MƏSİHİYYƏT - 1

:

MƏSİHİ MƏZHƏBLƏRİ 
Məsihilik də sair məktəblər və dinlər kimi əqidə prinsipləri, nəzəri məsələlər barəsində olan çıxarışlar, təhlillər və dəyişikliklər nəticəsində, yaxud əməli üslubların ixtilafı nəticəsində müxtəlif firqə və məzhəblərə bölünmüşdür.

Demək olar ki, heç bir din və məktəb bu din qədər firqələrə bölünməmişdir. Çünki məsihiyyət aləmində dini qayda-qanunlar, əqidə və ixtilaflardan əlavə dil, qəbilə, tayfa amilləri, coğrafi və siyasi xüsusiyyətlər də bu prosesin dərinləşməsində mühüm rol oynamışdır. Bu cərəyanlar arasında üç məzhəb - ortodoks, katolik və protestan məzhəbləri digərləri ilə müqayisədə daha artıq əhəmiyyətə malikdir. Onlar əsas etibarilə tarixi və coğrafi cəhətdən, geniş yayılma, ardıcıllarının çoxluğu, məsihiyyət aləmində dini-ictimai və tarixi təsir baxımından əhəmiyyət kəsb edirlər. İndi isə bu üç məzhəbin meydana gəlmə səbəblərini araşdırırıq.

MƏSİHİLİKDƏ MƏZHƏB VƏ FİRQƏLƏRİN YARANMA SƏBƏBLƏRİ
Məsihiyyət aləmi üç dəfə və üç müxtəlif amilin nəticəsində bir neçə böyük məzhəbə bölünmüşdür:

1. 5-ci əsrdə Çaldisun şurasının bəyaniyyəsi yayıldıqdan sonra şərqi Meditranin Yunan dilli kilsələri Şərqdə olan sair məsihi kilsələri ilə əlaqələrini kəsib onlardan ayrıldılar. Misirin İskəndəriyyə şəhərində mərkəzləşmiş kilsələrin bu qurupu belə bir əqidəni yaymağa başladılar ki, həzrət İsa (ə) ilk mərhələdən sonra yalnız bir kamil və ilahi fitrətə malik olmuşdur; bir-birindən ayrı olan iki təbiət və iki fitrət isə düzgün deyildir. (Bunu Çaldisun şurasının bəyaniyyəsi qeyd etmişdir.) Buna görə də onlar Çaldisun bəyaniyyəsini qəbul edən sair kilsələrdən ayrıldılar. Bu qurup Qibti məsihiləri (qədim Misir) adı ilə tanınırlar.
Misirdə bir çox məsihi rahiblərinin məbədləri yeniləşdiyinə görə Qibti məsihiləri üçün çox münasib bir şərait yarandı ki, bu yolla onlar öz nəzəri fikirlərini yaymağa başladılar. Amma tədricən öz ardıcıllarını itirdilər və hal-hazırda Misirdə azılıq təşkil edən bir qurup kimi yaşayırlar.

2. 11-ci əsrdə bir sıra ixtilaflar, o cümlədən dil, düşüncə, əməl (adət-ənənə) və eləcə də Bizans imperiyası ilə Roma imperiyasının qarşıdurmasından yaranan siyasi ixtilaflar nəticəsində məsihi dünyası iki böyük dəstəyə bölündü. Fələstinin şərqində yerləşən kilsələr (Onlar məsihi aləminin mərkəzi sayılırdı), Bizans, yaxud Yunan kilsələri adı ilə tanınan şərqi ortodoks məzhəbinə, Qərb kilsələri isə latın kilsələri adlanaraq sonradan katolik məzhəbinə çevrildi.
Bu iki məzhəbin əsas ixtilaf amilləri dil məsələsindən ibarət idi ki, bu da nəzər və görüşlərin fərqli olması ilə nəticələndi. Bizans kilsələri yunan dilini seçmişdilər. Yunan dili çox zəngin və geniş bir din idi; onda irfani və metafizik təbirlər üçün geniş imkan var idi. Buna görə də şərqi məsihilər öz nəzəri üsullarının kamil bəyanı və təfsirində fəlsəfi nəzəriyyələrə meyl edirdilər. Amma Qərb kilsələri hüquqi və dəqiq bir dil olan latın dilinə meyl etməklə, məsihi imanının sadə və saf şərhinin və dəqiq hüququnun tərifinə üz gətirdilər.1
Şərq və Qərb kilsələri arasında ixtilaf yaranmasına səbəb olan və əsas etibarilə fəlsəfi yönə malik olan digər əqidəvi ixtilaf bu iki məktəbin həzrət İsanın ilahiləşdirilməsi barəsində olan fəlsəfi idrakı idi. Şərqi məsihilər əsas nəzərlərini həzrət İsanın hülul və təcəssüdünə yönəldirdilər (yəni, Allahın İsanın cismində yerləşməsi və hülul etməsi) və onu (yəni hülul və təcəssüdü) bəşəriyyətin kamal mərtəbəsinə çatdırılması və Allahın zatı barəsində təfəkkür etməyin vasitəsi hesab edirdilər. Onların fikrincə, insan ilahi və müqəddəs bir mərtəbəyə çatmaq üçün səy göstərməlidir. Amma Qərb məsihiləri bu yönə təkid edirdilər ki, həzrət İsanın axan qanı insanların günahlarının kəffarəsidir. Yəni, günahkar insan yalnız o Həzrətin ölümü ilə islah olunub qurtuluşa çıxa bilər.2

