O, QILINCLA QİYAM EDƏCƏKMİ?

:

BÖYÜK XİLASKARIN İNQİLAB YOLU
Məlum olduğu kimi, düşmənə qalib gəlməyin ən mühüm şərti qüvvələrin üstünlüyüdür. Hərbi qüvvələrlə yanaşı, ruhi-psixoloji vəziyyət, hədəfə inam, iqtisadi və ictimai bünövrənin möhkəmliyi də bu məsələdə həlledici rola malikdir. Məğlubiyyətə uğrayan və əsarət zəncirlərinə vurulan cəmiyyət ya zəfər amillərindən qəflət etmiş, ya da qüvvələrin hesablanmasında xətaya uğramışdır.

Bu şərti nəzərə alaraq qarşıya böyük xilaskarın qiyamı ilə bağlı bir sıra suallar çıxır:
1. Görəsən, dünyamiqyaslı ədalətin bərpası, haqq və ədalət carçılarının hegemon qüvvələrə qələbəsi üçün bu böyük inqilabın rəhbəri keçmiş soyuq silahlardan istifadə edəcəkmi? Əgər cavab müsbət olarsa, onun müasir silahlar müqabilində qələbəsi necə mümkündür? Görəsən, o, elə inkişaf etmiş ölkələrin ixtiyarında olan müasir silahlarla mübarizə aparacaqmı? Bu silahlar necə və hansı vasitələrlə onun və tərəfdarlarının ixtiyarında qoyulacaq?
Bundan əlavə, İslam rəvayətlərində belə buyurulur: “O, qılıncla qiyam edəcək.” Bu ifadədən birinci ehtimalın, yəni keçmiş soyuq silahlardan istifadənin həqiqətə daha yaxın olduğu anlaşılır. Buna əsasən, əvvəlki suallar yenə təkrarlanır:
Müasir silahları tamamilə məhv edib soyuq silah əsrinə qayıtmaq mümkündürmü? Görəsən, ehtimala əsasən, çağdaş dünyamız atom müharibəsi ilə dağıdıldıqdan sonra imam Mehdi (ə) keçmiş silahlarla qiyam edəcəkmi? Bu ehtimalı qəbul etmək olarmı?
3. Ümumiyyətlə, nur zülmətə və ədalət zülmə qələbə çaldığı zaman müasir maşınlı (robotlaşdırılmış) dünyamız məhv olub aradan gedəcək və insanlar bir neçə əsr keçmişə qayıdacaqmı? Sivilizasiyanın bu şəkildə geriləməsi əqli baxımdan qəbul olunasıdırmı?
Qeyd edək ki, müasir silahlar maşınlaşmış həyatın mənfi cəhətləri və ondan törənən təhlükələrin qarşısını almaqla yanaşı, sürətlə inkişafdadır. Başqa sözlə, maşınlaşmış dünya təkamülə doğru irəlilədikcə xalisləşir.
* * *
Bu sualları cavablandırmaq üçün, hədis mənbələri ilə yanaşı, əqli dəlillərdən də istifadə etmək lazımdır. Əqlin hökmünə əsasən, geri qayıtmaq nə mümkündür, nə də məntiqəuyğun. Bu məsələ insanların yaradılış məqsədi və həyatın dialektika qanununa ziddir. Nəticədə, cəmiyyətin haqq-ədalətə doğru addımlaması istiqamətində tərəqqi və inkişafın dayandırılması və yaxud geriləməsi mənasızdır və keçmişə qayıdış tərəqqi ilə əsla uzlaşmır! Deməli, böyük xilaskarın qiyamı sağlam və faydalı sənaye və texnologiyanın inkişafının qarşısının alınması və yaxud dayandırılmasına səbəb olmayacaq. Müasir sənaye bəşərin bir çox problemlərini həll etməklə yanaşı, vahid cahanşümul hakimiyyət və ictimai rabitələrin genişlənməsinə də şərait yaradır. Sənayeni inkişaf etdirmədən bu məsələnin gerçəkləşməsi qeyri-mümkündür.
Lakin əsas məsələ sənaye və texnologiyanın inkişafı istiqamətində ziyanverici cəhətlərin aradan qaldırılması, ictimai mənafe, sülh və ədalətin bərpasına xidmətin göstərilməsidir. Həqiqət və ədalətə tərəfdarlıq edən hakimiyyət hökmən bunu icra edəcəkdir.
Silaha gəldikdə isə, qeyd etməliyik ki, belə bir hakimiyyətin təşkili üçün imperializm, hegemon qüvvələr, zülmkarlıq və haqsızlıq dünya səhnəsindən çıxarılmalıdır. Bu məqsədin gerçəkləşməsi üçün, ən azı, indiki şəraitdə bu gün bizim üçün təsəvvürü qeyri-mümkün olan “ən son inkişaf etmiş silah” lazımdır.
Görəsən, bu silah müasir silahların fövqündə duran, onları tamamilə qüvvədən salan və hegemon qüvvələri heyrətdə qoyan “məchul və sirli şüa” ola bilərmi? Görəsən, hətta uzaq məsafədən olsa belə bir növ sirli psixoloji təsirlə, yaxud hədsiz qorxu və vəhşətə bənzər bir hissin baş qaldırması ilə onların müasir kütləvi qırğın silahlarından istifadə etmədəki təfəkkür sistemini pozmaq mümkündürmü?... Bu suallara “bilmirik” ifadəsi ən tutarlı cavabdır. Biz həm maddi və psixoloji, həm də digər cəhətlər baxımından bu silahın növünü təyin etməkdə acizik. Sadəcə onun mütləq “ən üstün silah” olacağını, eyni zamanda, günahkar və günahsızları birgə məhv etməyəcəyini deyə bilərik.
Hədis mənbələrinə müraciət etdikdə isə diqqəti cəlb edən və uyğun sualları aydın şəkildə cavablandıran ifadələr gözə çarpır:
1. İmam Sadiqdən (ə) belə nəql olunur:

