37-Cİ MÜNAZİRƏ - II hissə

:

HƏZRƏT ƏLİNİN (Ə) DÜŞMƏNİ KAFİRDİR
Bu dəlillərdən əlavə, öz alimlərinizin həzrət Əlini söyənin və ona düşmən olanın kafir olduğuna dair çox sayda hədis nəql edilmişdir.

Məsələn: Süyuti və imam Sələbi “Təfsir” kitablarında, həmçinin Mirseyid Əli Həmədani “Məvəddətül-qurba”, Əhməd ibn Hənbəl “Müsnəd”, İbn Həcər “Səvaiq”, Xarəzmi “Mənaqib”, İbn Məğazili Şafei “Fəzail”, Süleyman Bəlxi Hənəfi “Yənabiül-məvəddə” və digərləri də öz kitablarında fərqli ibarələrlə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu rəvayət etmişlər: “Əlini, yalnız mömin sevər və ona, ancaq kafir nifrət edər”.
Əvvəlki gecələr qeyd etdiyim kimi, bəzi rəvayətlərdə də “...təkcə münafiq nifrət edər” şəklində qeyd olunmuşdur.
Aydındır ki, hədisdə yer alan “kafir” və “münafiq” kəlmələri həzrət Əlinin (ə) düşməninin odda yanacağına dəlalət edir. Çünki Allah-taala Qurani-məciddə kafir və münafiqlərin yerinin Cəhənnəm olduğunu buyurmuşdur.
Mötəbər kitablarınızda yer aldığı kimi, Peyğəmbər (s) belə buyurmuşdur: “Əliyə qarşı qəzəblənən mənə qarşı qəzəblənmişdir. Mənə qarşı qəzəblənənsə, Allah-taalaya qarşı qəzəblənmişdir”.
Bu cür rəvayətlər o qədər çoxdur ki, mənəvi təvatür dərəcəsinə çatmışdır”.
Şeyx: “Sizin kimi bir şəxsə əshabı ittiham etmək yaraşırmı? Halbuki, Allah-taala bir çox ayədə onları tərifləmiş, müjdələmiş, bağışlamış və onlardan razı olduğunu bildirmişdir. Möminlərin dayısı Müaviyə də dəyərli əshablardandır. Daha doğrusu, bu ayələrin əhatəsindədir. Səhabəyə xəyanət, Peyğəmbərə və Allaha xəyanət deyilmi?!”