3. Məsihi dünyasında məzhəblərə parçalanmanın üçüncü əsas amili 16-cı əsrdə meydana gələn dini islahatlar hərəkatı idi. Bu hərəkat kilsənin qərb məsihi cəmiyyətlərinə hakim olmasına etiraz sayılırdı və qərb cəmiyyətlərinin geriyə qalması və süquta uğraması birbaşa dinin və dini hakimiyyətin üzərinə yıxılırdı. Bu da dinə qarşı çox kəskin etiraz və tənqidlər dalğasının yaranmasına səbəb olmuşdur. Bu zaman məsihi alimlərindən bir qurupu dini təfəkkürün dirçəldilməsi və dini əqidələrin qəbul olunası bir vəziyyətə salınması üçün məsihi təlimlərinə yenidən baxış etmək fikrinə düşdülər; belə bir əqidəni yaymağa başladılar ki, məsihiyyətin tənəzzülə uğramasının əsas səbəbi məsihi keşişlərinin həzrət İsanın təlimlərində etdiyi təhriflərdir və əgər bu təhriflər məsihi dinindən kənarlaşdırılsa, bu təlimlər camaat üçün dərk olunası və qəbul olunası bir şəkilə düşəcəkdir. Başqa sözlə desək, bu quruplar inanırdılar ki, məsihi dininə edilən bütün tənqid və etirazlar həqiqətdə məsihi dinini öhdəsinə alan keşişlərin əməllərinin nəticəsidir; həzrət İsanın dini təlimlərində heç bir çatışmazlıq yoxdur.
Məsihi alimlərindən bu qrupu3 protestanizm adı ilə məşhurlaşan belə bir hərəkat başladılar. Protestanizm qərb dünyasında məsihi hakimiyyəti (katolizm) qarşısında yaranan bir hərəkat kimi formalaşdığından, onun əqidələri də katolik əqidələri ilə qarşı-qarşıya durdu. Avropa kilsələrindən bir qurupunun protestanizm hərəkatına qoşulması ilə, bundan öncə hamılıqla katolik olan qərb kilsələri iki hissəyə ayrıldı.

