XƏVARİC FİRQƏSİ - 5

:

XƏVARİC FİRQƏLƏRİ
Xəvaric cərəyanı özünün ifratçı nəzəriyyələrinə, sabit və aydın bir ideoloji fikirdən məhrum olduqlarına görə, çox tez bir zamanda müxtəlif firqələrə bölündü.

Bu firqələrin arasında səkkizi digərlərinə nisbətən daha mühümdür. O səkkiz firqənin özü də müxtəlif firqələrə bölünmüşlər ki, onların hamısı tarixi hadisələr nəticəsində aradan getmiş və yalnız Əbaziyyə firqəsi indiyə qədər öz həyatını davam etdirə bilmişdir. Bu firqənin ardıcılları da hal-hazırda Əmmanda və kiçik bir qrupları Tanzaniya, Liviya, Əlcazir və Tunisdə yaşayırlar.
Xəvaricin səkkiz əsas firqəsi aşağıdakılardan ibarətdir:

1. MÜHƏKKİMƏ, YAXUD HƏRURİYYƏ
Bu firqə həkəmiyyət zamanı imam Əmirəlmöminin Əlinin (ə) qarşısında dayanan və ondan sonra Həruraya yığışan şəxslərdən ibarətdir. Bu firqə həkəmiyyətlə müxalifət etdiklərinə görə Mühəkkimə, Hərurada bir yerə toplaşdıqlarına görə isə Həruriyyə adı ilə məşhurlaşıb.
Əbdüllah ibn Vəhəb Rasiqi, Urvət ibn Cərir, Yezid ibn Asimə, Hərqus ibn Züheyr və İtab ibn Əvər bu qrpun rəhbərlərindən idi.
Bu qrupun İslami firqələrin heç birində görünməyən və sair firqələrdə bidət sayılan əqidələrindən biri də budur ki, nəinki imaməti Qüreyşdən başqasına caiz bilmirlər, üstəlik inanırdılar ki, camaat hər kəsi öz rəyilə seçsə və o, camaatın istəyi və rəyi əsasında əməl etsə imamdır, əgər yolunu dəyişdirsə, yaxud haqdan (camaatın dərk etdikləri tərzdə) dönsə, onun işdən çıxarılması və yaxud qətlə yetirilməsi vacib olacaqdır. Bundan əlavə inanırdılar ki, ümumiyyətlə imamın olmaması da caizdir.
Bu qrupun törətdiyi bidətlərdən biri də bu idi ki, imam Əmirəlmöminin Əlinin (ə) həkəmiyyət məsələsində xəta etdiyinə inanır və deyirlər ki, Əli (ə) o iki kişinin (Əmr As və Əbu Musa) hökmünü təsdiq etdi, halbuki hökm yalnız Allaha məxsusdur. Əlinin (ə) barəsində bu kimi sözləri elə bir halda davam etdirirdilər ki, o həzrət həkəmiyyətə məcbur edilmişdi və buna görə də “La hökmə illa lillah” şüarının cavabında buyururdu: “Bu kəlmə batil məqsədlə deyilən haqq bir kəlmədir. Bəli, hökm yalnız Allaha məxsusdur, lakin onlar deyirlər ki, rəhbərlik Allahdan başqasına məxsus deyildir. Halbuki camaatın həmişə rəhbərə ehtiyacı vardır. İstər yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi (yəni rəhbərin varlığının zərurəti elə bir həddədir ki, əgər saleh şəxs olmasa, saleh olmayan bir şəxs də rəhbərliyi öhdəsinə almalıdır)” (“Nəhcul-bəlağə”, 40-cı xütbə)
Bu qrupun əqidə üsulları sair xəvaric firqələrinin əqidə və düşüncələrinin əsası oldu. Onların etiqadi əsaslarının bəzisində müəyyən fərqlər də var idi. Nəcdat firqəsindən başqa hamısı Əli ibn Əbu Talibi, Osman ibn Əvfanı, Cəməl səhabələrini, həkəmeyni və həkəmiyyətə razı olan hər bir şəxsi kafir hesab edir və bundan əlavə, böyük günah edənləri də kafir sayırdılar.

