ƏHLİ-HƏDİS MƏZHƏBİ - 4

:

3. ƏHLİ-HƏDİSİN SƏHABƏLƏRİN ƏDALƏTİ BARƏSİNDƏKİ NƏZƏRİ
Əhli-hədisin təkid etdikləri fikri əsaslardan biri də, onların istisnasız olaraq, Peyğəmbərin (s) bütün səhabələrini ədalətli sanmalarıdır. Bu firqənin nəzərində Peyğəmbər (s) səhabələrinə irad tutmaq bidət və dindən xaric olmaq sayılır. Bunun əksinə olaraq, onlara məhəbbət bəsləmək sünnə sayılır və onların haqqında dua etmək Allah dərgahına yaxınlaşmaq üçün bir vasitədir.

Əhməd ibn Hənbəl “Əs-sünnə” kitabında yazır: “Sünnələrdən biri Peyğəmbər (s) səhabələrinin yaxşılıqlarını yad etmək, onların arasında baş verən çəkişmələri nəzərə almamaq və onlara göz yummaqdır. Buna əsasən, hər kim Peyğəmbər (s) səhabələrinin hamısını, yaxud onlardan təkcə birini söyüb nifrət etsə, bidətçi və “rafizi”dir (yəni dindən çıxmışdır). Peyğəmbər (s) səhabələrinə məhəbbət bəsləmək sünnə, onların barəsində dua etmək Allah dərgahına yaxınlaşmaq üçün bir vasitə, onlara tabe olmaq qurtuluş səbəbi, əsərlərinə tabe olmaq isə fəzilətdir. Peyğəmbər-Əkrəmdən (s) sonra ümmətin ən yaxşısı Əbu Bəkr, ondan sonra Ömər, ondan sonra Osman və daha sonra Əlidir ki, bunlar “raşid” və hidayətçi xəlifələrdir. Bunlardan sonra Peyğəmbərin (s) sair səhabələrinin pisliklərini nəql etmək, yaxud səhabələrdən hər hansı birinə tənə ilə yanaşmaq heç kəsə icazə verilmir. Əgər bir kəs belə etsə, müsəlmanların rəhbərinə onu cəzalandırmaq vacibdir və onu bağışlamaq haqqı yoxdur; o, tövbə edənə qədər cəzalandırılmalıdır. Əgər tövbə etsə, qəbul olunar, əks halda cəza tədbirləri yenidən təkrarlanar, başqalarının hüzurunda tövbə edib, öz əməlindən qayıdana kimi şallaq vurular.”
Əbülhəsən Əşəri də “Əl-ibanə” kitabında belə yazır: “Biz sələflərə (səhabələrə) məhəbbət bəsləməyə iman gətirmişik. Elə şəxslər ki, Allah onları Peyğəmbərlə yoldaşlığa layiq bilmişdir. Allah-taala onları təriflədiyinə görə, biz onların hamısını sevirik.”

