İMAM MÜHƏMMƏD TƏQİ(ə)NİN HƏYATI - 3

:

İMAM CAVAD(ə)IN EVLƏNMƏSİ
Məmun, İmam Rizanı (ə) zəhərləyəndən sonra camaatı İmamın öz əcəlilə öldüyünə inandırmağa çox çalışdı, lakin getdikcə hiyləsi aşkara çıxdı və şiələr-ələvilər Məmunun bu cinayətini başa düşdü.

Elə buna görə də hər tərəfdə Məmunun əleyhinə üsyanlar baş qaldırdı.
Məmun üsyançıların qarşısını almaqdan ötrü İmam Rizanın (ə) oğlunu Mədinədən Xorasana gətirdərək qızı Ümmü Fəzli o həzrətlə evləndirməyi qərara aldı. Abbasilər bu işə mane olmağa cəhd etsələr də, o qəbul etməyib dedi: “Siz onu tanımırsınız. Əgər tanısaydınız mənə Allahın ən yaxşı bəndəsini və xalqın biliklisini öz kürəkənim olaraq seçməyə mane olmazdınız. Siz onu imtahan edə bilərsiniz, əgər sualınızın cavabını verib sizi məhkum etsə, daha heç bir söz deməyib istəyinizdən əl çəkin, yox əgər cavabınızı verə bilməsə, mən sizin istəyinizi qəbul edib qızımı ona vermərəm.”
Abbasilər Yəhya ibn Əksəmin yanına gələrək ondan bir neçə məsələ hazırlayıb Məmunun məclisində İmam Cavaddan soruşmasını istədi. Yəhya onların istəyini qəbul etdi. Onlar da, Məmunun yanına gəlib İbn Əksəmin razı olduğunu bildirdikdə, Məmun bu iş üçün xüsusi bir gün təyin etdi. Abbasilər Yəhya ibn Əksəmlə birlikdə məclisə gəldi. Təntənəli bir məclis qurulmuşdu. Böyüklərin hamısı həmin məclisdə iştirak edirdi. Bu arada İmam (ə) məclisə daxil oldu, hamı ayağa qalxdı. O həzrət, Məmunun yanında əyləşdi. İmama cavabını verə bilmədiyi suallar verilməsini tələb edən Məmun İmama “Yəhya ibn Əksəm sizdən bəzi məsələləri soruşmaq istəyir.” – dedi. Həzrət buyurdu: “İstədiyi məsələni soruşsun.”
Yəhya dedi: “Ehram paltarı geyib Allahın evinin ziyarətinə gedən və orada bir heyvan ovlayan şəxs barədə nə deyirsiniz?”
Həzrət (ə) buyurdu: “Ey Yəhya, bu məsələnin müxtəlif şəkilləri var. Onlardan hansını soruşursan?”
“Bu şəxs hərəmin içində imiş, yoxsa bayırında?
“Bu işin haram olduğunu bilirmiş ya yox?”
“Heyvanı qəsdən öldürüb yoxsa səhvən?”
“Qul imiş, ya azad?”
“Bu işindən peşman olub, yoxsa işinə davam etmək istəyir?”
“Heyvanı gecə ovlayıb, ya gündüz?”
“Birinci dəfə imiş, yoxsa ikinci yaxud üçüncü dəfə?”
“Heyvan quş imiş ya yox?”
“Böyük imiş ya kiçik?”
İmamın məsələni bu cür xırdalaması Yəhyanı çaş-baş qoydu və məğlubiyyət nişanələri üzündə aşkar olaraq dili tutuldu. Məclisdə olanların hamısı İmama afərin dedi. Sonra Həzrət (ə) Yəhyaya belə buyurdu: “Mən də sizdən bir məsələ soruşmaq istəyirəm.”
Yəhya dedi: “Buyurun, əgər cavabını bilsəm, deyərəm. Əgər bilməsəm, sizdən eşidib istifadə edərəm.”
İmam (ə) Yəhyadan bir məsələ soruşdu.
Hamı susub Yəhyanın cavab verməsini gözləyirdi. Abbasilər və Məmunun tərəfdarları narahatlıqdan titrəyir və öz özlərinə deyirdi: “Əgər Yəhya cavab verə bilməsə, hamımız rüsvay olacağıq və İmamın nüfuzu daha da artacaq.”
Elə bu vaxt saray alimi utandığından başını aşağı salıb belə cavab verdi: “Məsələnin cavabını bilmirəm. Özünüz buyurun biz də istifadə edək.”
İmam (ə) da gözəl bir bəyanla cavabı buyurub dostları şad, düşmənləri isə qəmgin etdi.
Bu vaxt Məmun Abbasilərə xitab edib dedi: “Sizin aranızda belə məsələlərə cavab verə bilən bir şəxs vardır?...
Cavab verdilər: “Allaha and olsun ki, yoxdur!”
Sonra Məmun elə həmin məclisdə qızı Ümmü Fəzli İmama (ə) ərə verdi.

MƏMUN BU İZDİVACDAN NƏ MƏQSƏD GÜDÜRDÜ?
1. Məmun bu evlilikdən siyasi məqsəd güdürdü. Çünki, qızını İmamın evinə göndərməklə o həzrəti nəzarət altına salmaq və gördüyü işlərdən xəbərdar olmaq istəyirdi. Tarixin yazdığına görə Məmunun qızı bu vəzifəni layiqincə yerinə yetirirmiş.
2. Bu izdivacla əlaqədar İmamı əyləncə və kef məclislərinə dəvət etmək və beləliklə də xalqın gözündə onun dəyərini aradan aparmaq istəyirdi. Hətta İmamın toyunda gözəl simalı kənizləri belə məcbur etmişdi ki, İmamın qabağında oxuyub-oynasınlar, lakin Həzrət (ə) fəryad edib özündən uzaqlaşdırmışdı.
İmamın əshabından bir nəfər belə deyir: “Bağdadda İmamın hüzurunda idim və öz-özümə “İmam (ə) Məmunun gözəl sarayını necə buraxıb Mədinəyə gedəcəkdir?” – deyə düşünürdüm. İmam (ə) mənə belə buyurdu: “Ey vəfalı dostum, bunu bil ki, duz-çörək yemək, qalın paltar geymək və Mədinədə Peyğəmbərin hərəminin yanında olmaq mənim üçün bu yaşayış tərzindən daha dəyərli və üstündür.” Buna görə də Məmun nə qədər israr etsə də İmam Bağdadda qalmayaraq arvadı Ümmü Fəzl ilə birlikdə Mədinəyə qayıtdı və 220-ci hicri ilinə qədər orada qaldı.
3. Məmun istəyirdi ki, qızının imamlıq məqamına çata biləcək bir oğlu olsun və beləliklə özü də bir  növ iftixar sahibinə çevrilsin.
Axı Məmun qabaqkı rəhbərlərdən dünya hökumətini təşkil edəcək on ikinci imamın bu İmamın (ə) nəslindən olacağını eşitmişdi. Lakin Məmunun qızının uşağı olmadı və İmam Hadi, Musa Mübərqə və və İmamın digər övladları o həzrətin pak və mehriban kənizi olan arvadından dünyaya gəldi. Şükür olsun ki, Məmun bu arzusuna çatmadı.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM CAVAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!