QADINLA KİŞİ ARASINDAKI FƏRQLƏR - 2

:

QADIN RUHİYYƏSİNİN ƏSAS MEHVƏRİ
Qadını kişidən imtiyazlı edən əsas mehvər onun duyumlu və həssas olmasıdır. Duyum və hiss kişidə varsa da, bu xüsusiyyət qadında onu kişidən fərqləndirəcək həddə güclüdür. Qadının bu xüsusiyyətləri onun bir çox digər xüsusiyyətinin də qaynağıdır.

Dərin daxili hisslərə malik olması qadının ruhunda lətafət doğurur və qəlb riqqətinin yüksəlməsinə səbəb olur.
Bu səbəbdən də qadınlar kişilərdən çox tez təsirlənirlər. Qadın bir çox məsələlərə mərhəmət prizmasından baxır və bu mərhəmət onun batin dünyasında təyinedici rol oynayır.
Qadın yaranış aləmində xüsusi rol oynadığından belə bir daxili sərmayə ilə təchiz olunmuşdur. Bu rol dünyaya övlad gətirmək və insan nəslinin həyatını davam etdirməkdən ibarətdir. Əslində övladın böyüməsi və bu məsuliyyətli işin öhdəyə götürülməsi eşq və məhəbbət dolu bir ruh istəyir. Övlad dünyaya gətirib onu tərbiyə edən bir varlıq mehriban, fədakar olmalı və bu işdən ləzzət almalıdır. Bəli, riqqət və lətafət xüsusiyyətləri qadın ruhunun imtiyazlarından və varlıq nizamının ona hədiyyələrindəndir. Eləcə də, möhkəmlik və qüvvə, bu iki xüsusiyyətdən qaynaqlanmış şücaət, qətiyyət və idarəçilik kişi vücuduna xas xüsusiyyətlərdəndir. Qadınlar bu xüsusiyyətlərdən kişilər qədər faydalanmırlar.
Qadın kişi şücaətinə sahib olmasa da, belə bir şücaətə vurğundur. O güclü və qüvvətli bir kişinin pənahına sığınmaq istəyindədir. Özünü belə bir kişinin himayəsində hiss edən qadın aramlıq tapır. Xanım Lembrozanın təbirincə, qadın divar və ya ağaca dolanıb yuxarı qalxan və onu öz çiçəkləri ilə bürüyən sarmaşıq kimidir. (Olsun ki, bu təşbeh kişilərin qadınlardan qüvvətli olmasını önə çəkən Quran ayəsinin anlaşılmasına kömək edə.)
Qadınlar, adətən, zəif kişiləri sevmir. Zəif ər qadını daim narahat edir. Ərin polad biləklərini özü və ailəsi ətrafında yenilməz divar tək hiss edən qadın özündə razılıq və iftixar dolu bir rahatlıq duyur. Qadının psixoloji sağlamlığında bu məsələ çox rol oynayır. Qadının qeyri-zəruri məsələlərdə özünü büruzə verən zərif təbiəti bəzən kişilər üçün anlaşılmaz olur. Qadın ruhunun tez təsirlənməsi, ictimai mühitə bağlılığı, başqalarına təqlidçiliyi, başqalarının fikrinə öz fikrindən daha çox üstünlük verməsi, sabit halda qala bilməməsi onun mərhəmət və duyumundan danışır.

