HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-3

:

Cənab Müslim ibn Əqil
Müslim ibn Əqil Əmirəl-möminin (ə) qardaşı oğlu və kürəkəni idi. O, Həzrətin (ə) qızı Rüqəyyənin həyat yoldaşı olmuşdur. Müslim ibn Əqil İmam Hüseyn (ə) hərəkatının şəhidlərindən biridir və İmam Hüseyn (ə) ona “Siqə” yəni etimad edilən ləqəbini vermişdi. O, Məkkə sakini olmuş və cəsarətli, elmli və nəzər sahibi idi. 18 yaşında atası dünyasını dəyişdikdən sonra, ailənin başçılığını öz üzərinə götürmüşdü.
Kufə camaatı məktub göndərərək İmam Hüseyni dəstəklədiklərini bəyan etmiş və 22000 imza ilə 12000-dən çox məktub İmam Hüseyn (ə) tərəfindən qəbul edilmişdir. Bu zaman Həzrət cavab vermək qərarı almış və Kufə camaatının ruhiyyəsini yoxlamaq üçün etibarlı və etimad etdiyi birisi olan, zəkalı, bilikli və ayıqlığı ilə seçilən Müslim ibn Əqili məktubla birlikdə Kufəyə göndərir. Beləliklə, Həzrətin nümayəndəsi olaraq Kufə camaatının əhval ruhiyyəsini nəzərdən keçirmək üçün, Həzrət (ə) Küfə camaatına cavab olaraq bir məktub ünvanlayır. Məktubda: "Müslim ibn Əqilin məqamı vurğulanmış və öz zamanə İmamının etibar etdiyi şəxs olduğu qeyd edilmiş və həmçinin Həzrət (ə) əmisi oğlu və yeznəsini elçi və nümayəndə olaraq göndərdiyini və Kufəlilərdən ona kömək edib dəstəkləmələrini istəmişdir".
Müslim ibn Əqilin təhükəli məmuriyyəti tamamlanmış və gecə ikən Kufəyə daxil olur. Səmimi və saf şiələrdən olan Muxtarın evində məskunlaşır. Müslimin Kufəyə gəlmə xəbəri şiələrə yetişdikdə onun yanına gələrək İmamlarının nümayəndəsi olaraq onunla beyətlərini təzələyirlər.
Tarixçilər yazırlar ki, 18000-dən çox insan və ya sünni tarixçisi İbn Kəsirin qeydinə görə 40000 nəfər Müslim ibn Əqilə beyət etmişdilər.
Qırx gün tamamlanmış və Küfə camaatının əhval ruhiyyəsini öyrənəndən sonra Müslim ibn Əqil İmam Hüseynə (ə) belə bir məzmunda məktub ünvanlayır: "Dediklərim həqiqətdir. Küfə camaatının böyük əksəriyyəti sizi dəstəkləməyə hazırdır". Kufəlilərin dərin hisslərini öyrəndikdən sonra, İmam Hüseyn (ə) Kufə şəhərinə yollanmaq qərarına gəlir.
İbn Ziyad, 500 nəfər Bəsrəli ilə birlikdə başı və üzü örtülü, tanınmayacaq şəkildə Kufəyə daxil olur. İmamın (ə) onlara tərəf hərəkət etdiyini eşidən insanlar, Ubeydullahı gördükdə Həzrətin Kufəyə gəldiyini zənn edirlər. Beləliklə, onun mərkəbinin ətrafına toplaşaraq, böyük bir coşqu ilə onu qarşılayırlar. Ziyadın oğlu onlara cavab vermədən bir başa Darul-İmarəyə gedir. Noman ibn Bəşir (o zaman Küfə hakimi idi) İmam Hüseyn (ə) olduğunu düşünərək sarayın qapılarını bağlamağı əmr edir və sarayın üstündən səslənir:
"Buradan çıxın gedin. Hökuməti sizə təhvil verməyəcəyəm və sizinlə vuruşmaq fikrində də deyiləm". İbn Ziyad ona cavab verərək deyir: "Qapını aç". Bu anda arxasında dayanan bir şəxs onun səsini eşidir və orada toplaşan insanlara səslənir: "O, Hüseyn (ə) deyil, Mərcanənin oğludur". Noman tez qapını açır və Ubeydullah asanlıqla Küfənin Darul İmarəsinə daxil olur və insanlar oradan dağılışırlar.
Müslim bilirdi ki, gec-tez Ubeydallah küçə-küçə və qapı-qapı onun ardınca gedib həbs edib və qətlə yetirmək istəyəcək. Beləliklə, yerini dəyişmək və Kufədə daha çox qüdrətə malik olan birinin evinə getmək qərarına gəlir ki, nüfuzundan və gücündən yararlanıb, öz misiyasını yerinə yetirərək zalım hökumətə qarşı mübarizəni davam etdirə bilsin. Bu məqsədlə Hani ibn Urvənin evini seçir və kərəmli olan Hani də lütf və inayət edərək, Müslimə sığınacaq verir. Kufədə sayılıb seçilən, hörmətli bir şəxs olan Hani ibn Urvə Əziz İslam Peyğəmbərinin (s) səhabələrindən biri hesab olunurdu.
İbn Ziyad xidmətçisi vasitəsi ilə Müslimin gizləndiyi yeri bildikdən sonra, Hanini hər nəyin bahasına olursa olsun, həbs etməyə çalışır ki, Müslimin və digər nüfuzlu şiələrin də həbsinə şərait yaransın. Hani, Ubeydullahın onu həbs edəcəyini bilirdi və bu səbəbdən dolayı, xəstəliyi bəhanə edərək onun məclisinə getməkdən imtina edir. İbn Ziyad bir neçə nəfər vasitəçi çağırıb Haninin yanına göndərir.
