DİNİ CƏMİYYƏTLƏRDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ - 5

:

İSLAM ÜMMƏTİNİN İXTİLAFLARI

Osman ibn Əffan öldürüldükdən sonra müsəlmanlar Əli ibn Əbu Talibə (ə) üz tutdular və o həzrəti xəlifə təyin etdilər. İmam Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) xilafətinə qarşı çıxanlar, o həzrətin əməl və rəftarını bəyənməyənlər “Cəməl” və “Siffeyn” müharibələrini törətdilər və nəticədə müsəlmanlardan bir qrupu qətlə yetirildi.

Peyğəmbərin (s) məşhur səhabələrinin və yaxın adamlarının hər iki cəbhədə iştirak etməsi, haqqı batildən ayırmağa qadir olmayan bəzi müsəlmanların heyrət və çaşqınlığa düçar olmasına və nəticədə onların camaat məzhəbindən xaric olmasına şərait yaratdı. Onlar xəlifələrin barəsində mühakimə yürütməkdən imtina edərək, bu işi Allaha həvalə etdilər. Bu dəstə sonralar “mürciə” adı ilə məşhurlaşdı.

Siffeyn müharibəsindəki “həkəmiyyət” məsələsinin icrasından sonra onun nəticələrindən narazı qalan müsəlmanlardan bir qrupu Əlinin (ə) beyətindən xaric olub, Müaviyənin tərəfdarlarına da qoşulmadılar. Onlar, sonralar İslam tarixində xəvaric adı ilə məşhur olan digər bir dəstəni yaratdılar. Bu da İslam ümmətində ikinci ən böyük parçalanma sayılır.

Qeyd etmək lazımdır ki, həmişə dini cəmiyyətlərdə əqidə baxımından qarşıdurma yaranan zaman və ifratçı ideoloji qruplaşma əmələ gəldikdə, qarşı tərəfdə də başqa bir ifratçı cərəyan meydana gəlmişdir. Əli ibn Əbu Talibin (ə) imaməti müqabilində də ifratçı “xəvaric” cərəyanı formalaşmışdı. Belə ki, onlar Əmirəlmöminin (əleyhis-salam)-ın bütün dəyər və fəzilətlərini inkar edirdilər və hətta o həzrəti həmin firqənin üzvlərindən biri şəhadətə yetirmişdi. Onların da qarşısında başqa bir dəstə formalaşdı ki, Əli (əleyhis-salam)-a itaət etməkdə ifrata vararaq, o həzrəti Allahlıq məqamına qədər yüksəltdilər. Bu firqə də İslam tarixində “ğulat” adı ilə məşhurdur.

Zaman keçdikcə, İslam ümmətində təfriqələr daha da dərinləşdi və böyük məzhəblər də öz növbəsində kiçik firqələrə bölündü.

2. ƏQLİ BƏHSLƏRƏ QOŞULMAQ

Müxtəlif dəstə və firqələrin yaranmasının ikinci əsas səbəbi müsəlmanlar arasında əqli və ideoloji məsələlərin irəli sürülməsi idi. İslamın zühurundan və Peyğəmbər (s) əsrindən uzaqlaşdıqca, dini əsasların haqq olmasını isbat etmək üçün əqli dəlillərə üz gətirməyin zərurəti artırdı. Xüsusilə, İslamın sərhədləri genişləndikcə və cəmiyyət inkişaf edib böyüdükcə, bu ehtiyac daha artıq hiss olunurdu. Müsəlmanlar müxtəlif millətlərlə üzləşdikləri zaman İslam daha güclü dəlillərlə təqdim olunmalı idi ki, onlar bu dinə cəzb edilsinlər. Bu zərurət Peyğəmbərin (s) dövründə o qədər də hiss olunmurdu, çünki o həzrət özü şəxsən etiqadi şübhələrə cavab vermək üçün ən mötəbər müraciət yeri hesab olunurdu. Buna görə də, müsəlmanlar nəzəri və fikri məsələlərə, eləcə də əqli dəlillər üzərində fikirləşməyə bir o qədər də ehtiyac duymurdular.

Müsəlmanların inkişaf etmiş mədəni xalqlarla ünsiyyətdə olması, İslami fəthlər nəticəsində yeni ölkələrin müsəlman ərazilərinə qatılması, xüsusilə onların yunan mədəniyyəti ilə tanış olmaları cəmiyyətdə yeni bir ab-hava yaratmışdı. Bundan əlavə, bəzi xəlifələrin bu xalqlar arasında məşhur olan elmlərin müsəlmanlar üçün tərcümə və tədrisinə çalışmaları da əqli və fəlsəfi bəhslərə, həmçinin İslamın əqidə prinsiplərinin fəlsəfi yollarla araşdırılmasına kəskin bir təmayül yaratdı. Bu da İslamda əşəri, mötəzilə və bu kimi digər fikri-ideoloji məzhəblərin formalaşmasına səbəb oldu.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq

Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Tags: PEYĞƏMBƏR (s) , İMAM ƏLİ (ə), DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!