Tənqidlər və mülahizələr:
Bu nəzəriyyənin araşdırılıb tənqid edilməsində bir neçə məsələyə diqqət yetirilir:
1. Səhabə kimə deyilir?:
Səhabənin izah və tərifində alimlər arasında fikir ayrılığı vardır. Vaqidi deyir: “Hər kəs Peyğəmbəri (s) görübsə, İslamı qəbul edib ona razı olubsa, Peyğəmbər (s) səhabəsi kimi tanınır, hətta o həzrəti bir saat görmüş olsa belə. Əlbəttə, səhabələr İslamı nə zaman qəbul etmək baxımından rütbə və dərəcələrə bölünürlər.”
Əhməd ibn Hənbəl deyir: “Peyğəmbər (s) səhabələrinin hamısı o həzrətlə oturub-duran şəxslər idi. Hətta bir ay, bir gün, yaxud bir saat olsa və yaxud onu bir anlığa görsə belə.”
Buxari deyir: “Müsəlmanlardan Peyğəmbərlə (s) oturub-duran, yaxud onu görən hər bir şəxs onun səhabəsi kimi tanınır.” Amma Səid ibn Musəyyib yalnız o kəsi Peyğəmbər (s) səhabəsi hesab edir ki, heç olmazsa bir-iki il o həzrətlə birlikdə olsun, yaxud bir-iki müharibədə onunla iştirak etsin.
2. Biz (səhabə üçün deyilən tərifin dairəsinin genişliyi ilə belə) Peyğəmbər (s) səhabələrinin tarixi reallıq və həqiqət baxımından necə olmalarını, Peyğəmbərin (s) dininə vəfalı qalmaq baxımından o həzrətlə oturub-duran, yaxud onu ziyarət edən bütün şəxsləri (səhabə kimi) qəbul etməyin mümkünlüyünü araşdırmalıyıq.
Peyğəmbəri-Əkrəmin (s) köməkçiləri və səhabələrinin vəsfində gələn çoxlu Quran ayələrinə, eləcə də tarixə nəzər salmaqla bu sualın cavabını vermək olar. Əgər səhabələrin tərifində həmin genişliyi götürsək, (yəni Peyğəmbərlə (s) oturub-duran, yaxud yalnız onu hətta bir gün və ya bir saat olsa belə, ziyarət edən şəxslərin hamısını səhabə hesab etsək,) Peyğəmbər (s) səhabələrini Quranın vəsfinə əsasən, bir neçə dəstəyə bölmək olar:
1. İmanda öndə gedənlər:
Qurani-Kərim mühacir, ənsar və onların ardıcılları içərisində imanda öndə gedənləri “Allahın onlardan və onların da Allahdan razı olduğu” şəxslər və Allah tərəfindən onlara behişt vədi verilən şəxslər kimi. Belə ki, buyurulur: “(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar...” (“Tövbə” surəsi, ayə: 100)
2. Beyət edənlər:
Allah-taala, ağacın altında Peyğəmbərlə (s) beyət edən şəxslərə xatircəmlik nazil etməsini və onların qələbə çalacaqlarını vəd etmiş və onlardan razı olduğunu bildirmişdir. Bu barədə buyurur: “(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. Allah onların ürəklərində olanı bildi, onlara Öz dərgahından xatircəmlik, rahatlıq göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı.” (“Fəth” surəsi, ayə: 18)
3. Mühacirlər:
Quranda mühacirlər Allahın mərhəmət və razılığını əldə etmək üçün çalışan, eləcə də Allaha və Onun Rəsuluna kömək etmək niyyətində olan şəxslər kimi yad edilir, onlar sadiq şəxslər adlandırılaraq buyurulur: “Bu qənimət yurdlarından qovulub çıxardılmış, mal-dövləti əlindən çıxmış Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir.” (“Həşr” surəsi, ayə: 8)
4. Fəth səhabələri:
Allah-taala bu dəstəni əzəmət və hörmətlə yad edərək, onların barəsində buyurur: “Düşmən müqabilində şücaətli və soyuqqanlı, öz aralarında isə dost və mehribandırlar. Həmişə Allaha ibadət edərək, Onun razılığını əldə etmək məqsədi güdürlər.” (“Fəth” surəsi, ayə: 29)
Bu ayələrin məzmunundan aydın olduğu kimi, Allah-taala bu dörd dəstəni əzəmətlə yad edir, onların vəziyyəti ilə əlaqədar Öz razılığını izhar edir. Amma bəzi Quran ayələrinə müraciət etdikdə görürük ki, Peyğəmbər (s) səhabələrinin (yəni o həzrəti görüb, onunla oturub-duranlar) arasında elə şəxslər də tapmaq olar ki, Quran onları məzəmmət edir, onlara nifrət hissi ilə yanaşır, yaxud Peyğəmbərə (s) və sair möminlərə onlardan uzaq gəzmələri barədə xəbərdarlıq edir. Bu izaha əsasən, aşağıda bir neçə səhabə qrupunun adını çəkmək olar:
