İNSANIN QƏZA-QƏDƏR VƏ TALE İLƏ ƏLAQƏSİ (1)

:
 “Tale”, “alın yazısı” və “qəza-qədər” elmi-fəlsəfi bir anlayış kimi, tarix boyu bəşər övladının diqqətini özünə cəlb etmiş, Allahıtanıma məsələsi ilə bağlı bütün ilahi dinlərdə, xüsusilə, İslam dinində diqqət mərkəzində durmuş və bu barədə böyük teoloqlar və filosoflar tərəfindən müxtəlif kitablar yazılmışdır. Demək olar, hamı səmimi qəlbdən bilmək istəyir ki, insanların taleyi kimin əlindədir? Görəsən, insan öz müqəddəratını, taleyini və istədiyi yolu seçməkdə azaddırmı, yoxsa, onun taleyi başqa birisinin – görünməz qüvvənin əlindədir? Görəsən, insanın taleyi və alın yazısı öncədən çəkilmiş bir plan kimi, qəti və dəyişilməzdirmi? Görəsən, həyatında, dünyaya gəlişində, ölümündə və gördüyü işlərdə insan məcburdurmu? Görəsən, dünyanın işləri, o cümlədən, insan və onun işləri dəyişilməz plan üzrə baş verirmi?

Dünyaya, xüsusilə, insana tale və qəza-qədər hakim deyil. O, öz müqəddəratını təyin etməkdə azaddır, ixtiyar sahibidir. Burada üçüncü bir fərziyyə də var; o da budur ki, qəza və qədər sonsuz bir qüdrət kimi, bütün dünyaya hakim və varlıq aləminə təsiri geniş olduğu halda, bəşər azadlığına azacıq belə mane olmur. Elə buradan bu məsələ ilə bağlı üç fərqli qrup meydana çıxmışdır:
1. Bəziləri ilahi qəza və qədərin insanın ixtiyari işlərinə təsirini qəbul etmiş və onun həqiqi ixtiyara malik olduğunu danmışlar;
2. Bəziləri qəza və qədərin əhatə dairəsini qeyri-ixtiyari işlərə aid etmiş və insanın ixtiyari işlərini onun çərçivəsindən xaric bilmişlər;
3. Bəziləri isə qəza və qədərin insanın ixtiyari işlərinə təsiri ilə onun taleyini qurub-yaratmaqda azadlığa və seçim qüvvəsinə malik olduğunu cəm etmişlər.

