SƏLƏFİ FİRQƏSİ - 2

:

SƏLƏFİLİYİN BANİSİ
İbn Teymiyyə sələfiyyə cərəyanının əsas bani və təsisçisi kimi tanınmışdır. Təqiyəddin Əbülabbas Əhməd ibn Əbdülhəlim (İbn Teymiyyə adı ilə məşhurdur) 611-ci hicri ilində Dəməşq yaxınlığındakı Hərran şəhərində dünyaya gəlmiş və 728-ci ildə dünyadan köçmüşdür.

İbn Teymiyyə 7 yaşında ikən, monqol-tatar qoşunları Hərran şəhərinə hücum edib oranı dağıtdı. Buna görə də, o, ailəsi ilə birlikdə Dəməşqə köçdü. O, öz təhsilini də Dəməşqdə başa vurmuşdu.
İbn Teymiyyənin cavanlığı monqolların müxtəlif ölkələrə qoşun yeridərək müsəlman şəhərlərini dağıdıb viran qoyması, hər yeri qarət edib qırğınlar törətməsi dövrünə təsadüf edir. Nəql olunmuşdur ki, İbn Teymiyyənin özü monqolların əleyhinə mübarizə aparmaq üçün ordu təşkil edilməsində və onlarla döyüşdə mühüm rol oynamışdır. O dövrün ictimai-siyasi şəraiti İbn Teymiyyənin ruhiyyəsində özünəməxsus təsir qoymuşdur. Belə ki, İslam cəmiyyətində hökm sürən qarışıqlıq və hərc-mərcliklərin səbəbini, yadellilərin müsəlmanların müqəddəratına hakim olmalarını onların arasındakı məzhəbi təfriqənin nəticəsi hesab etmişdi. Buna görə də o, qərara almışdı ki, (öz nəzərinə görə) Peyğəmbər (s) və səhabələrin dövründən sonra İslam dünyasında yaranan hər növ yenilik və inkişafla mübarizə aparsın.
Bu məqsədlə o, irfan, sufilik, fəlsəfə və kəlamla çox ciddi mübarizəyə başlamış, sufilər, filosoflar, mütəkəllimlər və müxtəlif firqələr tərəfindən işıqlandırılan bütün bəhsləri bidət adı ilə rədd etmişdi. İbn Teymiyyə bu bəhslərin hamısını Peyğəmbər (s) dinində xurafat və azğınlıq adlandırmış, Qurana və Peyğəmbər (s) sünnəsinə qayıtmağı vacib hesab etmişdir.
Onun bütün İslam məzhəbləri ilə ciddi mübarizə aparması əksər müsəlmanların, alimlərin və din rəhbərlərinin kəskin qarşıdurmasına səbəb oldu; onunla müasir olan alimlərin əksəriyyəti bu cərəyanın qarşısında ciddi mövqe tutdular. Çünki İslam alimlərinin əksəriyyətini bidətçi, onların qəbul edib tabe olduqları əqidələri isə bidət adlandırmaq çox sadə qəbul ediləsi və göz yumulası bir iş deyildi… Xüsusilə, İbn Teymiyyə İslamın əvvəllərində mövcud olan rəftar və adətlərinin çoxunu, başqa sözlə, onun da diqqət mərkəzində olan saleh sələflərin əməllərini, o cümlədən, Peyğəmbərin (s) qəbrinin ziyarət etmək, O həzrətə təvəssül etmək və s. bidət adlandırıldı. Nəticədə isə İslam alimlərini, müxtəlif firqə və məzhəb başçılarını bidətçi adlandırıb, kafir hesab etdiyinə görə bir neçə dəfə müxtəlif məntəqələrdə həbsə məhkum olundu. Bu cərəyanda ona yalnız bir qrup adam qoşuldu. Onun ən məşhur şagirdi İbn Qəyyim Cövziyyə də onların arasında idi.
Bəzi kitablarda qeyd olunduğu kimi, onun dəfn mərasimində iki yüz min nəfərin iştirak etməsinin şişirdilmiş rəqəm olmasını, o dövrdə İslam ölklərindəki əhalinin sayına nəzər yetirməklə başa düşmək olur. O dövrün alimlərinin demək olar ki, hamısı onun barəsində mənfi nəzərə malik idilər ki, onlardan üçünün adını burada qeyd edirik:
1. Şeyx Səfiyəddin Hindi Urməvi (h.q.715):
