36-CI MÜNAZİRƏ - I hissə

:

ƏBU TALİBİN (Ə) İMANI HAQQINDA (2 Şaban, şənbə, 1345-ci il) 

Şeyx: “Azər və Tarix haqqında rəvayət etdiyiniz tarixi həqiqətlər işığında Peyğəmbərin (s) əcdadının təmizliyini isbat etsəniz də, bu həqiqət həzrət Əliyə (ə) şamil olmur. Əbdülmüttəlibə qədər təkallahlı olduqlarını söylələsək belə, həzrət Əlinin atası Əbu Talib haqqında bunu söyləmək mümkün deyil. Çünki Əbu Talib küfrlə dünyadan köçmüşdür!”

ƏBU TALİBİN (R.Ə) İMANI HAQQINDA İXTİLAF

Dəvətçi: “Bunu qəbul edirik ki, ümmət arasında Əbu Talib (ə) barədə ixtilaf yaratmışlar. Belə deməyimiz lazımdır: “Allahım, Mühəmməd və Ali-Mühəmmədin haqqına ilk zülm edənə lənət et. İmam Əliyə (ə) söyüş, təhqir və lənət yolunu açan və o həzrətə əziyyət etmək üçün hədis uyduranlara Allah lənət etsin!” Bütün bunlar bu cür mövzulara səbəb olmuşdur. Həzrət Əliyə (ə) xüsusi kini olan nasibilər, xaricilər və atalarına uyan bəzi düşüncəsiz və təəssübkeş alimləriniz bu əsas üzrə Əbu Talibin (r.ə) imansız dünyadan köçdüyünü iddia etmişlər.

Sözləri sənəd, icmaları höccət və Qurani-kərimin bərabəri olan Əhli-beyt (ə) imamları, şiə alimləri və İbn Əbil Hədid, Cəlaləddin Süyuti, Əbülqasim Bəlxi, Əbu Cəfər İskafi və onların mötəzilədən olan ustadları, Şafei fəqihi Mirseyid Əli Həmədani və digər bir çox insaflı alimləriniz də ittifaqla Əbu Təlibin (r.ə) İslamı qəbul etdiyini və iman əhli olduğunu təsdiq etmişlər.

ŞİƏNİN ƏBU TALİBİN (R.Ə) İMANINA DAİR İCMASI

Şiəyə görə Əbu Talib ilk mərhələdə Peyğəmbərə (s) iman gətirmişdir. Hamısından da əhəmiyyətlisi budur ki, Əbu Talibin imanı Haşim övladlarından, qardaşları Həmzə və Abbas kimi küfrdən sonra deyil, fitrəti ilə olmuşdur. Şiə cəmiyyəti Əhli-beytə tabe olaraq Əbu Talibin (r.ə) əsla bütə tapınmadığı, hətta həzrət İbrahimin (ə) vəsilərindən olduğu qənaətindədir. Böyük alimlərinizin mötəbər kitablarında da buna çox sayda işarə edilmişdir. Məsələn: İbn Əsir “Camiul-üsul”da belə deyir: Əhli-beyt (ə) nəzərincə, Peyğəmbərin (s) əmilərindən yalnız Həmzə, Abbas və Əbu Talib İslamı qəbul etmişdi”.

Şübhəsiz, Əhli-beytin (ə) icması hər müsəlman üçün höccətdir! Çünki Əhli-beyt (ə) Qurani-kərim bərabəri və biz müsəlmanların azmaması üçün itaət edilməsi zəruri olan iki ağır əmanətdən biridir. “Səqəleyn” hədisi ilə əvvəlki gecələr ərz etmiş olduğum – iki firqənin də (şiə-sünni) ittifaq etdiyi – hədislərə əsasən Peyğəmbər (s) Əhli-beyti bizlərə tövsiyə etmişdir.

“Ev əhli evdə olanı daha yaxşı bilir” qaydasına uyğun olaraq, təqva abidəsi olan o uca ailə öz ata-baba, əcdad və əmilərinin küfr və ya iman gətirdiyini, Müğeyrə ibn Şöbə, Bəni-Üməyyə, xaricilər, nasibilər və cahillərdən daha yaxşı bilir!