PEYĞƏMBƏRİN (S) ƏSHABI ARASINDA YAXŞI İNSANLAR DA VAR İDİ, PİS İNSANLARDA
Dəvətçi: “Unutmadınızsa, əvvəlki gecələr səhabə mövzusunu sizlər üçün açıqladım. İndi də cavabsız qalmasın deyə, qısa olaraq ərz edim ki, heç kim səhabəni mədh edən ayələri inkar etmir. Amma səhabə anlayışına diqqət etsəniz, səhabəni mədh edən ayələrin ümumi bir anlam ifadə etdiyini görərsiniz. Bu ayələr ışığında bütün əshabı təmiz, adil, pisliklərdən pak, günahdan uzaq saya bilmərik.
Firuzabadinin də “Qamus” kitabında dediyi kimi, “səhibəhu” qəlibindəndir və “onunla bir yerdə yaşadı və məşvərət etdi” mənasındadır. Xalq arasında isə “qısa və ya uzun sürən birlik” və “yardım” mənasındada istifadə edilir. Daha doğrusu, bir çox Quran ayəsi bu hədisdə də yer aldığı kimi, Peyğəmbərin (s) əshabı müsəlman və ya kafir, yaxşı və ya pis, təqvalı və ya fasiq, mömin və ya münafiq, Rəsulullahla məşvərət edən kimsələrdir. Bu səbəbdən də səhabə ibarəsini, sadəcə Cənnət əhlini və Allahın razı olduğu kimsələr haqqında istifadə etməyiniz doğru olmadığı kimi, əql və nəqllə də uyğun deyildir.
Mövzunun aydınlaşması və beləcə, haqdan uzaqlaşmış səhabələrin təsirində qalmamağınız və “səhibəhu” “sahib”, “müsahib” və “əshab” kəlmələrinin mömin, kafir, münafiq, yaxşı və pis, ümumi anlamda istifadə edildiyini bilməyiniz üçün, xüsusilə əvvəlkilərə əlavə, bəzi ayə və hədislərə qısa olaraq işarə etmək istəyirəm:
1. “Nəcm” surəsinin 2-ci ayəsində müşriklərə xitabən buyurulur: “Sizin səhabəniz (Peyğəmbər) nə haqq yoldan çixmış, nə də azmışdır”.
2. “Səba” surəsinin 46-cı ayəsində isə buyurulur: “De: “Mən sizə ancaq bir öyüd verəcəyəm: Allah üçün iki-iki və bir-bir qiyam edin! (Allahı nəzərə alaraq Peyğəmbərin barəsində) dərin düşünün. (Görəcəksiniz ki,) sizin yoldaşınızda bir divanəlik əsəri yoxdur. O, qabaqdakı şiddətli əzabla xəbərdarlıq edən bir peyğəmbərdir”;
3. “Əraf” surəsinin 184-cü ayəsində buyurulur: “Məgər düşünmürlər ki, onların yoldaşlarında (Peyğəmbərdə) heç bir cünunluq (dəlilik) əsər-əlaməti yoxdur?!
Misal olaraq zikr etdiyim bu ayələrdən də anlaşıldığı kimi “səhibəhü”, “əshab”, “sahib” və “müsahib” kəlmələri lüğət baxımından müsəlman və ya möminlə əhatəli deyildir; müsəlman, kafir, mömin, münafiq, yaxşı və ya pisliyə də aid edilmişdir. Çünki bildirdiyim kimi, lüğətdə məşvərət edilən adama “müsahib” və “əshab” deyilir. Daha doğrusu, “Rəsulullahın əshabı” dedikdə, ayələrdən də anlaşıldığı kimi Peyğəmbərlə (s) məşvərət edən nəzərdə tutulur. Əlbəttə, Xatəmul-ənbiya (s) ilə məşvərət edənlər və əshabı arasında yaxşı və ya pis, mömin və ya münafiq olan bir çox insan var idi. Əshabı tərifləyən ayələr ümumi anlam ifadə etməz! Əksinə, sadəcə əshabın yaxşılarına aiddir.
Biz də qəbul edirik ki, Peyğəmbərin (s) böyük əshabı böyük peyğəmbərlərdən heç birinin əshabı kimi deyildir. Bədr, Ühüd, Hüneyn və digər döyüşlərdə imtahan vermiş, Rəsulullahın (s) əmri altında nəfsinə qapılmadan mübarizə aparmış, o həzrətdən bir an belə uzaqlaşmamışlar. Lakin əshab arasında pis qəlbli, hiyləgər, münafiq, Peyğəmbər (ə) və Əhli-beytin (ə) düşməni olanlar da çox idi. Məsələn: Abdullah ibn Ubey, Əbu Süfyan, Həkəm ibn As (Rəsulullahın qovduğu Osmanın əmisi), Əbu Hüreyrə, Sələbə, Yezid ibn Əbu Süfyan, Vəlid ibn Uqbə, Həbib ibn Müslim, Səmurə ibn Cündəb, Əmr ibn As, Busr ibn Ərtat, Müğeyrə ibn Şöbə, Müaviyə ibn Əbu Süfyan və xarici Zis-Sədiyyə kimiləri və Peyğəmbərin (s) həyatında və ya vəfatından sonra böyük fitnələr qoparmış, dindən dönmüş və fəsad çıxarmışlar.
