QADINLA KİŞİ ARASINDAKI FƏRQLƏR - 1

:

QADIN VƏ KİŞİNİN VAHİD XİLQƏTİ
Şübhəsiz ki, bəşəri xüsusiyyətlər baxımından qadın və kişi bir-birindən fərqlənmir. Yəni onların hər ikisi insandır və vahid insani xüsusiyyətlərə malikdirlər. Onların biri o birindən üstün və ya alçaq deyil. Bəzi fəlsəfi cərəyanlar, məktəblər və məzhəblər qadını ikinci dərəcəli mövcud sayır.

Qurani-kərim isə öz aşkar bəyanlarında qadının kişi cinsindən olduğunu və onların hər birinin o biri üçün zinət və aramlıq vasitəsi sayıldığını bildirir. Quran qadınla bağlı xurafi əqidələrin üzərindən xətt çəkir.
İslam və Quran baxımından qadın və kişi vahid bir xilqətə malikdir.
Tarix boyu qadınların məruz qaldığı və onları bir çox hüquqlardan məhrum etmiş sıxıntıların kökü qadın vücudunun mahiyyəti ilə bağlı yanlış düşüncə tərzidir. Müxtəlif ailə mühitləri və cəmiyyətlərdə rastlaşdığımız bir çox kobud rəftarların və qarşıdurmaların səbəbi həmin yanlış baxışdır. Təəssüf ki, bütün cəmiyyətlərdə bu sayaq yanlış düşüncə və etiqadlar kök atmışdır. Yaxın zamanlaradək əksər avropa ölkələrində qadın ən ibtidai hüquqlardan məhrum idi. Müasir mədəniyyət qanunları əsasında qadınların bir çox hüquqları ayaq altına alınmışdı. Bəzi ideologiyalarda, xüsusi ilə də xristianlıqda qadın insanda şübhə və tərəddüd yaradan şeytani bir mövcud kimi tanıtdırılır, kişilərin süqutunun əsas səbəbkarı kimi təqdim olunur. Bu sayaq düşüncə tərzinə hələ də əksər cəmiyyətlərdə təsadüf olunur. Bizim də əqidə və etiqadımızda Quran prinsiplərinə zidd olaraq bu sayaq xurafi münasibətlər görünməkdədir. Belə yanlış düşüncələrin zehinlərə yol tapması əməldə xoşagəlməz nəticələrlə sonuclanır.
Əgər kişi qadını vəsvəsəçil, şeytani və şər bir mövcud kimi tanısa, onu cilovlamağı özünə vəzifə biləcək, bu yolda qadını istənilən bir şəkildə sıxıntıya salmağı mümkün sayacaq. Keçmişdə bu sayaq ailə rabitələrinin nümunəsi çox olmuşdur. Həmin ailələrdə kişi ailənin himayəçisi kimi yox, müstəbid hakim kimi tanınırdı. Belə bir kişi üçün arvad-uşaq bir qul kimi idi. İndi də bəzi ailələrdə bu sayaq münasibətlə rastlaşırıq. Belə ailələrdə yalnız qeyd-şərtsiz itaət dəyər sayılır. Ailədə kişiyə bu sayaq hərtərəfli, korkoranə və qulsayağı itaət mövcud olduqda onu, adətən, “patriarxal” adlandırırlar.