ORTODOKS (ORTHODOX)
Şərq kilsələrinin məsihiləri qərb kilsələrinin müqabilində özlərini ortodoks adlandırırlar. Bu ifada düzgün və xalis əqidə mənasını daşıyır. Ortodoks kəlməsi düzgün və səhih mənasında olan «orthos» və əqidə mənasına olan «doxa» kəlmələrindən əmələ gəlmişdir.
Ortodoks və katolik məzhəbləri arasında əsas ixtilaflardan biri Ruhul-qudus ilə əlaqədar olan məsələdir. Ortodokslar Ruhul-qudusun tam mənada ata Allahdan əmələ gəldiyini deyirlər. Halbuki katoliklərin inancına görə, Ruhul-qudus oğul Allahdan da yarana bilər. Bu ixtilaf daha böyük bir ixtilafın yaranmasına səbəb olmuşdur ki, bu da ata Allah barəsində yaranan nəzərlə əlaqədardır; bu iki firqə arasında vücuda gəlmişdir, ortodokslar müqəddəs atanı müqəddəs oğuldan üstün hesab edərək, onu bütün işlərin mənşəyi hesab edirlər. Katoliklər isə müqəddəs ata ilə müqəddəs oğulun bərabərliyinə təkid edirlər. Buna əsasən müqəddəs üçlük yaxud üç üqnum barəsində olan bəhs, eləcə də bu üçünün bir-birilə necə əlaqədə olması (ata, oğul və Ruhul-qudus) bu iki məzhəb arasında digər əsaslı bir ixtilafın yaranmasına səbəb olmuşdur. Demək olar ki, müqəddəs atanın yerdə qalan iki üqnumdan üstün olmasını təfsir edən ortodoks əqidəsi tövhidə, üç üqnumun bir-birilə bərabər olmasına təkid edən katoliklərdən daha yaxındır; bunlar üçlüklə yanaşı vəhdətə də inanırlar.
Bu iki məzhəb arasında yaranan mühüm ixtilaflardan biri də kilsə və kilsə məqamlarının günahsızlığı barəsində idi. Katoliklər papanın və kilsənin ruhani məqamlarının ismətinə, günahsızlığına etiqad bəslədikləri və onları xətadan uzaq bildikləri halda, ortodokslar papa və kilsə məqamlarının günahsız olduğunu rədd etməklə yanaşı, həqiqətdə məsihi möminlərinin ümumi məcmuəsində külli halda kilsənin günahsızlığına inanmır və kilsəni xətadan uzaq hesab etmirlər.
Dini qayda-qanunlar və onların necə təşkil olunması barədə bu iki məzhəb arasında fərqlər, ixtilaflar gözə dəyir. O cümlədən, ortodoks kilsələri ibadət mərasimlərinin yerli dillərdə icra olunmasını caiz bilir, halbuki katolik kilsələri onun yalnız latın dilində olmasını israr edirlər. Ortodokslar keşişlərin evlənməsini caiz bilirlər, halbuki katoliklər bunu qadağan edib inanırlar ki, keşiş ruhani ata adı ilə dünyəvi işlərə meyl etməkdən uzaq qalmalı və özünü kilsəyə vəqf etməlidir.
Kilsə məqamlarının mərtəbələri ortodoksların nəzərində aşağıdakılardır:
Oskof (yepiskop) yaxud patriyark (xəlifə), keşiş, şəmmas (kilsə xadimi). Amma katolik kilsələrində yeddi rütbə mövcuddur: Ali rütbədən ibarət olan üç mərhələdə keşiş, şəmmas və şəmmasın müavini, aşağı dörd mərtəbədə isə qapıçı, qari, kilsə xadimi, şər və çirkin ruhların qovulmasını öhdəsinə alan şəxs.
Hal-hazırda Şərqi Avropanın ortodoks kilsələrinin əksəriyyəti Balkan hövzəsində və Rusiyada yerləşir, Qərbi Avropa isə katolik və protestan kilsələri arasında bölünmüşdür.

KATOLİK (CATHOLİC)
Katoliklik məsihi məzhəblərinin ən qədimidir. Ortodoks məzhəbi 11-ci əsrdə, protestantlıq isə 16-cı əsrdə meydana gəlmişdir.
“Katolik” sözü lüğətdə «hərtərəfli» mənasındadır. Katoliklər öz kilsələrini bütün kilsələrin əsası və bünövrəsi hesab etdiklərinə, yalnız onların kilsələrinin həzrət Məsihin dininin həqiqi nümayəndəsi olduğuna və İsanın surətinin məsih kilsəsi olduğuna inandıqlarına görə, özlərinə belə bir ad seçmişlər. Katolik kilsələri Petrosi kilsələri də adlanırlar. Çünki katoliklərin inancına görə, onların əsasını qoyan Petros Həvari olmuşdur. Puls Rəsul da bir müddət o kilsənin rəhbərliyini öhdəsinə almışdır, buna görə də ona Rəsuli kilsələri də deyilir.
Katoliklər inanırlar ki, onların əqidələri xalis məsihiyyət ünvanı ilə tanınır və onların kilsələri sair kilsələr üçün bir mehvər, mərkəziyyət təşkil edir. Bu əqidənin formalaşmasında başqa bir məqsəd də Romanın sair məsihi təbliğat mərkəzlərinə nisbətən mərkəz olması idi.
Həzrət İsanın rəsullarının dəvətindən başlayaraq, İskəndəriyyədə, Yerusəlimdə, İntakiyyədə, Konistantinopolda və Romada yaranan beş böyük məsihi mərkəzləri arasında Roma kilsəsi imperatorluğun mərkəzində yerləşdiyinə görə bu kilsə sair dörd kilsədən üstünlük qazandı. Hətta Konistantinopol kilsəsi yarandıqdan sonra Roma kilsələrinin üstün olmasına daha çox təkid olunurdu. Buna görə də Roma kilsələrinə bağlı olan və onun nəzarəti altında fəaliyyət göstərən katolik kilsələri özlərini sair kilsələr üçün mərkəz və mehvər hesab edirdilər.4
Roma kilsəsi qələbə çaldıqdan sonra, bu kilsənin böyük yepiskopu ehtiram və təzim əlaməti olaraq papa çağırıldı; kilsələrlə məsihi ardıcılları arasında baş verən ixtilaflarda müraciət yeri seçildi və onun rəyi mütləq qəbul olunurdu.
Papanın ixtilaf və çəkişmələrin həll edilməsində, xüsusilə 2-4-cü əsrlərdə məsihi dünyasında baş verən əqidə ixtilaflarının həll olunmasındakı rolu, həmçinin rəsulların etiqadnaməsinin yazılması papanın və kilsə aparatının sair kilsələrə nisbətən öz mövqeyini gücləndirməsinə səbəb oldu. İmperatorluğun mərkəzi Konstantinopola köçdükdən sonra Romada papanın aparatı (hal-hazırdakı İtaliyanın mərkəzi olan Roma) öz iqtidarını məsihiyyət aləminin ruhani mərkəzi ünvanı ilə daha artıq aşkar etməyə və imperiyanın sair dini mərkəzlərinə qələbə çalmağa nail oldu. O dövrdən renosans hərəkatına qədər Roma kilsəsi məsihiyyət aləminin bütün ictimai işlərinə tam nəzarət edir. Amma renesans dövründən sonra Romanın mərkəzi kilsəsi Vatikanda sadəcə olaraq, katolik məsihilərinin dini-ruhani mərkəzi ünvanı ilə rolunu ifa etməyə başladı; ümumiyyətlə ictimai-siyasi işlərə müdaxilə etməkdən əl çəkdi. Özünü sair məsihi məzhəblərindən ayıran katolik məzhəbinin ən mühüm əqidələrindən bəziləri aşağıdakılardan ibarətdir:
İlahi işlərdə müqəddəs ata və müqəddəs oğulun bərabərliyi, papanın və yepiskopların hər növ günahdan uzaq olmaları və kilsənin yeddilik təşkil edən qayda-qanunlarına riaəyət etmək.

