13-CÜ MÜNAZİRƏ - III hissə

:

HƏZRƏT ƏLİNİN NÜBÜVVƏT MƏQAMI VƏ «MƏNZİLƏT HƏDİSİ»
Həzrət Əlinin nübüvvət məqamına sahib olduğuna dair ilk dəlil «mənzilət» hədisidir. Bu hədis həm sizin həm də bizim qaynaqlarımızda bir neçə kəlmə fərqlə mütəvatir olaraq nəql edilmişdir.

Bu hədisə görə Peyğəmbərmiz (s) dəfələrlə müxtəlif tədbirlərdə həzrət Əli (ə) haqqında belə buyurmuşdur: «Mənə nisbətdə Harunun Musaya olan mənzilətində (dərəcəsində) olmağa ‒ bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur ‒ razı deyilsənmi?».
Bəzən də əshaba belə buyurmuşdur: «Əli mənə nisbətdə, Harunun Musaya olan mənzilətindədir».
Hafiz: «Bu hədisin doğruluğu bəlli deyildir. Çünki “xəbəri-vadid”dir; (yəni bir nəfər tərəfindən nəql edilmişdir) və “xəbəri-vahid”ə də etibar edilməz.
Dəvətçi: «Hədisin doğruluğuna dair söylədikləriniz ya bu mövzuda kitabları az oxumağınızdan qaynaqlanır və ya bilərəkdən xəta edir əql və məntiq qarşısında təslim olmaq istəmirsiniz. Sizin məlumunuz olsun ki, hədisin doğruluğu hər kəs tərəfindən qəbul edilməkdədir. Bu hədisin inkarı və ya “xəbəri-vahid” olduğunu söyləməyinizin səbəbi ərz etdiyim kimi ya hədis kitabları haqqındakı məlumatın azlığıdır və ya inadkarlıqdır. Amma ümid edirəm ki, bizim məclisimizdə inadkarlıq olmayacaq.
Mən mövzunun aydınlığa qovuşması və məclisdə iştirak edənlərin və etməyənlərin bu mövzuya olan bəsirətlərinin artması üçün zehnimin imkan verdiyi qədər sizin mötəbər hədis kitablarınızdan istifadə edərək, məsələni izah etməyə çalışacağam. Bu hədisin xəbəri-vahid olmadığı kimi, sizin Süyuti, Hakimi-Nişapuri və sairə bir çox tanınmış alimlərinizin də müxtəlif tarixi sənədlərlə isbatladığı mütəvatir bir hədisdir:
1. Əbu Abdullah Buxari «Məğazi»nin 54-cü səhifəsində «Təbuk müharibəsi» bölümündə, yenə eyni müəllifin Səhihinin «Bədul-xəlq» kitabının 135-ci səhifəsində «Mənaqibi-Əli» (ə) qismində.
2. Müslim ibn Həccac Səhihinin ΙΙ cildinin 236-237-ci səhifələrində (Misir çapı h. 1290), «Fəzlüs-səhabə» kitabının «Fəzaili-Əli (ə)» babında.
3. İmam Əhməd ibn Hənbəl «Müsnəd» kitabının Ι cildinin 98, 118 və 119-cu səhifələrində «Vəch təsmiyəi-Həsənəyn» bölümündə, yenə eyni kitabın 5-ci cüzünün 31-ci səhifəsinin haşiyəsində.
4. Əbu Əbdürrəhman Nəsai «Həsaisul-Ələviyyə»sinin 19-cu səhifəsində 18-ci hədisi nəql etmişdir.
5. Hafiz ibn Həcər Əsqalani «İsabə» kitabının ΙΙ cildinin 507-ci səhifəsində.
6. Cəlaləddin Süyuti «Tarixi-xüləfa» kitabının 65-ci səhifəsi
7. İbn Əbdülbirr «İstiab»ın ΙΙ cildinin 473-cü səhifəsində, Məhəmməd ibn Səd Katibi Vaqidi «Tabaqatul-Kubra»da.