Müaviyə bilavasitə Peyğəmbərin (s) lənətlədiyi bir kəsdir. Rəsulullahın vəfatından sonra da fürsət tapdıqda Osmanın qanını bəhanə edib qiyam etmiş, bir çox müsəlman qanının tökülməsinə səbəb olmuşdur. Əmmar kimi təmiz səhabələr, Peyğəmbərin (s) da xəbər verdiyi kimi, bu fitnədə şəhid edilmişdir. Bunu daha əvvəlki gecələrdə təfərrüatı ilə danışmışdım”.
Şeyx: “Qəribədir; Peyğəmbərin (s) əshabının mürtəd olduğunu, fitnə və fəsad çıxartdığını necə söyləyirsiniz?!”
Dəvətçi: “Mən söyləmirəm, ayələr və rəvayətlər bəyan edir; bir az diqqət etsəniz, əsla, təəccüb etməzsiniz. Allah-taala “Ali-İmran” surəsinin 144-cü ayəsində belə buyurur: “İndi o (Peyğəmbər) ölsə bə ya öldürülsə, siz geri dönəcəksinizmi? (Əqidənizdən əl çəkəcəksinizmi?)”.
“Münafiqun” surəsi və digər ayələrdə əshab açıq-aydın qınanılır. Ayrıca Buxari, Müslim, İbn Əsakir, Əhməd ibn Hənbəl, İbn Əbdülbirr və başqa böyük alimlərinizin də rəvayət etdiyi bir çox rəvayətlərdə pis əshab tənqid olunur, kafir və nifaqları fərdi və ya cəm olaraq rəvayət edilir. Vaxt az olduğundan, təəccübünüz aradan getsin deyə, sadəcə bir neçəsinə işarə edəcəyəm. Beləcə, yaxşı səhabələri yaxşı və pis səhabələri isə pis bilməyin lazım olduğunu anlayar və artıq: “həzrət Əlinin (ə) düşmənlərinin, o həzrəti lənətləyənləri, Peyğəmbərin (s) təmiz əshabını və nəslinin qətlə yetirənləri, Allah-taala və Rəsuluna düşmən olanların küfrlərinə dəlil nədir?” – deyə soruşmazsınız.
Buxari iki hədisi bir az fərqli şəkildə Səhl ibn Səd və Abdullah ibn Məsuddan nəql edərək Peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Mən sizdən əvvəl hovuzun kənarında sizi gözləyəcəyəm. Sizdən bir dəstəni görmədikdə: “Ey Rəbbim,əshabım haradadır?” – deyə soruşacağam”? Allah-taala belə buyuracaq: “Səndən sonra nələr baş verdiyini, nə etdiklərini və dində nə hoqqalar çıxartdıqlarını bilmirsən”.
İmam Əhməd ibn Hənbəl “Müsnəd”, Təbərani “Kəbir” isə kitabında İbn Abbasdan nəql edərək Peyğəmbərin (s) belə buyurduğunu yazmışlar: “Sizi Cəhənnəmə düşməkdən uzaqlaşdıran şeyləri sizlərə izah etdim, yenə də deyirəm: oddan çəkinin, Allahın dinini təhrif etməyin. Mən öldükdə sizdən əvvəl Kövsər hovuzuna çatacağam. Orada yanıma gələnlər qurtuluşa çatanlardır. Orada mənə, ilahi əzaba düçar olan bir qrupu göstərərlər. Mən: “Ey Rəbbim, bunlar mənim ümmətimdir” - deyərəm. Belə xitab edilər: “Bunlar səndən sonra mürtəd olaraq, cahiliyyət dinlərinə döndülər”.
Müaviyə və Yezid kimi küfr və nifaqı sabit olan insanları müdafiə etməyə çalışır, müctehid elan edir, küfrlü hərəkətlərini ictihadlarından sayır və təmizə çıxarmaq üçün zəif dəlillərlə istinad edirsiniz. Lakin açıq-aydın dəlillərlə mömin olduğu bəlli olan Əbu Talibi rədd edib, kafir olduğunu elan edirsiniz.
Bilmirəm, nə vaxta qədər sünni qardaşlar bir dəstə xarici, nasibi, Əməvi və tərəfdarlarının təsiri altında qalacaqlar?! Onlara kor-koranə təqlid edəcəklər, inanclarına uyacaqlar?! Onlar sünni müsəlmanların gözünün açılmasını, həqiqətləri aydın şəkildə görmələrini istəmirlər.”