PROTESTANT (PROTESTANT)
Kilsənin məsihiyyət aləminin bütün ictimai işlərinə hakim kəsildiyi on əsr müddətində5 qərb aləmində dini hakimiyyət əleyhinə müəyyən bir cərəyan başlandı ki, bu proses «renosans» adlandırıldı.
Renosansdan sonra bir çox ideoloji-əqidəvi məktəblər yarandı ki, onların da hər biri də öz növbəsində məsihiliyi əvəz etmək fikrində idi. Bu dövr məsihiyyət aləmində dini təfəkkürü uzaqlaşdırmaq mərhələsi hesab olunur. Məhz bu prosesdə bəzi din alimlər arasında belə bir fikir formalaşdı ki, kilsəyə və dini hakimiyyətə irad və tənqidlərin çoxu keşişlərin və kilsə xadimlərinin düzgün olmayan əqidə və yanlış əməllərinin nəticəsidir.
Başqa sözlə desək, həmin alimlər inanırdılar ki, kilsə xadimlərinin məntiqsiz və yaramaz rəftarları, məsihiyyət dini barəsində düzgün olmayan təhrif və təfsirləri dini hakimiyyətin on əsrlik qaranlıq tarixini əmələ gətirmişdir. Bu dinin bu cür etiraz və tənqidlərdən xilas olması üçün dini adət-ənənələr və əqidələrin məcmusunda yenidən nəzər verilməli, keşiş fikrlərinin məhsulu olan inancları dindən ayırmaq lazımdır ki, xalis məsihi dini hamı üçün aşkar olsun. Bu ideoloji cərəyan dini islahatlar adı ilə məşhurlaşdı. Dini islahatlar cərəyanı katolik keşişlərinin kəskin etirazları ilə yanaşı başlandığına görə protestanizm adlandırıldı. Çünki protestant «etirazçı» mənasındadır və “proetst” kökündən alınaraq etiraz və şikayət mənasını daşıyır.