8. İmam Fəxri Razi «Məfatihul-qeyb» adlı təfsirində.
9. Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 9 və 17-ci bablarında, xüsusilə 6-cı və 18-ci bablarında Buxari, Tirmizi, Müslim, Əhməd, İbn Macə, İbn Məğazili və Xarəzmidən on səkkiz hədis nəql etmişdir.
10. Mövla Əli Müttaqi «Kənzul-ümmal»ın VΙ cildinin 152 və 153-cü səhifələrində.
11. Əhməd ibn Əli əl-Xətib Bağdadi «Tarixi-Bağdad»da.
12. İbn Məğazili əş-Şafei «Mənaqib»də.
13. Müvəffəq ibn Əhməd Xarəzmi «Mənaqib»ində
14. Əlaud-dövlə Əhməd ibn Məhəmməd «Urvətul-Vusqa»da.
15. Əbul-Qasım Hüseyn ibn Məhəmməd (Rağibi İsfahani) «Muhazirətul-üdəba»nın ΙΙ cildinin 212-ci səhifəsinda.
Bunlardan əlavə, sizin bir çox alimləriniz bu hədisi həzrət Peyğəmbərin (s) əshabından müxtəlif ibarələrlə nəql etmişlər.
Sözügedən hədisi nəql edən səhabələrin bəziləri bunlardır:
1. Ömər ibn Xəttab. 2. Səd ibn Əbi Vəqqas. 3. Abdullah ibn Abbas (Hibri ümmət). 4. Əbdullah ibn Məsud. 5. Cabir ibn Abdullah Ənsari .6. Əbu Hüreyrə. 7. Əbu Səid Xudri .8. Cabir ibn Səmurə. 9. Malik ibn Huveyris.10. Bərra ibn Azib. 11. Ümmü Sələmə (Peyğəmbərin xanımı). 12. Əsma binti Ümeys (Əbu Bəkirin xanımı). 13. Müaviyə ibn Əbu Süfyan.
Bunların hamsı cüzi bir fərqlə Rəsuli-Əkrəmin belə buyurduğunu nəql etmişlər: «Ya Əli! Sən mənə nisbətdə Harunun Musaya olan mənzilət və nisbəti kimisən; bu fərqlə ki, məndən sonra bir peyğəmbər yoxdur».
Sizcə, bu qədər əhli-sünnə alimlərinin bu hədisi həzrət Peyğəmbərin səhabələrindən bir çoxuna isnad edərək nəql etmələri, bu hədisin mütəvatir olduğuna dair dəlil deyildirmi?
Cəlaləddin Süyuti «Risalətul-əzharil-mütənasirəti fil əhadisil-mütəvatirə»də bu hədisi mütəvatir hədislər sırasında qeyd etmişdir; «İzalətul-xifa və qurrətul-əyneyn»də də bu hədisin mütəvatir olduğunu təsdiq etmişdir.
Həkim Nişaburi də; «Bu, təvatür həddinə yetişən bir hədisdir» – demişdir.
Belə zənn edirəm ki, bu hədisin səhihliyi və mütəvatir olduğuna dair olan şübhələri aradan aparmaq üçün daha çox dəlil gətirməyə ehtiyac yoxdur.
Hafiz: «Gətirdiyiniz bu səhih və etibarlı dəlillər qarşısında təslim oluram. Mən o qədər imansız və inadkar deyiləm. Amma böyük alim və mütəkəllim olan Əbul-Həsən Amudi dəlillərlə bu hədisi rədd etmişdir. Lütfən bunu üzərində bir az düşünün».
Dəvətçi: «Sizin kimi insaflı bir alimin, mənim, əhli-sünnənin ümumisinin qəbul etdiyi böyük alimlərdən gətirdiyim dəlillərin qarşısında, Amudi kimi əqidəsiz və namazı tərk edən birinin sözlərinə diqqət etməsi həqiqətən məni təəccübləndirir».
