ƏR-ARVAD MÜNASİBƏTLƏRİ - 2

:

ƏDƏB ÜÇÜN YARDIM DİLƏYƏK
Mühüm məsələlərdən biri də ədəb qaydalarına riayət etməkdir. İnsanın daxili kamilliyi nə qədər artarsa, onun ədəbi, həyası və iffəti də artar.
Ədəbdə Allahdan yardım diləyək,                Ədəbsiz rəhmətdən məhrumdur bilək.
Mövləvinin bu misraları əslində ruhi, mənəvi təkamül üçün rəmzi bir açardır.

Dini rəvayətlərdə də bu sahə ilə bağlı təkidli tövsiyələr vardır.
Din böyüklərinin iş üsulundan məlum olur ki, onlar heç vaxt ədəb çərçivəsindən kənara addım atmamışlar.
Bəli, insani rabitələr ədəbə əsaslanmalıdır. İnsanlar arasında rabitələrin möhkəmliyində ədəbin xüsusi rolu var. Ədəbli rəftar bir çox bəlaları aradan qaldırır. Beləcə, ərlə arvad bir-birləri ilə ədəb qaydaları əsasında rəftar etdikdə bir çox problemlərin qarşısı alınır. Təcrübədən də görünür ki, ailə rabitələrindəki yaxınlıq səbəbindən bəzən ədəb qaydaları pozulur. Bəziləri elə düşünürlər ki, yaxın rabitələrdə ədəb qaydalarını gözləmək səmimiyyətdən uzaqdır. Əslində isə belə deyil.
Qeyri-münasib, kobud sözlərlə danışıq hər şeydən öncə insanın mənəvi məqamını aşağı salır və o əxlaqi baxımdan tənəzzül edir.
Bəzən də xüsusi məclislərdə insanlar əxlaq və ədəb qaydalarını ayaq altına alıb cinsi məsələlərlə bağlı iffətsiz söhbətlər edirlər. Bəzən xanımların da xüsusi məclislərində bu hala təsadüf olunur. Bəziləri bu sayaq söhbətlərə o qədər vərdiş verirlər ki, çirkin sözlərin işlədilməsi onlar üçün adiləşir. Hansı ki, şəxsiyyətli xanımlar heç vaxt belə bir səviyyəyə alçalmırlar.
Cinsi münasibətlər mövzusu əyləncə və zarafat mövzusu deyil.
Təəssüf ki, bir çox lətifələrin və zarafatların məğzini cinsi münasibətlər mövzusu təşkil edir. İnsanlar üçün həyat nümunəsi olan ilahi şəxsiyyətlər heç vaxt bu sayaq rəftara yol verməmişlər. Həya, ədəb, iffət ölçülərini gözləmək insanın əxlaqi süqutunun qarşısını alan bir səddir.

MƏHƏBBƏTİN İZHARINDAN ÇƏKİNMƏYƏK
Bəziləri belə güman edirlər ki, məhəbbət qəlbdə olmalıdır və onu izhar etmək olmaz. Onlara elə gəlir ki, məhəbbəti bildirmək riyakarlıqdır. Əlbəttə ki, məhəbbət qəlbə aiddir və əməldə aşkar olur. Amma onu bəyan etməyin də öz yeri var. Bəzən qadın ərinin onu sevib sevməməsi ilə bağlı şübhələrə düşür və rahatlıq üçün bir səbəb tapmır. Belə bir halda məhəbbəti bəyan etmək onun içində qalanmış alovun üzərinə su çiləmək kimidir. Məhəbbətin izharında yeganə şərt onun həqiqi olmasıdır, insanları aldatmaq məqsədi ilə belə rəftar etmək olmaz. Məhəbbət siyasətə yox, sədaqətə əsaslanmalıdır. Əlbəttə ki, bu sahədə də ifrata varmaq olmaz. Məhəbbətin bəyanında ifrata vardıqda onun dəyəri əskilir və adət şəkli alır.
İslami rəvayətlərdə tövsiyə olunur ki, qarşılıqlı məhəbbət izhar olunsun.
Məhəbbətin izharı ərlə arvad münasibətlərində olduqca mühümdür. Xüsusi ilə bu iş ər tərəfindən görülməlidir. İslam peyğəmbərlərindən nəql olunmuş bir rəvayətdə buyurulur: “Ərin öz həyat yoldaşına dediyi “sevirəm” sözü heç vaxt onun yadından çıxmır.” (Ayətullah Meşkini, “İslamda izdivac”) Bu göstəriş qadın ruhunun həssaslığını, onun məhəbbətə ehtiyacını göstərir. Ər öz həyat yoldaşının bu ruhi ehtiyacından xəbərsiz qalmamalıdır.

