4-CÜ MÜNAZİRƏ - III hissə

:

ŞİƏLİK MƏQAMININ İZAHI HAQQINDA AYƏ VƏ RƏVAYƏTLƏR

Qısaca desək alim, hafiz, mühəddis olan və alimlərinizin də onunla iftixar etdiyi belə bir kəs, öz sənədi İlə mötəbər kitabı «Hilyətul-övliya»da İbn Abbasdan belə nəql edir:


«Bəyyinə» surəsinin 7-8-ci ayələri [1]

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ  جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِى مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِىَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِىَ رَبَّهُ 

‒ nazil olduqda, Rəsulallah (s) Əli ibn Əbu Talibə xitabən belə buyurdu: «Ya Əli! «xəyrül-bərriyə»dən (yaradılmışların ən xeyirlilərindən) məqsəd, sən və sənin şiələrindir. Qiyamət günü sən və şiələrin, Allahın sizdən, sizin də Allahdan razı və xoşhal olduğunuz halda gələcəksiniz».

Əbul Müəyyid Müvəffəq ibn Əhməd Xarəzmi «Mənaqib» kitabının 17-ci bölümündə, sizin böyük müfəssirlərinizdən olan Hakim Əbülqasım Ubeydullah ibn Abdullah əl-Həskani «Şəvahidut-tənzil fi qavaidil-təfsil» və Məhəmməd ibn Yusif Gənci əş-Şafei «Kifayətut-Talib», Sibt ibn Cuzi «Təzkirətul-xuvasul-uməti fi mərifətil-əimməti» kitabında, məxsusən Hakim rəvayət etmişlər ki, (sizin böyük alimlərinizdən olan) Hakim Əbu Abdullah Hafiz, mərfu[2] bir sənədlə bizə xəbər verdi ki, Əmirəl-möminin Əli ibn Əbu Taliibin (kərrəməllah vəchəhu) katibi Yezid ibn Şərahil o həzrətin belə buyurduğunu eşdiyini nəql edir: «Xatəmul-ənbiya (s) vəfat anında, mübarək kürəyi köksümün üzərində ikən, buyurdu: «Ya Əli! Allah-taalanın; «İman gətirib saleh əməldə olanlar, yaradılmışların ən xeyirliləridir» buyurduğunu eşitmədinmi? Bax, onlar sənin şiələrindir; mənimlə sizin görüş yeriniz Kövsər hovuzunun kənarıdır. Bütün ümmət hesab üçün toplaşdıqda, «غراً محخلين»[3] – deyə çağrılacaqsınız».

Yenə iftixar edilən alimlərinizdən olan və Hicri IX əsrdə əhli-sünnə və camaat firqəsinin yenidən yaradıcısı olaraq tanınan Cəlaluddin Süyuti, «Dürrül-Mənsur fi kitabillahi bil-Məsur» təfsirində zamanın fəzilətlilərindən və böyük alimlərinizin etibar etdiyi şəxslərdən olub, İbn Əsakiri Dəməşqi[4] adıyla məşhur olan Əbülqasim Əli ibn Həsəndən, o da Peyğəmbərin (s) böyük əshabından olan Cabir ibn Abdullah Ənsaridən o həzrətin belə dediyini nəql edir: «Rəsulullahın (s) hüzurunda olduğumuz bir vaxta Əli ibn Əbi Talib (ə) otağa daxil olduqda, Peyğəmbər buyurdu: «Canım əlimdə olana and olsun ki, bunun (Həzrət Əliyə işarə) şiələri qiyamət günü qurtuluşa yetişəcəklər». Bu əsnada zikr edilən ayə (İnnəlləzinə amənu…) nazil oldu».

«Mənaqibi-Xarəzmi»nin ΙX bölümündə Cabir ibn Abdullahdan belə nəql edilmişdir: «Rəsulullahın (s) hüzurunda idik. Əli (ə) bizə doğru gəldi, Peyğəmbər, «Qardaşım Əli yanınıza gəldi» buyurdu. Sonra Kəbəyə tərəf yönəldi və Əlinin (ə) əlini tutub, belə buyurdu: «Canım əlində olana and olsun ki, bu Əli və şiələri qiyamət günü qurtuluşa çatanlardırlar».

Rəsulallah (s) daha sonra belə buyurdu: «Əli hamınızdan daha əvvəl iman gətirdi; O, Allahın əhdinə vəfalı olanlardandır. Xalqın və sizin aranızda ən adili, ən gözəl və bərabər bölüşdürən və Allah qatında məqamı ən uca olandır».

Bu əsnada daha əvvəl zikr olunan ayə nazil oldu; artıq o zamandan etibarən, Əli (ə) bir qrup camaatın arasında göründükdə, Peyğəmbərin əshabına; «Yaradılmışların ən xeyirlisi gəldi» dediyini nəql edirlər.

Yenə sizin müvəssəq[5] alimlərinizdən olan Mir Seyid Əli Həmədani əş-Şafei «Məvəddətül-qubra» kitabında və təəssübkeş İbn Həcər «Səvaiqül-mühriqə»də həzrət Peyğəmbərin (ə) möhtərəm zövcəsi və möminlərin anası Ümmü Sələmədən Rəsulullahın belə buyurduğunu nəql etmişlərdir: «Ya Əli! Sən, əshabın və şiələrin cənnətdə olacaqsınız; sənin düşmənlərin isə, cəhənəm atəşindədirlər».

