DİNİ CƏMİYYƏTLƏRDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ - 4

:

İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ

İslam tarixində və İslam ümmətində ixtilafların kökünü araşdırmaqla, burada ümmətlərin və dinlərin parçalanmasının əsas səbəblərindən hansı birinin daha təsirli olmasını başa düşmək olar.

Biz burada İslam ümmətində firqə və məzhəblərin yaranmasının ən mühüm səbəblərini bəyan edəcəyik:

1. PEYĞƏMBƏRİN (S) DÖVRÜNDƏ İSLAM ÜMMƏTİ ARASINDA MÖVCUD OLAN İXTİLAF

İslam ümməti arasında ilk ixtilaf, məhz Peyğəmbəri-Əkrəmin (s) zamanında yaranmışdır. Peyğəmbər (s) həyatı boyu, xüsusilə Mədinədə İslam cəmiyyəti təşkil etdikdən sonra bir çox çətinliklərlə rastlaşmışdı. Şəxsi mənafeyinə görə və ya əvvəlki mövqeyini qoruyub saxlamaqdan ötrü zahirdə İslam dinini qəbul edən münafiqlər, eləcə də təfəkkür tərzləri müqəddəs din qanunları ilə uyğun gəlməyən bəzi səhabələr o həzrətlə (s) açıq-aşkar müxalifətə başlayırdılar. Bu ixtilaflardan bir neçəsini qısa şəkildə izah edirik:

1. “Hüdeybiyyə” sülhü bağlanan zaman Peyğəmbəri-Əkrəmin (s) çıxardığı qərarların həqiqi mahiyyətindən, bu müqavilənin gələcək təsirlərindən və İslamın genşlənib qələbə çalacağından xəbərsiz olan bəzi səhabələr müxalifətə başladılar və hətta bu müqaviləni pozmaq üçün bir neçə dəfə qılınc da çəkdilər. Amma onlar o həzrətin ciddi reaksiyası ilə qarşılaşıb sakit oldular. Bu müqavilə imzalandıqdan sonra onların üzündə daxili gərginlik və narahatçılıq hissi aydınca sezilirdi. Onlar Peyğəmbərin (s) bu işinə şəkk-şübhə ilə yanaşırdılar. (“Əs-siyrətun-Nəbəviyyə, İbn Hişam, 3-cü cild)

2. Taif müharibəsinin qənimətləri bölüşdürülən zaman Peyğəmbəri-Əkrəm (s) onun bir qismini Qüreyşin təzə müsəlman olmuş başçılarını İslama qarşı rəğbətləndirmək üçün onlara payladı. Bu məsələ Ənsar tərəfindən narazılıqla qarşılandı, hətta iş o yerə çatdı ki, Zulxuveysirə Təmimi tam həyasızlıqla o həzrətə dedi: “Ədalətlə rəftar et, ey Mühəmməd! Sən ədalətli iş görmədin.”

Peyğəmbər (s) narahat halda buyurdu: “Əgər mən də ədalətlə rəftar etməsəm, onda daha kim adil olar?”

Bu hadisədə Peyğəmbəri-Əkrəmin (s) verdiyi izahların onları razı salmasına və tutduqları iradların aradan qalxmasına baxmayaraq, Zulxuveysirə Təmimi əvvəldə olduğu kimi, yenə də öz mövqeyindən əl çəkmirdi. Nəhayət, Rəsuli-Əkrəm (s) onun barəsində buyurdu: “Bu şəxsin çoxlu ardıcılları olacaq ki... Ox kamandan çıxdığı kimi, onlar da dindən çıxacaqlar.”

Peyğəmbərin (s) əvvəlcədən xəbər verdiyi kimi o, Əlinin (ə) xilafəti dövründə xəvaric dəstəsinin başçısı oldu.

3. Mədinə münafiqlərinin Peyğəmbəri-Əkrəmlə (s) olan müxalifətləri və onun işlərində törətdikləri maneələr o qədər çox idi ki, hətta onlar o həzrəti (s) Mədinədən çıxarmaq üçün tədbir tökmüşdülər. “Münafiqun” surəsi münafiqlərin vəsfində və onların müxalifətləri ilə əlaqədar nazil olmuşdur.