SİRSAXLAMA
Ər-arvad başqaları ilə eyni məclisdə oturarkən ailənin xüsusi söhbətlərini açıqlamamalıdırlar. Belə bir nöqtəni nəzərdən qaçırmaq olmaz ki, dostluq zamanı kimsəyə mütləq etimad göstərib bütün sirləri onunla bölüşmək olmaz. Belə bir münasibət etimadsızlıq yox, bir növ gələcəyi nəzərə almaqdır. Çox olub ki, sirrini dostuna açan şəxs sonradan peşiman olub. Dostluq münasibətlərinin istisində açılan sirlər bu dostluq qırıldığı vaxt qarşı tərəfin əlində hücum vasitəsinə çevrilib. Ona görə də dini rəvayətlərdə tövsiyə olunur ki, dostlarınıza mütləq etimad göstərməyin. Həzrət Əli (ə) buyurmuşdur: “Dostuna kamil məhəbbət yetir, amma mütləq etimad göstərmə. Ona öz rəftarınla tam yardım göstər, amma bütün sirlərini ona açma.” (“Qürərul-hikəm”)
Qadınların belə bir nöqtəyə diqqətli olması zəruridir. Çünki onların sirr saxlamaq tutumu azdır və öz sirlərini asanlıqla başqalarına açırlar.
Digər bir tərəfdən, əgər bir şəxs bizə öz sirrini açmışsa və onun başqalarına deyilməsi ilə razı deyilsə, heç bir halda bu sirri faş etmək olmaz.
Başqalarının sirrini açmaq haramdır və ilahi əzabla nəticələnir.
Rəvayətdə deyilir: “Din qardaşı və ya din bacının sirrini açmaq xəyanətdir.” Digər bir rəvayətdə həzrət Peyğəmbər (s) buyurur: “Bir şəxs sizə dediyi sözə görə nigarandırsa (bu sözün yayılmasından qorxursa), onun dediyi söz əmanətdir.” (“Cameus-Səadət”, c. 3, s.)
HÖCƏTLƏŞMƏDƏN ÇƏKİNƏK
Başqaları ilə rabitədə, xüsusi ilə ailə münasibətlərində höcətləşmələrdən çəkinmək lazımdır. Bu sayaq tünd mübahisələrin olduqca böyük mənfi təsirləri olur. Hətta bu söhbətlər nəticəsində insanlar bir-birindən inciyir, ayrılır. Onu da qeyd etmək lazımdır ki, bu sayaq çəkişmələrin əksəri insanın dünya və axirəti üçün faydası olmayan məsələlər mövzusundadır. Çox vaxt görürük ki, qadın və ya kişi öz fikrini bildirib. Onu başqalarına qəbul etdirmək istəyir. Qarşı tərəf isə ona qarşı çıxaraq müqavimət göstərir. Məhz bu məqamda hücum və müdafiə əhatəsi genişlənir və iş savaşla nəticələnir.
Bəziləri umurlar ki, bütün hallarda onlar haqlı sayılmalıdır. Onlar öz müddəalarını nə üçün-niyəsiz qarşı tərəfə qəbul etdirmək istəyirlər. Əlbəttə ki, belə bir istək yersiz qürurdan qaynaqlanır. Bəziləri də öz yanlış və ya düz müddəalarını istənilən bir vasitə ilə başqalarına qəbul etdirməyə çalışır və qarşı tərəfin deyilənləri qəbul etməsini onun üçün vəzifə sayır. Belələrində məntiqi və aram söhbət hazırlığı olmur. Onlar tez qızışır, üsyankarlıq göstərirlər. Bəziləri də adət ediblər ki, hər deyilənə müxalif çıxsınlar. Guya qarşı tərəfin sözünü qəbul etmək təslimçilikdir. Belə bir düşüncə ilə inadkarlıq göstərib, qarşı tərəfin dediyi haqlı sözləri də inkar edirlər.
Təcrübədən məlum olur ki, əksər vaxt belə söhbətlərdə məqsəd haqqın yox, şəxsiyyətin qəbul etdirilməsi olur. Eqoistlik xəstəliyindən xəbərdar olanlar, bu çirkin sifətdən qoruna bilənlər bu sayaq mübahisələrdən çəkinirlər. Onlar hətta haqlı olduqları zaman səmərəsiz çəkişmələrə yol vermir, dartışmaya qatılmırlar. Onlar bilirlər ki, ilk addımda məqsəd haqqın sübutu olsa da, mübahisə gedişində haqqın yerini şəxsiyyət tuta bilər. Bu sayaq söhbətlərin arxasında, adətən, inadkarlıq və kin-küdurət dayanır.
Beləcə, əgər tərəflərdən biri inadkarlıq göstərirsə, qarşı tərəf onunla mübahisədən çəkinməli, söz sükutu ilə söhbətin davamına maraq göstərmədiyini anlatmalıdır. Hər birimiz öz zehnimizi islah etməli və unutmamalıyıq ki, bizim baxışımız yanlış da ola bilər. Axı insanın malik olduğu məlumatlar düzgün olmaya da bilər. Bütün deyilənləri nəzərə alaraq, mülayimliklə, məntiq əsasında söhbət aparmalı, inadkarlıqdan qaynaqlanan höcətləşmələrdən çəkinməliyik. Dini rəvayətlərdə bu mövzu ilə bağlı bir çox tövsiyələr var. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən mənfur insan inadkar, düşmən axtaran kəsdir.” Həzrət Əli (ə) buyurur: “Düşmənçilikdən çəkinin bu (xüsusiyyət) qardaşların qəlbini xəstələndirir, nifaq cücərdir.” (“Cameus-Səadət”, c. 3, s. 380)

