ŞƏFAƏT ALLAHIN DƏYİŞİMƏZ VƏ SABİT QANUNLARI İLƏ ZİDDİYYƏT TƏŞKİL ETMİRMİ?

:

İzah: Təkvin və təşri aləmindən ibarət kainata hakim qanunlar sabit və dəyişilməzdir. Bu qanunlar keçmişə hakim olduğu kimi, bu günə və sabaha da hakimdir. Qurani-Kərimdə bu qanunlar “ilahi sünnə” təbiri ilə qeyd olunur: فَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا وَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْوِيلًا “(Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan.”1

Allahın sünnəsinin xarici nümunələrindən biri də günahkarların bir-birinə oxşar şəkildə cəzalandırılmasıdır. Bunu nəzərə alaraq belə sual oluna bilər ki, görəsən, şəfaət Allahın sünnəsi, qayda-qanunlarını pozmurmu? Görəsən, günahkarların cəzalandırılmaması ilahi sünnəyə qarşı deyilmi?
Başqa sözlə, şəfaət, Allah-taalanın (yaradılışda nəzərdə tutduğu) qayda-qanunların pozulmasına gətirib çıxarır. Belə ki, Allah-taala icra edilməsi üçün hər hansı bir qanun nəzərdə tutmuş və həmin qanun pozulduqda qanun pozuntusuna yol verən kimsənin cəzalandırılması qaçılmazdır. Bu, Allahın nəzərdə tutduğu və Quranın heç bir zaman dəyişmədiyini buyurduğu ilahi qayda-qanundur. Halbuki şəfaət bu ilahi qayda-qanuna qarşıdır.
CAVAB
Mütəal Allahın geniş məğfirət və mərhəməti, eləcə də müəyyən şərtlərlə peyğəmbərlər və ilahi övliyaların şəfaətinə şamil olan günahkarların bağışlanması da Onun sünnə və qayda-qanunlarından biri kimi sabit və dəyişilməzdir. Belə isə, ilahi sünnənin xarici nümunələrindən sayılan şəfaət necə həmin sünnə ilə ziddiyyət təşkil edə bilər?!
İzah: Allahın sünnəsinin sabit və dəyişlməzliyində şəkk yoxdur. Lakin diqqət yetirməliyik ki, Onun sünnəsi sifətlərindən birinə söykənmir və Onun yalnız bir sünnəsi yox, çoxlu sünnəsi vardır ki, hər biri öz növbəsində kamil, genişdir və Rəbbin sifətlərindən mənşələnir.
Ayətullah Cavadi Amuli bu haqda yazır: “Şübhəsiz ki, mütəal Allahın sünnəsi vahid, dəyişilməz və yolu düzgündür. Amma bu dəyişilməz sünnə heç bir hökm və cəza tədbiri pozulmasın deyə, Onun “təşrii sifəti”nə söykənməmişdir. Əksinə bu sünnə Onun bütün sifətlərinə əsaslanır. Demək, hər bir hadisə varlıq ölçülərində Haqqın bir və ya bir neçə ali sifətlərinə söykənir və onların arasındakı fərqə və ondan yaranan tələblərə uyğun olaraq vücuda gəlir. Bir sözlə, şəfaət və onunla günahkarın cəza tədbirinin ləğv edilməsi rəhmət, məğfirət, haqqın haqlıya verilməsi və düzgün mühakimə yürütmək kimi müxtəlif səbəblərin nəticəsi olduğundan, Haqqın sünnəsinə qarşı deyil və onda heç də dəyişiklik yaratmır.2
