36-CI MÜNAZİRƏ - II hissə

:

ƏBU TALİBİN (RƏ) ŞEİRLƏRİ ONUN İMANINI GÖSTƏRİR 

4. Bilavasitə Əbu Talibin Peyğəmbərin (ə) mədhinə oxuduğu şeirlər onun imanına dəlalət edir. Bu şeirin bir bölümünü İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” kitabının 3-cü cildinin 316-cı səhifəsində nəql etmişdir. Bir çox böyük və dəyərli alimləriniz, məsələn: Şeyx Əbulqasim Bəlxi və Əbu Cəfər İskafi bu şeirlərin Əbu Talibin (r.ə.) imanına dəlalət etdiyini qəbul etmişdir.

Həqiqətən də, bu şeirlərdən Əbu Talibin (r.ə.) iman gətirmiş olduğu açıq-aydın şəkildə görünür. Məsələn; “Lamiyə” adlı şeirlərində belə demişdir:

Canımı fəda edinciyə qədər ona yardım edəcəyəm,

Qadın və uşaqlarımızdan belə keçəcəyik.

İnsanlar onun üzünün suyu hörmətinə yağış istəyirlər, 

Çünki o, Bəni-Haşim fəqirləri və yetimlərinin sığınağıdır.

Bütün vücudumla, onu qorudum. 

O, əbədiyyən dünya əhlinin camalıdır;

Düşmənlərin bəlası, hər məclis və cəmiyyətin ziynətidir.

Qulların Rəbbi öz yardımıyla onu dəstəkləmişdir;

Batilin sıza bilməyəcəyi haqq dini o zahir etmişdir.

Əbu Talibin (ə) imanına dəlalət edən bu şeiri də İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” kitabının 3-cü cildinin 315-ci səhifəsində rəvayət edir:

Ey Allah şahidləri, şahid olun ki,

Mən Əhmədin dini üzrəyəm.

Kim dindən azarsa-azsın,

Şübhəsiz, mən hidayət üzrəyəm.

Allah xatirinə, bir az insaflı olun. Acıq şəkildə “Mən Mühəmmədin dini üzrəyəm” və “sözündə, əsla, batil bir şey olmayan haqq Peyğəmbərə yardım edəcəyəm” deyən bir insanı kafir adlandıra bilərikmi?

Şeyx: Bu şeirlər iki baxımdan qəbul edilə bilməz. Əvvəla; bu şeirlər mütavatir deyildir. Ayrıca, Əbu Talibin (r.ə) hec bir yerdə İslam və iman əhli olduğu, kəlmeyi-şəhadət dediyi görülməmişdir. Buna görə də, bir necə şeirlə müsəlman olduğuna hökm edilə bilməz”.

Dəvətçi: Təvatürlə əlaqəli etirazınız olduqca qəribədir. Xətriniz istədiyi yerdə “xəbəri-vahid”i belə höccət qəbul edərək, onunla əməl edirsiniz. Amma arzularınızın əksinə olarsa, o dəqiqə təvatür olmadığı fikrini irəli sürürsünüz.

Əgər bir az diqqət etsəniz görərsiniz ki, bu şeirin hər biri mütavatir olmasa da, ümumi mənası mütavatir olaraq bir şeyə dəlalət edir; o da Əbu Talibin (r.ə) İslama iman gətirməsi və risaləti qəbul etməsidir.

Bir çox şeylərin təvatürü də bu şəkildə ortaya çıxmışdır. Məsələn; həzrət Əlinin (ə) düşmən üzərinə hücumları, döyüşlərdəki əzmkarlığı, hamısı “xəbəri-vahid”dir. Amma ümumilikdə mənəvi bir təvatürü ifadə edir ki, bu da həzrət Əlinin (ə) cəsarətli olduğunu göstərir. Həmçinin, Hatəmin cömərdliyi, Nuşirəvanının ədalətli və digər şeylər də bu cür mənəvi təvatürlərdəndir. 

Əgər, həqiqətən, bu qədər təvatürə maraqlısınızsa, o halda buyurun, saxta “Zihzah” hədisinin təvatürünü isbat edin!

ƏBU TALİBİN ÖLÜM ANI “LA İLAHƏ İLLƏLLAH” KƏLMƏSİNİ SÖYLƏMƏSİ

Qaldı ki, ikinci etirazınızın cavabı, gün kimi aydındir. Çünki tövhid və nübüvvəti qəbul etmək və həmçinin, axirətə iman gətirmək, sadəcə kəlmeyi-şəhadətə bağlı deyildir. Dinə yad olan bir insan Allahın təkliyini və Peyğəmbərin (s) risalətini vurğulayan şeirlər söyləyərsə, bu da kifayətdir! Əbu Talib (ə) “Ey Allahın şahidləri! Şahid olun ki, mən Mühəmmədin dini üzrəyəm“ – deyirsə, bu da kəlmeyi-şəhadətin əvəzidir.