Hafiz: «Siz buyurdunuz ki, bu hədisi nəql edənlərdən biri də Ömər ibn Xəttabdır (r.z) mümkünsə sənədini də söyləyin».

ÖMƏR İBN XƏTTABDAN MƏNZİLƏT HƏDİSİNİN SƏNƏDİ
Dəvətçi: «Əbu Bəkr Məhəmməd ibn Cəfəri əl-Mütəyri və Əbul-Leys Nəsr ibn Məhəmməd Səmərqəndi əl-Hənəfi «Məcalis» kitabında, Məhəmməd ibn Əbdürrəhman Zəhəbi «Riyazun-nəzrə»də, Mövla Əli Müttəqi «Kənzul-Ümmal»da, İbn Səbbağ Maliki «Fusulul-muhimmə»nin 125-ci səhifəsmndə «Xəsais»dən nəqlən, İmamul-Hərəm «Zəxairul-üqba»da, Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»də, İbn Əbil-Hədid «Şərhi nəhcul-bəlağə»nin ΙΙΙ cildinin 258-ci səhifəsində «Nəqzul-Osmaniyyə»dən və Şeyx Əbu Cəfər İskafi bir neçə kəlimə fərqiylə İbn Abbasdan belə dediyini nəql etmişlər:
–Bir gün ÖmərXəttab belə dedi: «Əlinin adını (yəni onun qeybətini etməyi) buraxın. Çünki mən Peyğəmbərdən; «Əlidə üç xüsusiyyət vardır» buyurduğunu eşitdim; əgər onlardan biri mən Ömərdə olsaydı, günəşin üzərinə doğduğu her şeydən mənim üçün daha sevimliydi».
Sonra sözünə belə davam etdi: «Mən, Əbu Bəkir, Əbu Ubeydə ibn Cərrah və Rəsulullahın əshabından bir qrup şəxslər Həzrətin (s) hüzurundaydıq. Rəsulullah da Əli ibn Əbu Talibə söykənib oturmuşdu. O, bu vaxt Əlinin çiyninə vuraraq belə buyurdu: «Ya Əli! Sən iman gətirmək baxımından möminlərin ilkisən, İslam baxımından da müsəlmanların ilkisən».
Sonra yenə belə buyurdu: «Ya Əli! Sən mənə nisbətlə Harunun Musaya olan mənziləti kimisən; sənə düşmən olduğu halda məni sevdiyini söyləyən yalan söyləmişdir».
Sizin məzhəbinizdə xəlifə Ömərin sözünü rədd etmək caizdirmi? Əgər caiz deyilsə, o zaman nə səbəbdən Amudi kimi halı hər kəsə məlum olan birinin bəsit sözlərini nəzərə alırsınız?

XƏBƏRİ-VAHİDİN ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏKİ HÖKMÜ
Bu mövzu ilə əlaqədar sizin bir sualınız cavabsız qaldı. O da, budur ki, buyurdunuz: «Bu hədis xəbəri-vahiddir və xəbəri-vahidin də etibarı yoxdur».
Əgər biz, bu sözü söyləsək, əlimizdəki olan rical ölçülərinə görə doğrudur. Amma bunu sizin söyləməniz həqiqətən təəccüblü bir şeydir. Çünki sizin məzhəbinizdə “xəbəri-vahid”in höcciyyəti sabitdir. Çünki sizin mühəqqiq alimləriniz “xəbəri-vahid”i inkar edənin kafir və ya fasiq olduğunu söyləmişlər. Məsələn: Məlikul-üləma Şəhabuddin Dövlətabadi «Hidayətüs-süəda»da belə demişdir:
«Kim “xəbəri-vahid” və qiyası inkar edər və onların höccət olmadığını söylərsə, kafir olar. Amma əgər bir adam; «Bu “xəbəri-vahid” səhih və bu qiyas sabit deyildir» – söylərsə, kafir olmaz; amma fasiq olar».
