34-CÜ MÜNAZİRƏ - I hissə

:

AYİŞƏ BARƏSİNDƏ (2 Şaban, şənbə, 1345-ci il)
Gün batana yaxın Nəvvab Əbdulqəyyum Xan, Qulam İmameyn Movla, Əbduləhəd Qulam Heydər Xan və Seyid Əhməd Əlişah məclisə gələrək, hal-əhval tutduqdan sonra belə dedilər: “Bütün bu açıqlamalardan sonra, xüsusilə də dünən gecə, haqq bizim üçün kamil şəkildə aşkar oldu.

Biz inadkar deyilik; məqam, vəzifə və mövqe arxasınca da getmirik. Ömür boyu adətlərlə yaşadiq. Haqqı tapdiqdan sonra adətlərlə yaşamaq insafdan deyil. Bu gecə hər kəsin hüzurunda açıq-aşkar şiə olduğumuzu elan etməyi qərara aldıq.”
Sonra rəsmən şiə olub, keçmişlərinə görə istiğfar etdilər. Mən də onlara məclislər bitənə qədər susub, söhbətə müdaxilə etməməyi və nəzər bildirməməyi – son nəticə əldə olunana qədər gözləməyi xahiş etdim.
Təkcə bu şəxslər deyil, qəzet və jurnallardan söhbətlərimizi izləyən bir çox təmiz qəlbli insanlar da şiə oldular. Lakin xalqdan utanıb, çəkinərək və bu şəhər camaatı ilə münasibətlərini davam etdirmək üçün təqiyyə etmək məcburiyyətində qaldıqlarını söylədilər.
Axşam namazından sonra ağalar hal-əhval tutduqdan sonra məclis başladı. Hafiz ağa əvvəlki gecə çox təsirləndiyi üçün hər iki tərəfin fikirlərini dinləmək istədiyini bildirmişdi. Bu səbəbdən Şeyx Əbdüssalam ilə qarşılıqlı söhbətə, bəhsə başladıq.
Şeyx: “Bu məclislərdə sizdən çox istifadə etdik; gözəl əxlaq və ədəbinizə heyran qaldıq. Dostlar bir yana, düşmən belə qarşınızda təslim olmaq məcburiyyətində qalır.
Siz hər yerdə əhli-sünnənin əməl və davranışlarını qınayır, amma şiə müsəlmanların əməllərinə toxunmur, daim onları müdafiə edirsiniz. Halbuki, şiələrin çirkin əməl və davranışlarının islah oluna bilinməyəcək qədər pis olduğu hər kəsə məlumdur!”
Dəvətçi: “Mən ancaq haqqı mudafiə etdim. Çünki həzrət Əli (ə) öz övladlarına, xususilə də Həsən və Hüseynə (ə) belə buyurmuşdur: “Haqq üçün danışın, axirət üçün əməl edin; zalıma düşmən, məzluma yardımçı olun!”.
Müxaliflərimizi qınamış və ya şiə müsəlmanları müdafiə etmişəmsə, bilin ki, bu, haqqına olmuşdur. Qınadığım şeyləri əqli, nəqli və məntiqi dəlillər əsasında etmişəm.
Şiələrin islahı belə mümkün olmayacaq çirkin işlərinin nə olduğunu söyləyə bilərsinizmi?”

ŞİƏLƏR TƏRƏFİNDƏN AYİŞƏNİN İTTİHAM OLUNMASI VƏ İRƏLİ SÜRÜLƏN İRADIN CAVABI
Şeyx: “Əqlin də, rəvayətin də çirkin bildiyi şiə müsəlmanların ən böyük çirkin işi möminlərin anası həzrət Ayişəni ittiham etmələri və ona pis şeyləri nisbət vermələridir.
Məlum olduğu kimi, həzrət Ayişə Rəsulullahın (s) zövcəsi olmaq şərəfinə nail olmuşdur. Onu təhqir etməyin nə ilə bitəcəyini bilmirlər. Məgər “Nur” surəsini oxumayıblar ki, Allah-taala buyurur: “Pis qadınlar pis kişilərə, pis kişilər isə pis qadınlara; Təmiz qadınlar təmiz kişilərə təmiz kişilər də təmiz qadınlara yaraşır. Onlar iftıraçıların söylədiklərindən uzaqdırlar...”. (“Nur” surəsi, ayə 26)
Dəvətçi: “Şiə müsəlmanların ümmül-möminin Ayişəni ittiham etdiyi iddiası böyük bir iftira və yalandır! Heç vaxt şiələr belə bir şeyə yönəlməmişlər. Bunu, nasibi və xaricilər iftira və yalanla şiələrə istinad etmişlər. Onlar zavvallı şiələri aldatmış, bir qrup insan da heç araşdırmadan, əvvəlkilərin adəti üzrə bu iftiraları qəbul etmiş, etirazlarını bildirmişlər. Elə bu səbəbdən indi də siz bu iddiadasınız.
Bütün şiə kitablarını araşdırın, heç bir yerdə ümmül-möminin Ayişənin ittiham olunduğunu görə bilməzsiniz. Bu iddia böyük bir iftira və yalandır.