QADINLA MÜŞTƏRƏK HƏYATDA İLK ADDIM
Qadınla bu sayaq rəftar ilk növbədə ona sitəmkar baxışdan formalaşır. Keçmişdə bu münasibət o qədər sərt olmuşdur ki, hətta qadın özü də özünü dəyərsiz saymış, ər qarşısında hüquqlarını dərk etməmişdir. Qadına ifrat sərt münasibət “feminizm” adlı əks bir cərəyan doğurmuşdur. Bu, qadının kişi ilə tam bərabər olduğunu iddia edən ifrat bir cərəyandır.
Qurani-kərim bu sayaq yanlış etiqad və adətlərlə mübarizə üçün, harada böyük və pak bir kişidən söz açmışsa onunla yanaşı böyük və pak qadının adını çəkmişdir. Bəli, Quranda kişi və qadına münasibətdə tarazlıq gözlənilmiş, qadına mövcud münasibəti aradan qaldırmaq üçün qəhrəmanlıq dastanlarında kişilərlə yanaşı qadınlar da xatırlanmışdır.
Bizim səmavi kitab daim təkid edir ki, axirət mükafatı cinsdən yox, iman və əməldən asılıdır.
Demək, kamillik mərhələlərini keçmək üçün qadın kişi ilə eyni imkanlara malikdir. O düzgün təlim-tərbiyə aldıqda kamilliyin ali dərəcələrinə çata bilər. İslam tarixində pak və ali məqamlı qadınlar çoxdur. (Mürtəza Mütəhhəri, “İslamda qadın haqları”)
Zülm-sitəmdən uzaq, yetərli ailə mədəniyyətinə nail olmaq üçün kişi düzgün düşüncə tərzinə yiyələnməli, bəşər tarixində kök atmış yersiz təəssüblərdən çəkinməlidir. Bu, kişinin qadınla müştərək həyatda atacağı ilk addımdır. Kişi qadını ilahi bir hədiyyə, həyat yoldaşı bilməlidir. Bilməlidir ki, hüquqi baxımdan qadın eynən onun kimidir. Qadını əskik saymaq, ona hakimlik fikrinə düşmək yolverilməzdir.
Qadına münasibətdə təhqiramiz təsəvvürə malik olmaq kişinin özünü üstün sayması ilə nəticələnir və bu ailə rabitələrinə çox mənfi təsir göstərir.
Nə qədər ki, bu sayaq düşüncə tərzi formalaşmamış və kişi qadını özü ilə bərabər mövcud saymır, ailə münasibətləri tənzimlənməyəcək. Bu sayaq düşüncə tərzi ailə rabitələrinin sağlamlaşdırılması yolunda kişilərin atacağı ən zəruri addımdır. Yalnız bu yolla Allahın vəd etdiyi mərhəmət və sevgiyə nail olmaq mümkündür. Əgər qadınla kişi arasındakı rabitələr ədalət və bərabərliyə əsaslansa, tərəflərdən biri o birinə həqarətlə baxmasa, onlar aram bir həyat sürəcəkdir. Bu o demək deyil ki, ailədə iş bölgüsü olmasın və hər kəs öz fitri və təbii xüsusiyyətlərinə uyğun məsuliyyət daşımasın. Uyğun düşüncə tərzi kişinin ailədə müdiriyyət məsuliyyətini azaltmır. Növbəti söhbətlərimizdə ailədə iş bölgüsü haqqında danışacağıq. Hələ ki, diqqət əsas məsələyə yönəldilməlidir:
Qadınla kişi arasında rabitənin əsasını anlaşma, təvazö, qarşılıqlı ehtiram, bir sözlə, yoldaşlıq təşkil edir.
Aydın məsələdir ki, yoldaşlıq və dostluq münasibətlərində bir tərəfin özünü üstün, qarşı tərəfi əskik sayması mümkün deyil. Dostluq varsa, tərəflər arasında qarşılıqlı ehtiram da var.

