İBTİDAİ DİNLƏR– VI hissə

:

3. TOTEMİZM 

Totempərəstlik də qədim bir etiqadi cərəyandır; bu dinin ardıcıllarına hələ də Amerika, Avstraliya və Afrikanın yarımvəhşi qəbilələri arasında rast gəlmək olur. Əslində totem sözü Şimali Amerikanın yerli əhalisi ilə bağlıdır.

Sosioloqlar totemizm sözünü etiqadi baxımdan Şimali Amerikanın yerli əhalisi ilə oxşar olan dünyanın sair nöqtələrindəki yerli əhalinin əqidəsini bəyan edərkən işlədirlər.

Totem dedikdə hər hansı bir qəbilə tərəfindən pərəstiş olunub müqəddəs sayılan bitki, heyvan və ya başqa bir şey nəzərdə tutulur. İbtidai insanlar müəyyən bir əşyanı və ya heyvanı (daha çox heyvanlar və quşları), özləri üçün totem kimi seçir və ona pərəstiş edirdilər. Onlar inanırdılar ki, ulu babalarının ruhu o quş, yaxud heyvanın cisminə keçib. Bu ruh ölümdən sonra həmin quş, yaxud heyvan surətində qəbilənin ətrafında gəzməyə başlamış və onları himayə etməkdən əlavə, həmin qəbilənin sağlamlıq və xeyir-bərəkətinə də səbəb olur. Yerli əhali totem kimi qəbul etdikləri həmin varlığı həqiqətdə özlərinin ulu babası və soyları hesab edirlər. Qəbilənin hər bir üzvü öz nəslinin davam gətirib həyat sürməsində totemin istisnasız rolu olduğunu zənn edir, onun ətinin yeyilməsini özlərinə və başqalarına qadağan edirdilər.

Totem kimi qəbul olunan həmin heyvanın, yaxud quşun nəsli davam etdiyindən, onlar belə güman edirdilər ki, qəbilənin ulu babası əbədi olaraq totemin simasında diri qalacaqdır. Deməli, totemizm həqiqətdə qəbilənin ulu əcədadına pərəstiş etmək, başqa sözlə desək, o cəmiyyətin müştərək ruhu formasına düşmüş bir varlığa sitayiş etmək deməkdir.

Qəbilə üzvləri xüsusi ibadət mərasimləri təşkil edərək totemin hərəkət, səs və rəftarını təqlid etməyə çalışır, bununla da qəbilənin ulu əcdadına itaət və məhəbbətlərini izhar etmək istəyirlər.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardı var...

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!