TÜND XASİYYƏTDƏN ÇƏKİNƏK
Zövcələrin xoşbəxtliyinin təminində ən təsirli amillərdən biri gözəl əxlaqdır. Dini təlimlərimizdə də bu nöqtəyə əsas amil kimi yanaşılmış, tövsiyə edilmişdir ki, pis əxlaqlı fərdlə izdivac edilməsin. Pis əxlaqlı insan ailə həyatını səfa-səmimiyyətdən məhrum edir, bəzən onu özü və həyat yoldaşı üçün yandırıcı cəhənnəmə döndərir. Yersiz sərtliklər, danışıq və rəftarda tündlük, güzəşt və sazişdən uzaqlıq, kin-küdurət və bu kimi digər xasiyyətlər müştərək həyatı təbii axarından çıxaran amillərdəndir.
Səmavi təlimlərə əsasən aramlıq və səfa-səmimiyyət hakim olan evlər Allahın diqqət və mərhəmətindən bəhrələnir. Mələklər yolunu belə evlərdən salır, mərhəmət bərəkət və aramlıq gətirir. Bu sayaq həyat axirətdə behiştlə sonuclanır. Quran ayələrinə əsasən behişt əhli arasında heç bir kin-küdurət və düşmənçilik yoxdur. Behiştdə olanlar tam səfa-səmimiyyət içindədirlər və bu səbəbdən behiştə “darus-səlam” deyilmişdir. Xoş rəftar, qarşılıqlı anlaşma həm də behişt əhlinə məxsus sifətlərdəndir və insanın üzünə behişt qapılarını açır. Çəkişmə, ixtilaf, keşməkeşlər meydanı olan evin əhli isə cəhənnəm astanasında dayanmışdır. Belələrində cəhənnəm əhlinin xüsusiyyətləri var. Quran təlimlərinə əsasən belə fərdlər yırtıcı itlər tək bir-birlərinə hürməkdədir. Belə evə şeytanın gəliş-gedişi var. Onlar ilahi rəhmət və bərəkətdən məhrumdurlar. Məşhur bir rəvayətdə İslam peyğəmbərinin belə buyurduğu nəql olunur: “İt olan evə mələklər daxil olmaz.” Rəvayətin zahiri mənasına əsasən evdə it saxlamaq olmaz. Amma rəvayətdən başqa iki məna da anlaşılır:
Birinci mənaya əsasən ev deyərkən insanın qəlbi nəzərdə tutulmuşdur. Əgər insanın qəlbində tamah, xəsislik, kin-küdurət, eqoistlik kimi məzəmmət olunmuş sifətlər varsa, mələklər bu qəlbə daxil olmaz. Belə bir qəlb şeytan yuvasıdır.
İkinci mənaya əsasən rəhmət mələkləri çəkişmə, dava-dalaş, ixtilaf olan evə daxil olmazlar. Belə bir ev ilahi lütfdən məhrum olduğundan onda ilahi diqqət əlaməti olan aramlıq, səfa-səmimiyyət tapılmaz. Belə bir ev daim iztirab qəm-qüssə içindədir. (Ayətullah Məzahiri, “Evdə əxlaq”, c. 1, s. 118) Bir sözlə, belə ev mənəvi bərəkət və xeyirdən uzaqdır. Ona görə də belə bir ailədə ərlə arvad sağlam və layiqli övlad intizarında olmamalıdır.

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!