2. ƏZARİQƏ
Bu firqə ardıcılları Əbu Raşid Nafe ibn Əzrəq Hənəfinin ardıcıllarıdır. Onlar öz müxaliflərini kafir deyil, müşrik hesab edirdilər (mühəkkimə firqəsi isə kafir hesab edirdi).
İbn Əzrəq öz müxaliflərinə qarşı çox barışmaz və məntiqsiz bir adam idi. O, Qurani-Kərimin çox səthi təfsir və təbiri əsasında öz əqidə prinsiplərinə Qurandan dəlil gətirməyə çalışırdı. Onun ifratçı əqidələrindən biri də bu idi ki, bütün cəmiyyətlər, o cümlədən, İslam cəmiyyəti darul-küfrdür və hamısı cəhənnəm əhlidir, yalnız öz imanlarını (əzariqənin özünün başa düşdükləri kimi) izhar edənlərdən başqa; eləcə də möminlərdən (yəni İbn Əzrəqin ardıcıllarından) heç birinə namaz üçün başqalarının dəvətini qəbul etmək, yaxud başqasının kəsdiyi heyvan ətindən yeməsi və onlarla izdivac etməsi caiz deyildir. Həmçinin, heç kəs irs aparmır, çünki sairləri (xəvaricdən başqaları) kafir və bütpərəstlər kimidir, onlara qılınc və yaxud İslamın qəbul edilməsindən başqa bir təklif irəli sürülmür.
İbn Əzrəq hətta bitərəflik mövqeyini də qəbul etmir və inanırdı ki, bu qrup ya müsəlman olmalı, ya da İslam ölkəsindən (yəni xəvaricin yerləşdiyi yerdən) çıxarılmalı, əks halda isə öldürülməlidir.
Əzariqənin sair bidətləri kimi aşağıdakıları qeyd etmək olar:
Müxaliflərin arvad və uşaqlarının qətlinin halal olması, müşriklərin uşaqlarının ataları ilə birlikdə cəhənnəm əhli olacaqlarına hökm etmək, Allahın besətdən qabaq kafir olan, yaxud peyğəmbərlikdən sonra kafir olacağını bildiyi bir şəxsin peyğəmbərliyə seçməsini caiz olması və s.

3. NƏCDAT
Bu firqənin üzvləri Nəcdət ibn Amir Hənəfinin ardıcıllarıdır (h.q.69). Bu firqə Nafe ibn Əzrəqin özündən göstərdiyi çox tələbkar və şiddətli reaksiyaların ardınca yaranmışdır. Çünki başda Əbu Füdeyk Təmimi və Ətiyyə ibn Əsvəd Hənəfi olmaqla xəvaricdən bir qurupu bu kimi ciddi tələbkarlıqdan cana doyaraq Yəmaməyə getmişdilər.
Orada Nəcdəti möminlərin əmiri seçib, Nafenin ardıcıllarını kafir hesab etdilər. Amma çox keçmədən bu firqənin özü üç kiçik firqəyə bölündü. Birinci firqə Ətiyyənin rəhbərliyi altında olub Ətəviyyə adlandırıldı, digər bir qrup Əbu Füdeykin rəhbərliyi ilə yarandı ki, Nəcdətin çox qatı müxaliflərindən idi və axırda da Nəcdət onun köməkçilərinin vasitəsi ilə öldürüldü. Üçüncü qrup isə Nəcdətə vəfadar qalanlar idi.
Nəcdatın ardıcılları şərab içən şəxsə hədd (şallaq) vurulmasını ləğv etdilər və dedilər ki, hər kəs haram bir şeyə nəzər etsə, yaxud bir yalan desə, ya ona israr etsə müşrikdir. Amma əgər bir kəs zina və oğurluq etsə, şərab içsə və bu işə israr etməsə müsəlmandır; bu şərtlə ki, xəvaricdən olsun.

4. MÜCARİDƏ
Bu firqə Əbdülkərim ibn Əcrüdün vasitəsi ilə yaradıldı. O, Ətiyyət ibn Əsvədin səhabələrindən idi və onunla olan bəzi nəzər ixtilaflarına görə, ondan ayrılmışdı. Buna əsasən, onun nəzərləri Nəcdətə çox yaxın idi.
Bu firqə yetkinlik həddinə çatmayan çatmayan bir uşağı, yetkinlik həddinə çatmayıb İslam dininə dəvət olunmayana qədər İslam, küfr və şirk hökmünə şamil etmirlər. Həmçinin Əzariqənin əksinə olaraq, bitərəf şəxsləri təqvalı olması şərti ilə qəbul edir, onlara nifrət etmirdilər.
Onların çox qəribə əqidələrindən biri bu idi ki, “Yusif” surəsinin Quranın bir hissəsi olmasını qəbul etmirdilər. Çünki orada eşq və aşiqlik məsələsi irəli çəkilmişdir və onların nəzərinə görə bu, Allah kəlamına yaraşmayan bir işdir.