انّ قائمنا اذا قام اشرقت الارض بنور ربّها واستغنى العباد من ضوء الشّمس؛

“Həqiqətən, bizim Qaimimiz qiyam edərkən, yer üzü Rəbbin nuru ilə işıqlanacaq və bəndələr günəşin işığından ehtiyacsız olacaqlar.”1
Bu hədisdən başa düşülür ki, o zaman işıq və enerji probleminə son qoyulacaq, gecə və gündüz günəşin işığını əvəz edəcək ən güclü işıqdan bəhrələniləcək. Görəsən, bunu möcüzə hesab etməməliyikmi?
Əslində, gündəlik həyat tərzi təbii axarından çıxmamalıdır. Möcüzə isə istisna xarakteri daşıyır və ondan zəruri hallarda, peyğəmbər və imamların dəvətinin haqq olduğunu sübut etmək üçün istifadə olunur.
Bir sözlə, peyğəmbərlərin dönəmində insanların adi həyat tərzi möcüzəvi şəkildə olmamışdır. Zühur əsrində elm və sənaye böyük xilaskarın sayəsində günəş enerjisinə ehtiyac duyulmayacağı qədər inkişaf edəcək və insanlar onu əvəz edəcək enerji mənbəyi kəşf edəcəklər. Belə bir şəraitdə sülh, ədalət və azadlığın təmini üçün keçmiş soyuq silahlardan istifadə olunması və onlar arasındakı mütənasibliyi necə anlamaq olar?
2. Əbi Bəsir imam Sadiqdən (ə) belə nəql edir:

انّه اذا تناهت الامور الى صاحب هذا الامر رفع اللّه تبارك و تعالى لَه كلَّ منخفض من الأرض، و خفّض له كلَّ مرتفع حتّى تكون الدّنيا عنده بمنزلة راحته، فايّكم لو كانت فى راحته شعرة لم يبصرها؛