1. QƏZA VƏ QƏDƏR MƏSƏLƏSİNİN ƏHƏMİYYƏTİ
Qəza və qədər, “cəbr” və “ixtiyar” məsələsi həm teoloji-fəlsəfi, həm elmi-ictimai, həm də müxaliflərin diqqət mərkəzində duran bəhslər sırasındadır. Odur ki, həm ayə və rəvayətlər, həm də əql və məntiq baxımından onunla bağlı doğru nəzəriyyəni arayıb-aydınlaşdırmaq zəruridir.
a) İslamda qəza və qədər bəhsinin tarixi: Tarixdə göstərilir ki, klassik predmetlər hicri tarixi ilə birinci əsrin yarısından başlamışdır. Nəzərə belə çarpır ki, teoloji predmetlər içərisində qəza-qədər, “cəbr” və “ixtiyar” məsələsi ən qədim tarixə malikdir. Onun ilkin müsəlmanlar arasında irəli sürülməsi isə təbii görünür. Çünki insanların taleyi və alın yazısı ilə əlaqəli olduğundan, bu haqda düşünmək ümumbəşəri xarakter daşıyır və bütün insanlar fəlsəfi düşüncəyə malik olmasalar da, ona xüsusi maraq göstərirlər.1 İslam cəmiyyəti də bundan müstəsna deyil! Qurani-Kərimdə və Peyğəmbəri-Əkrəmin (s) kəlamlarında bu məsələ aydın şəkildə bəyan olunmuşdur. Bir çox ayə və rəvayətlərdə insanın azad və ixtiyar sahibi olmasından söz açılsa da, bəzi fəlsəfi cərəyanlar tale və qəza-qədər anlayışına ağır zərbələr endirmişlər. Dinlərdən, xüsusilə, İslam dinindən məlumatı olmayan bəzi qərb yazıçıları bütün dinlərin qəza-qədərə köklü bir proses kimi etiqad bəsləməsinə toxunmuşlar. Onlara görə, dinlər bu inancla insani qüvvələri təlaş və fəaliyyətdən saxlayır. Onlar bütün fərdi və ictimai problem və bədbəxtlikləri talenin, qəza-qədərin üstünə ataraq yaşadıqları mühiti hər növ qüsur və nöqsandan uzaq bilirlər. Burada dinlər mühərrik bir amil kimi tanıtdırılmaq əvəzinə, irtica amili kimi mənalandırılmışdır. Şərqlilər də qərb qardaşlarından geridə qalmamış, onların puç gümanlarını – dinlərin, hətta dinlərin ən üstünü olan İslam dininin qəza-qədərə inandığını, nəticədə fərdi və ictimai islahat uğrunda təlaş və fəaliyyətin qarşısını aldığını öz beyinlərində bəsləmişlər. Qərblilər öz nöqsan və səhvlərini qəza-qədərin üstünə atmaq üçün “tarixi determinizm” məsələsini irəli sürmüşlər.
Bu etiqadın səbəbini isə qərblilərin dinlərdən, xüsusilə İslam dinindən məlumatsızlığında axtarmaq lazımdır. Halbuki bədbəxtliklərindən xəbərsiz qalan şərqlilər də bundan müstəsna deyildir. Bu məsələyə tarixi yöndən də baxdıqda, maddi və mənəvi istək və arzularına çata bilməyən hər hansı bir fərd və cəmiyyətin özünə qəza-qədər, tale, alın yazısı və bəxt kimi sözlərlə təskinlik verməsini görürük. Peyğəmbəri-Əkrəm (s) qəza-qədərlə bağlı yanlış fikirlərin əsassızlığı və məntiqsizliyi haqda buyurmuşdur: “Bir gün gələcək ki, bu ümmətdən bir qrupu günahlarını qəza-qədərin üzərinə atacaq, çirkin işlərini ilahi təqdirin nəticəsi hesab edərək belə yozacaqlar: “Allahın qəza-qədəri belə gətirib.” Belələri ilə üzləşdikdə, deyin ki, mən onlara nifrət edirəm.”2
Şübhəsiz, hər bir insan həyatda bir sıra gözlənilməz hadisələrlə üzləşir. Müxtəlif hadisələrin baş verməsini əsla gözləməyən kəslər belə hallarda özlərini itirirlər. Bəli, gözlənilməz hadisələr fərdi həyatda, ölkənin siyasi və ictimai vəziyyətində böyük dəyişikliklər yaradır, insanların şirin röya və xülyalarını bir-birinə qatır, mütəfəkkirləri, ağıl sahiblərini heyrətə salır. Belə vəziyyətdə insanın qarşısına çıxan sual bu olur:
“Bu hadisələrin mənşəyi haradandır? Həyatın nəbzi kimin əlindədir? Əgər yaxşı, yaxud pis yaşamaq bəşərin öz əlindədirsə, görünməz amilin və başqasının əlində deyilsə, onda nə üçün çox vaxt insanların qərar və tədbirləri istənilən kimi olmur? Görəsən, bütün şərait hasil olandan sonra insanların dözülməz fəaliyyətlərini, zəhmətlərini son anda puç edən nədir?
