İMAM MƏHDİ (Ə) VƏ XÜSUSİ NAİBLƏR

:

Kiçik qeyb dövründə imam Zaman (əc) xüsusi dörd naibinin vasitəsilə şiələrlə əlaqə saxlayır, onların iqtisadi, əqidəvi və fiqhi-dini məsələlərini həll edirdi. O Həzrətlə şiələr arasındakı vasitələr, əvvəlki imamların etibar etdikləri dörd nəfərdən ibarət idi. Onlar bu ağır vəzifəni qəbul etmiş və İmam Mehdinin (əc) “Xüsusi naibləri” adı ilə tanınmışdılar. Həmin naiblər o Həzrətin müxtəlif şəhərlərdəki vəkilləri ilə əlaqə saxlayır və şiələrin məktub və istəklərini o Həzrətə çatdırırdılar. İmam Zaman (əc) da məktub vasitəsi ilə onları cavablandırdı.
Diqqəti çəkən mühüm məsələ odur ki, kiçik qeyb dövründə yalnız İmam Mehdi (əc) deyil, o Həzrətin xüsusi naibləri də tanınmır və diqqəti cəlb etməməyə çalışırdılar. Hətta İmamın digər islami şəhərlərdəki naib və vəkilləri də belə bir iş tərzini seçmişdilər. Bununla yanaşı, öz ictimai mövqelərini qorumaq üçün inqilabi məsələlərdən kənar və xəlifələr əleyhinə qiyamdan uzaq qalan imamiyyə şiələri hakim dairələrin təzyiqlərinə daha az məruz qalırdılar. Buna görə də onlar azlıq təşkil edən rəsmi bir məzhəb kimi Abbasi xilafətinin mərkəzində öz mövcudluğu və mövqelərini qoruyaraq, özləri ilə Bağdadda hökmranlıq edən Abbasi hökuməti və nüfuzlu radikal qüvvələr arasında münasibət yaratdılar. Bu zaman Bağdadda mərkəzləşən şiələr bütün İslam məntəqələrindəki şiələrə nəzarət etməklə yanaşı, onların dini-məzhəbi həyatlarına düzən verirdilər.
Güclü siyasət nəticəsində, qısa bir müddət ərzində xəlifənin yerləşdiyi Bağdad şəhəri, şiələrin mərkəzi şəhərinə çevrildi. Bu isə şiələrin Abbasi hökumətini zalım və qeyri qanuni bildikləri halda onun əleyhinə qiyam etmədiklərindən qaynaqlanırdı.Bu cəhətdən fəaliyyət və nüfuz dairəsini genişləndirmək üçün Bağdadın qapısı onların üzünə açıq idi.

1. OSMAN İBN SƏİD ƏMRİ SƏMMAN
O, İmam Zamanın (ə.c) ilk naibidir və siyas-məzhəbi fəaliyyətlərini gizli saxlamaq məqsədilə yağ ticarəti ilə məşğul olmuş və Səmman ləqəbi ilə tanınmışdır. Osman İmama yetişəcək malları yağ qutularında yerləşdirərək İmama çatdırırdı.1 Şeyx Tusi “Əl-qeybət” adlı dəyərli kitabında Osman ibn Səiddən rəvayətlər nəql edərək yazmışdı: “O, Əsəd qəbiləsindən olub, Həsən Əskərinin (ə) vəkillərindən sayılırdı.
İmam Hadi (ə) onu etibarlı səhabə kimi tanıtdırmışdı.2 Yəmən şiələrinin bir dəstəsi, imam Həsən Əskərinin (ə) hüzuruna gəldikdə, o Həzrət Osman ibn Səidi öz vəkili kimi tanıtdıraraq, onların hüzurunda, gətirdikləri malları ona həvalə etdi.3 İmam Həsən Əskəri (ə) dünyadan köçəndən sonra, Osman ibn Səid o Həzrətə qüsl verdi, kəfənlədi və pak bədənini qəbrə qoydu.