“Bütün işlər vilayət sahibinin (imam Mehdi (ə)) ixtiyarına qoyulduqda, Allah-taala yer üzünün alçaq nöqtələrini ucaldacaq və uca nöqtələrini isə alçaldacaq. Sanki bütün dünya onun nəzərində ovcuna bənzəyəcək! Sizdən hansı biriniz əlinizin içindəki tükü görməz?”2
Hazırda yüksəkliklərdə ötürücü vasitələr quraşdırmaqla dünyanın müxtəlif nöqtələri müşahidə olunur və hətta peyk qurğularından geniş şəkildə istifadə edilir. Çağdaş dünyamızda bunun əksini gözləmək mümkün deyil. Yəni telekommunikasiya və səsdən sürətli ötürücü qurğular olmadan dünyanın müxtəlif məntəqəsində yaşayan insanların bir-birilə yaxın və qısa müddətdə rabitəsi gerçəkləşməz. Nəticədə, zühur əsrində daha güclü ötürücü sistemlərdən istifadə olunacağı anlaşılır. O zaman dünya böyüklüyünə rəğmən, bütün insanların ovcundakı kimi olacaq və yer səthindəki alçaqlıq və yüksəkliklər digər canlıların müşahidəsinə maneə yaratmayacaq!
Aydın məsələdir ki, yer kürəsinə hakim belə bir informasiya vasitəsi olmadan sülh, ədalət və əmin-amanlığı ərməğan gətirəcək vahid cahanşümul hakimiyyətin təşkili mümkün olmayacaq. Allah-taala bunu o və hakim təşkilatının ixtiyarında qoyacaqdır.
Həmin əsrdə insanların gündəlik həyatda rastlaşacaqları belə işlər qeyri-adi yox, elm və sənayeyə əsaslanan adi və təbii şəkildə baş verəcək. Vahid mütərəqqi informasiya sisteminin cəmiyyətin fasid həyat tərzi ilə əsla uzlaşmayacağı, hər ikisinin digər sahələrlə yanaşı və balanslaşdırılmış şəkildə inkişaf edəcəyi də məlumdur.
3. İmam Baqirdən (ə) belə nəql olunur:

ذخر لصاحبكم الصّعب!
قلت: و ما الصّعب؟
قال: ما كان من سحاب فيه رعد و صاعقة او برق، فصاحبكم يركبه، أَما انّه سير كب السّحاب و يرقى فى الأَسباب؛ اسباب السّماوات السّبع والارضين!

“Sizin (ixtiyar) sahibiniz (imam Mehdi (ə)) üçün “ram olunmaz vasitələr” ehtiyat saxlanılmışdır.” Ravi “Ram olunmaz vasitədə məqsəd nədir?” – deyə soruşduqda, o həzrət buyurdu: “İldırım, şimşək və yaxud işıqdan ibarət buluddur. Sizin sahibiniz ona süvar olacaq. Agah olun! O, tezliklə buludlara minib yeddi səma və yeri dolanacaq.”3
“Bulud” sözündə adi bulud nəzərdə tutulmur, çünki buludlar kosmik uçuşlar üçün nəqliyyat vasitəsi deyil. Onların yer üzü ilə fasiləsi azdır və yaxın atmosfer qatında hərəkət edirlər. Burada məqsəd səmada bulud kütləsi tək nəzərə çarpan, ildırım tək guruldayan, şimşək və işıq kimi güclü və sürətli nəqliyyat vasitəsidir. O, uçarkən qeyri-adi qüvvə ilə səmanı yaracaq və onun bütün nöqtəsinə doğru hərəkət etməyə qadir olacaq.
Demək, imam Medinin (ə) istifadə edəcəyi minik vasitəsi müasir nəqliyyat vasitələrindən qat-qat üstündür və hal-hazırda onun analoqu yoxdur. Ümumiyyətlə, bu hədisdə sənaye sahəsindəki gerilikdən deyil, qeyri-adi inkişafdan söz açılır.
4. Cabir ibn Abdullahın imam Baqirdən (ə) nəql etdiyi qəribə bir hədisdə buyurulur:

انّما سمّى المهدى لانّه يهدى الى امر خفى؛ حتّى انه يبعث الى رجل لا يعلم النّاس له ذنب فيقتله حتّى ان احدهم يتكلّم فى بيته فيخاف ان يشهد عليه الجدار؛