QADININ HƏR ŞEYLƏ MARAQLANMASI
Əksər qadınlar ətrafdakılarla bağlı ən incə məsələlərə həssasdır. Başqalarının həyatında baş verən ən kiçik dəyişiklik onların nəzərindən qaçmır. Bu xüsusiyyəti doğuran ondakı casusluq, başqalarının işinə müdaxilə hissidir, yoxsa pərdə arxasında başqa bir səbəb var? Hər şeylə maraqlanmaq qadın üçün təbii bir xüsusiyyətdir. Hətta rahatlıq və sakitlik tələb edən qocalıq dövründə belə kişilərin əksinə olaraq qadınlar təkliyə çəkilib sakit yaşaya bilmir. Qadındakı daxili hiss və ya başqalarına münasibətdə istək güclü bir amilə çevrilib onu dörd bir yana sövq edir. O, başqalarının həyatını öz həyatının bir hissəsi sayır. Başqalarının qəminə qəmlənir, şadlığına sevinir. Əlbəttə ki, qadın bu hissi özündə cilovlamadıqda özü və başqaları üçün xeyli problem yaradır.
Bəzən qadının başqalarına, xüsusi ilə də biganə kişilərə marağı onun ərində şübhələr yaradır. Kişi elə düşünür ki, qadının bu marağı hansısa pis məqsədlərdir. Hansı ki, adətən, belə olmur. Qadın təbiətindəki hər şeylə maraqlanmaq hissi onun həyatında bir növ başqalarının rolunu artırır. Bu hiss qadında o qədər güclənə bilər ki, ətrafdakıların ən kiçik hərəkəti onun gözündən yayınmaz. Qadının başqalarının həyatına yersiz müdaxilələri, həddi aşmış maraqları, şübhəsiz ki, xeyli problem yaradır. Hansı ki, kişilər, adətən, belə olmur. Hər hansı kişi adi şəraitdə başqalarının həyatı haqqında nəsə öyrənməyə səy göstərmir. Əslində ətrafdakıların necəliyi onun üçün əhəmiyyətli deyil. Adi bir qadının da başqa kişilərə marağı sadəcə məlumat toplamaq xatirinə olur. Əlbəttə ki, qadındakı bu hiss qarşıda dərin problemlər yaratmamaq üçün cilovlanmalıdır. Kişinin biganə qadına baxımı dərhal nəfs baxımından qiymətləndirilir. Hansı ki, qadının bir kişiyə marağı qadınlar arasında nəfs istəyi kimi dəyərləndirilmir. Demək, qadının biganə kişiyə baxışı ilə kişinin biganə qadına baxışı arasında fərq var və bu iki baxış eyni sayılmamalıdır. Qadının biganə kişilərə marağının digər bir səbəbi onun özünü əskik, kişiləri üstün varlıq saymasıdır. Yanlış tərbiyə sayəsində qadında belə bir münasibət yarana bilər.
Belə bir tərbiyəvi nöqtəni qeyd etməliyik ki, ailələr öz qız  övladları ilə kiçik yaşından hörmətlə rəftar etməli və onların özlərini əskik varlıq saymasına şərait yaratmamalıdırlar. Gənc bir qızın həyatında uyğun əskiklik hissi mühüm rol oynaya bilər, hətta onu təhlükəli işlərə yönəldər.

QADINLAR ÜÇÜN SÖHBƏT HİSLƏRİNİ BÖLÜŞMƏ VASİTƏSİDİR.
Xanımlar arasındakı uzun-uzadı söhbətlərin səbəbi kişilərlə qadınlar arasındakı rəftar fərqlərindən doğur. Adi halda hər hansı kişi qadınların uzun-uzadı söhbətlərinin səbəbini anlaya bilməz. Belə söhbətlər kişilərin nəzərində yorucudur. Bitib-tükənməyən qeyri-zəruri telefon söhbətləri, ayrılarkən söhbəti uzatmaq bu mövzunun müxtəlif nümunələridir. Həqiqət isə qadın ruhunun psixologiyası ilə bağlı deyilənlərdir.
Söhbət əgər kişilər üçün məlumat mübadiləsidirsə, qadınlar üçün hisslərini bölüşmə vasitəsi, məhəbbətlərini izhar etmə yoludur. (Professor Aron Teybek, “Eşq heç vaxt bəs deyil”, s. 38)
Deyilənlərdən belə məlum olur ki, mərhəmət hissi qadının həyatında necə də geniş yer tutur. Eləcə də, zahirən səthi görünən bu münasibətlərin qadın batinində dərin kökləri var. Bu hisslər sadəcə bir etiraz və tövsiyə ilə aradan götürülə bilməz. Kişi dərin düşüncə və ayıq gözlə qadın ruhiyyəsini tanımalı və öz istəklərini tarazlaşdırmalıdır. Digər bir tərəfdən, qadın düzgün təlim-tərbiyədən faydalanmaqla öz şəxsiyyətinin zəif və qüvvəli nöqtələrini müəyyənləşdirməli, təbii istəklərinə nəzarət etməlidir. O çalışmalıdır ki, bu istəklər ağıl və məntiq həddini aşmasın və qadın kişi tərəfindən ağılsızlıqda ittiham edilməsin. Nəzərdən keçirilən problemlər, adətən, düzgün təlim-tərbiyə görməmiş qadınlarda müxtəlif formalarda təzahür edir və qadın şəxsiyyəti alçalır.