Nəhayət, Hanini İbn Ziyadın yanına aparırlar. İbni Ziyad Hanini görən kimi, ona öz ayağı ilə ölümə gəldiyini söyləyir və ondan Müslim haqqında soruşur. Hani Müslimə sığınacaq verdiyini inkar edir. Bu zaman Ubeydullah Hani ilə üzləşmək üçün xidmətçisini çağırır və Hani onu görəndə inkar etməyin bir mənası olmadığını anlayır. Ubeydullah, Haninin başını və üzünü qamçı ilə vuraraq üz-gözünü al qana boyayır və həbs olunmasını əmr edir.
Müslim yalnız və qəribanə Küfə küçələrində gəzirdi. Haraya getdiyini bilmirdi. Yalnızlıqdan əlavə, mövlası İmam Hüseyni (ə) xəbərdar etməzdən öncə həbs olunacağından və şəhadətə çatacağından narahat idi. Gözlənilmədən evinin qapısı qarşısında dayanan bir qadını gördü. Susuzluq Müslimi əldən salmışdı. Qadının yanına yaxınlaşaraq su istədi. Tuə adlı qadın Müslim üçün bir qab su gətirdi. Müslim suyu içdikdən sonra elə oradaca yerdə əyləşdi. Tuə adlı qadın su dolçasını evinə apardı və bir neçə dəqiqədən sonra geri qayıtdıqda Müslimin hələdə orada əyləşdiyini görərək, ona dedi: Ey Allah bəndəsi! Nə üçün qalxıb həyat yoldaşınızın və uşaqlarının yanına, evinə getmirsən? Qadın yenidən bu sözləri təkrarladı və üçüncü dəfə evinin qarşısında əyləşməyə halallıq vermədiyini söylədi.
Müslim ayağa qalxaraq dedi: "Bu şəhərdə mənə kömək edəcək heç kimim yoxdur". Tuə soruşdu: "Sən kimsən?" Müslim dedi: "Mən Müslim ibn Əqiləm." Peyğəmbər (s) ailəsini sevənlərdən olan Tuə adlı qadın evin qapısını açıb ona içəri keçməsinə icazə verdi.
Müslim tənha olsa da belə, Ubeydullah ondan və səhabələrindən qorxduğu üçün saraydan çölə çıxmırdı. Beləliklə, məmurlarına məscidin hər tərəfini axtarmalarına əmr etdi ki, olmaya Müslim orada olmuş olsun. Məscidin hər tərəfində axtarış apardılar. Müslim və səhabələrinin orada olmadığına əmin olduqdan sonra, Ubeydullah məscidə gələrək, Küfənin sayılıb-seçilən şəxslərini oraya topladı və dedi: "Müslim kimin evində olarsa və bu barədə məlumat verməzsə, onun canı və malı başqalarına halaldır və hər kəs Müslimi bizə təslim etsə, qanpulu (diyə) miqdarında pul alacaqdır.
Ubeydullahın təhdid və şirinliyi öz səmərəsini verdi. Tuə adlı qadının oğlu Bilal qorxduğu və mükafata tamah saldığı üçün, səhər tezdən saraya gedərək Müslimin gizləndiyi yeri açıqlayır. Bunu eşidən Ubeydullah, Məhəmməd ibn Əşəsə 70 nəfərin də onunla birlikdə gedərək Müslimi həbs etməsini əmr edir.
Müslim Ubeydullahın əsgərləri ilə qarşıdurmada qəhramacasına vuruşur, hələ heç kim ona qarşısına çıxmağa belə cəsarət edə bilmirdi. Dama qalxaraq Müslimin başına daş və odun parçaları və bir dəstə samanı yandıraraq üstünə atdılar. Əlbəttə ki, Müslim döyüşdən imtina etmir və onların üstünə hücum edirdi. İbn Əşəs Müslimi belə asanlıqla həbs edə bilməyəcəyini görüb, hiyləyə əl ataraq dedi: "Ey Müslim! Niyə özünü ölümə sürükləyirsən? İbn Ziyadın səni öldürməyəcəyinə təminat verirəm". Müslim dedi: "Sizin kimi əhdlərinə vəfa etməyənlərin zəmanətinə nə güvən var?" İbn Əşəs bir daha təkrar etdi. Ancaq bu dəfə aldığı yaralar və onu üstələyən zəiflik səbəbindən dolayı, Müslim təslim olmağa razılaşdı. Müslimi həbs edərək əlləri bağlı Ubeydullahın yanına aparırlar.
Müslim ibn Əqili, onunla döyüşən və baş və alın nahiyəsindən yaralanan Bəkir ibn Həmran Əhməriyə Darul İmarənin damına aparmaq və oradan da yerə atmaq tapşırığı verilir. Müslimi Darul İmarənin üstünə qaldırırlar. Allahın adı və zikri onun dilində idi, təkbir deyirdi, Allaha həmd edirdi və Allahın Peyğəmbərinə və Allahın mələklərinə salam verərək deyirdi: İlahi! Bizimlə bu yalançı və öz əhdlərinə bivəfa olanlar və bizə kömək etməkdən boyun qaçıranlar arasında özün hökm ver!
Sarayın kənarında böyük bir izdiham var idi və səhnənin sonunu gözləyirdilər. Müslim üzünü Məkkəyə tərəf döndərərək Əba Abdullahil Hüseyni (ə) salamladı və bu cəsur igidi yuxarıdan yerə ataraq şəhadətə çatdırdılar. Beləliklə, öz zamanının İmamına fəda olur.

Hazırladı: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!