Bütün Əhli-beytin (ə), xüsusilə öz hədislərinizdə də bildirildiyi kimi, Allah-taalanın öz rəsulu Mühəmmədin (s) doğruluğuna şəhadət etdiyi həzrət Əli (ə) kimi bir insanın Əbu Talibin (r.ə) dünyadan mömin və təkallahlı olaraq getdiyini bildirdiyi halda bunu qəbul etməməyiniz, amma Əmirəl-möminin düşməni olan fasiq və facir Müğeyrə ilə bir qrup Əməvi, xarici və nasibilərin sözlərinə inanaraq, bu xüsusda israr və inad etməyiniz, həqiqətən, çox təəccüblədiricidir!

Böyük alimlərinizdən İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” kitabının 3-cü cildinin 310-cu səhifəsində belə deyir: “Əbu Talibin (r.ə) İslamı ixtilaflıdır. Amma şiə cəmiyyəti və Zeydiyyənin çoxu onun müsəlman olaraq dünyadan köçdüyünü açıq şəkildə bəyan etmişlər. Şiə üləmasının icmasından başqa Şeyx Əbülqasim Bəlxi, Əbu Cəfər İskafi və bu kimi böyük alimlərimiz də Əbu Talibin (r.ə) iman etdiyi qənaətindədirlər. İman gətirməsini gizlətməsinin səbəbi isə, Peyğəmbərə (s) kömək edə bilmək və müxaliflərin onun məqamını nəzərə alaraq həzrət Rəsuli-əkrəmə əziyyət verməmələri üçün idi”.

“ZİHZAH HƏDİSİ” VƏ ONUN CAVABI

Şeyx: “Siz “Zihzah” (dibi dərin olmayan az su) hədisini eşitməmisinizmi ki, belə buyurur: “Əbu Talib atəşdən olan zihzahdadır”.

Dəvətçi: “Bu hədis də digər uydurma hədislər kimi uydurulmadır! Təəssüflər olsun ki, bəzi Əhli-beyt (ə) düşmənləri, Əməvilər, xüsusilə də nifaq silsiləsinin mənbəyi olan məlun Müaviyə bu küfr və nifaq dolu hədisi uydurmuşdur. Daha sonra da Üməyyə övladları və tərəfdarları, Əliyə (ə) düşmənçilik olsun deyə, bu uydurma hədisləri yaymış, məşhur etmiş, Əbu Talibin (r.ə) də Abbas və Həmzə kimi iman əhli olduğunu xalqdan gizlətmişlər.

“ZİHZAH HƏDİSİ”NİN UYDURULMASI HAQDA

Hər şeydən daha maraqlı dəlil də budur ki, “Zihzah hədisi”ni uyduran həzrət Əlinin (ə) ən böyük düşməni olan fasiq Müğeyrə ibn Şöbədir. İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” kitabının 3-cü cildinin 159-163-cü səhifəsinə qədər, Məsudi “Mürucuz-zəhəb” də və başqaları da öz kitablarında belə yazmışdır: “Müğeyrə Bəsrədə zina etdi. Şahidlər gəlib Ömərin yanında şəhadət vermək istədilər. Üç nəfər şahidlik etdi. Lakin dördüncü şahid edilən təkid və təhdidlərə görə şəhadət verməkdən boyun qaçırtdı. Şəhadət vermiş həmin üç nəfərə (guya, yalandan şahidlik etdikləri üçün) hədd təyin olundu. Beləcə, Müğeyrə də xilas oldu”.

Bu zinakar, şərabxor və fasiq insan Əbu Sufyan oğlu Müaviyənin ən yaxın dostu idi. Həzrət Əliyə düşmənçiliyi səbəbindən bu hədisi uydurdu; Müaviyə, əməvilər və digər tərəfdarları da bu uydurma hədisi gücləndirib yaymağa çalışdılar.

Bu hədisin ravilərindən olan Əbdülməlik ibn Ümeyr, Əbdüləziz Ravərdi və Süfyan Suri və basqaları bilavasitə boyuk alimləriniz tərəfindən rədd edilmişdir. Məsələn, Zəhəbi “Mizanul-etidal” kitabının 2-ci cildində onların etibarlı olmadıqlarını yazmışdır. Xususilə də, Süfyan Surinin iftiraçı və yalançılardan olduğunu açıq şəkildə bəyan etmisdir. Belə iftiraçı, yalançı və fasiq insanların sozünə necə etimad göstərirsiniz?! 