“Onun “Mehdi” adlanmasının səbəbi gizli işlərə doğru yönəlməsi ilə əlaqəlidir. Bəzən camaatın günahsız bildiyi bir şəxsi qətlə yetirəcək. (Çünki onun qisasa səbəb olan “adam öldürmək” kimi günah törətdiyindən xəbərdardır.) Hətta bəziləri evin içində söhbət etməkdən qorxacaqlar ki, məbada, divar onların əleyhinə şəhadət verər (və imam Mehdinin (ə) hakimiyyətinə qarşı mənfur planlarını üzə çıxarar).”
Hədisdə imam Mehdinin (ə) hakimiyyəti dövründə yaxşı və əməlisaleh insanların tamamilə azad yaşadıqları halda, cinayətkarların mütərəqqi vasitələrlə nəzarətdə saxlanılacağı da diqqəti cəlb edir! Bir əsr öncə qeyri-adi təsəvvür olunduğu halda, hazırda bu mətləbin mənası hamıya aydındır. Uzaq məsafədən radarlar vasitəsilə yollarda avtomobillərin hərəkətinə nəzarət, yaxud Misirdə fılan alimin iki min illik tarixə malik antik qab sənətkarlarının səsini əldə etməklə bağlı kəşfi və yaxud infraqırmızı şüalarla oğurluq məkanından yenicə qaçmış oğrunun fotorobortunun çəkilib tanıtdırılması təəccüb doğurmur.
Beləliklə, keçmiş sualların cavabı da tədricən aydınlaşır, yəni bu inqilab əsrində sənaye və texnologiya inkişaf edəcək və yalnız cəmiyyətin mənafeyinə, azadsevərlər və haqq-ədalət təşnələrinin arzularına xidmət göstərəcəkdir.

QILINC MƏFHUMU
Mövzumuzla bağlı bir sual qalır: “İmam Mehdinin (ə) qılıncla qiyamı”na aid ifadələrin mənası nədir? Hətta bu böyük mübarizədə iştirak üçün müqəddimə sayılan dualarda belə deyilir: “Qılıncımızı sıyıraraq mübarizlərin cərgəsində olacağımız günü arzulayır və onun intizarındayıq!”
“Qələm” elm və mədəniyyət nişanəsi olduğu kimi, “qılınc” da “hərbi qüvvə” və “qüdrət” nişanəsidir. Şübhəsiz, qədim döyüş meydanlarında qılıncdan başqa, ox, nizə və toppuz kimi digər silahlar da işlənirmiş. Bəzən kimlərsə öz gücünü sübut etmək üçün, “əgər fılan məsələni qəbul etməsən və yaxud mənə tabe olmasan, qılıncla üzləşəcəksən” və ya “öz haqqımı qılınc gücünə də olsa, alacağam” – ifadələrini işlədirlər. “Ölkə qələm və qılıncla idarə olunur” ifadəsi də elə qədimdən məşhurdur. Bu ifadələr “elm” və “qüdrət” mənalı simvol xarakteri daşıyır. Buna günümüzdə çoxlu sayda işlədilən məsəlləri göstərə bilərik:
“Fılankəs qılıncını üstdən bağlayıb!” Yəni gücünü nümayiş etdirir.
“Bizimlə sizin aranızda qılınc hökm verəcək.” Bu da məsələnin yalnız döyüşlə həll olunacağını aşılayır.
“Məqsədimizə çatmayınca qılıncları qına qoydu yoxdur!” Yəni son nəfəsə kimi mübarizə aparacağıq.
“Fılankəs qılıncını qınına qoydu!” Yəni mübarizədən əl çəkdi.
Bu ifadələrdə qılınc qüdrət və mübarizə nişanəsidir. İslam rəvayətlərində də buyurulur:

الجنّة تحت ظلال السّيوف؛

“Cənnət qılınclar sayəsindədir.”