On dördüncü əsrin əvvəllərindən katolik təfəkkürü əleyhinə etirazlar və müxalifətlər başlandı. O cümlədən, ingiltərəli Can Viklif (1329-1384) 1379-cu ildə aşkar şəkildə kilsə rəhbərliyinin əleyhinə çıxış etdi və bildirdi ki, papanın özü üçün nəzərdə tutduğu qüdrət, şəxsiyyət və etibarın din nöqteyi-nəzərindən əsaslı olub-olmaması məlum deyildir. O, həmçinin çörək və şərabın rəbbani gecə mərasimində həzrət İsanın həqiqi ətinə və qanına möcüzəli şəkildə çevrilməsinə sual altına apararaq, bu etiqada şübhə ilə yanaşdı. Ondan sonra çexoslvakiyalı Can Has (1369-1415) kilsənin silsilə rütbələr əsasında olan təşkilatı əleyhinə, eləcə də kilsə aparatının vəqf olunan bütün əmlaka malik olması qarşısında əks mövqe tutdu və keşişlərin əxlaqı pozğunluqları əleyhinə çox ciddi bir çıxış etdi.
Lakin bu etirazların və islahatçılıq hərəkatların ən yüksək mərhələsi 16-cı əsrə qayıdır ki, bu dövrdə protestantların islahatçı şəxsiyyətlərinin ən məşhuru yəni, almaniyalı Martin Luter (1483-1546) öz islahatlar proqramını ətraflı şəkildə təqdim etdi. Özü də məşhur bir keşiş olan Luter «95 məsələ» adlı müfəssəl bəyənnaməsində katolik məzhəbinin qayda-qanunları ilə müxalif olan nəzərlərini yazaraq, Almaniyanın Vitnberk şəhərində yerləşən öz kilsəsində asdı. O, həmin bəyənnamədə bu əqidəyə daha çox təkid edirdi ki, mövcud adət-ənənələrin və əqidələrin çoxu məsihiyyət tarixi dövründə keşişlərin və kilsə xadimlərinin vasitəsi ilə artırılmış və bu dinin haqq yoldan azmasına səbəb olmuşdur. Luter iddia edirdi ki, bu kimi islahatlarla məsihi dinini həqiqi yoluna qaytarmaq olar.
Martin Luterin ən mühüm nəzəriyyəsini nicat və qurtuluş məsələsi təşkil edirdi. O, inanırdı ki, nicat və qurtuluş ilahi feyz sayəsində iman vasitəsilə hasil olur.
Həqiqi qurtuluşa nail olmaq üçün imanlı olmaq lazımdır. İman da dünyada yaxşı işlər görməyi tələb edir. Halbuki katoliklərin nəzərinə görə nicat və qurtuluş yolu günahların bağışlanmasıdır. Keşişlər ilahi feyz və mərhəmət vasitəsi olduğuna, möminlərin dünya və din işləri onlara həvalə edildiyinə görə günahkarları etiraf və peşimançılıq izhar etməklə, Allah tərəfindən bağışlaya bilər və onların günahları paklana bilər. Bu əqidə nəticəsində katolik kilsələrində etiraf, günahın bağışlanması və bağışlanma qəbzinin satılması dini bir ayinlər kimi yayılmağa başladı. Amma Martin Luter bu mərasimlə kəskin şəkildə müxalifət etdi; onun katolik sistemi ilə olan mübarizələrinin ən yüksək səviyyəsi də məhz həmin məsələ ətrafında idi. Çünki o, bir tərəfdən keşişlərin günahsızlığını, onların Allah ilə bəndələr arasında vasitə olmasını qəbul etmir, digər tərəfdən də qurtuluş yolunu yaxşı əməl görməkdə bilirdi. O, yaxşı əməli dünyanın abadlaşdırıcısı kimi təqdim edirdi.
Bundan əlavə, Luter inanırdı ki, kilsədə təşkil olunan yeddi ayindən yalnız təmid qüslü və rəbbani gecə məsihi dinində mövcud olmuş, yerdə qalan beş ayin isə keşişlər tərəfindən atırılmışdır.
O, «95 məsələ» adlı bəyanatını verdikdən sonra Vatikan tərəfindən mürtədlikdə müttəhim olundu və kilsədən uzaqlaşdırıldı. Amma katolik kilsəsi sisteminin əleyhinə olan şiddətli etirazlara nəzər yetirməklə (bu Avropanın hər yerində formalaşmışdı) mürtədlik hökmü öz əvvəlki təsirini göstərmədi və Avropada protestant hərəkatı sürətlə yayılmağa başladı. Hal-hazırda da İngiltərə, Danimarka, Hollandiya, Almaniya, İsveç, Norveç, Amerika və bu kimi sair yerlərin kilsələri də protestant kilsəsi adlanır.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun


1     «Buş və başqaları» «Din dünyası» 2-ci cild, Əbdürrəhim Güvahinin tərcüməsi
2     Buş və başqaları «Dinlər dünyası» 2-ci cild.
3     Onların ən görkəmli şəxsiyyəti Marten Lüter idi.
4     Hüseyn Tofiqyan, «Dünyanın mövcud dinlərinə bir baxış».
5     Qərblilər bu dövrü «qaranlıq əsr» adlandırırlar; bu illər son dərəcə gerilik, tənəzzül və irtica ilə xarakteriza olunur.

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!