5. SÜFRİYYƏ
Süfriyyə firqəsi Ziyad ibn Əsfərin ardıcıllarıdır. Onların nəzərinə görə, şəriətdə hədd vurulması nəzərdə alınan böyük günahlardan birini görən şəxs bu günaha mürtəkib olsa, kafir və ya müşrik olmur. Lakin o böyük günahın adı ona qoyulacaqdır. Məsələn zinakar, oğru, qəsb edən və s. Amma şəriətdə hədd nəzərdə alınmayan bir günaha mürtəkib olsa, ona kafir deyiləcək. Namazı tərk etmək və yaxud da müharibədən qaçmaq kimi günahlar.

6. BEYHƏSİYYƏ
Bu firqənin üzvləri İbn Beyhəs Heysəm ibn Cabirin ardıcıllarıdır. Əbu Beyhəs inanırdı ki, bir kəsə yalnız o zaman müsəlman demək olar ki, Allaha, Onun peyğəmbərinə və ilahi övliyalara mərifət kəsb edib, Allah düşmənlərinə niftət bəsləsin və eləcə də müqəddəs şəriətdə gələnlərin (Allahın haram etdiyi və Onun barəsində əzab qərar verdiyi şeylər) hamısını iqrar etsin.

7. SÜALİBƏ
Bunlar Sələbə ibn Amirin ardıcıllarıdır. Sələbə ilk əvvəllər Əbdülkərim ibn Əcrüdlə yanaşı idi, amma uşaqların hökmü barəsində aralarında ixtilaf yarandıqdan sonra ondan ayrıldı. Çünki Sələbə müsəlman uşaqlarını müsəlman hesab edirdi. Buna görə də, Ücaridə Sələbədən bezarlıq etdi, Sələbə və onun dostları yeni bir firqəni yaratdılar.

8. ƏBAZİYYƏ
Bu firqənin banisi Əbdüllah ibn Əbaz Təmimidir. Doğum və vəfat tarixi məlum deyildir. Amma Müaviyə ibn Əbu Süfyanın dövründə olmuş, Mərvanın xilafətinə qədər (h.q.65-87) yaşamışdır. Əbdüllah ibn Əbazdan əlavə, Əbu Şəsaadı ilə tanınan Cabir ibn Zeydi də bu firqənin banisi kimi qeyd edirlər. Bu firqənin tədqiqatçılarından bəziləri inanırlar ki, İbn Əbaz öz ideoloji əsaslarını Cabirdən əxz etmişdir. Cabir h.q.18-ci ildə dünyaya gəlmiş, h.q.93-cü ildə isə dünyadan getmişdir. O, Peyğəmbər (s) səhabələrinin çoxundan elm öyrənmişdir. Bəzi tədqiqatçılar bu iki nəzəri bir yerə belə cəm edirlər ki, Əbaziyyə firqəsinin iki rəhbəri olmuşdur, biri Cabir kimi əqidəvi rəhbər, digəri isə Əbaz kimi siyasi rəhbər.
Hər halda, Əbaziyyə firqəsi, yalnız xəvaricdən qalan yeganə firqədir ki, hazırkı dövrə qədər gəlib çıxmışdır və onun ardıcılları İslam dünyasının müəyyən məntəqələrində vardır.
Əbaziyyə yazıçılardan bəziləri deyir: “Əbaziyyə firqəsi həkəmiyyətin səhv olması və imamətin Qüreyşdən olmayan şəxsə caiz olması kimi iki məsələdən başqa sair üsul etiqadlarında İslam firqələri ilə çox da fərqlənmir. Belə ki, Allahın sifəti, Allahın görünməsi, tənzih, təvil, Quranın hadis olması kimi məsələlərdə mötəzilə və şiələrlə müvafiqdir; şəfaətdə mötəzilə ilə eyni əqidədədir, yaxud qəzavü-qədər və fellərin xəlq olunmasında əşərilərlə eyni rəydədir. (“Əl-əbaziyyətü beynəl-firəqil-islamiyyə”, Əli Yəhya Müəmmər) Əlbəttə, Əbaziyyə firqəsi qeyd olunanlardan başqa bəzi üsuli-din məsələlərində sair xəvaric firqələri ilə eyni əqidədədir. O cümlədən, imamət məsələsində “nəss”in inkarı, böyük günahlara mürtəkib olanların cəhənnəmdə əbədi qalması və onlara şəfaətin çatmaması, kəbirə günahlara mürtəkib olanları müşrik hesab etmək və s.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!