ŞİƏLƏR ARASINDA İNTİZARIN NİŞANƏSİ NƏDİR? (1)

:

ŞİƏLƏR ARASINDA İNTİZARIN NİŞANƏSİ NƏDİR?

Cavab: Məlum olduğu üzrə, nişanə və əlamət hər bir şeyin möhtəva və mahiyyətinin göstəricisidir. Siyasi, ictimai, əxlaqi və etiqadi məfhumlar əlamət və nişanələrlə məna kəsb etdiyi kimi, “intizar” da şiə etiqadı ilə bağlı dəyərli bir məfhumdur və fərdi və ictimai islahat, dua və raz-niyaz, imam Zamana (ə) mənsub olan müqəddəs məkanlarda təcəlla olur.1 Biz burada bu məsələni qısa şəkildə izah etməklə kifayətlənirik:

1. FƏRDİ İSLAHAT

Həqiqi intizarın ən mühüm nişanəsi təqva və bəyənilmiş əxlaqdır. İmam Baqir (ə) buyurmuşdur: “Təqvalı olun və intizarın ağır məsuliyyətini təqva və pərhizkarlıqla, Allaha çoxlu ibadət və itaətlə məqsədə çatdırın.”2

İmam Zaman (ə) qeybə çəkildiyi vaxt intizarçıları yaxşı və bəyənilmiş əməllərə dəvət edərək buyurmuşdur: “Sizdən hər biriniz bizim razılığımızı qazanan işlərə can atın və narahatlığımıza səbəb olan işlərdən çəkinin. Çünki əmrimiz (zühur vaxtı) birdən (xəbərsiz) çatacaq. O zaman tövbə heç kimə fayda verməyəcək.” 3

Yaxşı əxlaq və rəftar zühurun intizarını çəkənlərin başlıca vəzifəsi olduğu kimi, intizarın ən mühüm nişanələrindən də sayılır. İmam Sadiq (ə) buyurmuşdur:”Hər kim Qaimin (ə) dostlarından olmaq istəyirsə, intizar dövründə yaxşı İslam əxlaqının təcəllası olsun. Belə şəxs Qaimin (ə) qiyamından qabaq ölsə, onu dərk edən (görən) şəxs kimidir.” 4

2. İCTİMAİ İSLAHAT

İntizarın ən mühüm nişanələrindən biri də ictimai islahat proqramıdır. Həqiqi intizar fərdi islahı tələb etdiyi kimi, ictimai birliyi qorumağı, ədaləti bərpa etməyi, zülm və haqsıqlıqla mübarizəni, ümumi islahı da qarşıya məqsəd qoyur; yəni dünyanın böyük islahatçısının intizarını çəkən şəxs həm özü əməlisaleh olmalı, həm də ictimai islahata ciddi yanaşmalıdır.

Peyğəmbəri-Əkrəm (s) “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (çirkinlikdən çəkindirmək) haqda belə buyurmuşdur: “(İnsanları) yaxşılığa dəvət və pisliklərdən çəkindirməlisiniz. Əks-təqdirdə, Allah-taala sizin ən pisinizi ən yaxşı və xeyirxahlarınıza hakim edər və onların duası qəbul olunmaz.” 5

İmam Məhdinin (ə) razılığı da yaxşı və bəyənilmiş işlərin yerinə yetirilməsi, pisliklərin tərk edilməsindədir. Belə isə zühurun intizarını çəkən şəxs yaşadığı cəmiyyətə əhəmiyyətlə yanaşmalı və bu istiqamətdə öz İmamına (ə) itaət etməlidir. Çünki o həzrət zühur əsrində yaxşılıqlara dəvət edən və pisliklərdən çəkindirənlərin öndəri, qabaqcılıdır. İmam Məhdinin (ə) razılığını qazanan, onun yolunu gedən, ilahi hökmləri icra edən və bu istiqamətdə addım atan cəmiyyətə məhz zühurun intizarını çəkən cəmiyyət adını vermək olar.

3. DUA VƏ RAZ-NİYAZ

a) “Nüdbə” duası: Bu dua intizar nişanəsinin ən bariz nümunəsi kimi, həmişə şiələrin diqqət mərkəzindədir. İmam Məhdinin (ə) qiyamının intizarını çəkənənlər tarix boyu daxili yanğınlarını “Nüdbə” duası ilə söndürür və beləcə, ruhi-mənəvi aramlıq tapırlar. Həqiqətdə, bu dua varlıq aləmində Adəm peyğəmbərdən tutmuş Allahın sonuncu “höccət”i imam Məhdiyə (ə) qədər ilahi “höccət” və övliyaların hüzurunu qısa şəkildə bəyan edir.