Ayrıca, ölüm anında şeir şəklində deyil, nəsr şəklində də bunu etiraf etmişdir. Bu mövzu ilə əlaqədər Seyid Məhəmməd Rəsuli Bərzənci, Hafiz Əbu Nəim və Beyhəqi belə nəql edirlər: “Ölüm anında Əbu Cəhl və Abdullah ibn Əbu Üməyyə kimi Qüreyş kafirlərinin böyükləri Əbu Talibi ziyarət etdilər. Orada Peyğəmbər (s) əmisi Əbu Talibə belə buyurdu: “La ilahə illəllah” de ki, Allah-taala yanında buna şahid olum”.

Əbu Cəhl və İbn Əbu Üməyyə o dəqiqə araya girərək “Ey Əbu Talib! Əbdülmüttəlibin dinindən geri dönürsən?!” – dedilər. Onlar dalbadal bu sözü təkrarladılar və Əbu Talib də onlara belə dedi: “Bilin ki, Əbu Talib Əbdülmüttəlibin dini üzrədir”.

Onlar sevinərək bayıra çıxdılar. Son nəfəsində başının üstündə duran qardaşı Abbas Əbu Talibin (r.ə) dodaqlarının hərəkət etdiyini gördü. Qulağını ona yaxınlaşdırdı və Əbu Talibin “La ilahə illəllah” dediyini eşitdi. Abbas Rəsulullaha (ə) dönərək belə dedi: “Vallah, qardaşım sənin əmr etdiyin kəlməni söylədi”. Abbas hələ müsəlman olmadığı üçün kəlmeyi-şəhadəti söyləməkdən çəkindi”.

Daha əvvəl də Peyğəmbərin (s) bütün əcdadının təkallahlı olduğunu isbat etmişdik. Daha doğrusu, Əbu Talibin burada “Mən Əbdülmüttəlibin dini üzrəyəm“ deməsi siyasət işlətməsinə görə idi. Onlar da Əbu Talibin bu cavabını eşitcək, sevinərək onun yanından getdilər. Lakin Əbu Talib tövhidi iqrar etmişdi. Çünki Əbdülmüttəlib də İbrahimin dini üzrə və müvəhhid idi. Lakin buna baxmayaraq, açıq-aydın “La ilahə illəllah” kəlməsini də dedi.

Bir az olsa, adətlərinizdən kənara çıxaraq Əbu Talibin (r.ə) həyatına baxsanız, siz də onun iman gətirmiş olduğunu təsdiq edərsiniz.

BESƏTİN ƏVVƏLLƏRİNDƏ PEYĞƏMBƏRİN (S) ƏBU TALİBLƏ SÖHBƏTİ

Əgər o, kafir və ya müşrik olsaydı, Peyğəmbər (s) risalətə seçildiyi gün əmisi Abbasla birlikdə Əbu Talibin yanına gedib ona “Ey əmi, Allah-taala məni, işimi açıqlamaqla vəzifələndirdi. Məni peyğəmbər seçdi. Mənə necə yardım edəcəksən?” və ya “Mənə qarşı necə davranacaqsan?” - deyə buyurduqda, Qüreyşin böyüyü, itaət edilən bir şəxs və Rəsuli-əkrəmin (s) himayədarı olduğu halda, yeni bir din gətirən peyğəmbərə qarşı ərəblərin sahib olduğu təəssübkeşliklə o dəqiqə əleyhinə qiyam, təhdid edər və mane olmağa çalışardı! Əgər həzrət Mühəmmədin (s) etiqad və peyğəmbərliyini qəbul etməmiş olsaydı, o zaman ən azı köməyini əsirgəyər, Rəsulullahı qovar, kömək edəcəyi haqda söz verməz, hətta onu həbs belə etdirə bilərdi. Beləcə, dinini qoruyar və dindaşlarını da razı salardı. Necə ki, Azər də qardaşı oğlu İbrahimi (ə) eynilə bu vəziyyətdə rədd etmişdi.