ƏBU TALİBİN İMANINI İSBAT EDƏN DİGƏR DƏLİLLƏR
Peyğəmbərin (s) buyurduğu kimi, Qurani-kərimin bərabəri olan, icması müsəlmanlara höccət sayılan və öz alimlərinizin də rəvayət etdiyi elm, zöhd və təqva əhli olan Əhli-beyt (ə) Əbu Talibin iman əhli olduğunu və dünyada mömin halda ayrıldığını söyləmədilərmi?
Rical alimlərinizin etibarını təyin etdiyi Əsbəğ ibn Nəbatə həzrət Əlidən (ə) belə rəvayət etməmişlərmi?!: “Allaha and olsun ki, atam, babam Əbdülmüttəlib Haşim və Əbdü Mənaf,əsla, bütə sitayiş etməmişdir”.
Yəni bir olan Allaha inanmış, Kəbəyə doğru ibadət etmiş və İbrahimin hənif dininə tabe olmuşlar. Əmirəl-möminin və Əhli-beyti (ə) bir kənara qoyub məlun Müğeyrə, Əməvilər, xaricilər, nasibilər və həzrət Əlinin (ə) baş düşmənlərinin ardıcılı olmanız və Əbu Talibin (r.ə) açıq-aydın sözlərini təvil etməyiniz doğrudurmu?
Əbu Talibin (r.ə) mömin və müvəhhid olduğunu söyləyən həzrət Əlini (ə) təsdiq edən dəlillərdən biri də Rəsulullahla (s) həzrət Xədicənin evlilik xütbəsidir. Sibt ibn Cuzi “Təzkirə” kitabının 11-ci babının 170-ci səhifəsində belə rəvayət edir: “Nikah məclisi təşkil olunduqda Əbu Talib (r.ə) bir xütbə oxudu; bu xütbəsi onun müvəhhid olduğuna və tək olan Allaha inandığına dəlalət edir. Əbu Talib (r.ə) bu xütbədə belə demişdi: “Həmd olsun Allah-taalaya ki, bizləri İbrahimin, İsmayılın, Məd və Muzirin nəslindən etdi. Bizləri öz evinin qoruyucuları etdi. Bizlərə hər kəsin yönəldiyi bir evi əmniyyət yeri olan bir Hərəmi qərar verdi və bizləri onlara hakim etdi...”.
Görəsən, bu dəlillər Əbu Talibin (r.ə) imanına dəlalət edirmi?! Əbu Talib (r.ə), Peyğəmbərin (s) bu işinə və eləcə də 12 yaşındakı oğlu Əlinin ona yardım etməsinə mane olmur, əksinə bilavasitə Rəsuli-əkrəmə yardımçı olmasını əmr edir.