Hafiz: «Gözəl bəyanınız və əhli-sünnə kitabları haqqındakı geniş məlumatınıza görə çox şad oldum. Bizə isə “şiə alimlərinin əhli-sünnə kitablarını oxumaq üçün əllərinə almaq istədikləri zaman, əlləri bu kitablara dəyməsin deyə bir bir bez parçasıyla tutulmalıdır” – söyləyirlər».
Dəvətçi: «Bu sözlərin doğruluğuna dair heç bir dəlil yoxdur. Bunlar, qərbin və yerli şeytanların, suyu bulandıraraq müsəlmanların arasındakı ixtilafdan öz məqsədlərinə istifadə etmək üçün gizli əllər vasitəsi ilə icad etdikləri sözlərdir. Bu mövzuda sizin və bizim vəzifəmiz davamlı olaraq xalqı oyatmaqdır.
Qurani-kərim «Hucurat» surəsinin 6-cı ayəsində müsəlmanlara belə xatırladır: «Ey insanlar! Sizə fasiq (yoldan çıxmış) bir adam bir xəbər gətirsə, onun doğruluğunu araşdırın. Yoxsa bilməyərək bir cəmiyyətə qarşı pislik etsəniz, sonra da etdiyinizdən peşman olarsınız».
Biz alimlər bundan qafil olmamalıyıq. Əgər Allahın bu göstərişi ağalar üçün bir meyar olsaydı, eşidikləri iddialar onlarda təsir buraxmaz və bu gün peşmanlığa səbəb olmazdı.
Biz kafir, müşrük və mürtədlərin kitablarını alıb oxuyarkən əlimizə bez geymirik, necə ola bilər ki, müsəlman qardaşlarımızın kitablarına həqarət gözüylə baxaq! Sizin buyurduğunuzun əksinə, biz sizin böyük alimlərinizin mötəbər kitablarını dəqiq bir şəkildə oxuyur və səhih sənədlərə sahib olan hədisləri qəbul edirik. Elmi və məntiqi ixtilafların, məzhəb və etiqatla hər hansı bir bağlantısı yoxdur.
Görəsən, sizin, şiə tələbələrinin “sərf”, “nəhv”, “məani”, “bəyan”, “məntiq”, “lüğət”, “təfsir” və “kəlam”da sizin alimlərinizin yazdığı kitablardan istifadə etdiklərindən xəbəriniz yoxdurmu? Bu halda necə ola bilər ki, onlar kitabları hər hansı bir vəsilə ilə yerdən qaldırmış olsunlar.
Əlbəttə, sizin nəql edilmiş hədislərinizin sənədində yer alan bəzi raviləriniz qəbul olunmazdırlar, onların sözlərinə etina edilməz. Ənəs, Əbu Hüreyrə, Səmurə və s., daha əvvəl də ərz etmişdim. Çünki sizin alimlərinizdən bəziləri də onları rədd etməkdədirlər; Əbu Hənifə də bunlardan birisidir. Biz də yuxarıda adı zikr edilən şəxslərdən nəql etmiş hədisləri qəbul etməməkdə və rədd etməkdəyik. Bunların xaricində sizin mühəqqiq alimləriniz tərəfindən yazılmış elmi kitablar üzərində diqqətlə durmaqdayıq. Xüsusilə mənim, Həzrət Peyğəmbər və Əhli-beytin həyatları üzərində araşdırdığım ən çox oxuduğum və qaynaq kimi əsas götürdüyüm kitablar, sizin kitablarınız olmuşdur.