Şübhəsiz, kim bu dua ilə ünsiyyətdə olsa və Peyğəmbəri-Əkrəmin (ə) haqq canişinlərinin məzlumiyyətini dərindən dərk etsə, daxilində vilayət və imamət eşqi şölələnəcək, bütün varlığı ilə ilahi “höccət”ə ehtiyacı hiss edəcək. “Nüdbə” duasını oxuyan şəxs Allahın sonuncu “höccət”inin qeybə çəkildiyi nəticəsində bəşəriyyətin başına gələn faciələrə ötəri yanaşmayacaq və məsum imamın (ə) vücudundan məhum olmaqla onlara dəyən müsibətin böyüklüyünü başa düşüb, dua və raz-niyazdan, düçar olduqları müsibət və qəm-qüssələrə ağlamaqdan başqa qurtuluş yolu tapa bilməyəcək.

İmam Sadiq (ə) bu duanı dostlarına təlim edər6 və onu cümə günü, “Fitr”, “Qurban” və “Qədir-Xum” bayramlarında oxumağı tövsiyə edərdi. O həzrətin tövsiyə etdiyi kimi, imam Zamanın (ə) qeybə çəkildiyi dövrdə bu duanı oxumaqla ürəyimizin sirrini ona açıqlayır7 və mütəal Allahdan tezliklə zühurunu diləyirik.

b) İmam Zamanın (ə) salamatlığı və zühurunun tezləşməsi üçün dua: İntizarın nişanələrindən biri də imam Zamanın (ə) salamatlığı və zühurunun tezləşməsi üçün dua etməkdir. İmam Sadiq (ə) buyurmuşdur: “Sübh və günorta namazından sonra “İlahi, Mühəmməd və onun Əhli-beytinə salam göndər və onun zühurunu tezləşdir!” – deyə dua edən şəxs Qaimi (ə) görməyincə ölməz.” 8

İmam Zamanın (ə) zühuru üçün dua edən şəxs “qeyb” dövründə baş verən fitnə-fəsadlardan amanda qalar. İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Allaha and olsun! Məhdi (ə) qeybə çəkildiyi zaman Allah-taala, yalnız onun imamətini iqrar etməklə sabitqədəm saxladığı və zühurunun tezləşməsi üçün duaya müvəffəq etdiyi şəxsləri həlakətdən nicat verəcək.” 9

İmam Zaman (ə) İshaq ibn Yəquba yazdığı məktubda şiələri zühur üçün duaya dəvət edərək buyurur: “Zühurun tezləşməsi üçün çox dua edin ki, zühurla uğur qazanarsınız.” 10

Beləliklə, o həzrətin zühuru üçün dua etsək həm onun əmrinə tabe olmuş olarıq, həm də işlərimiz sahmana düşər, çətinliklərimiz aradan qaldırılar. İntizarçılar mütəal Allahdan imam Məhdinin (ə) tezliklə zühur edəcəyini diləməklə, onun salamatlığı üçün dua etmədiyi də unutmamalıdırlar. Çünki onun duası əsrin imamına (ə) məhəbbət nişanəsidir.11 Həmçinin hədislərdə buyurulduğu kimi, o həzrətə dua edənə dünya və axirətdə səksəndən çox böyük fayda verilər.12

Kitabın adı: Dini suallara cavablar

Müəllif: Tədqiqat qrupu

Tərcümə edən: Rza ŞÜKÜRLÜ

Ardı var...

ARDINI BURADAN OXUYUN



1. “Bürhani-qate”, 4-cü cild, səh.2167.

2. “Biharül-ənvar”, 52-ci cild, səh.140.

3. “Biharül-ənvar”, 52-ci cild, səh.140.

4. “Biharül-ənvar”, 52-ci cild, səh.140.

5. “Asarus-sadiqin”, Sadiq Ehsanbəxş, 1-ci cild, səh.125.

6. “Misbahuz-zair”, Seyid ibn Tavus, səh.453.

7. “Məfatihul-cinan”, “Nüdbə” duası.

8. “Biharül-ənvar”, 86-cı cild, səh.77, hədis: 11.

9. “Müntəxəbül-əsər fil-imamis-sani əşər”, Ayətullah Lütfüllah Safi Qulpayiqani, səh.288, hədis: 5.

10. “Əl-ehticac”, Əbu Mənsur Təbərsi, 2-ci cild, səh.545.

11. “Vəzifətul-imam fi qeybətil-imam”, Seyid Məhəmmədtəqi İsfahani, səh.55.

12. “Mikyalul-məkarim”, Seyid Məhəmmədtəqi İsfahani, tərcümə: Seyid Məhdi Hairi, 2-ci cild, səh.71-72.

 

Tags: İMAM ZAMAN (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!