CƏFƏR TƏYYARIN ATASININ ƏMRİ İLƏ İMAN GƏTİRMƏSİ
Alimləriniz öz kitablarında və o cümlədən, İbn Əbil Hədid “Nəhcül-bəlağənin-şərhi” adlı kitabında belə yazmışdır: “Bir gün Əbu Talib (r.ə) məscidə daxil olduqda, Peyğəmbərlə (s) Əlinin (ə) namaz qıldığını gördü. Həmin an yanında olan və hələ müsəlman olmayan oğlu Cəfərə belə dedi: “Sən də əmin oğlunun yanına get və onunla namaz qıl!” Bundan sonra Cəfər də Peyğəmbərin (s) sol tərəfinə keçərək namaza durdu. Əbu Talib (r.ə) daha sonra bu şeiri oxudu:

Əli və Cəfər mənim etibar etdiklərim,
Çətin günlərdə yardımçılarımdır.
Ey Əli və Cəfər! Peyğəmbərə yardımçı olun,
Çünki o, mənim qardaşımın oğludur.
Allah and olsun, Peyğəmbərdən əl çəkməyəcəm,
Çünki Mühəmməd şərəfli və nəcabətlidir.

Tarixçi və alimlərinizin də bildirdiyi kimi, Cəfərin müsəlman olması və Peyğəmbərlə (s) birlikdə namaz qılması belə bilavasitə Əbu Talibin əmri ilə olmuşdur. Daha doğrusu, müşrik və kafir, həm də Qüreyşin rəisi olan Əbu Talib (r.ə) kimi qüdrətli bir atanın böyük bir iddada olan və yeni bir din gətirən qardaşı oğluna və övladlarının belə ona tabe olmasına mane olmaması, hətta təşviq belə etməsi, ağlın qəbul edə biləcəyi bir şey deyildir. Kafir olan bir şəxs oğluna “Get əmin oğluna iman et və ona tabe ol” deyib, özü də ruhi və cismi – bütün gücüylə öz dininin ən böyük düşməni olan  birini dəstəkləyib, ona yadım edərmi? Ey ağıl sahibləri ibrət alın!
Sünni və şiənin – bütün üləmanın rəvayət etdiyi kimi, Qüreyş Haşim oğullarına iqtisadi məhdudiyyət qoyarkən, Əbu Talib (ə) 3-4 il ərzində onu ardıcıl olaraq qorudu. Bütün Haşim övladlarıyla birlikdə öz yardımını Rəsulullahdan (s) əsirgəmədi. Müşriklərin sui-qəsd planından xəbər tutduqda Peyğəmbərin yanına gəlib, onu yuxudan oyadaraq, etibarlı bir yerə aparıb oğlu Əlini (ə) də onun yerinə qoydu. Beləcə, Peyğəmbəri orada yatmış bilən düşmən onu öldürmək istədikdə, Rəsulullahın yerində həzrət Əlini görürdü
Allah xatirinə söyləyin, müşrik bir insan nübüvvət iddiasında olan və müşrikləri zəlalət əhli olaraq qəbul edən bir insanı bu qədər ciddiyyətlə qoruyarmı?
Əlbəttə ki, xeyr! Daha doğrusu, bütün bu fədakarlıqlar və ciddiyyətlər onun iman gəirdiyini göstərir.
İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi”ndə, Sibt ibn Cuzi “Təzkirətul-xəbassil-ümmə”də Məhəmməd ibn Sədin “Təbaqat”ından, o da Vaqididən nəql edərək və Əllamə Seyid Məhəmməd ibn Seyid Rəsul Bərzənci “Kitabul-İslam fil-əmm və ababai-seyyidil-ənam” kitabında (İbn Səddən nəql edərək) İbn Əsakir və digərləri də səhih sənədlərilə Məhəmməd ibn İshaqdan həzrət Əlinin (ə) belə buyurduğunu rəvayət edir: “Atam Əbu Talib (r.ə) vəfat etdikdə Peyğəmbərə (s) xəbər verdim. Rəsulullah (s) hönkür-hönkür ağladı və mənə belə buyurdu: “Get onu yu kəfənlə, məzara qoy, Allah-taala onu əfv və rəhmət etsin!”
Allah xatirinə insafla hökm verin, İslamda kafir yuyulurmu? Kəfənlənirmi? Peyğəmbəri-əkrəmin (s) kafirlər üçün əfv və rəhmət dilədiyi söylənilə bilərmi? Hətta söylənildiyinə görə, Rəsulullah günlərcə evindən çıxmadı və onun üçün Allahdan mərhəmət dilədi. Görəsən, Peyğəmbər (s) Quranda Allah-taalanın belə buyurduğunu görməmiş ola bilərmi?: “Heç şübhəsiz, Allah özünə şirk qoşanları bağışlamaz; bundan başqa olan (günahları) isə dilədiyi kəs üçün bağışlar...” (”Nisa” surəsi, ayə 116)
Allah-taala açıq şəkildə müşrikləri bağışlmayacağını söylədiyi halda, Peyğəmbər (s) müşrik üçün bağışlanma diləyə bilərmi? Halbuki, müşrik üçün əfv və rəhmət diləmək haramdır. Ayrıca, yumaq və kəfənləmək də müsəlmanlara aiddir, kafirlər üçün caiz deyildir. Rəsulullahın (s) Əbu Talib (r.ə) üçün bağışlanma diləməsi və həzrət Əliyə (ə) yuyub-kəfənləməsini əmr etməsi, onun Allaha iman və təslimiyyətinə açıq-aydın dəlildir.
Haqq və insaf gözüylə baxın! Sibt ibn Cuzinin “Təzkirə” kitabını oxuyun və orada həzrət Əlinin (ə) atası haqqındakı bu ağlayıb-oxşamasını oxuyun:

Ey Əbu Talib, sığınanların sığınacağı,
Çətinə düşənlərə rəhmət, qaranlıqlara işığ idin.
Ölümünlə himayəndə olanlar zəif vəziyyətə düşdü,
Allahın rəhməti sənə nazil oldu, səni Cənnətə apardı.

Görəsən, tövhid abidəsi Əmirəl-möminin Əli (ə) kimi bir şəxsin, kafir bir insan üçün bu şəkildə ağlayıb-oxşaması inandırıcı bir işdirmi?
Bütün bu dəlillər Əbu Talibin (r.ə) mömin olaraq öldüyünə dəlalət edir. Yoxsa, Peyğəmbər (s) onun yuyulmasını, kəfənlənməsini, dəfn edilməsini istəməz, ona ağlamaz və Allahdan bağışlanma diləməzdi. Halbuki, Peyğəmbər (s) də, təkcə Allah üçün sevər və təkcə Allah üçün nifrət edərdi; dostluğu və düşmənçiliyi Allah üçün idi. Peyğəmbər (s), müşrik və üsyankar olan birinə, əmisi olduğu üçün ağlamazdı və rəhmət diləməzdi.”
Şeyx: “Əgər Əbu Talib (r.ə) müsəlman idisə, nə üçün Həmzə, Abbas və digər qardaşları kimi iman gətirdiyini açıqlamadı?”
Dəvətçi: “Şübhəsiz, Abbas, Həmzə və Əbu Talib arasında böyük bir fərq vardır. Çünki Həmzə bütün Məkkə əhlinin qorxduğu cəsur və güclü bir insan idi. Əlbəttə, onun İslama iman gətirdiyini zahir etməsi Peyğəmbəri (s) düşmənlərin şərrindən qorumuşdur.