Söhbət bu yerə yetişdikdə, əzan səsi eşdildi, ağalar namaz qılmaq üçün ayağa durdular. Namaz qıldıqdan sonra çay içməklə məşğul olunduğu vaxda camaat namazını qılmaq üçün məscidə gedən möhtərəm Seyid Əbdülhəyy ağa da namazı qılıb, geri döndü və «Ev yaxın olduğu üçün bu bir neçə cild kitabı da özümlə gətirdim. Bunlar, «Təfsiri-Süyuti», «Məvəddətül-qurba», «Müsnədi Əhməd ibn Hənbəl» və «Mənaqibi-Xarəzmi»dir» – dedi[6].

Kitabları açıb eyni söylənilən hədislər və məsələni təsdiq edən digər bir neçə hədis də oxundu. Ağaların rəngi dəyişdi, xüsusiylə öz tərəfdar və müridlərinin yanında məhcub[7] olduqları diqqət çəkirdi. Bu vaxt bir az öncə zikr edilən hədisi «Məvəddətül-qurba» kitabında oxudular; üstəlik yeni qarşılaşdıqları digər iki hədisi də oxudular. Rəvayət edilir ki, Rəsulallah (s) belə buyurdu: «Ya Əli! Yaxın bir zamanda sən və şiələrin Allahın sizdən, sizin də Allahdan razı olduğunuz bir halda Onun huzurunda olacaqsınız, düşmənlərin isə qəzəbli və (boyunlarında halqalar olduğuna görə) başları yuxarı doğru bir halda Allahın huzuruna olarlar».

Dəvətçi: «Baxın bunlar Qurani-kərim və öz kitablarınızda yazılmış olan sağlam hədislərlə təsdiq olan və qısaca olaraq nəql etdiyimiz möhkəm dəlillərdir. Əgər sabaha qədər əzbərdən və qarşınızdakı bu kitabların üzündən hədəf və məqsədi isbat etmək istəsəm, Allahın yardımıyla buna qadirəm. Guman edirəm ki, anlaşılmazlıqların aradan aparılması üçün misal olaraq nəql etdiyimiz bu qədər rəvayət yetərlidirsə, qardaşlar artıq bundan sonra düşmənlərin azğın sözlərini gərək dillərinə gətirməsinlər. Xaricilər, nasibilər və Bəni-Üməyyənin uydurduqları sözlərə uyaraq, hər şeydən xəbərsiz avam xalqa, «Şiəliyi quran yəhudi Abdullah ibn Səbadır» – deyərək, məsələni yanlış olaraq onlara bildirməyin.

Möhtərəm ağalar, biz şiələr yəhudi deyilik; biz Mühəmmədiyik. Həzrət Əlinin (ə) ardıcıllarını «şiə» adlandıran da, məlun Abdullah ibn Səba deyil; Rəsulullahın (s) şəxsən özüdür. Biz Abdullah ibn Səbanı münafiq və məlun bir kəs bilirik. Dəlil və sübutsuz da, heç bir fərd və ya dəstəyə uymayın.

Sizin dediyiniz kimi, həzrət Əlinin (ə) təqibçilərinin şiə olaraq adlandırılması, Osmanın zamanında olmamışdır. Rəsulullahın (s) öz zamanında o həzrətin xas səhabəsinə «şiə» söyləyirdilər. Çünki Hafiz Əbu Xatəmi Razi alimlər arasında etibar edilən kəlamların təfsirinə yazdığı «Əz-zinət» kitabında belə yazır: «İslamda Rəsulullahın (s) öz zamanında ortaya çıxan ilk ad «şiə»dir. Əshabdan dörd nəfəri «şiə» ləqəbiylə çağırırdılar: Əbuzər Qəffari; Salman Farsi; Miqdad ibn Əsvədi Kəndi və Əmmar ibn Yasiri.

Qardaşlar düşünün, əgər bu termin bidət olsaydı, Rəsulullahın zamanında həzrətin məxsus əshabından olan dörd nəfəri «şiə» ləqəbiylə çağırmaları və Peyğəmbərin (s) də bu kəlmənin bidət olduğunu bilib, onları nəhy etməməsi mümkündürmü?! Bu səbəbdən, onların ‒ Əli şiələrinin qurtuluş əhli olduğunu həzrət Peyğəmbərin (s) bilavasitə özündən eşitmiş olduqları məlum olur. Baxın, buna görə belə bir məqamla iftixar edirdilər və əshab, aşkar şəkildə onları şiə adıyla çağırırdı».

Ardı var ...

[1]  «İman gətirib saleh əməllər edənlər isə, yaradılmışların ən xeyirliləridirlər. Rəbbləri yanında onların mükafatı, içində ağacları altından çaylar axan Ədn cənnətidir. Allah onlardan razı, onlar da Allahdan razıdırlar». 

[2]   Rəvayəti nəql edənlərin adı söylənilmədən hədisi bir məsumdan nəql etmək.

[3]    Əl və dəstamaz əzaları nurlu olanlar.

[4]   İbn Xəllakan «Vəfəyatul-əyan», Zəhəbi «Təzkirətül-Huffaz», Xarəzmi «Ricali müsnədi Əbu Hənifə» və «Təbəqati-Şafeiyyə»də Hafiz Əbu Said öz tarixində onu tərifləmiş və etibarlı şəxs olduğunu söyləmişlər. İbni Əsakir öz zamanında hədis əhli imamı, elmi çox, etibarlı və təqvalı bir şəxs və 550-ci ildən əhli-sünnət camaat alimləri arasında ən elmli imiş. 

[6]    Adı çəkilən kitablar, son gecəyə qədər Dəvətçinin yanında qaldı.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!