İFTİRA HADİSƏSİ
Şiənin hədis və təfsir kitablarına nəzər salsanız, Ayişəni “İftira hadısəsi” ndə necə müdafiə etdiklərini açıq-aydın görərsiniz. Əgər şiələr belə bir inanca sahib olsaydılar, “iftira hadisə”si Ayişəni təhqir etmək üçün ən uyğun mövzu olardı.
Bu iddia və iftiralar, təəssüflər olsun ki, Peyğəmbəri-əkrəmin (s) dövründə bəzi münafiq səhabələr tərəfindən ifadə edilmişdir. Müsəttəh ibn Əsasə, Həccan ibn Sabit və Abdullah ibn Übəyy kimiləri bu iftiraların səbəbkarlarıdır. Buna görə də Quranda tam 17 ayə Ayişənin bu işdə təmizliyini isbat etmiş, münafiqləri yalancılıqda ittiham etmişdir.
Şiələrin inancına görə, Peyğəmbəri-əkrəmin həyat yoldaşlarına, hətta Həfsə və Ayişəyə, iftira və böhtan atan kəs kafir və məlundur, qan və malı halaldır. Çünki bu iftiralar bilavasitə Rəsulullaha (s) yönəlir. Bilmək lazımdır ki, şiələr hər bir müsəlmanı söymək və ona iftira yaxmağın haram olduqunu yaxşı bilirlər. Heç vaxt Peyğəmbərin (s) həyat yoldaşlarına, Ayişə və Həfsəyə belə, böhtan atıb bu cür sözlər söyləməzlər!

ƏR VƏ ARVAD HƏR BAXIMDAN OXŞAR DEYİL
Yenə nəzərinizə çatdırım ki, oxuduğunuz ayə də düşündüyünüz kimi deyil. Həyat yoldaşları tərif və qınanmada hər baxımdan ortaq və bənzər deyil. Biri yaxşı və cənnətə layiqdirsə, digərinin də elə olması labüd deyil. Yaxud biri fasiq, kafir və cəhənnəmə layiqdirsə, digərinin də onun kimi olması düşünülə bilməz. Əgər belə olsaydı, bu nöqsan bir çox şəxs üçün də labüd olardı. Xüsusilə də həzrət Nuh və Lutun (ə) həyat yoldaşı və Firon ilə Asiya buna ən bariz örnəkdir. Bu səbəbdən Quranda belə buyurulur: “Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!” (“Təhrim” surəsi, ayə 10)

