BƏLƏD SURƏSININ TƏRCÜMƏ VƏ TƏFSIRI - 5

:

KEÇILMƏSI ÇƏTIN OLAN AŞIRIMLAR
Allah insana verdiyi böyük nemətləri xatırlatdıqdan sonra, doğru yolda addımlamayan kəsləri məzəmmət edir və ilkin olaraq belə buyurur:

11. “Beləliklə o, “Əqəbə”ni (aşırım və çətin yolu) aşa bilmədi.”  فَلَا اقْتَحَمَ الْعَقَبَةَ
Beləliklə, Allah “Əqəbə”nin naşükür və nankor insanların yerinə yetirmədiyi xeyir əməllər məcmusundan ibarət olmasını bildirir. Bundan əlavə, doğru və düzgün əqidələrə də işarə olunur ki, sonrakı ayələrdə onlara toxunacayıq.
İnsanın sərvət və mal-dövlətə olan məhəbbətini nəzərə aldıqda, bu cür aşırımlardan keçməyin o qədər də asan olmadığı məlum olur.
İslam və iman gətirmək məsələsi sadəcə iddia və dildə danışmaqla gerçəkləşmir, əksinə mömin şəxs bir-birinin ardınca bir sıra çətinlik və imtahanları iman və ixlasla geridə qoymalıdır.
Bəzi təfsirçilər “Əqəbə”ni insanın nəfsi kimi təfsir etmişlər və Peyğəmbər (s) də öz məşhur hədisində nəfslə mübarizə aparmağı “böyük cihad” (cihadi-əkbər) adlandırmışdır.
Ayənin özünün də təfsir etdiyi kimi “Əqəbə”ni nəfslə bağlı çətinliklər və onunla mübarizə hesab etmək olar və onun həlli miskin və ehtiyaclılara yardım, həmçinin, qulları azad etməkdən ibarətdir.
Digər təfsirçilər “Əqəbə”nin qiyamətdəki çətin keçilən aşırımlar olduğunu söyləmişlər və Peyğəmbərin (s) hədisində belə buyurulur: “Qarşıda sizi keçilməsi çətin olan aşırımlar gözləyir və yükü ağır olanlar oradan keçə bilməyəcəklər. Mən sizin yükünüzü yüngülləşdirmək istəyirəm.” (“Məcməul-bəyan” təfsiri, c.10, səh. 495.)
Ayədə qeyd edilən “iqtəhəmə” (اقْتَحَمَ) sözü “çətin və xətərli bir işə daxil olmaq” və yaxud “nədənsə çətinliklə keçmək” mənasını verir və həmin aşırımlardan keçməyin heç də asan olmadığını bildirir. Qeyd edirik ki, bu ayə əvvəlki ayəyə – insan həyatının çətinlik və məşəqqətdə olmasına bir daha təkid edir və Allaha itaətin müəyyən çətinliklərlə birgə olduğunu vurğulayır.
Həzrət Əli (ə) buyurur: “Cənnət qarmaqarışık çətinliklərin, cəhənnəm isə şəhvət və nəfsi istəklərin arasındadır.” (“Nəhcül-bəlağə”, xütbə 176)

Əqəbə” haqqında sonrakı ayələrdə izah edilir. Allah buyurur:

12. “Sən nə bilirsən ki, “Əqəbə” (çətin yol) nədir?!” وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ

13. “(O,) bir qul azad etməkdir.” فَكُّ رَقَبَةٍ
Qul azad etməklə bağlı ayənin zahirindən də eynilə həmin məsələ anlaşılır. Bir nəfər Peyğəmbərin yanına gəlib deyir: “Mənə elə bir şey öyrədin ki, ona əməl etməklə cənnətə daxil olum.” Peyğəmbər (s) buyurur: “Qulları azad elə və onların azad olmasına yardımçı ol!” Ravi soruşur ki, bu iki məsələ eyni bir şey deyilmi? Peyğəmbər (s) “Xeyr!” – deyə cavab verir və bildirir ki, biri qulları azad etmək və digəri isə onların azad olması üçün pul verməkdən ibarətdir. Sonra o həzrət sözlərinə belə davam edir: “Sənə zülm edən qohumlarına sən güzəşt elə və onlarla yaxşı davran. Əgər bu mümkün olmasa, acları doyur və susuzları sirab elə. Nəhy əz münkər və əmr be məruf et. Əgər bunlara da qüdrətin çatmasa, ən azı, xeyirxahlıqdan başqa, digər bir şey üçün danışma!” (“Nurus-Səqələyn” təfsiri, c.5, səh. 583.)

14.“Yaxud qıtlıq və aclıq günü yemək verməkdir.” أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ
Ayədə “aclıq” mənasını verən “məsğəbəh” ifadəsi də işlədilmişdir. Məlum məsələdir ki, cəmiyyətdə həmişə ac və miskin insanlar olmuş və olacaqdır. Bu sözdəki məqsəd aclıq və qıtlıq zamanı ehtiyaclı insanlara yardım etməyin üstün və fəzilətli əməllərdən hesab edilməsini bildirməkdir. Peyğəmbər (s) buyurur: “Kim qıtlıq zamanı bir acı doyursa, Allah qiyamət günü onu cənnətin elə bir qapısından cənnətə daxil edər ki, həmin əməl edənlərdən başqa, heç kəs ora daxil olmaz.” (“Məcməul-bəyan” təfsiri, c.10, səh.495.)

Ardı var ...

ARDINI BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!