsi haram olan kimsələrdir. Onlar hansı evə getsələr, hara getsələr Rəsulullahın Əhli-beytindən çıxmazlar».
Üçüncüsü, şiə qaynaqlarında Əhli-beyt imamlarından rəvayət edilən bütün rəvayətlər və sizin mənbələrinizdə yer alan saysız hədislər də bu mənanın əksinə hökm edir.

"TƏTHİR" AYƏSİNİN ƏHLİ-BEYT (Ə) HAQQINDA NAZİL OLDUĞUNU BƏYAN EDƏN ƏHLİ-SÜNNƏ MƏNBƏLƏRİNDƏN RƏVAYƏTLƏR
"Təthir" ayəsinin beş nəfər Ali-əba (ə) haqqında nazil olduğunu əhli-sünnə alimləri öz mötəbər kitablarında nəql etmişlər. O cümlədən;
1. İmam Sələbi, «Təfsiri Kəşfül-bəyan»; 2. İmam Fəxri Razi, «Təfsiri-kəbir», c. 6, səh. 783; 3. Cəlaləddin Süyuti, «Dürrül-mənsur», c. 5, səh. 199 və «Xəsaisul-kubra», c. 2, səh. 264; 4. Nişaburi, «Təfsir», c. 3; 5. İmam Əbdürrəzzaq Rəsəni, «Təfsiri rumuzul-kunuz»; 6. İbn Həcər Əsqəlani, «İsabə», c. 4, səh. 207; 7. İbn Əsakir, «Tarix», c. 4, səh. 204 və 206; 8. İmam Əhməd Hənbəl, «Müsnəd», c. 1, səh. 331; 9. Muhibbiddin Təbəri, «Riyazun-nəzrəh», c. 2, səh. 188; 10. Müslim ibn Həccac, «Səhih», c. 2, səh. 331 və c. 7, səh. 130; 11. Nəbhani, «Şərəfül-muəbbəd» (Beyrut çapı), səh. 10; 12. Məhəmməd ibn Yusif Gənci Şafei (6 müsnəd xəbərlə), «Kifayətut-talib», bab. 100 və s.
Həmçinin Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiul-məvəddə»nin 33-cü babında «Səhihi-Müslim» və «Şəvahidi-Hakim» kitablarından, o da Ayişədən, 10 rəvayət Tirmizidən, yenə Hakim Əlaud-dövlə Simnani, Beyhəqi, Təbərani, Məhəmməd ibn Cərir, Əhməd ibn Hənbəl, İbn Əbu Şeybə, İbn Munzir, İbn Səd, Hafiz Zərəndi və Hafiz ibn Mərdəveyhdən, onlar da Ümmül-möminin Ümmü-Sələmədən, Ömər ibn Əbu Sələmə (Peyğəmbərin ögey oğlu), Ənəs ibn Malik, Səd ibn Əbi Vəqqas, Vəsilə ibn Əsqə və Əbu Səid Xudridən "Təthir" ayəsinin Ali-əba haqqında nazil olduğunu nəql etmişlər.
Hətta İbn Həcər Məkki hədsiz təəssübkeşliyinə baxmayaraq «Səvaiq»in 85-86-cı səhifəsində 7 müxtəlif yolla bu hadisəni rəvayət edir və sözügedən ayənin 5 nəfər — Mühəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olduğunu etiraf edir.
Başqa dəlillər də Peyğəmbəri-əkrəmin sədəqə verilməsi haram olan Əhli-beytinin Qiyamətə qədər bu ayənin bariz nümunəsi olduğunu isbat edir. «Cəmun beynəs-sihahis-sittə»də Muvəttə Malik ibn Ənəs Əsbəhidən «Səhihi-Buxari», «Səhihi-Müslim», «Sünəni-Əbu Davud», «Sünəni-Sicistani», «Sünəni-Tirmizi», «Camiul-üsul»da və bir çox fəqih, tarixçi, mühəddis və alimlərinizin bu ayənin Ali-əba (ə) olan 5 nəfər haqqında nazil olduğunu etiraf etmələri nəql olunmuşdur.
Sizin nəzərinizdə də bu ayənin Ali-əba (ə) haqqında nazil olduğu təvatür həddinə çatmışdır. Bir neçə inadkar və haqqı inkar edən üləmanın bu xəbəri zəif qəbul etməsinin bütün bu mötəbər və mütəvatir rəvayətlər qarşısında heç bir dəyər və etibarı yoxdur!

Kiçik bir yarasa Günəşin düşməni ola bilməz,
O, qaranlıq içində ancaq öz-özünə düşməndir!

