İBTİDAİ DİNLƏR– V hissə

:

ƏRƏBİSTAN YARIMADASINDA ANİMİZM
Ərəbistan yarımadasında bəzi ərəb qəbilələri bütpərəstliklə yanaşı, xeyirxah və şər ruhlara, ay, günəş, ulduzlar və s. göy cisimlərinin ruha malik olduğunu güman edərək onlara sitayiş edirdilər.

Bəzi qəbilələr isə mələkləri Allahın qızları hesab edərək, onlara ilahi əzəmətin məzhəri gümanı ilə pərəstiş edir və bununla da bir növ onların məhəbbət və rəğbətini qazanmaq istəyirdilər. Bəziləri də şeytanlara pərəstiş edərək onların təhlükəsindən qorunmaq və onların zərərlərini dəf etməyə çalışırdılar. Burada cinlərə pərəstiş də mövcud idi; çünki onlar qaranlıq, səssiz-səmirsiz və qorxulu Ərəbistan səhralarında və çöllərində keçirdikləri şiddətli qorxu hisslərinə görə onlara pərəstiş edirdilər. Çünki onlarda belə bir inanc vardır ki, səhralar cinlərin ixtiyarındadır; onların rəğbət və məhəbbətini qazanaraq qorxu və vəhşətdən xilas olmaq üçün cinlərə və onların allahlarına pərəstiş etmək lazımdır. Ərəblər bu işlə sanki özlərini cinlərin pənahında hiss edirdilər. Həmin ərazilərdə yaşayan Bəni-Xuzaə qəbiləsinin bir qolu olan Bəni-Məlih sülaləsi cinpərəstliklə tanınmışdı. Bəzi ərəb qəbilələri, o cümlədən Himyər qəbiləsinin bəzi üzvləri, Yəməndə Səba tayfası, Bəni-Təmim, Bəni-Ləxim, Bəni-Xuzaə tayfalarından bəziləri də göy cisimlərinə pərəstiş edirdilər.
Qeyd etmək lazımdır ki, göy cisimləri səhra ərəblərinin həyatında yüksək əhəmiyyətə malik idi. Onlar ay, günəş və ulduzlardan, yolun və istiqamətin təyin olunmasında istifadə edirdilər. Bu məsələlər də göy cisimlərinə həddən artıq diqqət yetirilməsinə və nəticədə tədricən onlara məhəbbət göstərmələrinə səbəb oldu. Zaman keçdikcə bu iş göy cisimlərinin müqəddəs sanılmasına və onlara pərəstiş olunması ilə yekunlaşdı nəticədə belə bir etiqad yarandı ki, səmavi cisimlər ruha, əsraramiz qüvvəyə malikdir, insanların həyatında birbaşa təyinedici rol oynayır. Ulduzların bəxt ulduzları və günlərin də yaxşı və pis günlərə bölünməsi də bu fikirlərdən doğmuşdur.
Beləliklə bütün əşyalarda, təbii varlıq və hadisələrdə ruhun varlığına inanmaq, div, pəri və s. qorxulu surətlərə və xəyali varlıqlara etiqad bəsləmək, onların səhralarda, meşələrdə, xarabalıqlarda olmasını zənn etmək, bu kimi varlıqların xariquladə və son dərəcə böyük qüdrətə malik olmasını təsəvvür etmək bütünlüklə animizm təfəkkürünün məhsuludur. Qədim xalq ədəbiyyatında div, pəri və s. qeyri-adi varlıqlar haqda çoxlu hekayələrin mövcud olması keçmişdə belə bir etiqad və fikrin geniş yayılmasının aşkar sübutudur. Hal-hazırda da bəzi cəmiyyətlərdə bu kimi inanclar istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə animizm tərzi-təfəkkürünün təsirləri kimi müşahidə olunmaqdadır.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!