KONFUSİON AYİNİ - 1

:

KONFUSİONUN KÖKLƏRİ
Buddizm, konfusion və taoizm Çin əhalisinin ən mühüm və geniş yayılmış dini inanclarından hesab olunur. Bu üç din arasında konfusion digər iki dinlə müqayisədə daha çox nüfuz qazana bilmişdir. Bu din Maonun kommunist hökumətindən əvvəlki vaxtlara qədər Çinin hakim dini hesab olunurdu və onun vəfatından sonra da öz nüfuzunu və geniş arealını qoruyub saxlaya bilmişdir.

Bu ayinin buddizm qarşısında üstünlüyünün səbəbi buddizmin Hindistandan Çinə nüfuz etdiyi halda Konfusionun yerli və milli din sayılmasındadır. Konfusionun taoizmə bu ayinin  tərkidünyalıq və asketik həyat tərzinə meyilli olan taoizmdən fərqli olaraq insanlara və cəmiyyətə müsbət yanaşmasına görə qələbə çalıb üstünlük əldə etmişdir. Bu ayində hər bir şəxs öz cəmiyyətini puçluq və fəsad girdabında görməsinə baxmayaraq, nəinki onu tərk etmir, hətta islah etmək üçün hərəkətə keçir və insanlara yol göstərir. Konfusion əsas etibarı ilə ictimai islahatlara çalışır. Onu əvəz edə biləcək ideoloji və əxlaqi prinsip irəli sürmür; əksinə insanların ənənəvi etiqadı üzərində dayanır. Bu amil konfusionun taoizm qarşısında üstünlük qazanmasının əsas səbəbi olmuşdur. Konfusion təlimləri Çin cəmiyyəti və insanlarının mədəniyyət, inanc və qanuni prinsiplərinin əsas mahiyyətinin inanclarını təşkil edir.

KONFUSİON BARƏSİNDƏ
Əsl adı Konq-çiyu olan Konfusion miladdan əvvəl 551-ci ildə Lo (hazırkı Şantung) əyalətində dünyaya gəlmişdir. Üç yaşında atasını itirdiyindən anasına kömək etmək üçün uşaq çağlarından işləməyə məcbur olur. O, təhsildən də uzaqlaşmamış və böyük müvəffəqiyyətlər əldə etmişdir. 22 yaşında müəllimlik sənətini seçmiş, öz evini məktəbə çevirmiş və orada şagird hazırlamağa başlamışdır. Bu məktəb get-gedə genişlənmiş və Konfusion üç min şagird hazırlaya bilmişdir. Şagirdləri onu Konq-fotze (yəni müəllim Konq) adlandırırdılar. Həmin dövrlərdə Konfusion Lo əyalətində məhkəmə sədri təyin olunur və vergi yığımı ona tapşırılır. Gözəl idarəçiliyinə, sədaqətinə və düz işlədiyinə görə hər dəfə vəzifədə yüksəlmiş, nəticədə Lo hökumətində vəzir təyin olunmuş, sonra baş vəzir olmuşdur. Gözəl rəhbərliyi və bacarığı rəqiblərinin paxıllığına səbəb olduğundan, onu öz vəzifəsindən istefa verməyə məcbur etmişdilər.
Bir müddətdən sonra öz görkəmli şagirdlərindən bir neçəsi ilə rəsmi iş axtarmaq üçün Lo əyalətindən çıxır və 13 il Çinin digər şəhər və əyalətlərinə səfər edir. Amma hər yerdə ona mənfi cavab verilirdi. Qəbul edilməməsinin səbəbi onun qəbul etdiyi və əxlaqi meyarlara riayətə əsaslanan idarəçilik və hakimiyyət prinsipinin hökmranların xoşuna gəlməməsi idi. Hətta Kuvanq şəhərində şübhəli bilinərək bir müddət həbsdə saxlanılır. Nəhayət miladdan əvvəl 484-cü ildə Lo hökumətində böyük rütbə sahibi olan şagirdi hörmətlə ondan doğma vətəninə qayıtmasını istəyir. Bu zaman Konfusion 60 yaşına çatmışdı. Buna görə də hər bir vəzifə və mənsəbdən imtina edir və ömrünün miladdan əvvəl 479-cu ilə qədər qalan hissəsini öz fəlsəfəsinin əxlaq və ideoloji əsaslarını toplayıb kitab halına salır.