NUH VƏ LUTUN XANIMLARI CƏHƏNNƏMƏ, FİRONUN HƏYAT YOLDAŞI İSƏ CƏNNƏTƏ GEDƏCƏKDİR
Söylədiyim ayədə də zövcələrin ərlərinə bağlanmadığı açıq-aşkar ifadə edilir. Lut (ə) və Nuhun (ə) zövcələri onlara xəyanət etdikdə, o böyük Peyğəmbərlərin həyat yoldaşları olmalarının onlara heç bir faydası olmamışdı. Hər ikisi də kafir olub Cəhənnəmə düşdülər. Xüsusilə də ayənin sonunda belə buyurulur: “Daxil olanlarla birgə siz də (əbədi) oda girin!”
Digər tərəfdən kafir Fironun zövcəsi olan Asiya əri ilə həmfikir olmadığına görə bir zərər çəkmədi. Firon Cəhənnəmə, Asiya isə Cənnətə düşəcəkdir. Bu halda sizin zövciyyəti şərəf və izzətə səbəb saymağınız, əsla doğru deyildir.
Əlbəttə, ruhi, əxlaqi və davranış baxımından eyni olduğu təqdirdə zövciyyətin də təsiri var; ancaq kafir, müsəlman, münafiq və möminin bir-birilə evliliyinə görə bir zərər və ya mənfəət əldə edə bilməsindən söhbət gedə bilməz. Bu halda mömin bir kişinin zövcəsi fasiq olarsa, bu, onun şəxsiyyətinə bir zərər gətirməz. Xalq o qadının pis əxlaqlı olduğunu söylədikdə, möminin məqamı alçalmaz”.
Şeyx: “Çox təəccüblüdür, bu müddət ərzində sözlərinizdə böyük bir ziddiyyət ortaya çıxdı”.
Dəvətçi: “Nəinki indi, hətta ömrümün axırına qədər ziddiyyətli danışmağıma imkan belə yoxdur; çünki din və məzhəb mövzuları elmi və əqli bir məsələdir; nizamlı bir düstura tabedir. Əqaiddə şəxsi nəzərlərimizi əsas götürmürük; əqidəmiz filosofların daim dəyişən əqidələri kimi deyildir ki, hər kəs şəxsi nəzərini söyləməyə yönəlsin!
Cənabınız, əgər jurnal və qəzetləri oxuyub, keçən gecələrdə söylədiyim sözlərə diqqət etsə, təməli Quran olan Rəsulullahın (s) dininin böyüklərinin və Əhli-beyt imamlarının söz və əmirlərindən, əsla, kənara çıxmadığımı görərsiniz. İndiyə qədər söylədiklərim və bundan sonra da deyəcəklərim, yalnız Qurandan və din rəhbərlərindən istifadə etdiyim şeylərdir. Daha doğrusu, danışığımda hər hansı bir ziddiyyətin olması qeyri-mümkündür. Amma siz, yenə də cümlələrimin hansı birində ziddiyyətə yol verdiyimi söyləyin”.
Şeyx: “Bir yerdə bütün insanlara iftira atmağın haram olduğunu buyurdunuz, sonra da Nuh və Lutun xanımlarının həyat yoldaşlarına xainlik etdiklərini bəyan etdiniz. Bu ziddiyyət deyilmi? Peyğəmbərlərin zövcələrinə fahişəlik, xəyanət və xainlik verməniz çirkin iş deyilmi?”.
Dəvətçi: “Yəqin bilirəm ki, qəsdən səhv söyləyirsiniz, insanların vaxtını alıb onları çaşdırmağa çalışırsınız. Sizin kimi bir alimdən belə məntiqsizlik gözləmirdim. Ayədəki “xəyanət”in mənasını bilirsiniz və bəlkə də, peyğəmbərlərin zövcələrini mudafiə etməniz, mövzunun genişlənməsi və məqsədinizin əksinə olan həqiqətin ortaya çıxmaması üçündür.

NUH VƏ LUTUN XANIMLARININ XƏYANƏTİ
Xainliyi fahişəlik adlandırmağınız çox qəribədir. Fahişəliklə xainlik arasında çox fərq vardır. Peyğəmbərlərin xanımları hər cür fahişəlikdən uzaq və pakdırlar, biz isə xainlikdən bəhs edirik.
Birincisi, hər peyğəmbərin həyat yoldaşı həmin peyğəmbərin söz və davranışlarının əksinə əməl edərsə, o, xaindir.
İkincisi, onların xainlik etdiklərini mən özümdən söyləmədim ki, o dəqiqə hücum çəkib məni ittiham etməyə başladınız. Çünki bilavasitə Qurani-kərim “Fəxanətahuma – o ikisi xainlik etdilər” buyurur. Onların xainliyi fahişəlik xainliyi deyildi. Çünki ərz etdim ki, peyğəmbərlərin həyat yoldaşları bu işdən pakdırlar; daha doğrusu, onların xainliyi asilik, küfr və nifaq idi.
Bilin ki, həzrət Nuhun (ə) həyat yoldaşı ona müxalif idi. Onu xalqın yanında pisləyərək: “Mənim həyat yoldaşım dəlidir. Daim onunla olduğum üçün onu tanıyıram. Ona aldanmayın!” – deyirdi.
Həzrət Lutun xanımı da evə gələn qonaqlar haqqında qövmünə xəbər verir, evin sirlərini düşmənlərə bildirirdi. Bu da, fitnə və fəsada səbəb olurdu.

MÜBARƏK AYƏNİN MƏNASI
Amma sizin öz lehinizə dəlil göstərdiyiniz “Nur” surəsinin 26-cı ayəsinin mənasına gəldikdə; müfəssirlərin nəzərləri və Əhli-beytdən (ə) gələn rəvayətlərin işığında o ayənin mənası belədir: “Pis qadınlar pis kişilərə uyğundur, pis kişilər də pis qadınlara rəğbət bəsləyər; təmiz qadınlar da təmiz kişilərə layiqdir, təmiz kişilərin də onlara rəğbəti var”.
Bu, “Nur” surəsinin 3-cü ayəsinin mənasıdır: “Zina edən kişi ancaq zinakar və ya müşrik qadınla evlənə bilər...”.
Xülasə, bu ayə sizin iddianızla uyğun deyil və məqsədinizlə heç bir əlaqəsi yoxdur.

Ardı var ...

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!