AĞIL VƏ HİSSLƏR ARASINDAKI DAİMİ MÜBARİZƏ
Qadının psixoloji xüsusiyyətləri ilə bağlı araşdırılması məsələlərdən biri hiss və ağıl arasındakı rabitədir. Bəzən qıcıqlanmış hisslər pis fikirlər yaradır.
Şübhəsiz ki, duyumsuz həyat quru və ləzzətsizdir. Həyatın dadı insandakı mərhəmət, sevgi hisslərindən asılıdır. Ali hisslər bəzən ağıldan yox, insan vücudundakı başqa yönümlərdən qaynaqlanır, insanın ruhuna və qəlbinə səfa verir, onu daha üstün aləmlərlə tanış edir. Amma belə bir nöqtə şübhə doğurmur:
Hisslərlə yanaşı heç bir amil və hərəkət əqlin göstərişləri ziddinə olmamalıdır.
Ağıl bir komandan kimi insan vücudundakı bütün qüvvələri nəzarət altına alır. İnsan ağıla əsaslanmayan heç bir hərəkətə yol verməməlidir. Hiss də insan vücudunda həyatverici çeşmə kimidir. Bu çeşmə məcrasından çıxıb viranəlik yaratmamalıdır. Hiss qüvvəsindən daha üstün şəkildə istifadə etmək üçün o, ağıl tərəfindən istiqamətləndirilməlidir.
Ağıl həqiqətlərin dərkində ayırdetmə qüvvəsidir. Düzü əyridən, xeyiri zərərdən seçmək onun öhdəsindədir. Demək, ağıl insan hisslərinə zidd deyil, həm də hansısa mərhələdə onun üçün möhkəm dayaqdır. Bəzən deyirlər ki, yalnız ağıla əsaslanan insanlar quru və mərhəmətsiz olur. Diqqətli olmaq lazımdır ki, həyatı quru və sönük edən ağıla əsaslanmaq yox, hisslərdən məhrumluqdur.
Nə ağıl insani hislərin yerini tuta bilər, nə də insani hisslər ağılın yerini tutmalıdır.
Ağıl hissi, hiss isə ağılı əvəz edə bilməz. Çox hissiyyatlı və tez həyəcanlanan insanlar ağıl kimi bir dəyərdən də faydalanmaq imkanına malikdirlər. Əgər onlar öz hisslərini cilovlaya bilməsələr, hisslər ağılın fəaliyyətinə mane olar, ağıl zəifliyi ilə sonuclanar. Yəni bu tip insanlarda ağılın hakimiyyəti zəifləyir, onların qərarları ağıla yox, hissə əsaslanır. Bu böyük bir problemdir.
Adətən, hiss şirin olduğundan insan qəlbini özünə çəkir, onun yaratdığı ruhi həyəcanlar ağıl üçün meydanı daraldır. Məhz belə bir məqamda insandakı duyum əqlin yerini tutur.
Yalnız hisslər əsasında hərəkət edən şəxs və ya cəmiyyət ağıl gücündən lazımınca faydalanmır və nəhayətdə viran olub gedir.
Güclü hissə malik insanlar bəzən ağılı hissə fəda edə bilərlər. Bu zümrədən olan insanların həyatına baxış uyğun müddəanı təsdiq edir. Hisslərlə daha çox ünsiyyətdə olan şairlər, rəssamlar, musiqiçilər, ümumiyyətlə zövq və sənət əhli bu zümrədəndir. Yalnız hissini cilovlaya bilənlər, təfəkkür qüvvəsini gücləndirənlər istisnadır.

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!