KONFUSİON AYİNİNİN ƏSAS MƏNBƏLƏRİ
Konfusionun ömrünün axırlarında yazıb topladığı başlıca əsərləri beş kitabdan ibarətdir və onlar bu ayinin əsas mənbələrindən hesab olunur. Bu beş kitab aşağıdakılardır:
1. Şuçinq (tarix kitabı); Bu kitab qədim Çinin sülalələri haqda məlumatları əhatə edir. Konfusion bu məlumatlarda hakimiyyətdə olmuş sülalərinin yaranma və süqut etmə səbəblərini öz şagirdlərinə izah, onları bu sahədəki həqiqətlərdən hali etmişdir. Bu kitab Çinin, miladdan əvvəl 24-cü əsrdən 8-ci əsrə qədər davam edən hakimiyyət sülalələrinin sənədlərinə şamil edilir. Hal-hazırda bu sənədlərdən yalnız 28-i qalmışdır.
2. Şiçinq (şeir kitabı); Konfusion bu kitabda həmin dövrdə camaat arasında yayılan üç min şerdən 305-ni seçərək onları öz təlimlərinin əsasına çevirmişdir. Onun təlimlərinin çoxunda bu şerlərdən istifadə olunmuşdur. Konfusion bu şerləri 4 qrupa bölüb təsnif etmişdir:
A. Qadınla kişinin əlaqələri barəsində olan şeirlər;
B. Xalq bayramları ilə əlaqədar nəğmələr;
C. Dövlət bayramları üçün nəğmələr;
D. Qurbanlıq mərasimləri və məbədlərdəki dini ayinlərin icrası zamanı oxunan dini nəğmələr.
3. Liçi (ayinlər, yaxud şeirlər kitabı); Bu kitab qədim Çin imperator sülalələrinin və əhalisinin ictimai rəftar və davranışlarını bəyan edir.
4. İçing (dəyişikliklər kitabı); Bu kitabın möhtəvasını xəyali fəlsəfi dəstgahlar təşkil edir. Bəzi din tədqiqatçıları onu falçılıq və qeybdən xəbər vermə sistemi adlandırmışlar. Bu sistem üç ədəd səkkizlik xətt üzərində qurulub. Bu üç xəttin hər biri də bir bütöv, düz xəttdən və bir də qırıq-qırıq xəttdən ibarət olmaqla bu iki xəttdən biri təkrarlanır. Bu xəyali-ideoloji sistemdə düz xətt yanq (erkək qüvvəsi), qırıq-qırıq xətt yinin (dişi qüvvəsinin) göstəricisidir. Həmin iki qüvvə bütün təbiət aləmini yaratmışdır və təbiətin bütün simvolları iki-iki, yaxud yanq və yinə aid edilir. Göylər və yerlər, ay və ulduz, işıqlıq və qaranlıq, həyat və ölüm kimi təzahürlər də belələrindəndir.
5. Çun-çyo (bahar və payız salnaməsi); Bu kitab Lo əyalətindən Yin padşahlığının ilk dövründən (miladdan əvvəl 722-ci il) Ay şahın hökmranlığının 14-cü ilinə qədər (miladdan əvvəl 481-ci il) baş verən mühüm hadisələri barəsində gündəlik xəbərlərdir. Konfusion dəqiq məlumatlar verməklə səlahiyyətli hökumətin formalaşmasını, qəddar vəzirlərin islahı üçün  mexanizmləri göstərir. Bütün bunlar qədim Çin hökumətinin və siyasət elminin əsası sayılır.
Qeyd olunan beş kitabdan əlavə, Konfusionun əlaçı tələbələri vasitəsilə, o da Konfusionun əxlaqi şəxsiyyəti və fəlsəfəsini şərh edən başqa dörd kitab da qələmə alınmışdır. Həmin kitablar aşağıdakılardan ibarətdir:
1. Analekt; Lunyunun müntəxabatından ibarət olan bu kitab Konfusionun və onun bəzi şagirdlərinin sözlərini ehtiva edir. Kitabda Konfusionun fəlsəfəsinin kökləri və şəxsiyyəti gözəl şəkildə bəyan olunmuşdur.
2. Tasoe, yaxud böyük elm kitabı; Bu kitab şərafət, alicənablıq, xüsusilə də orta məktəbdə yeni təhsilə başlayan şagirdlərə təlim-tərbiyə üsullarını aşılayır.
3. Çunq-yunq, yaxud min kitabı; Bu kitab əslində Konfusionun nəvəsi Tzoso tərəfindən şərh olunmuş Liçi kitabının bir hissəsi olmuşdur. Kitabın mövzusu dünyadakı nizam-intizamla insanın əxlaqi vəzifələri arasında əlaqədir.
4. Mənkyus kitabı. Konfusionun fəlsəfi görüşlərinin izahı üzrə miladdan əvvəl üçüncü əsrdə yazılmış bu ilk kitab Konfusion əcdad və ardıcıllarının kəlam və sözlərindən ibarət olmaqla nizamlı şəkildə tərtib olunmuşdur.