2. MUHƏMMƏD İBN OSMAN
İmam Mehdinin (əc) ikinci xüsusi naibi Əbu Cəfər künyəsilə tanınan Muhəmməd ibn Osmandır. Atası Osman ibn Səid Əmri vəfat etdikdən sonra, həzrət ona bir məktub yazaraq baş sağlığı və xeyir-dua verdikdən sonra, işləri ona tapşırdı.4 O, da atası kimi imam Həsən Əskərinin (ə) etibarlı və yaxın səhabələrindən idi. Necə ki,o Həzrət bir rəvayətdə, bu barədə belə buyurmuşdur: “Əmri və oğlu hər ikisi etibarlı şəxslərdən, sizə çatdırdıqları və dedikləri də mənim tərəfimdəndir. Onların sözünə qulaq as və onlara itaət et. Həqiqətən, onlar əmanətdardılar.”5

3. ƏBÜL QASİM HÜSEYN İBN RUH.
Əbu Cəfər Əmrinin etibar etdiyi və Bağdaddakı yaxınlarından sayılan Huseyn ibn Ruh da İmam Mehdinin (əc) üçüncü xüsusi naibidir.6. Əbu Cəfər müraciət edənləri Huseyn ibn Ruhun yanına göndərməklə onun xüsusi naibliyinə zəmin hazırlayırdı. Ömrünün son günlərində Həzrət Mehdinin (əc) əmri ilə onu öz yerinə naib təyin etdi və ondan sonra, şiələr dini vergilərini təhvil vermək üçün ona müraciət edirdilər.7

4. ƏBÜLHƏSƏN ƏLİ İBN MUHƏMMƏD SƏMURİ
O, da imam Zaman ağanın (əc) dördüncü xüsusi naibi olmuşdur. Əli ibn Muhəmməd İmam Zaman ağanın (əc) əmri ilə Huseyn ibn Ruh tərəfindən xüsusi naibliyə seçilmiş və 329-cu ilə qədər, təqribən, üç il bu vəzifədə çalışmışdır.

Səmurinin həyatında baş verən ən mühüm dəyişiklik İmam Mehdinin (əc) ona bir məktub yazaraq, yaxın bir zamanda vəfat edəcəyi xəbərini verməsi idi. Səmuri ölümündən bir neçə gün əvvəl bu məktubu İmam Zamandan (əc) almışdı. Məktubda “Böyük qeyb” dövrünün başlanacağı bildirilmişdir. Məktubun mətni belədir:
“Allah sənin yoxluğunda qardaşlarına böyük əcr versin. Altı gün içində vəfat edəcəksən, işlərini tamamla və kimsəni yerinə təyin etmə ki,” Böyük qeyb” dövrü gəlib çatmışdır və mən Allahın izni olmadan zühur etməyəcəm, bu (zühurum) da insanların ürəkləri tamamilə bərkidikdən, daşlaşdıqdan, yer üzü zülm və haqsızlıqla dolduqdan sonra baş verəcək. Bu vaxt, bəziləri şiələrimizə mənim ilə rabitədə olduğunu və görüşdüyünü iddia edəcək. Zühur nişanələrindən olan Süfyani gəlməmişdən və səmavi nida eşidilməmişdən öncə, hər kəs belə bir iddiada olsa yalançıdır.8
Bu məktub yeni dövrün əsas xəttini təyin etdi. Bundan əvvəl digər şiə imamlarından nəql edilən məktub və hədislər ilə yanaşı, şiələr üçün yeni bir yol cızdı.

Hazırladı: Turanə Allahverdiyeva
Rizvan.net İslam Maarifi Jurnalı üçün
Mənbə: Məsum imamların siyasi-ictimai həyatı kitabından


1.”Əl-qeybət” Şeyx Tusi,səh.214
2.”Əl-qeybət” Şeyx Tusi,səh.215
3.”Əl-qeybət” Şeyx Tusi,səh.216
4.”Əl-qeybət” Şeyx Tusi,səh.219
5.”Əl-qeybət” Şeyx Tusi,səh.219
6.”Əl-qeybət” Şeyx Tusi,səh.223
7.”Əl-qeybət” Şeyx Tusi,səh.224-226
8.”Əl-qeybət” Şeyx Tusi,səh.243.

Tags: İMAM ZAMAN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!