Peyğəmbərin (s) qəbul etdiyi qərarlar, gördüyü tədbirlər və İslami göstərişlərə qarşı bəzi müxalifətçiliklərin meydana gəlməsinə baxmayaraq, o həzrətin xalq arasındakı nüfuzu, şəxsiyyəti və məqamının əzəməti, həmçinin başqalarının hökumət və qüdrətə çatması üçün şəraitin olmaması elə bir səviyyədə idi ki, bu ixtilaflar İslam ümməti arasında təfriqə yaranmasına imkan vermirdi. Amma Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra məşhur səhabələr arasında ixtilafların genişlənməsi üçün şərait yarandı. Qeyd etmək lazımdır ki, ixtilafların baş qaldırmasının ilk nöqtəsi Peyğəmbər (s) ölüm yatağında olduğu zaman sürətlə inkişaf etməyə başladı. Səhabələr arasında müxalifət və çəkişmələrin və o həzrətin fərmanından imtina etməyin əsas hissəsi də məhz həmin zamanla əlaqədardır. Tarixi mənbələrdə nəql olunmuş məlumatlara əsasən, ən ciddi qarşıdurma aşağıda qeyd olunan iki hadisə ilə bağlıdır:

a). Əbu Əbdüllah Məhəmməd ibn İsmail Buxari mötəbər sənədlərə istinad etməklə, Əbdüllah ibn Abbasdan belə nəql edir: 

Peyğəmbəri-Əkrəm (s) vəziyyətinin ağırlaşdığını görüb, belə buyurdu: “Mənə kağız-qələm gətirin, sizin üçün elə bir şey yazım ki, məndən sonra yolunuzu azmayasınız.”

Bu zaman Ömər ibn Xəttab dedi:

“Şübhəsiz, Peyğəmbərin xəstəliyi şiddətlənmişdir, Allahın kitabı bizə kifayətdir!”

Bu sözdən sonra Peyğəmbərin (s) ətrafında toplaşan səhabələr arasında mübahisə başlandı. İş o yerə çatdı ki, Peyğəmbər (s) narahat olub buyurdu:

“Qalxın ayağa, evdən çıxın! Mənim yanımda mübahisə etməyiniz yaraşmaz!”

İbn Abbas bu əhvalatı nəql edikdən sonra deyir: “Bu işdən doğan ən böyük müsibət bu oldu ki, bizimlə Rəsuli-Əkrəmin (s) yazısı (vəsiyyəti) arasına ayrılıq salındı”. (“Səhihi Buxari, “Elm kitabı”; Səhihi Müslim, 2-ci cild; “ Müsnəd”, Əhməd ibn Hənbəl, 1-ci cild; “ Təbəqatul-Kubra”, İbn Səd, 2-ci cild; “Miləl və Nihəl”, Şəhristani, 1-ci cild)

b). Peyğəmbəri-Əkrəm (s) Təbuk müharibəsindən qayıtdıqdan sonra romalıların hücum təhlükəsini ciddi hesab etdiyinə görə İslam qoşununu döyüş hazırlığı vəziyyətində qoruyub saxlayırdı. O həzrət (s) həyatının son anlarında ordunu yenidən təchiz etdi, onun sərkərdəliyini Üsamə ibn Zeydə tapşırdı, mühacir və ənsar da daxil olmaqla, bütün müsəlmanlara qoşunla birlikdə yola düşmək əmrini verdi. Həzrət (s) buyurdu: “Üsamənin ordusunu lazım olan hər bir şeylə təchiz edin! Ondan imtina edənlərə Allah lənət etsin!”

Səhabələrin böyük əksəriyyəti bu fərmanı qəbul edib, Üsamə ilə birgə hərəkət etdilər. Amma onlardan bəziləri Peyğəmbərin (s) xəstəliyini bəhanə gətirib, əmrdən imtina etdilər və dedilər ki, biz heç vaxt sizi bu vəziyyətdə tərk edib gedə bilmərik. Bununla da, onlar Üsamənin başçılığı ilə hərəkət edən orduya qoşulmaqdan imtina etdilər. (“Əs-sirətun-Nəbəviyyə”, İbn Hişam, 2-ci cild; “Miləl və Nihəl”, Şəhristani, 1-ci cild)

Peyğəmbərin (s) vəfatından sonra ixtilaf və çəkişmələr şiddətləndi. Mühacir və ənsar qrupları arasında o həzrətin harada dəfn olunması məsələsilə bağlı mübahisə və qarşıdurma yarandı. Bundan əlavə, İslam ümməti içrə ən çox ixtilaf yaradan məsələ Peyğəmbərin canişinliyi və imamət məsələsi idi. Hətta deyilmişdir ki, “üsuli-din məsələlərinin heç birində imamət qədər qan tökülməyib, yaxud qılınc çəkilməyib.”