KONFUSİON AYİNİNİN FORMALAŞMA ZƏMİNİ
Lao tze və Konfusionun meydana gəldiyi əsr Çin tarixində günah və əxlaqsızlığın baş alıb getdiyi dövr hesab olunur. Bu kimi günah və əxlaqi pozğunluqlar fərdi, ailə, sosial həyatda və hökumətdə müxtəlif səviyyələrdə yayılmışdı. Bu iki filosofun mövcud vəziyyətdən keçirdiyi iztirablar da bu fəsadın əleyhinə mübarizə yolu axtarmaq olmuşdur. Onlar öz tədqidat və təfəkkürlərində səadət və qurtuluş yolunu, həmçinin insanların azğınlığa düşməsinin səbəblərini ayırd etmək üçün müəyyən mənada insani kamillik və yaradılışın motivlərini prinsipial şəkildə araşdırmışlar. Bununla belə, həmin filosofların tədqiqatlarının nəticəsi bir-birindən çox fərqlənən və hətta ziddiyyətdə olan iki nəzəriyyənin yaranmasına səbəb olmuşdur. Lao-tze belə fikirləşirdi ki, bu fəsad və günahlar insanların əməllərindən yaranır və insanların işlərinin günahdan, fəsaddan başqa bir nəticəsi olmur. Həyatın hər bir sahəsində insanın əməl və fəaliyyət dairəsi nə qədər genişlənərsə, cəmiyyətdə günah və əxlaqsızlıq da bir o qədər artar. Buna əsasən Lao-tze fəaliyyətsizlik prinsipini irəli sürür ki, bunun vasitəsilə bütün işlərin gedişatını Taonun istəyinə uyğun izah edilib əsaslandırılsın. O əslində varlıq aləmindəki bütün işlərin Taonun iradəsinə tabe və insan özünü tamamilə ona tapşırarsa, onun işləri Taonun istədiyi tərzdə olacaqdır. Buna görə də, onun bütün işləri və ehtiyacları düzgün və məsləhətə  uyğun həll olunacaqdır. Təbiidir ki, cəmiyyətdə belə fikirlərin yayılması cəmiyyətdə durğunluğa və tənəzzülün başlanmasına səbəb olacaq.
Bu təfəkkürün əksi cəmiyyətdəki fəsadın səbəb və amillərini bəzi əxlaq normalarından uzaq düşməkdə görən Konfusion ideologiyasıdır. O da cəmiyyətin islahı üçün bu prinsip və meyarların hakim olması şərtini irəli sürərək həmin prinsipləri şərh edir.  Konfusion insan cəmiyyəti və sivilizasiyasının əsaslı prinsipial olaraq Tao və təbiət müqabilində formalaşdığına, insanın tarix boyunca göstərmiş olduğu bütün fəaliyyətinin Taonun iradəsinə zidd olmasına inanmırdı. Buna görə də onun nəzərində insanların yaxşı əməl və rəftarları dəyərli, eyni zamanda varlıq nizam qamusu ilə uyğun sayılır. Ancaq, Konfusion əxlaq meyarlarına zidd, səhv olan əməl və rəftarlar üçün islahedici mexanizmlərin işlənməsini təklif edir. O, həmin mexanizmləri açıqlamağa çalışmışdır. Konfusionun inancına görə Li termini sağlam cəmiyyəti formalaşdıran  mexanizm və qanunlarından ibarətdir. Cəmiyyətin idarəçiliyi, təkamülü də Li qanununun hakim olması ilə şərtlənir və yalnız bu halda cəmiyyət Taonun istəyi əsasında hərəkət edəcəkdir. Buna əsasən cəmiyyətdə Tao iradəsinin gerçəkləşməsi Li qanunlarının icrasından asılıdır. Konfusionun bu ideologiyası insani fəaliyyət, səylərə, tədbirlərə dəyər vermək deməkdir və Lao-tzenin inancına əksinə olaraq, onların inkar edilməsi kimi qiymətləndirilməməlidir.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!