Öz şəxsi kitabxanamda, 200-cild əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitabları mövcudur və mən araşdırmalarımda bunlardan istifadə edirəm. Amma bizim alimlərimiz sərraf kimidir və bu kitablardakı doğru və yanlışları bir-birindən ayırd edirlər; Fəxri Razilərin, İbn Həcərlərin, Ruzbehanilərin, Amudilərin və İbn Teymiyyələrin şübhə və iradlarına aldanmayır və onların yanlış fikirlərinin təsiri altına düşmürlər.
Lütfən səmimi qəbul edin ki, mənim həzrət Peyğəmbərin Əhli-beytinə və məsum imamların məqamına olan yaxın dərəcədə mərifətim daha çox sizin mötəbər kitablarınızı oxumağım sayəsində olmuşdur».
Hafiz: «Mövzudan çox uzaqlaşdıq, lütfən siz mənzilət hədisinin həzrət Əlinin nübüvvət məqamına necə dəlalət etdiyini və Əlinin (kərrəməllahu vəchəhu) hansı yolla nübüvvət məqamına sahib olduğunu açıqlayın».
Dəvətçi: «Bizə mütəvatir olaraq yetişən bu hədisi şərifdən, Əmirəl-möminin həzrət Əli (ə) üçün üç xüsusiyyət sabit olmaqdadır:
1-Məna və həqiqətdə Həzrət üçün olan nübuvvət məqamı .
2-Həzrət Peyğəmbərdən sonra zahiri xilafət və rəhbərlik məqamının o həzrətə yetişməsi.
3-Həzrət Əlinin bütün əshabdan və digər insanlardan üstün olması.
Çünki həzrət Peyğəmbər (s) mənzilət hədisi ilə həzrət Əlinin, həzrət Harunun mənzilətinə (məqamına, dərəcəsinə) sahib olduğunu açıqlamışdır. Harun (ə) da nübüvvət və həzrət Musanın xəlifəsi olmaq məqamına sahib olmaqla Bəni-İsraildən üstündü.
Nəvvab: «Möhtərəm qardaşımız bağışlayın; həzrət Musanın qardaşı Harun (ə) görəsən, nəbi idimi?».
Dəvətçi: «Bəli, həzrət Harun nübüvvət məqamına sahibdi».
Nəvvab: «Qəribədir, mən indiyə qədər eşitməmişdim. Görəsən, Quranda da sizin bu sözünüzü təsdiqləyən bir ayə vardırmı?».
Dəvətçi: «Bəli, bir neçə ayədə Allah-taala O həzrətin nəbiliyini açıqlamışdır».
Nəvvab: «Mümkünsə o ayələri, feyizlərindən istifadə etməmiz üçün oxuyasınız».
Dəvətçi: «Nisa» surəsinin 163-cü ayəsində belə buyurur: «Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəslindən olanlara, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəbur verdik».
«Məryəm» surəsinin 52-ci ayəsində də belə buyurur: «Ona (Musaya) Turun sağ tərəfindən səsləndik və onunla danışmaq üçün özümüzə yaxınlaşdırdıq. Ona rəhmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ərməğan etdik».
Hafiz: «Sizin bu dəlillərinizə görə, həm Mühəmməd (s) və həm də Əli (ə) peyğəmbər olaraq xalqa göndərilmişlər?».
Dəvətçi: «Mən sizin bəyan etdiyiniz şəkildə söyləmədim. Sizin özünüz də peyğəmbərlərin sayı haqqında ixtilaf olduğunu bilirsiniz. Peyğəmbərlərin 120 min və ya daha çox olduğu belə yazmışlar. Amma onların hamsı zamanlarında dövrlərinin kitab və əhkam sahibi olan peyğəmbərə tabe idilər. Onlardan sadəcə beş nəfəri ulul-əzm (şəriət sahibi) idi. Onlar; həzrət Nuh, həzrət İbrahim, həzrət Musa, həzrət İsa və məqamı hamsından daha yüksək olan həzrət Xatəmul-ənbiya Mühəmməd Mustafadır (s) ki, o məqam da “xatəmiyyət” məqamıdır.

Ardı var...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!