İBRAHİMİN (Ə) BESƏTİN ƏVVƏLLƏRİNDƏ ƏMİSİ AZƏRLƏ SÖHBƏTİ

Allah-taala Quranda xəbər verdiyinə görə, həzrət İbrahim (ə) peyğəmbərliyə seçildikdə əmisi Azərin yanına gedərək belə dedi: “Atacan! Mənim üçün (vəhydən) bir elm gəlmişdir ki, sənə gəlməmişdir. Buna görə mənim tabeliyimdə ol ki, səni düz bir yola hidayət edim “ (”Məryəm” surəsi, ayə 43)

Əmisi cavabında dedi: “Ey İbrahim! Sənmi mənim tanrılarımdan üz çevirirsən?! Əgər bundan əl çəkməsən, səni daşlayacağam və (get) uzun bir müddət məndən uzaq ol!”. (”Məryəm” surəsi, ayə 46)

Amma Əbu Talib (r.ə) yardım istəyən Peyğəmbərə (s) belə buyurmuşdu: “Qalx ey qardaşımın oğlu! Şübhəsiz ki, sən şərafət baxımından ucasan, qəbilə baxımından böyük bir məqama sahibsən, ata baxımından digərlərindən daha yüksəkdəsən. Allah-taalaya and olsun, sənə əziyyət verən hər kəsə qarşı kəskin qılınclarla mübarizə aparacaq, səni qoruyacağam. Allah-taalaya and olsun ki, ərəblər, sahibi qarşısında zəlil olan heyvan kimi sənin qarşında zəlil olacaq və dizə çökəcəklər!”

Xülasə, Əbu Talib (r.ə) Peyğəmbərə (s) mane olmadı, hədələyib həbs etdirmədi, rədd edib qətl etmədi, əksinə, bu gözəl cümlələrlə onu təşviq etdi. Vəzifəsini elan etməsini istədi və ona qorxmamasını söylədi. Bütün gözlərin onun dəvətilə aydınlanmasını arzu etdi. Rəsulullahın (s) bu iddiasında doğruluğunu, əvvəldən də əmin olduğunu və dininin bütün dinlərdən yaxşı olduğunu etiraf etdi.

Zəhmət olmasa, Allahı göz önünə alın, insaf üzrə hökm verin; bu söz və şeirlərin müəllifini kafir, müşrik saymaq düzgündürmü? O, mömin, müvəhhid və Allaha tapınan bir insan deyildimi? Böyük və dəyərli alimləriniz də bu mənanı təsdiq etmişdir.

Dəvətçi: “Süleyman Bəlxi Hənəfinin “Yənabiül-məvəddə” kitabının 52-ci babını mütaliə edin. O, sözügedən kitabında Cahiz Mötəzilinin Əbu Talib (r.ə) haqqında belə dediyini nəql etmişdir: “Qüreyşin şeyxi olan Əbu Talib Peyğəmbərin (s) qoruyucusu, yardımçısı, dərin məhəbbətlə sevəni qəbul etmiş və Peyğəmbərin sirəsi haqqında bir çox şeirlər söyləmişdir”.

İnsaflı, təəssübsüz hər bir insan bir az düşündükdən sonra Əbu Talibin (r.ə) iman gətirdiyini mütləq təsdiq edəcəkdir. Amma Üməyyə övladları Müaviyənin (yeri Cəhənnəm olsun!) əmri üzrə 70 il müvəhhidlərin ağası həzrət Əliyə (ə) və Peyğəmbərin (s) iki dəyərli nəvəsi Həsən və Hüseynə lənət oxudular. Onların əleyhinə saysız-hesabsız hədis uydurdular. Bu səbəbdən çox asan bir şəkildə həzrət Əlinin (ə) atasının da kafir olaraq dünyadan getdiyi və Cəhənnəm əhli olduğu haqda da hədis uydurmaları məlumdur. Hər mövzuda onu incitdikləri kimi, bu mövzuda da o uca vilayət məqamını incitdilər.

Bu hədisi rəvayət edən məlun Müğeyrə ibn Şöbə həzrət Əlinin (ə) baş düşməni və Müaviyənin isə ən yaxın dostu idi. Əbu Talibin (r.ə) iman gətirdiyi hər iki firqədən ağıl sahibləri yanında günəşdən daha aydındır! Xaricilər, nasibilər və onların günümüzə qədər gələn tərəfdarları Əbu Talibin (r.ə) küfrünü iddia edir və qafil xalq da adət üzrə buna inanırlar. Hər şeydən daha qəribə və qəmləndirici məsələ budur ki, küfrlərinə dair bir çox dəlil olan Əbu Süfyan, Müaviyə və Yezidi mömin, hətta Peyğəmbərin (s) xəlifəsi sayır, lakin iman gətirdiyinə dair bir çox dəlil olan Əbu Talibi kafir və müşrik sayırlar!”

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!