Həqiqətdə, burada irad edən şəxs cəza tədbirlərinin əsl sünnə, şəfaət vasitəsilə güzəşt və məğfirətin isə bir növ istisna qanun olduğunu təsəvvür etmişdir. Halbuki heç biri digəri ilə müqayisədə istisna yönünə malik deyil, əksinə hər biri öz növbəsində icra olunan qəti sünnədir. Odur ki, birini ilahi sünnə, digərini isə ilahi sünnəyə əks addım kimi mənalandırmaq yanlışdır. Adətən, Allahın qoyduğu sünnə və qayda-qanunlarının sabit və dəyişilməz olması Onun varlıq aləminə yalnız bir sünnənin hakim kəsilməsi mənasını daşımır. Bir halda ki, O Özünü belə tanıtdırır:
كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ
“O, hər gün, hər an bir işdədir.”3
Deməli, Allahın hər bir işi sifətlərindən birinə aiddir.
Buradan belə nəticəyə gəlirik ki, şəfaət vasitəsilə bir şəxsdən əzabın götürülməsi Allahın sabit qayda-qanunlarına zidd deyil, əksinə şəfaət rəhmət, məğfirət, haqqın haqlıya verilməsi kimi bəzi amillərin nəticəsidir. Bu haqqı Peyğəmbəri-Əkrəmə (s) və məsum imamlara (ə) verən Allah-taaladır. Odur ki, şəfaət Onun sünnəsinə qarşı deyildir.
Əllamə Təbətəbai isə uyğun irada cavab olaraq Peyğəmbərdən (s) nəql olunan bir hədisə istinad edir. Hədisdə deyilir:“Allah-taala hər bir işi yalnız onun səbəblərinə müvafiq olaraq həyata keçirir.” Hədisdən alınan nəticəyə görə, Allah-taalanın cəza tədbiri görməsinin müxtəlif səbəbləri ola bilər. Qanun pozuntusu bu səbəblərin yalnız biridir (Deməli, şəfaət digər səbəbləri aradan qaldıraraq cəza tədbirinin götürülməsinə səbəb ola bilər). Bundan başqa vəhhabilərin bu istinadı əqli baxımdan yanlışdır. Çünki ayədə ilahi qayda-qanunların dəyişməzliyindən söhbət gedir. Lakin şəfaətin qəbul olunmasının ilahi qayda-qanunun pozulması olub-olmadığı məlum ayədə göstərilmir. Başqa sözlə, Allah-taalanın daim ədaləti ilə davranması, mərhəmət və mehribanlıq atributları olmaması fikri tamamilə yanlışdır. Bütün dəlillər bu fikrin əleyhinədir. Çünki başlıca ilahi qayda-qanunların biri Allah-taalanın (bəndələri ilə) daim öz atributlarına müvafiq şəkildə davranmasıdır. Ədalət anlayışının ilahi atribut olduğu kimi, mərhəmət, mehribanlıq, bağışlamaq və s. anlayışlar da başlıca ilahi atributlardandır.4
SON HƏDİS
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənə ümmətimin yarısının behiştə getməsi ilə şəfaət məqamını (ikisindən birini) seçmək ixtiyarı verildikdə, şəfaəti seçdim. Çünki şəfaətin əhatəsi geniş və böyükdür. Elə bilirsiniz ki, yalnız təqvalı möminlər şəfaət olunacaqlar? Xeyr, şəfaət günahkar və xətakarlara da aiddir.”5

Kitabın adı: Dini suallara cavablar
Müəllif: Tədqiqat qrupu
Tərcümə edən: R. Şükürlü


1. “Fatir” surəsi, ayə: 43.
2. “Təfsiri mozuiye Qurani-Kərim”, Ayətullah Cavadi Amuli, 5-ci cild – “Qurani-Kərimdə məad”, səh.153- 154, “İsra” nəşriyyatı, 1381-ci h.ş. ili.
3. “Ər-rəhman” surəsi, ayə: 29.
4. “Əl-mizan”, Əllamə Məhəmmədhüseyn Təbatəbai, 1-ci cild, səh.163, “İslam” nəşriyyatı, 6-cı çap, 1421-ci h.q. ili.
5. “Əl-fəsahət”, tərcümə: İbrahim Əhmədyan, səh.370.

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!