O, əşəri məktəbinin kəlam alimlərindən biri və öz dövründə əşəri məzhəbinin tanınmış şəxsiyyəti idi. O, İbn Teymiyyənin əqidələri barədə apardığı uzun-uzadı mübahisələrdən sonra (bu mübahisələrdə etirazlara və şübhələrə cavab verirdi) axırda belə demişdi: “Mən səni bir sərçəyə bənzədirəm ki, tutmaq istəyəndə, bir budaqdan başqa bir budağa qaçar.” (Yəni mübahisə mövzusunu tez-tez dəyişir və bir məsələ üzərində axıra qədər dayanıb onu tamamlamaqdan imtina edir.) (Əbu Bəkr Dəməşqi “Təbəqatuş-şafeiyyə”)
2. Hafiz Şəmsəddin Məhəmməd ibn Əhməd Zəhəbi (h.q.748):
O, İbn Teymiyyəyə xitab edərək nəsihətamiz məktubda deyirdi: “...Xoş olsun o kəslərin halına ki, onun öz eyibləri onun başqalarında eyib axtarmaqdan saxlayar. Vay o kəsin halına ki, camaatın eyiblərini axtarmaq onu öz eybini görməkdən məhrum edər. Nə vaxta qədər öz gözündə tiri görməyib, özgələrin gözündə qıl axtaracaqsan?! Nə vaxta qədər özünü, öz nəzərlərini və ifadələrini tərifləyib, alimləri məzəmmət edəcəksən; camaatın eyiblərini araşdıracaqsan?! Halbuki Rəsuli-Əkrəm (s) bu işi qadağan edərək buyurmuşdur: “Öz ölülərinizi yaxşılıqdan başqa şeylə yad etməyin.” Məgər sənin ardıcıllarının əksəriyyəti ağıldan kəm, avam, yalançı və kütbeyin deyillərmi? Yəqin ki, sənin ölüm vaxtın yaxınlaşıb... Mən güman etmərəm ki, sən hər hansı bir sözü və nəsihəti qəbul edəsən. Əksinə bu bir vərəqin cavabında bir neçə cild kitab yazmaq fikrinə düşəcəksən. Sənə ürəkyandıran mənim kimi bir dost sənin haqqında belə fikirləşirsə, onda gör düşmənlərin sənin barəndə nə düşünür! Allaha and olsun, dostlarının arasında fasiq, yalançı, ikiüzlü və cahil adamlar olduğu kimi, düşmənlərinin arasında da saleh, ağıllı və fəzilətli şəxsiyyətlər vardır. Əlbəttə, məni aşkar şəkildə nifrin etməyindən, xəlvətdə isə məktubumdan faydalanmağından razıyam...” (Şeyx Məhəmməd Kovsəri, “Təkmilətus-seyfis-səqil”)
3. Hafiz Əli ibn Əbdül Kafi Səpki (h.q.756):
O, İbn Teymiyyənin Peyğəmbəri-Əkrəmin (s) ziyarətinə səfər etməyin bidət olması ilə əlaqədar yazdığı nəzəriyyəni rədd etmək üçün “Şifaus-siqam fi ziyarəti xeyril-ənam əleyhis-səlatu vəs-səlam” adlı kitab yazmışdır. “Təbəqatuş-şafeiyyə” kitabı bu əsəri yad etməklə, İbn Teymiyyəni bu işdə səhv edən və şeytani vəsvəsələrə düçar olan bir şəxs kimi tanıtdırır. Çünki o, Peyğəmbərin (s) ziyarətinə səfər etməyi inkar etmişdir.... (Əbu Bəkr Dəməşqi “Təbəqatuş-şafeiyyə”)
Adları qeyd olunanlardan başqa sair alimlər də İbn Teymiyyənin barəsində mənfi fikirdə olmuşlar. O cümlədən: Şeyx Şəhabəddin Hələbi (h.q.733), Qazil-Quzat Zəməlkani (h.q.733), Şeyx Sədruddin Mərhəl (h.q.750), Şeyxulislam İbn Həcər Əsqəlani (h.q.852), Əbu Məhəmməd Yafei (h.q.768), İbn Həcər Heysi (h.q.973), Molla Əli Tari Hənəfi (h.q.1050).
Qeyd olunduğu kimi, İbn Teymiyyənin yaratdığı sələfiyyə cərəyanı onunla müasir olan islami şəxsiyyətlərin, eləcə də ondan sonrakı dövrlərdə yaşamış alimlərin müxalifətinə görə İslam dünyasında nəzərə çarpacaq müvəffəqiyyətlər əldə edə bilmədi. Amma 12-13-cü hicri əsrlərində İbn Teymiyyənin əqidə üsulları İslam aləmində sair siyasi əqidəvi hərəkatların, o cümlədən, vəhhabiyyət və sənəviyyətin əsasına çevrildi.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

 

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!