السّيوف مقاليد الجنّة؛

“Qılınclar cənnətin açarlarıdır.”
İmam Mehdinin (ə) “qılıncla qiyamı” dedikdə, o həzrətin sadəcə bir müəllim və ya nəsihətçi, yaxud da ictimai rəhbər kimi zühur etməsi təsəvvürünün aradan qaldırılması və onun qüdrətə söykənməsi nəzərdə tutulur. O, uzaqgörən bir rəhbər olduğundan, ilk öncə məntiq silahından istifadə edərək haqqı insanlara çatdıracaq və onun cinayətkar və zalımlara fayda vermədiyini gördükdə, onları susdurmaq və yer üzündən silmək üçün qılınca əl atacaq, yəni qüdrətindən istifadə edəcək. Şübhəsiz ki, bir qrup insanın islahı üçün aşağıdakı ifadədən başqa, çıxış yolu yoxdur:

النّاس لا يقيمهم الّا السّيف؛

“İnsanları yalnız qılınc düzəldər.”
Başqa sözlə, imam Mehdinin (ə) vəzifəsi yalnız haqq yolu göstərməklə bitmir, əksinə ilahi qanunları icra etmək və İslam təkamül inqilabını məqsədə çatdırmaq onun ən mühüm vəzifəsini təşkil edir.
Mətləb aydın şəkildə anlaşılsa da, bəzi dardüşüncəli insanların təsəvvürünün əksinə, o həzrətin inqilab zamanı müqəddiməsiz silaha əl atmayacağı və hər şeydən öncə ideoloji təbliğatla məşğul olacağını diqqətə çatdırırıq. Dini-məzhəbi terminlə desək, “höccəti tamamlayacaq” və heç kim üçün bəhanə yeri qoymayacaq. Xoşluqla islah olunmaq istəməyənlərə güc tətbiq olunacaqdır.
Qeyd edilənlərdən o həzrətin yolunun eynilə İslam Peyğəmbərinin (ə) yolu olduğu məlum olur. İslam Peyğəmbəri (s) Məkkədə on üç il gizli və aşkar təbliğatla məşğul oldu. Haqqı qəbul edənlər ətrafına toplaşdı. Nadanlardan ibarət zülmkarlar isə onunla mübarizəyə qalxdılar və o da Mədinəyə hicrət edərək İslam hakimiyyətini təşkil etdi və qüdrət topladıqdan sonra onlarla mübarizəyə başladı.
İslamı “qılınc dini” kimi tanıtdıranlara bu gün gətirilən ən tutarlı dəlil Qurani-Kərimdir. İslam qəddar və zorakılığı sevən bir din olsaydı, Quranda həqiqətlərin isbatına çalışılmaz, İslamın iki mühüm əsası olan Allah və məad mövzusu ilə bağlı müxtəlif dəlil-sübutlara istinad edilməz, mütəfəkkir və əql sahibləri təfəkkür və hökm yürütməyə çağırılmaz, elm və bilikdən bu qədər söz açılmazdı. Reallıqda qəddarlığı sevən rejim dəlil-sübut gətirməz! Hətta İslam dini zor tətbiqində belə, öz mövqeyini zəruri bir məsələ kimi məntiqi dəlillərlə əsaslandırır.
Bir sözlə, imam Mehdi (ə) də İslam Peyğəmbəri (s) kimi rəftar edəcək və zühur əsrində ümumi təfəkkür tərzinin yüksəlməsilə yanaşı, məntiqə istinadın zərurəti də artacaqdır.
Şübhəsiz, zühur əsrində cəmiyyətin mənfur zümrələrinin qanı onun qılıncı ilə axıdılacaq və fasid cəmiyyətin islahı uğrunda bundan başqa bir yol yoxdur. Bu, imam Mehdinin (ə) hesab-kitabsız qan tökməsi və insanları dəlilsiz qətlə yetirməsi anlamında deyil, əksinə o, eynilə təbib kimi xəstədən qan almaqla bağlı son dərəcə diqqətli olmağı qarşıya məqsəd qoyacaqdır!

Kitabın adı: İmam Məhdinin (əc.f) cahanşümul hakimiyyəti
Tərcümə edən: Rza Şükürlü


1. “Biharul-ənvar”, 13-cü cild, səh. 176, qədim çap.
2. “Biharul-ənvar”, 52-ci cild, səh. 328.
3. “Biharul-ənvar”, 12-ci cild, səh. 182

 

Tags: İMAM ZAMAN (ə), SUALLARA CAVAB, MƏQALƏLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!