ƏBU TALİBİN (R.Ə) İMANİNA DAİR DƏLİLLƏR

Şübhəsiz, Əbu Talibin (r.ə) iman gətirmiş olduğu xüsusunda inkar edilə bilinməyəcək bir çox dəlil vardır. Bu açıq dəlilləri, inadkar və təəssübkeş insanlardan başqa heç kim inkar etməz. Məsələn:

1.Peyğəmbəri-əkrəm (s) barmaqlarını birləsdirərək belə buyurmusdur: “Mən və yetimi himayə edən (Əbu Talib) bu iki barmağım kimi, Cənnətdə birlikdə olacağıq”.

İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” kitabının 4-cü cildinin 312-ci səhifəsində bu hədisi rəvayət etmisdir. Əlbəttə, Rəsuli-əkrəmin (s) burada “yetimi himayə edən” dən məqsədi, bütün yetimlərə himayə edənlər deyildir. Çünki bir çox fasiq, dinsiz və atəş əhli olan kəslər yetimi himayə edirlər. Bu halda Peyğəmbərin (s) məqsədi Əbu Talib (r.ə) və babası Əbdülmüttəlibdir. Çünki onlar Rəsuli-əkrəmi (s) himayə etmişlər. Peyğəmbər, xüsusilə də Məkkədə “Əbu Talibin yetimi” kimi tanınırdı. Əbdülmüttəlib vəfat etdikdən sonra yəni 8 yaşından etibarən Rəsulullahin (s) öhdəçilik və himayədarlığını öz üzərinə Əbu Talib götürmüşdü”.

2.Şiə və sünni firqələrinin müxtəlif yollarla rəvayət etdiyi bir hədisə görə də Peyğəmbər (s) belə buyurmuşdur: “Cəbrayıl nazil olaraq, məni bu kəlmələrə müjdələdi: “Şübhəsiz ki, Allah-taala səni inzal edən sülbə, daşıyan qarına, süd verən döşə və səni himayə edən qucaqa atəşi haram etmişdir.”

Mirseyid Əli Həmadani “Məvəddətül-qurba” Şeyx Süleyman Bəlxi Hənəfi “Yənabiül-məvəddə” və qazi Şovkani “Hədisi-qudsi”də Rəsulullahin (s) belə buyurduğunu rəvayət edir: “Cəbrayıl nazil olaraq, belə dedi. “Allah-taala sənə salam göndərir və belə deyir: “Mən atəşi, səni inzal edən sülbə, səni daşıyan qarına və səni bəsləyən qucağa haram etdim.”

(“İnzal edən sülb”dən məqsəd atası Abdullah, “daşıyan qarın”dan məqsəd anası Aminə, ”bəsləyən qucaq” sahibindən məqsəd isə Əbdülmüttəlib və Əbu Talibdir) Bu cür rəvayətlər, Peyğəmbərin (s) həyat cətinliklərini öz öhdələrinə göturən Əbdülmüttəlib, Əbu Talib və Fatimə binti Əsədin, həmçinin atası Abdullahın, anası Aminənin və südanası Həlimənin imanına da dəlalət edir.

İBN ƏBİL HƏDİDİN ƏBU TALİBİN (R.Ə) MƏDHİNƏ YAZDIĞI ŞEİR

3.Dəlillərdən biri də, böyük alimlərinizdən olan İzzəddin Əbdülhəmid ibn Əbil Hədid Mötəzilinin Əbu Talibi mədh edərək söylədiyi şeirdir. Bu şeir “Nəhcül-bəlağənin şərhi” kitabının 3-cü cildinin 318-ci (Misir çapı) səhifəsindən və digər kitablarda belə qeyd edilmişdir:

Əbu Talib və oğlu (Əli) olmasaydı,

Dinin bir əlaməti olmazdı.

Əbu Talib Məkkədə onu tapdı və onu qorudu,

Nübüvvət mələkutini təcəssüslə

Əli Mədinədə ələ aldı.

Əbu Talib öldükdən sonra ona təəssüflənmə;

Çünki öz gözəl iyini (Əlini) əmanət qoydu.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!