FATİMƏ (əs) HAQQINDA ÜMMÜ-SƏLƏMƏNİN RƏVAYƏTİ ETDİYİ “HƏRİRƏ” HƏDİSİ VƏ "TƏTHİR" AYƏSİNİN NAZİL OLMASI
Bəzi şəxslər “Hərirə” hədisini nəql edərək "Təthir" ayəsinin nazil olması ilə əlaqəli hadisəni ətraflı olaraq, bəziləri isə qısaca qeyd etmişlər. Məsələn: imam Sələbi «Təfsir»də, imam Əhməd ibn Hənbəl «Müsnəd»də və İbn Əsir «Camiul-üsul»da «Səhihi-Tirmizi» və «Səhihi-Müslim»dən nəql edərək kiçik bir fərqlə nəql etdiyinə görə Peyğəmbəri-əkrəmin (s) xanımı Ümmü-Sələmə belə demişdir: «Rəsulullah mənim evimdə idi. Fatimə Rəsulullah üçün bir qab halva gətirdi. Peyğəmbər yatağı sayılan “səffə”də oturmuşdu və mübarək ayağının altına əbasını salmışdı. Mən də otağımda namaz qılırdım. Rəsulullah Fatiməyə belə buyurdu: «Get ərini və uşaqlarını da çağır gəlsinlər».
Bir az sonra Əli, Həsən və Hüseyn gələrək, süfrə arxasında əyləşib, halvanı yeməyə başladılar. Çox keçməkdi ki, Cəbrail nazil olaraq onlara bu ayəni oxudu: «Ey Əhli-beyt! Allah ancaq sizdən hər növ çirkinliyi (günahı) və pisliyi aradan aparmaq və sizi tər-təmiz (pak) etmək istər». (“Əhzab” surəsi, ayə 33)
Peyğəmbər (s) sonra əbanın digər hissəsini onların üzərinə örtərək mübarək əlini göyə qaldırıb belə dedi: «Allahım, bunlar mənim itrətim və Əhli-beytimdir; bu halda onlardan hər cür pisliyi uzaqlaşdır və onları pak et».
Mən də başımı əbanın altına salaraq: «Ya Rəsulullah, mən də sizinləyəm» – dedim. Peyğəmbər belə buyurdu: «Sənin aqibətin xeyirlidir». (yəni Əhli-beytimin məqamında deyilsən, amma aqibətin xeyirlidir!)
Göründüyü kimi, sözügedən ayə bu 5 nəfərin (ə) hər cür küfr, nifaq, şübhə, iftira, yalan, riya, böyük və ya kiçik günahlardan uzaq olduğuna dəlalət edir.
Fəxri Razi bu barədə «Təfsir»ində belə deyir: «Bu ayə, onların bütün günahlardan uzaq olduğuna və ilahi kəramət rizasına bağlandıqlarına dəlalət edir».
Bəzi alimlərinizin mötəbər kitablarında Əli (ə) və Fatimənin (s.ə) bu ayənin əhatəsində olduğunu və hər cür günah, pislik, iftira və yalandan pak olduğunu nəql etmələrinə baxmayaraq, insafsızlıq edərək həzrət Əlinin imamət iddiasını, həzrət Fatimə haqqındakı şəhadətini və həzrət Zəhranın (ə) Fədək haqqındakı iddiasını rədd etmələri həqiqətən çox təəccüblüdür! Burada insaflı şəxslərin necə hökm edəcəklərini bilmirəm?!
Yenidən mövzuya qayıdaq. Zəhmət olmasa, ədalətlə hökm verin. Əli (ə) və Fatimə (s.ə) kimi Allah-taalanın hər cür pislikdən pak etdiyi, yəni böyük və kiçik günahlardan hifz etdiyi məsumların şahidliyinin rədd edilməsi, digər tərəfdən Cabir kimi sıravi bir müsəlmanın iddiasının qəbul edilməsi doğrudurmu?! O dəyərli ailənin haqlarının mənimsənilməsi heç insafdandırmı?!»
Hafiz: «Peyğəmbəri-əkrəmin (s) xəlifəsi və mömin bir səhabənin Rəsulullaha yaxın olduğu halda qəsdən Fədəki qəsb etməsi inandırcı deyil. Şübhəsiz, insan etdiyi hər şeyi bir məqsədə görə edir. Bütün beytül-malı əlində saxlayan bir kəsin Fədəki qəsb etməyə nə ehtiyacı ola bilər?»
Dəvətçi: «Şübhəsiz ki, ehtiyac məsələsi deyildi. Əhli-beytin (ə) xilafət məqamına daha layiq olduğunu bildikləri halda, onları müsəlmanların gözündə alçaltmaq istəyirdilər. Çünki dünya malının arxasınca olan insanlar, dünya işlərini təmin edə bilən maddi imkanı olan şəxslərə tərəfə yonəlirlər. Onlar əzəmət, elm, fəzilət, təqva və ədəb sahibi olan bu ailənin Fədəkdən əldə olunan maddi gəlir nəticəsində zənginləşəcəyini və xalqın onlara tərəf daha çox yönələcəyini güman edirdilər. Bu səbəbdən həddən artıq mənfəət gətirən xurma bağını – Fədəki öz siyasətlərinə uyğun olaraq qəsb etdilər və onların (ə) üzünə güclənə biləcəkləri bütün yolları bağladılar.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!