QADINLA KİŞİ ARASINDA FƏRQLƏR
Xilqət baxımından qadınla kişi bərabər olsa da, onlar arasında müəyyən fərqlərin mövcudluğu göz qabağındadır. Dövrümüzün tanınmış psixoloqları, eləcə də, gündəlik təcrübə bu həqiqəti təsdiqləyir. Bir çox qərb psixoloqları qadınla kişi arasındakı fərqlərin siyahısını hazırlamışlar.*
Tanınmış Amerika psixoloqlarından olan professor Riq qısa bir cümlə ilə uyğun mövzunu belə xülasələşdirir:
«Qadın dünyası kişi dünyasından tamamilə fərqlidir.»
Yəni bu iki cins bəzi məqamlarda fərqli düşünürsə, bunun səbəbi onların fərqli dünyalara malik olmasıdır.
Uyğun fərqlər ikinci dərəcəli xüsusiyyətlərlə bağlı olduğundan cinslərin birini o birindən üstün etmir. Allah bu cinslərdən birinin o birini tamamlaması üçün onları incə bir şəkildə fərqli yaratmışdır. Bu fərqlər yaranışın əsrarəngiz sirlərindəndir və varlıq aləminin idarəsində hikmət dolu bir iradədən danışır. Bütün bunlar göstərir ki, yaranış aləmi məqsədli bir məcmudur.
Hər halda qadında onu kişidən üstün edəcək xüsusiyyətlər var. Kişidə də ona imtiyaz verən xüsusiyyət var. Hər bir tərəfin qarşı tərəfin xüsusiyyətləri ilə tanışlığı sağlam rabitələrin qurulması üçün zəruridir.
Ailə rabitələrindəki bəzi ixtilafların səbəbi budur ki, kişi həyat yoldaşının onun kimi düşünməsini və ona məxsus maraqlara malik olmasını istəyir.
Başqa sözlə, kişi umur ki, həyat yoldaşı qarşıya çıxan problemlərə onun gözü ilə baxsın. Belə bir istək isə təbii ki, təmin olunmur. Kişi yaddan çıxarır ki, qadın xilqət baxımından onunla bərabər olsa da, fərqli xüsusiyyətlərə malikdir. Qadının öz baxışı, meyilləri, həssaslıqları vardır. Qadının məsələlərə münasibəti kişidən fərqli də ola bilər. Əgər qarşılıqlı anlaşma məsələsinə qadın da kişi kimi baxarsa, xüsusi ilə ailə həyatının ilk illərində problemlər qaçılmazdır. Çünki həmin dövrdə tərəflərdən heç biri yetərli təcrübəyə malik olmur. Əslində onların məsələlərə fərqli münasibəti eyni bir giləmeyvəni ərəbin “inəb”, farsın “ənqur”, türkün “üzüm” adlandırması kimidir. Yəni problemin əsas səbəbi tərəflərin bir-birinin dünyasına yol tapmaması, ayrı-ayrı dildə danışmasıdır.
Qadınla kişi arasındakı fitri və təbii fərqləri nəzərə almadıqda insanda mənfi təsəvvürlər yaranır, ərlə arvad problemlərlə üzləşir. İnsani münasibətlərdə fərdlərin bir-birini tanıması, qarşı tərəfin baxışlarından və meyillərindən xəbərdarlıq mühüm məsələdir. Bu məsələdən xəbərdarlıq mövcud rabitələri xeyli möhkəmləndirir. Ailə münasibətlərində də eyni qayda müşahidə olunur. Tərəflər təkcə bir-birlərinin əxlaq, düşüncə və şəxsiyyətlə bağlı xüsusiyyətləri ilə tanış olmamalı, həm də belə bir həqiqəti qəbul etməlidirlər ki, qadın və kişi psixoloji baxımdan fərqli mövcudlardır. Tərəflərin baxışlarındakı uyğunsuzluqlar ailə rabitələrinə əhəmiyyətli təsir göstərir. Uyğunusuzluqları nəzərə almaq, mövcud fərdləri tanımaq üçün yetərli səylər insanın qarşı tərəfdən anlaşılmasına səbəb olur və bir çox problemlər öz həllini tapır.
Deyilənləri nəzərə alaraq söhbətimizin bu hissəsində qadınla kişi arasındakı bəzi fərqləri ehtiyacımız həddində nəzərdən keçiririk. Uyğun mövzu ilə bağlı ətraflı məlumat əldə etmək üçün zəruri katab və mənbələrə müraciət edilməlidir.

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin

Ardı var...

ARDINI BURADAN OXUYUN


* İtaliyanın tanınmış həkim və alimi madam Lembrozo “Qadının ruhu” kitabında qadının psixoloji xüsusiyyətlərini gözəl şəkildə sadalamışdır. O bildirir ki, bu kitabı yazmaqla əsrarəngiz qadın dünyasını kişilərə tanıtdırmışdır. Müəllif bütün kitab boyu qadının daxili sirlərindən söz açır, onun fərqli xüsusiyyətlərini qeyd edir. V. Dorant “fəlsəfənin ləzzətləri” kitabının bir fəslini bu mövzuya həsr etmişdir. Ustad Mütəhhəri “İslamda qadın hüquqları” kitabında uyğun məsələ ilə bağlı araşdırmalar aparır.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!