Peyğəmbəri-Əkrəmin (s) vəfat xəbəri yayılanda, Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) Bəni-Haşim qəbiləsi və səhabələrdən bir neçə nəfərlə birlikdə o həzrətin dəfn mərasimi üçün hazırlaşırdı. Bununla eyni vaxtda, ənsar və mühacirlərdən bir qrupu “Bəni-Saidə” səqifəsi adlı bir yerdə toplaşıb, Peyğəmbərin canişinlik və ümmətə rəhbərlik vəzifəsinin kimə verilməsi barədə mübahisə edirdilər. Ənsarın nəzəri bu idi ki, ənsar və mühacirdən hər biri özü üçün bir əmir və rəhbər təyin etməlidir. Onlar özləri üçün Səd ibn Übadəni rəhbər təyin etmək istəyirdilər. Amma Əbu Bəkr və Ömərin oraya gəlişi və onların o yığıncaqdakı çıxışı vəziyyəti tamamilə dəyişdirdi. Ömər ibn Xəttabın ardınca Səqifədə olanların hamısı Əbu Bəkrə beyət etdilər və beləliklə, o, Rəsuli-Əkrəmin (s) ilk xəlifəsi elan olundu. Ömər ibn Xəttab bu seçkinin gözlənilmədən, heç bir araşdırma aparılmadan və düşünülmədən olması haqda deyirdi: “Həqiqətən, Əbu Bəkrə edilən beyət araşdırma aparılmadan və düşünülmədən baş verən bir iş idi ki, Allah müsəlmanları onun şərindən qorudu. Bundan sonra hər kim belə bir iş tutsa, onu öldürmək lazımdır. Ümumiyyətlə, müsəlmanlarla məşvərət etmədən başqasına beyət edən şəxs həm özünü, həm də qarşı tərəfi təhlükəyə salır, onların hər ikisi öldürülməlidir.” (“Miləl və Nihəl”, Şəhristani, 1-ci cild)

Amma Bəni-Haşim qəbiləsi və səhabələrdən bəziləri imamət və rəhbərlik vəzifəsinin Allah tərəfindən təyin olunmuş bir məqam olduğunu, imamın yalnız Allahın əmri ilə seçildiyini dəlil gətirərək, Əbu Bəkrin belə bir şəkildə xəlifə seçilməsinə etiraz edirdilər. Onlar inanırdılar ki, Peyğəmbər (s) Allahın əmri ilə və aşkar buyruqlarla Əlini (ə) özünə canişin və xəlifə təyin etmişdir.

Bu ixtilafdan sonra İslam ümmətində ən böyük təfriqə və parçalanma yarandı; müsəlmanlar iki yerə ayrıldılar, sünni və şiə məzhəbi formalaşmağa başladı. İmamət və xilafət məsələsi ətrafında aparılan həmin bölgü bu vaxta qədər İslam xalqları arasında meydana gələn ən böyük qruplaşma hesab olunur. Birinci qrupun, yəni sünnilərin əqidəsinə görə, imamət məsələsi Peyğəmbərə (s) xəlifə olmaq mənsəbidir; yalnız İslam cəmiyyətinin idarə olunması, onun nizama salınması məqsədini güdür və şura yolu ilə təyin olunur.

İkinci qrupun, yəni şiələrin əqidəsinə görə isə, imamət məqamı peyğəmbərlik vəzifəsinin davamı olaraq, Allah tərəfindən müəyyənləşir; heç bir şəxs bu ilahi vəzifəyə vəhydən başqa bir yolla nail ola bilməz. Şiələr inanırlar ki, Peyğəmbərin (s) canişinləri olan bütün məsum imamlar Allah tərəfindən təyin olunmuşdur və o həzrət hələ sağ ikən onların hər birinin adını aşkar şəkildə zikr etmişdir.

Əbu Bəkrin xəlifə və İslam ümmətinin rəhbəri seçilməsinin ardınca digər ixtilaflar da yarandı. Bu ixtilaflar get-gedə dərinləşdi və üçüncü xəlifə Osman ibn Əffanın dövründə elə bir həddə çatdı ki, xəlifə camaat tərəfindən öldürüldü.

Əmirəlmöminin Əlinin (ə) xilafəti dövründə İslam ümmətində yeni qruplaşmalar yaranmağa başladı. 

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq

Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Tags: PEYĞƏMBƏR (s) , DİNLƏR VƏ MƏZHƏBLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!