5. Tanınmış münafiqlər:
Onlar Peyğəmbəri-Əkrəmin (s) səhabələri arasına nüfuz edərək, o həzrətə tabe olmalarını iddia edirdilər. Halbuki onların nifaqı və ikiüzlülüyü aşkar idi. “Münafiqun” surəsi onların barəsində nazil olmuşdur. Allah-taala belə buyurur: “(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikləri zaman “Biz sənin doğrudan da, Allahın peyğəmbəri olduğuna şəhadət veririk!” – deyirlər. Allah sənin Onun həqiqi peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.” (“Münafiqun” surəsi, ayə: 1)
Surənin davamında isə belə oxuyuruq: “Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!” (“Münafiqun” surəsi, ayə: 6)
6. Tanınmayan münafiqlər:
Münafiqlərin bir qrupu da vardır ki, Allah-taala onların barəsində Peyğəmbərə xəbərdarlıq edir və buyurur: “Sən də onları tanımırsan, yalnız Biz onları tanıyırıq.” (“Tövbə” surəsi, ayə: 101)
7. Qəlblərində kin-küdurət və qərəz olanlar:
Allah-taala onları, Allaha və Peyğəmbərə yalan vəd edən münafiqlər cərgəsində qeyd edir: “O zaman münafiqlər və qəlblərində mərəz olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir. Biz zəfər çala bilməyəcəyik” – deyirdilər.” (“Əhzab” surəsi, ayə: 12)
8. Fitnə-fəsad törədənlər:
Allah-taala Qurani-Kərimdə bu qrupu “səmmaun” adlandırır ki, Allaha, qiyamət gününə iman məsələsində vəfalı qalmadıqlarına görə, cihadda iştirak etmək məsələsində şəkkə düşmüşdülər. Əgər iştirak etsəydilər də, yalnız fitnə-fəsada və xəyanətə əl atırdılar. Belə ki, Qurani-Kərimdə buyurulur:
“Səndən (cihada çıxmamaq üçün) izn istəyənlər ancaq Allaha və axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.”
“Əgər onlar (münafiqlər) cihada çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də, (cihada çıxmaqlarına) mane oldu. Onlara: “(Evdə) oturanlarla (qocalar, zəiflər, qadınlar və uşaqlarla) bərabər siz də oturun!” – deyildi.”
“Əgər münafiqlər sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu, fəsadı artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalımlərı tanıyandır!” (“Tövbə” surəsi, ayə: 45-47)
Yuxarıda qeyd olunanlardan əlavə, digər qruplar da var idi ki, Quran onları fasiq, (“Hücurat” surəsi, ayə: 6) yaxşı əməllə pis əməli bir-birinə qatanlar, (“Tövbə” surəsi, ayə: 102) cihad meydanından qaçanlar, (“Ənfal ” surəsi, ayə: 15-16) imansız müsəlmanlar (“Hücurat” surəsi, ayə: 14) və s. kimi adlarla xatırlamışdır.
Qeyd olunanlardan məlum olur ki, Quranın aşkar buyurduğuna əsasən, Peyğəmbər (s) səhabələrinin hamısı Allahın nəzərində eyni səviyyədə deyildir və onların hamısı Allahın razılığına nail olmamışdır. Bundan əlavə, İslamın əvvəllərinə nəzər saldıqda görürük ki, hətta əvvəldə qeyd olunan dörd qrupdan birində olan şəxslər də, Peyğəmbərin (s) vəfatından sonra şiddətli çəkişmələrə başladılar. Bunlara misal olaraq, üçüncü xəlifə Osman ibn Əfvanın qətlə yetirilməsi, Əmirəlmöminin Əlinin (ə) xilafəti dövründə baş verən “Siffeyn” və “Cəməl” müharibələrini qeyd etmək olar.
Burada belə bir sual yaranır: Yuxarıdakı qrupların hamısını Peyğəmbər (s) səhabəsi hesab etmək və onların hamısına məhəbbət və ehtiramla yanaşmaq necə mümkün olar?! Onların hamısının ədalətli olduğunu idia etmək olarmı?! Qeyd olunduğu kimi, müharibə edib, bir-birinin qanını axıdan tərəflərin hər ikisinə haqq qazandırmaq olarmı?! Və yaxud onların heç birinin ədalətində şəkk etmək olmazmı?!

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev
Ardı var ...

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!