ABBASIN İMANI GİZLİCƏ İDİ
Amma Abbas müsəlman olduğunu dərhal aşkar etmədi. Bu səbəbdən İbn Əbdülbirr “İstiab” kitabında belə rəvayət edir: “Abbas Məkkədə müsəlman oldu, amma xalqdan bunu gizlətdi. Peyğəmbər (s) hicrət etmək istədikdə, o da Rəsulullahla birlikdə getmək istədi, amma Peyğəmbər ona Məkkədə qalmasını buyurdu. O, Məkkədən xəbərləri Rəsulullaha çatdırırdı. Bədr döyüşündə kafirlər Abbası özlərilə gətirdilər, məğlub olduqda Abbas da əsir düşdü. Xeybər günü vəziyyət münasib olduqda, o, iman gətirdiyini açıqladı”.
Şeyx Süleyman Bəlxi Hənəfi də “Yənabiül-məvəddə” nin (İstanbul çapı) 56-cı babının əhatəsində Şərif Əbu Cəfər Əhməd ibn Abdullah əhatəsində Təbəri Şafeinin “Zəxariul-üqba” və Əbülqasim İlahinin “Fəzail” kitablarından nəql edərək belə yazır: “Elm əhli Abbasın əvvəlcədən müsəlman olduğunu bilir. Amma Abbas iman gətirdiyini gizlədirdi. Bədr günü Peyğəmbər (s) Abbasın öldürülməməsini əmr etdi. Çünki o, istəmədən, kafirlərin təzyiqi altında döyüşə qoşulmuşdu. Rəsulullahla hicrət etmək istədiyi halda, Peyğəmbər (s) onun Məkkədə qalmasını və onu məlumatlandırmasını istəmişdi. Əbu Rəfi, Abbasın İslamı seçib izhar etdiyini xəbər verdikdə onu azad buraxdı”.

ƏBU TALİBİN İMANINI GİZLƏTMƏSİNİN SƏBƏBİ
Amma Əbu Talib (r.ə) əgər iman gətirdiyini aşkar etmiş olsaydı, artıq iş bitərdi. Çünki o zamanlar Peyğəmbərin (s) yardımçısı yox idi. Daha doğrusu, bütün Qüreyş və ərəblər Haşim övladları əleyhinə qiyama qalxar və risaləti yox edərdi. Bu səbəbdən Əbu Talib (r.ə) iman gətirdiyini gizlətdi  və Qüreyşə mane olmağa çalışdı. Onlar da Əbu Talibə ehtiram olaraq çiddi qərarlar qəbul edə bilmirdilər. Beləcə, iman gətirdiyini aşkar edə biləcəyi bir zaman gözləyirdi. Belə oldu. O, həyatda olduğu müddətdə Peyğəmbər (s) könül rahatlığı içində vəzifəsini yerinə yetirdi. Əbu Talib besətin 10-cu ilinin axırlarında vəfat etdikdə Cəbrail (ə) nazil olaraq belə ərz etdi: “Məkkədən çıx, Əbu Talibdən sonra artıq sənə yardım edəcək kimsə yoxdur”.
Şeyx: “Görəsən, Əbu Talib Peyğəmbər (s) zamanında İslamı seçdiyini açıqlamışdımı? Ümmət bunu bilirdimi?”
Dəvətçi: “Bəli, bilirdi. Bütün ümmət onun adını ehtiramla yad edirdi”.
Şeyx: “Peyğəmbər (s) dövründə müsəlman olduğu bilinirdisə, necə oldu ki, 30-il sonra (sizin fikrinizə əsasən) uydurulan bir hədis məşhurlaşdı və gün kimi aydın bir həqiqət aradan getdi?!”
Dəvətçi: “Bu, İslamda qırılan ilk şüşə (aradan gedən ilk həqiqət) deyildir. Peyğəmbər (s) dövründə bir çox hadisə, bilindiyi halda, sonradan uydurulan hədislərlə ortadan qaldırılmışdır. Hətta bir çox dini hökmlər belə illər keçdikdən sonra bəzilərini diktəsi ilə dəyişmiş və başqa bir şəklə salınmışdır”.
Şeyx: “O çoxlardan birini misal göstərə bilərsinizmi?”

Ardı var ...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!