Bu vaxt insanın təfəkküründə fəlsəfi düşüncələr yaranır, zaman keçdikcə, hadisələr təkrarlandıqca və düşüncələr möhkəmləndikcə, bu fikir daha da inkişaf edir, ixtiyar və azadlıq, yaxud qəza-qədər məsələsi qarşıya çıxır, hər bir insan bu elmi problemin həlli yolunu axtarır.
Buna əsasən, “cəbr və ixtiyar”, yaxud “təqdir və tale” məsələsinin yaranma tarixini təyin etmək mümkün deyil. Çünki bu və bu kimi məsələlərlə bəşər elə ilk gündən dünya ilə tanışlığa başlayarkən hər əsrdə xüsusi bir formada qarşılaşmış, az-çox da olsa, onların haqqında müxtəlif fikirlər yürütmüşdür.
Müsəlmanlar arasında isə tale, cəbr və ixtiyar məsələlərinin diqqət mərkəzində durmasının daha başqa bir səbəbi olmuşdur və geniş mübahisələrin yaranması, müxtəlif fikirlərin söylənilməsi, bir çox kitab və risalələrin yazılması ilə nəticələnmişdir.[3] Bununla əlaqədar bu qədər kitabların yazılmasının səbəbi Qurani-Kərimin əqli və etiqadi məsələlərə xüsusi diqqət yetirməsi olmuşdur. Belə ki, tez bir zamanda İslam fəlsəfəsi bütün yönlərdə təkamül etməklə əski yunan fəlsəfəsini geniş əlavələrlə dirildərək, cahanşümul bir məktəbə çevrildi. Bu maarif ilahi “kitab” və İslamın məsum rəhbərlərinin dəyərli kəlamlarına əsaslanaraq çox az bir müddət ərzində yunan fəlsəfəsini çox arxada qoydu; belə ki, iki yüzdən ibarət klassik məsələyə beş yüz üsul da əlavə edərək, hərtərəfli və mütərəqqi bir məktəbə çevrildi. Bununla əlaqədar hələ İslamdan yarım əsr keçməmiş bir sıra dərin məsələlərlə birgə qəza-qədər də yığıncaqlarda özünə mübahisə yeri aldı. Hətta tarixə görə, Əmirəlmöminin Əli (ə) “Siffeyn” müharibəsindən qayıdarkən qoca bir kişinin o həzrətdən soruşduğu bir neçə sualı diqqəti cəlb edir:
Qoca kişi: “Bizim səfərimiz Allahın qəza-qədəri üzündənmi idi?
Əmirəlmöminin Əli (ə): “Toxumu yerin altından göyərdən, insanı yaradan Allaha and olsun ki, təpələrə qalxmağımız və yamaclardan enməyimiz belə, Allahın qəza-qədəri üzündən idi!”
Qoca kişi: “Əgər belədirsə, onda çəkdiyimiz əziyyətlərin müqabilində bizə savab verilməz; çünki bütün bu işlər Allah tərəfindəndir!”
Əmirəlmöminin Əli (ə): “Uca Allah həm (müharibəyə) getməyiniz, həm də qayıtmağınız üçün savab verəcəkdir; çünki siz nə getməkdə, nə də qayıtmaqda məcbur deyildiniz və hər ikisini ixtiyar üzündən görmüsünüz!”
Qoca kişi: “Bəs, necə azad və ixtiyar sahibi idik ki, bizi hər iki işə sövq edən tale və ilahi qəza-qədər olmuşdur?!”
Əmirəlmöminin Əli (ə): “Sən elə təsəvvür edirsən ki, (bəşərin iradə və ixtiyarından xaricdə) qəti qəza-qədərmi mövcuddur? Əgər belədirsə, savab və cəzanın heç bir mənası olmaz. Allah-Taala bəndələrinə yaxşı və taqətləri çatan işləri əmr edir, pis işlərdən çəkindirir. Onları hər iki işdə azad buraxmış, heç vaxt qeyri-mümkün işləri əmr etməmiş və kiçik bir əmələ böyük savab müəyyən etmişdir. Bəndələrin itaətsizliyi Allahı məğlub etmir və saleh bəndələrin də itaəti məcburiyyət üzündən deyildir. Allah-Taala peyğəmbərləri, səmavi kitabları da əbəs yerə göndərməmişdir.”4

Ardı var...

İkinci hissəni buradan oxu


1. “Tale, yaxud qəza və qədər”, Ayətullah Cəfər Sübhani, səh.36.
2. “Siratul-müstəqim”, Əli Bəyazi, Nəcəf, “Heydəriyyə” kitabxanası, 1384-cü il, 1-ci cild, səh.32.
3. Qeyd olunanlar İslam fəlsəfi kitablarında bəyan olunsa da, cəbr, ixtiyar, qəza və qədər məsələsi elmi yığıncaqlarda diqqəti özünə cəlb etdiyi gündən bu haqda İslam alimləri tərəfindən ayrıca kitab və risalələr yazılmışdır. Əlavə məlumat əldə etmək istəyənlər “Kəşfüz-zünun” və “Əz-zəriə” kimi islami kitabları qeydə alan mündəricatlara müraciət etsinlər.
4. “Nəhcül-bəlağənin şərhi”, Əbdüh, 2-ci cild, səh.167; “Biharul-ənvar”, 97 və 98-ci cildlər.

 

Tags: MƏQALƏLƏR, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!